Azərbaycanlı alim Fransadakı erməni lobbisinin tanınmış
nümayəndəsinə layiqli
cavab vermişdir
Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli erməni lobbisinin tanınmış nümayəndəsi Kler Muradyanın dəvəti ilə Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Avropa Dünyası Araşdırmalar Mərkəzində "1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xarici siyasəti" mövzusunda mühazirə oxumuşdur.
Qafqaz regionu ilə bağlı araşdırmalar aparan tələbə və tədqiqatçıların iştirak etdiyi tədbirdə azərbaycanlı alim ölkəmizin tarixinin formalaşması prosesindən, Gülüstan və Türkmənçay müqavilələrindən sonra keçdiyi yoldan, 1918-ci ildə Şərqdə ilk demokratik dövlətin yaradılmasından və həyata keçirdiyi islahatlardan söhbət açmış, həmin dövrdəki geosiyasəti açıqlamış, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi mart qırğınına toxunmuş, təkcə Bakıda 12 min nəfərin qətlə yetirildiyini diqqətə çatdırmışdır. Azərbaycan Demokratik Respublikasının demokratik quruluşlu bir dövlət olduğunu xatırladan C.Həsənli bütün millətlərin parlamentdə təmsil olunduğunu qeyd etmiş, Azərbaycan nümayəndə heyətinin Paris Sülh konfransında iştirakı, onun Fransada əhəmiyyətli işlərindən söhbət açmış, həmin dövrdə çap olunmuş Azərbaycan xəritəsini iştirakçılara paylamışdır.
Azərbaycanlı alimin mühazirəsinə münasibət bildirən Kler Muradyan 1918-ci ildə mart soyqırımı olduğunu və bunu inkar etmək niyyətində olmadıqlarını bildirmiş, eyni zamanda həmin vaxt çoxlu erməninin qətlə yetirilməsinə də diqqət yönəldilməsinin vacibliyini qeyd etmişdir.
Erməni xanımının səsləndirdiyi fikrə münasibət bildirmiş Cəmil Həsənli mart hadisələrinin hakimiyyətdə olan S.Şaumyanın rəhbərlik etdiyi və bir neçə erməninin təmsil olunduğu Bakı kommunası tərəfindən törədildiyini qeyd etmiş, eyni zamanda qırğınların Bakının alınması uğrunda gedən qanlı döyüşlərdə baş verdiyini və hər iki tərəfdən çoxlu sayda insan tələfatı olduğunu diqqətə çatdırmış, iki hadisənin heç bir müqayisəyə sığmadığını bildirmişdir.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2010.- 25
aprel.- S. 5.