Aqrar inkişafda Heydər Əliyev irsi

 

Heydər Əliyev son 40 il ərzində Azərbaycan Respublikasında, keçmiş SSRİ məkanında və beynəlxalq aləmdə dərin, xoşniyyətli və unudulmaz iz qoymuş ən nüfuzlu dövlət və ictimai xadimdir. Hazırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fenomeni bütün dünyada etiraf edilir.

Ulu öndər istər 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə, istərsə də 1982-1987-ci illərdə SSRİ kimi super gücə malik nəhəng bir dövlətin rəhbərlərindən biri olduğu vaxtlar özünün idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı sayəsində geridə qalmış, həmişə tənqid edilən Azərbaycan Respublikasını keçmiş ittifaqın ən qabaqcıl respublikası kimi tanınmasına nail olmuş, sovetlər ittifaqında ən çətin, mürəkkəb layihələr onun rəhbərliyi altında uğurla həyata keçirilmişdir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi və böyük ümidi ilə suverenlik yolunda ilk addımlarını atan, lakin vətəndaş müharibəsi ilə üz-üzə qalan, özbaşınalıq və anarxiyanın hökm sürdüyü Azərbaycana ikinci dəfə rəhbərliyə gəldikdən sonra işlədiyi 10 il müddətində müstəqil ölkəmizi dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi, onun tezliklə dünyanın inkişaf edən dövlətlərindən birinə çevrilməsinin, sosial-iqtisadi, siyasi və ictimai təməlini qoydu.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 30 il ərzində dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç vaxt tükənməyəcəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamında qeyd olunur ki, "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır". Ulu öndərimiz Heydər Əliyevin yaratdığı bu potensial və xalqına ərmağan etdiyi irs cəmiyyətin bütün təbəqələri üçün örnək olduğu kimi aqrar sahədə işləyənlər üçün də əvəzolunmazdır və ölkəmizin hazırda bu sahədə əldə etdiyi nailiyyətlər Heydər Əliyev irsinin təzahürüdür.

 

Heydər Əliyev və Azərbaycanda aqrar sahənin formalaşması

 

Keçən əsrin 70-ci illərinə qədər Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinə görə SSRİ-də ən geridə qalan respublikalardan biri idi. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı torpaqlardan səmərəli istifadə olunmurdu, kolxoz və sovxozların əksəriyyəti ziyanla işləyirdi, elmin və texnikanın tətbiqi hiss olunmurdu, kadr hazırlığı bərbad vəziyyətdə idi. Kənd təsərrüfatı maşınqayırma və kimya sənayesinin inkişafı haqqında heç düşünən də yox idi. Meyvə, tərəvəz, çay və digər məhsulların emalı özbaşına buraxılmış, ət, süd, pambıq və digər məhsulların emalı isə primitiv sexlərdə çox cüzi miqdarda həyata keçirilirdi. 1969-1982-ci illərdəki fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılmasına nail oldu. Məhz həmin dövrdə respublikada aqrar-sənaye kompleksi kimi qəbul edilmiş bu sahənin hər üç bölməsi yüksək sürətlə inkişaf etdi və onların inteqrasiyası təmin olundu. Əlbəttə, belə yüksək nailiyyətlərin əldə edilməsi üçün öncə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması təmin edilməli idi. Bu artım isə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti, tələbkarlığı, işgüzarlığı və əzmkarlığı, məsələni daim nəzarətdə saxlaması və problemə dərindən nüfuz edərək onun elmi əsaslara söykənən həllini təşkil etməsi sayəsində mümkün oldu. Heydər Əliyev respublikanın kənd təsərrüfatında mövcud olan potensial imkanların müvafiq proqramlar əsasında rallaşdırılmasını gələcək inkişafın mühüm istiqaməti kimi qiymətləndirdi və ittifaq hökumətinin bu məsələyə dair bir neçə qərar qəbul etməsinə nail oldu. Qısa müddət ərzində respublikada kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istehsalının dinamik artımı təmin edildi. Artıq 1974-1975-ci illərdə Azərbaycan kənd təsərrüfatı məhsulları istehsalının artım sürətinə görə SSRİ-də ön sıraya çıxdı, hər il yeni uğurlar əldə edilməsi ənənə halını aldı. Bununla da Heydər Əliyev ittifaqa sübut etdi ki, onun rəhbərliyi altında Azərbaycan xalqı kənd təsərrüfatının inkişaf etdirilməsində yeni zirvələr fəth etməyə qadirdir və bu sahəyə yönəldilən sərmayə qısa müddətdə öz bəhrəsini verir. Heydər Əliyev respublikamızda kənd təsərrüfatının inkişafının növbəti mərhələsini və istiqamətlərini özünəməxsus uzaqgörənliklə çox düzgün və dəqiq müəyyən edərək növbəti tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlər isə bitkiçilik və heyvandarlıqda məhsuldarlığı artırmaqla həmin sahələrin intensivləşdirilməsini, bitkiçilikdə daha çox əlavə dəyər yaradan pambıqçılığın və üzümçülüyün prioritet sahə elan edilməsini, yeni texnikanın və məhsul istehsalında sənaye texnologiyasının tətbiqi və digər məsələlərin həll olunmasını əhatə edirdi. Həyata keçirilən bu tədbirlər nəticəsində respublikamızda çoxsaylı quşçuluq fabrikləri, heyvandarlıq kompleksləri, yem sexləri, müasir texnika ilə təchiz edilmiş bitkiçilik müəssisələri yaradıldı və məhsul istehsalı yeni inkişaf mərhələsinə başladı.

