Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə
həsr olunmuş müşavirə keçirilmişdir
Müdafiə naziri
general-polkovnik Səfər Əbiyev müşavirədə
çıxış edərək dedi:
- Möhtərəm Prezident,
cənab Ali Baş Komandan!
Sizi Müdafiə
Nazirliyində təşkil edilmiş bu tədbirdə
Silahlı Qüvvələrin şəxsi heyəti adından
və öz adımdan salamlayır və ən xoş
arzularımı bildirirəm.
Azərbaycanın
müasir ordusunun, vahid komandanlığa tabe olan Silahlı
Qüvvələrinin yaradılması və inkişaf etdirilməsi
ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır.
Bütün
sahələrdə olduğu kimi, ordu quruculuğunda da ulu
öndərin ideyaları bu gün möhtərəm
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Məlumdur ki,
dövlətimizin və hökumətimizin gündəlik
qayğısı nəticəsində Azərbaycanın
Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq
əlaqələri genişlənir və nüfuzu artır. Ermənistan
Respublikası beynəlxalq hüquq normalarına və əldə
olunmuş razılaşmalara məhəl qoymayaraq, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini
uzatmaqda davam edir. Regiondakı mürəkkəb
hərbi-siyasi vəziyyət Azərbaycan Respublikası
üçün öz suverenliyini və ərazi
bütövlüyünü qorumaq və işğal
olunmuş əraziləri azad etmək məqsədilə
Silahlı Qüvvələrin döyüş
imkanlarını artırmağı zəruri edir.
Cari ildə Silahlı
Qüvvələrin inkişafı və təkmilləşdirilməsi
istiqamətində yeni keyfiyyət yüksəlişinə
nail olunmuşdur. Birinci əməliyyat
eşelonu birliklərində dayanıqlı müdafiənin təmin
olunması istiqamətində əməli tədbirlər
görülmüş, müdafiə sistemi təkmilləşdirilmiş,
qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə
saxlanılmışdır. Silahlı
Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə,
bütün səviyyələrdə təkmilləşdirilməsi
məqsədilə vahid idarəetmə, nəzarət, rabitə
və avtomatlaşdırılmış idarəetmə
sisteminin tətbiqi üzrə işlər artan sürətlə
davam etdirilmişdir.
Müdafiə
naziri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha
da artırılması, əməliyyat işləri üzrə
hazırlığın gücləndirilməsi, idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı həyata
keçirilən tədbirlərdən danışaraq bildirdi
ki, tədris ilində birlik və birləşmələrin
70-dək komanda-qərargah təlimi keçirilmişdir. Bu təlimlərə
Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri
cəlb olunmuş və həmin təlimlərdə ən
müasir tələblərə cavab verən simulyator və
kompüter şəbəkələrindən fəal şəkildə
istifadə edilmişdir.
Səfər Əbiyev onu da
dedi ki, Azərbaycan Silahlı Qüvvələri, Dövlət
Sərhəd Xidməti, Daxili Qoşunların hərbi hissə
və bölmələrinin 2009-cu ildə keçirilən
birgə əməliyyat-taktiki təlimində qoşunlar
yüksək döyüş məharəti nümayiş
etdirmiş, döyüş hazırlığı prosesində
hücum əməliyyatının aparılması, dağ
şəraitində döyüş texnikası və
silahların tətbiq edilməsinin üsul və metodları
geniş öyrənilmiş, şəxsi heyətin bilik və
bacarığı təkmilləşdirilmişdir.
Müdafiə naziri Səfər
Əbiyev çıxışına davam edərək
demişdir: - 2009-cu ildə kəşfiyyat imkanlarının
yüksəldilməsi məqsədilə strateji və taktiki
səviyyədə kəşfiyyatın qüvvə və
vasitələrinin imkanlarının artırılması, idarəetmə
sistemlərinin təkmilləşdirilməsi və kəşfiyyatın
qarşısında qoyulan tapşırıqların yerinə
yetirilməsi üçün strateji və taktiki səviyyədə
pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və
radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli
müşahidə, o cümlədən qoşun və
xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların
fərdi gecəgörmə vasitələri
alınmışdır. Keçən il əlahiddə
kəşfiyyat taborları üçün yeni texnika
alınmış, onları öyrənmək məqsədilə
kurslar təşkil edilmiş, zabit və gizirlərə erməni
dili kursu keçilmişdir.
2009-cu ildə Silahlı
Qüvvələrin artilleriya hissə və bölmələrinin
peşəkar şəxsi heyəti, müasir silah və
texnika, avtomatlaşdırılmış idarəetmə
sistemləri, o cümlədən müasir yaylım atəşli
reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində
yaxın və uzaq məsafələrdə yerləşən
düşmən hədəflərinin böyük bir ərazidə
məhv edilməsi imkanı yaradılmışdır.
Artilleriya atışlarının yüksək dəqiqliklə
hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə
verilmiş, qısa vaxt ərzində döyüş təyinatları
rayonlarına vaxtında çıxışı təmin etmək
məqsədilə top və qurğular yeni dartıcılarla
təmin olunmuşdur. Hissə və bölmələrin
optik hesablama cihazları, həmçinin radiolokasiya
stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz
və hərəkətli hədəflərini dəqiqliklə
qısa müddət ərzində aşkar edilərək atəşlə
zərərvurma vasitələrinə ötürülməsini
təmin etmişdir.
Keçən
ilin sonuna istismarda olan silahlar müasir tipli optik gündüz və
gecəgörmə nişangahları, müşahidə
cihazları ilə kompleksləşdirilmişdir. Bu prosesin davam
etdirilməsi üçün hazırda müasir tipli
cihazların alınması və hərbi hissələrə
təhvil verilməsi həyata keçirilməkdədir.
