Bəşəriyyətə
qarşı qanlı cinayət
Əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "ictimai-mədəni", siyasi, hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər. Belə mənfur siyasətin başlıca məqsədlərdən biri azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçiləri və ideoloqlarının uydurduğu "dənizdən-dənizə böyük Ermənistan" dövləti qurmaqdır. Bunun üçün mərhələlərlə həyata keçirilən terror və soyqırımının qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürümüş, insanlığa qarşı yönəlmiş ən amansız, dəhşətli cinayətlərə rəvac vermişdir.
92 il əvvəl - 1918-ci ilin mart-aprel aylarında belə qanlı cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar milləti olduqlarını, soyqırımı və terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər. Hər il mart ayının 31-nin ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi də son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. 1918-ci il martın 30-31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
Uzun illər bağlı qalmış bu tarixi hadisələrə yalnız respublikamız müstəqillik qazandıqdan sonra hüquqi-siyasi qiymət vermək imkanı yaranmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Fərmanda göstərilir ki, ermənilər "böyük Ermənistan" xülyasını reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirmiş, xalqımızın çoxəsrlik tarixini kobudcasına təhrif etmişlər. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmış, Azərbaycan toponimləri erməniləşdirilmişdir. Onilliklər boyu soyqırımı siyasəti total ideoloji təcavüz türk və Azərbaycan xalqlarına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik şəraitində bu siyasət daha incə və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır.
Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Fərmanla həmçinin 31 mart günü son yüz ildən artıq müddətdə xəyanətkar erməni millətçilərinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Sənəddə qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib bu torpaqlarda erməni dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, "Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur".
Sözügedən fərmanın tarixi əhəmiyyəti həm də onunla ölçülür ki, burada ilk dəfə olaraq ermənilərin qondarma "soyqırımı" iddiaları ilə dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinə konkret faktlar əsasında siyasi-hüquqi qiymət verilir. Tarixi faktlar da göstərir ki, ötən əsrin əvvəllərində ənənəvi olaraq havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər qonşu xalqların əzəli əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırımı və terror aktları törətmişlər. Erməni tarixçiləri 1915-ci ilin aprel-may aylarında Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya "türklər tərəfindən qətlə yetirildiyini" iddia etsələr də, faktlar göstərir ki, həmin vaxt bütün dünyada cəmi 1 milyon 200 min erməni yaşamışdır. Bu rəqəmin özü də qondarma "erməni soyqırımı"nın reallıqdan uzaq, böhtan xarakterli olduğunu təsdiqləyir. Eyni zamanda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam göstərilir. Ümumiyyətlə, bütün tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda ermənilərin guya türklər tərəfindən qətlə yetirilməsi barədə iddialarının cəfəngiyat olduğunu təsdiqləyir.
Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasını daxildən zəiflətmək, onu tamamilə süquta uğratmaq istəyən çar Rusiyası erməni məsələsindən "siyasi alət" kimi yararlanmağa çalışmış, onları türklərə qarşı qiyamlara qaldırmışlar. Çar II Nikolay bunun əvəzində ermənilərin Türkiyə torpaqları hesabına müstəqil dövlət yaratmalarına kömək edəcəyini vəd etmişdir. Beləliklə, çar Rusiyasının diktəsi ilə hərəkət edən erməni terrorçu birləşmələri Türkiyənin müxtəlif şəhərlərində təxribatlar, terror törətmiş, dinc insanlara divan tutmuşlar. Məşhur Amerika alimi Castin Makkartinin yazdığına görə 1915-ci ildə müharibə zonasından kənarda yerləşən Sivas vilayətində ermənilər 180 min müsəlmanı son nəfərinədək qətlə yetirmişlər. Digər Amerika tarixcisi C.S.Şou isə ermənilərin 1915-ci ilin əvvəllərində Van şəhərində türk dövləti əleyhinə qiyam qaldırdığını, bu qiyamın qısa zamanda bütün Şərqi Anadolu vilayətini bürüdüyünü tarixi faktlar əsasında diqqətə çatdırmışdır.
Ermənilərin isə öz saxta ittihamlarını əsaslandırmaq üçün heç bir ciddi tarixi mənbəyə əsaslanmaması onların saxta və məkrli yol tutduğunu, Türkiyə və Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək niyyətini bir daha təsdiqləyir. Özlərini tarixən "məzlum", "soyqırıma məruz qalan" millət kimi təqdim etməyə çalışan erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlılara qarşı kütləvi qırğın - soyqırımı həyata keçirdiyini tarixi faktlar birmənalı təsdiqləyir. Həmin il martın 30-31-də S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak birləşmələri Bakıda dinc əhaliyə qarşı qətliamlara başlamış, 12 min kişi, qadın və uşağı milli-etnik zəmində qətlə yetirmişlər. Şəhəri qarət edən erməni vandalları evləri, tarixi mədəniyyət abidələrini dağıtmış, yandırmış, insanlığa zidd belə əməlləri, eyni zamanda Qarabağda, İrəvanda, Zəngəzurda, Qubada, Şamaxıda və digər bölgələrdə də davam etdirmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusı qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm günü kimı qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur.