Həmin illərdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı ona xidmət edən sahələrin, yəni kənd təsərrüfatı maşınqayırma və kimya sənayesinin inkişafının təmin edilməsi idi. Bu məqsədlə Bakıda və respublikamızın bir çox bölgələrində kənd təsərrüfatı maşınları və avadanlıqları istehsal edən, habelə traktor və digər kənd təsərrüfatı texnikasının təmiri ilə məşğul olan zavodlar tikilib istifadəyə verildi. Sumqayıtda mineral gübrələr və aqrokimyəvi maddələr istehsalı təşkil edildi ki, onlar da kənd təsərrüfatı müəssisələrinin günü-gündən artan tələbatını daha dolğun və vaxtında ödəməyə imkan verirdi.

Kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımı məhsulun emalının mövcud tələblər səviyyəsində təşkil edilməsini ön plana çəkdi. Heydər Əliyev ittifaq hökumətindən Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı sənayesinin geniş vüsət almasını təmin edən qərarların qəbul edilməsini tələb etdi və buna nail oldu. Ulu öndərin həmin qərarların icrasına bilavasitə rəhbərliyi və nəzarəti sayəsində bu sahədə inanılmaz nailiyyət əldə edildi. Qısa müddət ərzində demək olar ki, bütün iri üzümçülük təsərrüfatlarında emal zavodları fəaliyyətə başladı, yeni tərəvəz və meyvə emalı zavodları, çay fabrikləri, ət və süd kombinatları tikilib istifadəyə verildi. Kənd yerlərində emal müəssisələrinin yaradılması həmin ərazilərin simasının dəyişməsində, şəhər atributlarının bərqərar olmasında, rayon əhalisinin intellektual səviyyəsinin yüksəlməsində böyük rol oynayır. Azərbaycan pambıq istehsalında ittifaqda üçüncü yerə, üzüm istehsalında isə birinci yerə çıxmaqla özünü geniş əhatəli inkişaf etmiş aqrar-sənaye kompleksinə malik respublika kimi göstərdi. Bununla da 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan geridə qalan bir diyardan formalaşmış aqrar-sənaye kompleksi olan qabaqcıl respublikaya çevrildi. Bu isə ittifaqda Heydər Əliyevin böyük nüfuz qazanmasına və Azərbaycanın özünə layiq yer tutmasına səbəb oldu.