Birləşmələrin zirehli texnikası
üzərində modernləşdirmə işləri aparılmış,
atəşin və döyüşün müasir tipli idarəetmə
sistemlərinin quraşdırılması işləri
başa çatdırılmışdır. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən
düşmən hədəflərini hava şəraitindən
asılı olmayaraq, gecə və gündüz məhv etmək
imkanı əldə olunmuşdur.
Yaxın
zamanlarda tank əleyhinə raket sistemlərinin alınması
nəticəsində düşmənin zirehli texnikasına zərərvurma
imkanları qat-qat artırılmışdır. Yeni silah
sistemlərinin alınması və
quraşdırılması nəticəsində Silahlı
Qüvvələrimiz Ermənistanın bütün ərazisində
yerləşən hədəfləri məhv etməyə
qadirdir. Cənab Prezident, Sizə məruzə edirəm
ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində
hansı yerdə olmasına baxmayaraq, hər bir hədəfi məhv
etməyə imkanı vardır.
Cənab Prezident, ümumiyyətlə,
2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə
təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə
silah və texnika verilmişdir.
Sonra müdafiə naziri Azərbaycan
Ordusunun sosial təminatının daha da gücləndirilməsi
istiqamətində həyata keçirilən tədbirlər
barədə danışaraq dedi:
- Hazırda müxtəlif hərbi
qarnizonlarda sosial, mədəni və məişət obyektləri
ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa
edilir. Cənab Prezident, Sizin göstərişinizlə bu beş hərbi şəhərcik demək olar
ki, yenidən tikilir. O vaxt Siz demişdiniz ki, köhnə
binaların hamısını sökün, yerində təzə,
bu günün tələblərinə cavab verən binalar və
qurğular yaradılsın. Cənab Prezident, Sizin
tapşırığınıza əsasən bu iş davam
edir. Beş şəhərcikdə ciddi işlər
gedir. Eyni zamanda, hərbi qulluqçular
üçün ümumilikdə 627 mənzili olan
yaşayış binalarının inşası davam etdirilir.
Daha sonra Səfər Əbiyev
Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin
artırılması və texnikanın modernləşdirilməsi,
bu sahədə yeni silahların tətbiqi istiqamətində
aparılan işlərdən danışaraq dedi:
- Aviasiyada hava hücumundan
müdafiə üzrə yeni texnikaların alınması,
mövcud texnikanın təmiri və modernləşdirilməsi
nəticəsində hissə və bölmələrin
müxtəlif hava şəraitində döyüş fəaliyyəti
imkanları artırılmışdır. Aviasiya
üzrə yeni kompleks uçuş simulyatorlarının
alınması və quraşdırılması nəticəsində
uçuş heyətinin hazırlığının keyfiyyəti
yüksəlmiş və aviasiya texnikasının texniki
resurslarına qənaət olunmuşdur. Zenit-raket
qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi
nəticəsində döyüş texnikasının səmərəliliyi
və atəş imkanları artırılmışdır.
Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş
döyüş texnikalarında rəqəmsal məlumat
mübadiləsinin təmin edilməsi üçün yeni
rabitə kanalları yaradılmışdır.
Müdafiə naziri Hərbi
Dəniz Qüvvələrinin döyüş
potensialının gücləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlərdən də
danışaraq dedi:
- Gəmilərdə
müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin
quraşdırılması işləri aparılmış və
döyüş gəmilərinin mühərriklərinin yeniləri
ilə əvəz olunması üzrə tədbirlər
planlaşdırılmışdır. Gəmi
inşa və təmiri sektorunuda 200 tonluq patrul kateri inşa
edilmişdir.
Cənab Prezident, məruzə
edirəm ki, bu 200 tonluq kateri biz öz qüvvəmizlə
özümüz inşa edib istifadəyə vermişik. O,
indi də bizim Hərbi Dəniz Qüvvələrindədir. Eləcə də 21 gözətçi gəmisi əsaslı
təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz
edilmişdir.
Səfər Əbiyev Azərbaycan
Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin
gücləndirilməsi üçün konkert işlərin
görüldüyünü də vurğuladı: - Azərbaycan
Respublikası dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrin
normativ hüquqi bazasını təşkil edən saziş və
memorandumlar, o cümlədən 2009-cu ildə hərbi sahədə
dörd əsas sənəd imzalamışdır. Hazırda daha 27 ölkə ilə analoji saziş
layihələrinin imzalanması müzakirə edilir.
Cənab Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı, hər bir dövlətin
əsas təməllərindən biri onun güclü ordusunun
olmasıdır. Mən böyük qürur
hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanın
yüksək döyüş qabiliyyətinə, nizam-intizama
malik ordusu vardır. Dövlətimizin və
hökumətimizin diqqəti sayəsində Silahlı Qüvvələrimizin
möhkəmləndirilməsindən əsas məqsəd
işğal olunmuş torpaqları düşmənlərdən
təmizləmək, ölkəmizin ərazi
bütövlüyünü bərpa etmək, qaçqın
və məcburi köçkünləri öz doğma
yurdlarına qaytarmaqdır.
Çıxışımın
sonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
daha da möhkəmləndirilməsi naminə böyük xidmətlər
göstərən Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanını əmin
etmək istərdim ki, ordu quruculuğu ilə əlaqədar
Sizin qarşımızda qoyduğunuz bütün vəzifələri
layiqincə yerinə yetirməyə hazırıq.
* * *
Daha sonra
müşavirədə ordu quruculuğu ilə bağlı məsələlər
müzakirə olundu.
AzərTAc
Azərbaycan.- 2010.- 24
aprel.- S. 1, 2.