Teatrın növbəti layihəsi

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivi "Azərbaycan" Universiteti ilə birgə layihə əsasında "Teatr, təhsil mənəviyyatımız" mövzusunda növbəti tədbir keçirmişdir.

Tədbiri teatrın direktoru, əməkdar artist Mübariz Həmidov açaraq özünəməxsus ənənəsi olan mədəniyyət ocağının tarixi haqqında danışdı. Bu səhnədə Azərbaycan milli teatr sənətinin müqtədir aktyor nəslinin yetişdiyini, gənclərin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşünün formalaşmasında vətənə məhəbbət ruhunda tərbiyə olunmasında müstəsna rol oynadığını qeyd etdi.

Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova teatrın bugünkü durumundan, yeni tamaşaların hazırlanmasından söz açdı. "Azərbaycan" Universitetinin rektoru, akademik Akif Musayev teatrda çalışanlara tələbələrin mədəniyyət ocaqlarına, xüsusilə teatra davamlı olaraq cəlb olunmasını tövsiyə etdi. "Azərbaycan" Universitetində təhsil alan tələbələrin Gənc Tamaşaçılar Teatrına olan marağından danışdı.

III kurs tələbəsi Gülnar Əzimi isə tələbələr adından teatr rəhbərliyinə müəllimlərinə minnətdarlığını bildirdi.

Xatırladaq ki, mədəniyyət turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə 2010-cu ilin fevralından noyabradək respublikamızda Milli Teatr festivalı keçirilir. Festival çərçivəsində "Azərbaycan" Universitetinin müəllim tələbələrinə heyəti rejissor Nicat Kazımovun quruluşunda Ə.B.Haqverdiyevin "Pəri Cadu" tamaşası göstərildi.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.-  24 aprel.- S.  8.