 

Heydər Əliyev və aqrar islahatlar

 

Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan və inkişaf etdirilən aqrar-sənaye kompleksi Azərbaycanın iqtisadiyyatında əhəmiyyətli sahəyə çevrilməklə ittifaq miqyasında da ön sıraya çıxdı. Belə ki, 1984-ci ildə Azərbaycan üzüm istehsalını 1 milyon 126 min tona çatdıraraq SSRİ-də birinci yerə çıxdı. Həmin illər respublikamızda ümumi daxili məhsulun 35-40 faizini aqrar bölmə verirdi ki, onun da 20-25 faizi üzümçülüyün hesabına formalaşırdı. Sənaye üsulu əsasında aqrar sahənin inkişafı Azərbaycanda yeni mərhələyə qədəm qoydu.

Lakin ittifaq rəhbərliyində Heydər Əliyevi və Azərbaycan xalqını gözü götürməyənlər bu inkişafın qarşısını almaq, respublikamızda aparılan quruculuq işlərini ləngitmək və gələcəkdə daha uğurlu nəticələrin əldə olumasına yol verməmək üçün müxtəlif yollar və vasitələrdən istifadə etməyə başladılar. Onlar məqsədlərinə çatmaq üçün alkoqolizmə qarşı mübarizə aparmaq adı altında üzümlüklərin sahəsini azaltmağın və şərab istehsalını dayandırmağın vacibliyini təbliğ etməyə başladılar və alkoqolizmə qarşı mübarizə barədə ittifaq üzrə qərarın qəbul edilməsinə nail oldular. Bu, əslində alkoqolizmə qarşı yox, Azərbaycanda Heydər Əliyev tərəfindən yaradılan və dinamik inkişaf edən aqrar bölmənin dağıdılmasına yönəlmiş bir siyasət idi. 1982-ci ildə Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına dair qərarın qəbul edilməsindən cəmi 2-3 il keçdikdən sonra belə bir addımın atılması və onun icra vəziyyətinin ilk olaraq alkoqolizmə düçar olanların sayına və alkoqollu içkilərin adambaşına istehlakına görə SSRİ-də ən aşağı göstəriciyə malik Azərbaycanda yoxlanılması və üzümçülük sahələrinin az bir müddət ərzində əhəmiyyətli dərəcədə azaldılması barədə konkret göstərişlərin verilməsi bu siyasətin tərkib hissəsi idi. Belə bir siyasətin ortaya atılması üzümçülüklə yanaşı, həm də bu sahənin inkişafına dair qərarla Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan kənd təsərrüfatı tədbirlərinin, habelə kəndlərimizin simasını kökündən dəyişəcək infrastruktur layihələrin qarşısını almağa, respublikada turizmin inkişafına təkan verəcək qərarın icrasının dayandırılmasına yönəldilmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin yaratdığı aqrar bölmənin inkişafının əngəllənməsinə və onun dağıdılmasına keçən əsrin sonlarında bir tərəfdən SSRİ rəhbərliyi qəsdən start verilmiş, digər tərəfdən isə bu proses müstəqilliyinin ilk illərində Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi nəticəsində davam etdirilmişdir.

1993-cü ildə Azərbaycanda yaranmış çox ağır, ictimai, siyasi və iqtisadi şəraitdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ilk növbədə Ermənistanla müharibənin dayandırılması və ölkədaxili sabitliyin bərqərar olması üçün ciddi tədbirlər həyata keçirməyə başladı. Tezliklə cəbhə xəttində atəşkəs elan edildi, dövlət çevrilişi cəhdlərinə son qoyuldu və ölkədə qayda-qanun, sabitlik təmin edildi. Bununla yanaşı Heydər Əliyevin rəhbərliyi və tapşırığı əsasında iqtisadiyyatda yaranmış böhrandan çıxış yolları axtarılır, xarici ölkələrin təcrübəsi öyrənilərək ölkəmizin xüsusiyyəti və xalqımızın mentaliteti nəzərə alınaraq, milli maraqların qorunması əsas götürülərək təhlillər aparılırdı. Bu təhlillər nəticəsində belə fikir formaslaşdı ki, ölkə iqtisadiyyatını, o cümlədən aqrar bölməni bu çətin vəziyyətdən çıxarmaq üçün heç bir səmərə verməyən inzibati-amirlik metodundan əl çəkmək və bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə keçmək lazımdır. Bunun üçün islahatlar həyata keçirilməli, dövlətin mülkiyyətində olan əmlakın bir hissəsi özəlləşdirilərək xüsusi mülkiyyətə verilməlidir ki, ölkədə sahibkarlıq inkişaf etsin. Bununla əlaqədar hələ 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev demişdir: "Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik".

