Tuğ kənd məktəbinin 125
yaşı qeyd olunmuşdur
Əlamətdar hadisə münasibətilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinin mədəniyyət evində təntənəli yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatları Elman Məmmədov və Həvva Məmmədova, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov, Cəbrayıl, Zəngilan, Füzuli, Beyləqan, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı rayonları icra hakimiyyətlərinin başçıları, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları iştirak etmişlər.
Səhər tezdən qonaqlar və məktəbin pedaqoji kollektivi Beyləqan şəhərində Heydər Əliyevin adına parkda ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuş, mədəniyyət sarayının qarşısında Xocavəndin mənzərələri, Tuğ kənd orta məktəbinin tarixi, keçdiyi yol və məzunlarından bəhs edən fotostendə baxmışlar.
Azərbaycanın dövlət himni səsləndirilmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, məktəbin 125 illik tarixindən və şərəfli yolundan bəhs edən "Haradan başlanır Vətən" filmi nümayiş etdirilmişdir. Filmdə qocaman təhsil ocağının yaranması, fəaliyyəti, müəllimləri, məzunlarından bəhs edən sənədli kadrlar göstərilmişdir.
Əsası 1885-ci ildə Azərbaycanın görkəmli şairi Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi ziyalılar müəllimlik etmişlər. Fəaliyyət göstərdiyi 125 il ərzində Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş etmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çoxsaylı qonaqları salamlamış, məktəbin kollektivini yubiley münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin bölgələrdə təhsilin inkişafında böyük xidmətlərindən danışmışdır.
E.Hüseynov ölkə Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü işlərdən, xocavəndlilərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, bütün xocavəndlilər tezliklə tarixi yurdlarına - Xocavəndə qayıdacaqlarına, Tuğ orta məktəbinin də fəaliyyətini doğma Tuğ kəndində davam etdirəcəyinə əmindirlər.
Əli Həsənov çıxışında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair irimiqyaslı layihələrin həyata keçirilməsindən danışmışdır. Ə.Həsənov məktəbin kollektivini yubiley münasibətilə təbrik edərək əmin olduğunu bildirmişdir ki, Azərbaycan Prezidentinin uğurlu siyasəti sayəsində Qarabağ problemi tezliklə həll ediləcəkdir.
Sonra Tuğ kənd məktəbinin bir müəlliminin "Tərəqqi" medalına, bir müəlliminin isə "Əməkdar müəllim" fəxri adına layiq görülməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxunmuşdur. Əli Həsənov yüksək dövlət mükafatlarını sahiblərinə təqdim etmişdir.
İsgəndər İsgəndərov məktəbin kollektivini əlamətdar gün münasibətilə təbrik etmiş, tədbirin keçirilməsinin əhəmiyyətindən, təhsilə olan dövlət qayğısından danışmışdır. Nazir müavini məktəbin 4 müəlliminə "Respublikanın qabaqcıl təhsil işçisi" döş nişanını, 7 müəllimə isə nazirliyin fəxri fərmanlarını təqdim etmişdir.
Məktəbin direktoru Oqtay Göyüşov yubiley tədbirinin keçirilməsinə, məktəbin müəllimlərinə mükafatların verilməsinə görə ölkə başçısına pedaqoji kollektiv adından minnətdarlığını bildirmişdir. Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonda Xocavənd
rayonunun gənc istedadları ədəbi-bədii kompozisiya
göstərmişlər.
AzərTAc
Azərbaycan.- 2010.-24
aprel.- S. 8.