Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə qondarma "erməni soyqırımı"
müzakirə edilmişdir
Aprelin 24-də Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı "Əsrin saxtakarlığı" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, siyasi partiyaların rəhbərləri və elm xadimləri iştirak etmişlər.
"Dəyirmi masa"nı açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, qondarma "erməni soyqırımı"ndan artıq 95 il keçməsinə baxmayaraq, hələ də bu saxtakarlığa havadarlıq edənlər mövcuddur. Qondarma "erməni soyqırımı" siyasətindən milyonlarla insanların əziyyət çəkdiyini vurğulayan sədr müavini bu saxtakarlığın ifşa ediməsinin və kökünün kəsilməsinin artıq vaxtı çatdığını qeyd etmişdir. Ermənilərə bu işdə havadarlıq edənlərin ondan türk-müsəlman dünyasına qarşı siyasi vasitə kimi istifadə etdiyini bildirən Ə.Əhmədov məhz buna görə də həmin saxtakarlığı müdafiə edənlərin coğrafiyasının genişləndiyini demişdir.
Haqqında bəhs edilən və XX əsrin əvvəlində olan hadisələrin məhz bizim regionda baş verdiyi, buna görə də reallığı bizim daha yaxşı bildiyimizi söyləyən natiq bu regiondan qat-qat uzaqda yaşayanların erməniləri müdafiə etməsinin ən azı təəccüb doğurduğunu bildirmişdir.
"Bizim məqsədimiz tarixi reallıqları ortaya qoymaqdır. Ermənilər tərəfindən soyqırımına məruz qalmış yüz minlərlə insanı heç kim xatırlamaq istəmir. Soyqırım saxtakarlığından birmənalı olaraq siyasi məqsədlər üçün istifadə edirlər", - deyə Ə.Əhmədov qeyd etmişdir.
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov tarixə ekskurs edərək Azərbaycandan və Türkiyədən fərqli olaraq ermənilərin qondarma "soyqırımı"nı sübut üçün heç bir əsaslı faktı ortaya qoya bilmədiklərini qeyd etmiş, bunu təsdiq edəcək heç bir kütləvi məzarlığın olmadığını bildirmişdir. Əsl qırğınların Azərbaycan ərazisində - Şamaxı, Göyçay, Quba, Naxçıvan, Bakı və digər yerlərdə xalqımıza qarşı aparıldığını vurğulayan alim ermənilərin satqınlığına görə, həmin vaxt başqa ərazilərə köçürüldüyünü diqqətə çatdırmışdır.
"Dəyirmi masa"da çıxış edənlər - Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Milli Məclisin deputatları Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Məlahət İbrahimqızı, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu, professor Şahlar Əsgərov və başqaları bildirmişlər ki, tarix boyu saxtakarlığı və satqınlığı ilə tanınan ermənilərin qondarma "soyqırımı" iddialarına qarşı yalnız birlikdə mübarizə aparılmalıdır.
Qeyd olunmuşdur ki, saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlmir. Tarixin saxtalaşdırılmasına bəzi dövlətlər tərəfindən dəstək verilməsi əslində, bundan sonra da, bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirmək funksiyasını yerinə yetirir. Digər tərəfdən belə bir sənədin qəbul olunması, yaxud bu istiqamətdə cəhdlərin göstərilməsi Türkiyəyə təzyiq üsullarından istifadə edilməsinə işarədir. Uydurma məsələnin hansısa ölkənin parlamentində qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilmişdirsə, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı yönəlmişdir. Azərbaycanın dostuna qarşı çevrilmiş qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır. Məhz buna görə də saxtakarlara və onların havadarlarına qarşı mübarizə birlikdə, yəni hər iki qardaş xalqın qüvvələri birləşdirilərək aparılmalıdır. Bu zaman bütün təbliğat vasitələrindən istifadə edilməli, saxtakarlığın mahiyyətini müxtəlif dillərdə açan internet saytı yaradılmalı, tanınmış dünya KİV-lərində müntəzəm olaraq materiallar çap edilməli, filmlər çəkilməlidir.
"Dəyirmi masa"da çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç erməni saxtakarlığına qarşı aparılan mübarizədə göstərilən dəstəyə görə bütün Azərbaycan xalqına minnətdarlığını bildirmişdir. Tədbirdə irəli sürülən təklifləri yüksək qiymətləndirdiyini vurğulayan səfir, bu təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımların atılacağını diqqətə çatdırmışdır.
"Dəyirmi masa"ya yekun vuran
YAP sədrinin müavini
Əli Əhmədov aparılan müzakirələrin
gələcək fəaliyyət
üçün uğurlu
olacağını, riyakar
düşmənin ifşası
üçün bundan
sonra da davamlı birgə mübarizənin aparılacağını
qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 25
aprel.- S. 2.