Həmin dövrdə öz müstəqilliyinə yeni qovuşmuş Azərbaycanda iqtisadiyyatın bütün sahələrində, xüsusilə aqrar bölmədə çox acınacaqlı vəziyyət hökm sürürdü. Maddi təchizatın pozulması səbəbindən aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməməsi məhsuldarlığın aşağı düşməsinə və məhsul istehsalının azalmasına səbəb olmuşdu. Bu da öz növbəsində aqrar-sənaye kompleksinin maşınqayırma və kimya sənayesi bölməsinə, eyni zamanda emal sənayesinə öz mənfi təsirini göstərir, müəssisələr tam gücü ilə işləyə bilmirdi. Belə vəziyyətdə müəssisələr bağlanır, işsizlik artır və əhalinin ərzaqla təmintında yaranmış çətinliklər aclıq təhlükəsini getdikcə artırırdı. Belə bir vaxtda ulu öndər Heydər Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqaməti kimi iqtisadi islahatlara ilk növbədə aqrar bölmədən başlamağın zəruri olduğunu göstərərək onun hüquqi bazasının yaradılması haqqında göstərişlər verdi. Heydər Əliyev keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar öncə Azərbaycan xalqının milli mənafeyinə xidmət etməli, maraqlı tərəflər üçün ağrısız aparılmalı və ədalət prinsipinə əsaslanmalıdır. Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" qanun layihələri 1995-ci ildə, "Torpaq islahatı haqqında" qanun layihəsi isə 1996-cı ildə qəbul edildi. Bununla da 1996-cı ildən başlayaraq ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatlar başlandı. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi.

Aqrar silahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı və aqrar sahədə dönüş yaranmasına səbəb oldu. 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyuldu və ildən ilə artım əldə edildi. Onu da qeyd etmək lazımdır ki, həmin vaxtdan ötən 14-15 il ərzində keçmiş ittifaq respublikaları olmuş müstəqil dövlətlərdən fərqli olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmində heç vaxt azalma olmamışdır. Ölkəmiz artıq 1990-cı ilin səviyyəsini arxada qoymuş, heyvandarlıq və bitkiçilik sahəsində rekord nəticələr əldə etmişdir. Hazırda Azərbaycan əhalinin bir çox ərzaq məhsullarına, o cümlədən ət, kartof, tərəvəz, meyvə və digər məhsullara olan tələbatını yerli istehsal hesabına tam ödəyir. Başqa məhsullar üzrə isə xarici ölkələrdən asılılıq minimuma enib. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən aqrar islahatlar siyasətinin uğurla həyata keçirilməsi və onun Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilməsi sayəsində mümkün olmuşdur.

 

Aqrar sahəyə dövlət himayəsi

 

Uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində sovxoz və kolxozların torpaqları və əmlakı kənd əhalisinə paylanmaqla keçən əsrin sonlarında kənd yerlərində müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatlar yaranaraq fəaliyyət göstərməyə başladılar. Lakin ümummilli lider Heydər Əliyev çox yaxşı bilirdi ki, yalnız torpaqları və əmlakı xüsusi mülkiyyətə verməklə ölkədə bazar münasibətlərini formalaşdırmaq və kənd təsərrüfatında lazımi nəticələr əldə etmək mümkün deyil. Bunun üçün aqrar islahatların dərinləşdirilməsinə və kənd yerlərində yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə dövlət himayəsinə böyük ehtiyac var. Odur ki, ulu öndər Heydər Əliyev 22 mart 1999-cu il tarixdə "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərman imzaladı. Fərmana uyğun olaraq Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə həmin fərmana əsasən təqdim edilmiş layihəni müzakirə edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən bu güzəştlər digər MDB ölkələrində nəinki həmin dövrlərdə, heç hazırda da tətbiq edilmir.

