Əbədilik qazanmış yazıçı

 

Ötən əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatı sürətli inkişaf dövrü keçirirdi. Demokratik cəbhəyə mənsub olub, həyatın keşməkeşlərindən adlayan təcrübəli, yaşlı yazıçılarla yanaşı, gənc ədəbi qüvvələr də ciddi fəaliyyət göstərirdilər. Bədii nəsrin müxtəlif janrlarında bir çox dəyərli əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən M.Hüseyn, Ə.Əbülhəsən, S.Rəhimov, S.Rəhman kimi görkəmli söz ustadlarımızla yanaşı, ədəbiyyatımızın, mədəniyyətimizin çiçəklənməsində və yeni-yeni nailiyyətlər qazanmasında özünəməxsus mövqeyi və xidməti olan simalardan biri də Mir Cəlal Əli oğlu Paşayev olmuşdur. Maraqlı və zəngin yaradıcılıq yolu keçən Mir Cəlal şifahi xalq ədəbiyyatının, klassik və müasir nəsrin gözəl ənənələri, ədəbiyyatımızın yeni, mübariz, qabaqcıl xüsusiyyətləri əsasında yetişmiş, bu keyfiyyətləri yaradıcılığında müvəffəqiyyətlə davam və inkişaf etdirmişdir. Onun adı Azərbaycan ədəbiyyatının inkişafı və qüvvətlənməsi ilə üzvi şəkildə bağlıdır. Mahir hekayə ustası və istedadlı romançı kimi şöhrət qazanan Mir Cəlal ədəbiyyatımızı dəyərli bədii nümunələrlə zənginləşdirmişdir.

 

Mir Cəlalın ilk kitabı 1932-ci ildə "Sağlam yollarda" başlığı altında çap olunmuşdur. "Qələbənin açarı", "Səsimizi dünya eşitsin", "Münəvvəri dinləyin", "İşləməyən dişləməz" və başqa oçerklərində cəmiyyətin inkişafında xüsusi rolu olan adamların qüdrətini, onun həyatında, məişətində, əhvali-ruhiyyəsində və işində yaranan yenilikləri faktlar əsasında əks etdirmişdi. Müəllif böyük vəzifələrdən, inkişaf perspektivlərindən, əmək cəbhəsində qazanılan nailiyyətlərdən konkret şəkildə danışdığı, həyatı real müşahidə və xarakter, cizgilər əsasında qələmə aldığı üçün "Kənd köhnəlikdən təmizlənir, silinir, dəyişir; sağlam yollarda, işıqlı gələcəyə, gündəlik sabahlara doğru yürüyür" dedikdə onun sözləri canlı həqiqət kimi səslənirdi. Adlarını çəkdiyimiz oçerklərlə yanaşı, Mir Cəlal yaradıcılığında müasir hadisə və insanlar haqqında qələmə aldığı hekayələri və romanları əsas yer tutur.

Hekayə vasitəsilə yazıçı müəyyən, əhəmiyyətli, konkret hadisə və məsələni qələmə alır, tipik lövhə, surət və ya xarakter yaradır, cəmiyyətin ictimai, fəlsəfi, əxlaqi və etik probleminə toxunur, onlara öz münasibətini bildirir...

Mir Cəlalın əsərlərinin janr xüsusiyyətləri, surətlər aləmi əlvandır. Burada həyatın müxtəlif sahələrindən götürülmüş maraqlı mövzular, adi görünən əhvalatlar, dərin mənalı mətləblər, lirik, dramatik, yumoristik və satirik məzmunlu hadisələr öz əksini tapmışdır. İnsan, onun fəaliyyəti, müqəddəratı, arzu və əməlləri hekayələrdə çox konkret vəziyyət və şərait daxilində müvəffəqiyyətlə canlandırılan başlıca obyektdir. Yeni insanın tərbiyə olunması, yeni ictimai münasibətlərin və əxlaqi keyfiyyətlərin yayılması prosesində meydana çıxan maneələrə, keçmişin zərərli qalıqlarına, mənfiliyin müxtəlif təzahürlərinə qarşı mübarizə aparmaq, inkişafa təkan vermək, ideal həqiqət və gözəllik naminə yazıb-yaratmaq Mir Cəlalı ilk günlərdən ciddi düşündürmüşdür. O, kəsərli silah olan gülüşdən ideyanı ifadə etməyin, yeniliyə yol açmağın, hadisə və insanlara münasibət bildirməyin mühüm bir vasitəsi kimi bacarıqla faydalanmışdır.