AXC-nin suqutu və Azərbaycanda sovet rejiminin qurulmasından sonra ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə sovet hökumətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası vahid bir planın tərkib hissəsi kimi xüsusi ssenari ilə aparılmışdır. 1980-ci illərin sonunda isə Dağlıq Qarabağdakı erməni millətçilərinin Ermənistan və SSRİ rəhbərliyinin təhriki ilə qızışdırılan separatçı çıxışları, əsassız ərazi iddialarının irimiqyaslı müharibəyə çevrilməsi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı - bütün bunlar "böyük Ermənistan" xülyası ilə yaşayan davakar erməni şovinistlərinin və onların himayəçilərinin Azərbaycan xalqına vurduğu yaraların hələ tam olmayan siyahısıdır.
1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş dəhşətli qətliam - soyqırımı ermənilərin ərazi ilhaqına nail olmaq üçün dəhşətli cinayətlərə əl atdıqları bir daha təsdiqlənmişdir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təşkilatın 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğu təsdiq edilmiş, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Yəni həmin gün ermənilər sırf milli, irqi, etnik və dini əlamətlərinə görə Xocalı sakinlərini son nəfərinədək məhv etmək məqsədini qarşıya qoymuşlar.
Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyildir. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan dinc sakinlərin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən gülləbaran edilməsi də soyqırımı niyyətini sübut edir. Belə amansız cinayətlərin məhz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi də göz önündədir.
Müşahidələr göstərir ki, uydurma "soyqırımı" iddialarını ortaya atan ermənilər başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırımı, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdürlər. Məkrli addımların məqsədi eyni zamanda Türkiyəni fakt qarşısında qoymaq, bu dövlətə qarşı təzminat və torpaq iddialarını gerçəkləşdirmək, eləcə də onun beynəlxalq nüfuzuna xələl gətirmək, Avropa Birliyi üzvlüyünə mane olmaqdır. Təəssüflə qeyd etmək lazımdır ki, qondarma "erməni soyqırımı" iddiaları müəyyən aparıcı dövlətlərin əlində həm də Türkiyəyə və Azərbaycana qarşı süni təzyiq vasitəsinə çevrilmişdir. Konkret desək, ABŞ və bəzi Qərb dövlətlərində hələ mart ayından qondarma "erməni soyqırımı" ilə bağlı başlanmış ədalətsiz kampaniya da məhz Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etmək məqsədi güdür. Rəsmi Ankara növbəti dəfə qətiyyət nümayiş etdirərək Azərbaycanın torpaqları işğaldan azad edilməyənədək Ermənistanla sərhədlərin açılmayacağını bəyan etmiş, ona təzyiq göstərmək istəyən dövlətlərə sərt cavab vermişdir.
Şübhəsiz, ermənilər belə iftira və böhtanlarla, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları uzatmağa, qeyri-konstruktiv mövqeyinə haqq qazandırmağa çalışır. Xüsusən də danışıqlar prosesinin hazırkı həlledici mərhələsində rəsmi Yerevan vəziyyətdən çıxmaq üçün isterik addımlara əl atır. Türkiyə ilə imzalanmış Sürix protokollarının Ermənistan parlamentində dondurulması da rəsmi İrəvanın regionda tormozlayıcı dövlətə çevrildiyini bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın münaqişə ilə bağlı qətiyyətli mövqeyini bir daha bəyan etmişdir: "Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Ondan sonra sülh yarana bilər, bütün kommunikasiyalar açıla bilər. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də ora qayıdacaq, orada yaşayacaq azərbaycanlılar yüksək muxtariyyət statusu çərçivəsində yaşayacaqlar. Onlar vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Yəni, nə bu gün, nə də gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Danışıqlarda bu, açıq-aydın göstərilib".
Bütün bunlar göstərir ki, rəsmi Bakı hansısa dövlətin mənafeyinə xələl gətirməyən, regionda hansısa narahatlıq yaratmayan qətiyyətli, sabit, konkret hədəflərə istiqamətlənmiş çevik diplomatiya ilə Azərbaycan xalqının maraqlarını daim uca tutur. Son aylarda bəzi aparıcı dövlətlərin regionda süni şəkildə geosiyasi dəyişikliklərə nail olmaq istiqamətindəki cəhdlərini kifayət qədər sərt və adekvat reaksiya ilə qarşılayan Azərbaycan milli maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha sübuta yetirir.
Elşad ABDULLAYEV,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 25
aprel.- S. 5.