Sözügedən fərmanda Prezident aqrar sahəyə dövlət himayəsini genişləndirmək üçün bu bölmədə maliyyə, kredit, bank, vergi, qiymət, daxili bazarın qorunması tədbirlərini nəzərdə tutan, aqrar islahatların ikinci mərhələsini təmin edən proqramın hazırlanmasına dair konkret göstərişlər də vermişdir. Bununla əlaqədar müvafiq icra orqanları həmin proqramı hazırladılar və 1999-cu ilin noyabr ayında "1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında" fərman imzalandı. Fərmanda göstərilirdi ki, kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Proqramın böyük bir bölməsi aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı adlanırdı. Bu bölmədə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu:

- mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının sığorta edilməsi;

- keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı, habelə meliorasiya və irriqasiya xidməti müəssisələrinin vaxtı keçmiş bank ssuda və digər borcların restrukturaziyası və ödənilməsinin təmin edilməsi;

- aqrar sahəyə güzəştli şərtlərlə kredit resursları ayrılması;

- daxili bazarın və yerli istehsalçıların mənafeyinin qorunmasını təmin etmək məqsədi ilə ərzaq və kənd təsərrüfatı məhsullarının idxalı üzrə gömrük rüsumunun təkmilləşdirilməsi;

- dövlət ehtiyaclarını ödəmək üçün mühüm kənd təsərrüfatı məhsullarının (taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, balıq məhsulları, kartof və tərəvəz) istehsalının stimullaşdırılması;

- ölkənin ayrı-ayrı bölgələrində kənd təsərrüfatı məhsullarının topdansatış şəbəkələrinin yaradılması və onların müvafiq maddi-texniki baza ilə təmin olunması;

- yüksək məhsuldar texnologiya, cins toxum və damazlıq, habelə baytarlıq sahəsində aparılan işlərin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər.

Ulu öndərin təsdiq etdiyi bu proqrama uyğun olaraq aqrar sahəyə nəzərdə tutulan dövlət himayəsi tədbirləri ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə paralel həyata keçirilir. Milli Məclis tərəfindən qəbul edilən və Prezident tərəfindən imzalanan "Torpaqların münbitliyi haqqında", "Taxıl haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanunlarda və onların icrasını təmin edən normativ hüquqi aktlarda aqrar sahənin dövlət himayəsinə dair konkret müddəalar öz əksini tapmışdır.

Ümummilli liderin ölkənin aqrar bölməsinə göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyev tərəfindən daim nəzarətdədir. Ümumiyyətlə, aqrar sahəyə dövlət himayəsi cənab İlham Əliyevin prezidentliyi dövründə daha da genişlənmişdir. Prezident aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış etmiş, çoxsaylı fərmanlar imzalamış və dövlət proqramları təsdiq etmişdir. 2003-cü ilin noyabr ayında Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Torpaq özəl mülkiyyətə verilibdir. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır".

Aqrar islahatların ikinci mərhələsində isə əsas diqqət kənd ərazilərində infrastrukturun və bilavasitə kənd təsərrüfatına xidmət edən sahələrin inkişafını təmin edən tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının saxlanması və emalı müəssisələri şəbəkələrin yaradılması, meliorasiya və irriqasiya işlərinin genişləndirilməsi, yeni məhsul istehsalı sahələrinin yaradılması və digər məsələlərin həllinə yönəldildi. Bu məqsədlə Prezidentin 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" kənd rayonlarının və aqrar bölmənin inkişafında mühüm rol oynadı. Proqramın uğurla həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli istifadəsi nəticəsində aqrar bölmənin dinamik inkişafı təmin edildi.

