Silahlı Qüvvələrimiz
Ermənistanın bütün ərazisində yerləşən
hədəfləri məhv etməyə qadirdir
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Müdafiə Nazirliyində keçirilən
müşavirədə deyilənlər bunu bir daha təsdiqləyir
Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələ olmuşdur. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri də bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız, suverenliyin və ərazi bütövlüyünün yeganə təminatçısı olan Azərbaycan Ordusudur.
Görkəmli dövlət xadimi, böyük siyasətçi olmaqla bərabər, həm də peşəkar hərbçi olan Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu ordu quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafına, artan maliyyə imkanlarına adekvat olaraq keyfiyyətcə yeni məzmun alıb.
Bu gün Azərbaycan Silahlı Qüvvələrindən söz açdıqca ulu öndərin ordu quruculuğu ilə bağlı ideyalarının, arzularının gerçəkləşdiyini qətiyyətlə söyləyə bilərik. Ümummilli lider Heydər Əliyevin öyüd-nəsihətlə dediyi "...Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir" kəlamının ordu quruculuğu prosesində müdrik tövsiyə kimi əsas götürülməsi reallıqda aydın hiss olunur.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaqda davam etməsi və regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan Respublikası üçün öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və işğal olunmuş torpaqlarını azad etmək naminə Silahlı Qüvvələrinin döyüş imkanlarını daha da artırmağı zəruri edir. Bu mənada Silahlı Qüvvələrimizin qüdrətlənməsi, işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq olduqca təqdirəlayiqdir. Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirədə deyilən fikirlər göstərir ki, Ermənistan qeyri-konstruktivlikdən əl çəkməyəcəyi təqdirdə torpaqlarımızın müharibə yolu ilə azad edilməsi məsələsi aktual olaraq qalır. "Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək", -deyə Prezident İlham Əliyev bildirib.
Reallıq göstərir ki, Azərbaycan öz torpaqlarını istənilən an hərbi yolla azad etməyə qadirdir. Bunu deməyə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində respublikamızın iqtisadi inkişafı və maliyyə imkanlarının çoxalması sayəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlərin daha səmərəli olması əsas verir.
Xüsusilə qeyd olunmalıdır ki, hazırda Azərbaycanın dövlət büdcəsində ən çox xərc məhz orduya ayrılır. 2007-ci ildən dövlət büdcəsindən müdafiə məqsədləri üçün ayrılan vəsaitin miqdarı 1 milyard dolları ötüb. İndi bu rəqəm 2 milyard dollara bərabərdir. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat, texnika daha müasirləri ilə əvəz olunur. Orduya ayrılan vəsaitin artımı həm də hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir. Dövlət başçısı İlham Əliyev aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında bu prosesin davam edəcəyini bir daha bəyan edib: "Bütün başqa sahələrlə bərabər, ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır".
Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. İndi Azərbaycanda ordu quruculuğu özündə Silahlı Qüvvələrin daha da modernləşdirilməsi istiqamətində həyata keçirilir. 2008-ci ildə Azərbaycan Ordusunun yaranmasının 90 illiyi münasibətilə keçirilən möhtəşəm parad ordumuzun modernləşməsi üçün böyük işlərin görülməsindən xəbər verdi. Ordumuzun arsenalına daxil edilən pilotsuz uçuş aparatları ilk dəfə həmin paradda nümayiş olundu. Eləcə də ötən il iyunun 24-də - Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü ərəfəsində keçirilən irimiqyaslı birgə əməliyyat-taktiki təlim Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu əməliyyat-taktiki təlimində qoşunlar yüksək döyüş məharəti nümayiş etdirmiş, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması, dağ şəraitində döyüş texnikasının və silahların tətbiq edilməsinin üsul və metodları geniş öyrənilmiş, şəxsi heyətin bilik və bacarığı təkmilləşdirilmişdir. Parad və təlim bir daha göstərdi ki, Azərbaycan Ordusunun döyüş hazırlığı həqiqətən yüksək səviyyədəddir və istənilən ekstremal şəraitdə düşməni məhv etməyə qadirdir.
Müdafiə Nazirliyində keçirilmiş müşavirədə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması ilə bağlı məruzəsi vətənini sevən hər birimizdə sadəcə qürur və fərəh hissi doğurur. Məruzədən aydın olduğu kimi, 2009-cu ildə Silahlı Qüvvələrimizin artilleriya hissə və bölmələrinin müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılmışdır. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilmiş, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədilə top və qurğular yeni dartıcılarla təmin olunmuşdur. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edir. Keçən ilin sonuna istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə komplektləşdirilmişdir. Birləşmələrin zirehli texnikası üzərində də modernləşdirmə işləri aparılmış, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılmışdır. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunmuşdur. Tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılmışdır. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Ümumiyyətlə, 2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verilmişdir.
Azərbaycanın hərbi qüdrətinin artmasında ölkəmizin hərbi sənaye potensialının da böyük rolu var. Məlum olduğu kimi, Azərbaycanda son illər sürətlə inkişaf edən sahələrdən biri də müdafiə sənayesidir. Müdafiə Sənayesi Nazirliyinin yaradılmasında əsas məqsədlərdən biri ordumuz üçün lazım olan silah-sursatı ölkəmizdə istehsal etməkdir. Artıq Azərbaycanda atıcı silahların və onların sursatlarının, eyni zamanda hərbi texnikanın istehsalına başlanılıb.
Ölkəmiz Dağlıq Qarabağın erməni işğalı altında qalmasına imkan verməyəcək və gec-tez istənilən yolla torpaqlarını düşməndən azad edəcəkdir. Bu yollardan biri də müharibədir. Ermənistan qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusu mütləq öz sözünü deyəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 25
aprel.- S. 1. 2.