Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana rəsmi səfərə gəlmişdir
Moskva və Bütün
Rusiyanın Patriarxı Kirill aprelin 24-də Azərbaycana rəsmi
səfərə gəlmişdir. Heydər Əliyev adına
Beynəlxalq Hava Limanında hörmətli qonağı
Baş nazirin müavini Elçin Əfəndiyev, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Hidayət
Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə
qarşılamışlar.
Hava limanında mətbuat
nümayəndələri ilə qısa görüş
keçirən patriarx bildirmişdir ki, səfər çərçivəsində
o, aprelin 25-də MDB Dinlərarası Şurasının
iclasında və dünya dini liderlərinin aprelin 26-27-də
keçiriləcək Bakı sammitində iştirak edəcək,
habelə, Bakı və Xəzəryanı bölgə
Yeparxiyasına baş çəkəcək, Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə ilə görüşəcəkdir.
Bu gün cəmiyyətimizdə
dinin artmaqda olan rolunu diqqətə çatdıran Moskva və
Bütün Rusiyanın Patriarxı Kirill Bakıda iştirak
edəcəyi tədbirlərdə bu məsələnin
geniş müzakirə olunacağını söyləmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 25
aprel.- S. 1.