Aqrar sektorun inkişafında idarəetmənin daim təkmilləşdirilməsinə ehtiyac olmasını, yeni texnika və texnologiyaların tətbiq edilməsinin müstəsna rolunu yüksək qiymətləndirən və rəqabət qabiliyyətli məhsul istehsalında bu amillərin dövlət dəstəyi olmadan reallaşmasının mümkünsüzlüyünü nəzərə alan dövlət başçısı 2004-cü ildə "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" və "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbir haqqında" sərəncamlar imzaladı. Bu sərəncamlara uyğun olaraq yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı texnikası, mineral gübrələr və damazlıq heyvanlar alınması üçün indiyə kimi 150 milyon manatdan çox büdcə vəsaiti ayrılmışdır. Həmin vəsait hesabına lizinq yolu ilə alınan traktor, kombayn və digər texnikalar kənd təsərrüfatı işlərinin vaxtında yerinə yetirilməsinə və itkilərin qarşısını almağa şərait yaratmış, istehsalda məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərmişdir. Prezidentin 2003 və 2008-ci illərdə imzaladığı qanunlarla isə kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddəti 2014-cü il yanvarın 1-nə kimi uzadılmışdır ki, bu da fermerlərin səmərəli fəaliyyət göstərmələrinə geniş imkanlar yaradır.

Son illər Azərbaycanda ümumi daxili məhsul istehsalının və büdcə gəlirlərinin böyük sürətlə artması aqrar sahəyə daha böyük həcmdə dövlət vəsaiti yönəltməyə şərait yaratmışdır. Yaranmış əlverişli maliyyə imkanlarından yararlanaraq qeyri-neft sektorunun prioritet sahəsi olan aqrar bölməyə dövlət himayəsi ildən-ilə artmaqdadır. Prezidentin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün işlətdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilir, aqrolizinq xidmətinin əhatə dairəsi genişləndirilir. Lizinqə verilən texnikanın dəyərinin qaytarılma müddəti isə 5 ildən 10 ilədək uzadılıb. Bu sərəncama uyğun olaraq həmçinin sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı bitkilərinin sayı 7-yə çatdırılıb, sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi 25 faizdən 50 faizə qaldırılıb.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hələ ulu öndər Heydər Əliyevin 2001-ci ilin mart ayında imzaladığı sərəncamla "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilmişdir. Həmin proqramın uğurla yerinə yetirilməsinə baxmayaraq respublika əhalisinin artımı, urbanizasiya meyllərinin güclənməsi və ölkə vətəndaşlarının orta aylıq əmək haqqının ildən-ilə yüksəlməsi kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatı artırır. Hazırda dünya ölkələrində 1 milyard adamın aclıq çəkməsi də hər bir dövlətin öz əhalisinin ərzaq təhlükəsizliyini təmin edən tədbirlər görməsini önə çəkir. Bu reallıq nəzərə alınaraq Prezidentin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın icrası üçün 2009-cu ilin dövlət büdcəsindən 60 milyon manat vəsait ayrılmışdır. 2010-cu ilin dövlət büdcəsindən isə kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacağın və motor yağının, habelə mineral gübrələrin dəyərinin 50 faizinin ödənilməsinə ayrılan vəsaitlər də daxil olmaqla bu proqramın icrasına 111 milyon 550 min manat vəsait xərclənməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, Prezidentin 2009-cu il 14 aprel tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda aqrar sahənin və kənd ərazilərinin inkişaf etdirilməsinə xüsusi diqqət verilir. Sənəddə kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, həmin məhsulların emalı, tədarükü və satışının təkmilləşdirilməsi, bu sahələrin maddi-texniki, elmi və kadr bazasının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu məqsədlə proqramda "Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi", "Aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərrəqi texnologiyaların tətbiqinin dəstəklənməsi", "Cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi" və "Aqrofermaların yaradılmasının dəstəklənməsi", habelə digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bu tədbirlərin icrasına 2009-cu ildən etibarən başlanmışdır və hazırda uğurla davam etdirilir. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan müasir aqrar-sənaye kompleksinə malik ölkəyə çevrilir.

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət

komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2010.-  25 aprel.- S.  4.