Mir Cəlalın gülüşə belə əhəmiyyət verdiyi, ümumiyyətlə yaradıcılığı üçün səciyyəvi olan bəzi xüsusiyyətlər özünü ilk hekayəsi "Mirzə"dən (1930) başlayaraq aydın göstərir. Hekayəni cəlbedici forma əsasında quran müəllif deyir: "İki Mirzə Şəfi var. Birisi bildiyimiz məşhur Mirzə Şəfi, ikincisi mənim məşhur etmək istədiyim - Mirzə Şəfidir". Bununla da o, ilk sətirlərdən canlandıracağı surətə, hadisə və mətləbə qarşı oxucuda dərin maraq oyadır. Sonra tədricən süjeti inkişaf etdirib Mirzə Şəfinin həm zahiri portretini çəkməyə, həm də daxili aləmini açmağa fikir verir, görkəmli tənqidçi-alim Cəfər Xəndanın dediyi kimi, "heç bir pedaqoji təhsilə malik olmayan, müəllimliyi qazanc mənbəyinə çevirən mirzələrin tipik surəti bu kiçik hekayədə çox real və canlı yaradılmışdır".

Bu xüsusiyyət başqa nümunələr üçün, o cümlədən "Həkim Cinayətov" (1930) hekayəsi üçün də səciyyəvidir. Müəllif öz əsərinə satirik məna və məzmun daşıyan ad seçmişdir. Ona görə ki, burada canlandırılmış "qəhrəman" vəzifəsinə etinasız yanaşan, insan sağlamlığının qayğısına qalmayan bir həkimdir. Şəfa vermək üçün yox, cinayət törətmək üçün yaranan bu cür həkimlər hekayədə satira obyekti kimi alınaraq inandırıcı şəkildə ifşa olunmuşlar. Mir Cəlalın tənqid oxu müxtəlif sahələrdə özünü göstərən nöqsanlara, mənfilik və fənalığa qarşı çevrilmişdir. "Kağızlar aləmi", "Anket Anketov" bürokratizm, bürokratik iş üsulu və düşüncə tərzi əleyhinə yazılmış hekayələrdir.

Notarius kontorunda adamları səbəbsiz incidən, mənasız mübahisə və hay-küy qaldıran çinovnikləri müəllif "qarğalar" adlandırıb, onların boşboğaz, rüşvətxor təbiətini açır. İnqilabdan əvvəlki iş üsulunu, hərəkət və davranış tərzini davam etdirmək istəyən Mehralıbəy Sazandarov, Bədiulcəmal xanım, Fikri Necat kimilərini ifşa hədəfinə çevirir, notariusu bürokratlardan təmizləmək zərurətini, köhnəlik üzərində yeniliyin qələbəsini əks etdirir. Anket Anketovu isə öz hərəkətləri, danışığı, mühakiməsi, işə və adamlara münasibəti prosesində təsvir edir. Anketov əsl həqiqətlə maraqlanmır, real həyatla, canlı insanlarla əlaqə və ünsiyyət saxlamaqdan qaçır. Rəis olduğu trestdə vəziyyəti ancaq iş qovluqlarını "sahmana salmaqla yaxşılaşdırmaq" haqqında düşünür. "Liçni delolara" "əsl kadrlar", fəaliyyət göstərən canlı insanlara isə iş qovluqlarının səyyar kölgələri kimi baxan Anketov bu cür sözlərlə də səciyyələndirilir: "Bir adam gəlib Anketova desə ki, yoldaş rəis, filan işçimiz xəstələnib, xəstəxanada yatır, Anketov inanmazdı. Dərhal iş qovluqlarını tökər, həmin adamın "şəxsi işi"ni götürüb baxardı. Anketov xüsusi bir qeyd görmədikdə deyərdi: "Bağışlayasan, filankəs sağ-salamat yerində işləyir. İnsan taleyi ilə maraqlanmayan, tərəqqi yolunda əngəl olan, sənətə formal münasibət bəsləyən Anketov hekayədə cahil, paxıl və rəzil bir şəxsin obrazı, canlı bürokrat tipi kimi ümumiləşdirilir.

Ədib mənfilik və eybəcərliyə qarşı mübarizədə camaata qan udduran, öz keçmişini gizlədən Hacı qəhrəmanları ("Hacının xəyalı"), kiçik hisslərlə yaşayaraq şəxsi mənafeyi hər şeydən üstün tutan, işgüzar, təmiz adamları ləkələyib gözdən salmağa cəhd göstərən Möhlətovları ("Möhlətovun tərcümeyi-halı"), özgələrinin ailə səadəti və həyatını zəhərləmək istəyən Səadət xanımları ("İstifadə"), ictimai mənsubiyyətini dəyişərək kolxoza soxulan, vəzifə ələ keçirib ziyan vurmağa fürsət axtaran Yəhya Kamalları ("Göz"), başqalarını aldatmaqla varlanan, tez-tez evlənib arvad boşayan Babaxanları ("Kərpic məsələsi") və digər mənfi surətləri də realist qələmlə ifşa edir, konkret şərait və vəziyyət daxilində oxucuya tanıdır.

Mir Cəlal insan adını ləkələyən, insan ləyaqətini alçaldan, cəmiyyətin əxlaq normalarına, yaşayış və davranış prinsiplərinə zidd olan hallara qarşı mübarizəni heç vaxt dayandırmırdı. Məişət planında yazdığı ictimai məzmunlu hekayələrindən birini "Təzə toyun nəzakət qaydaları" (1934) adlandıranda və toy şənliyini gəlir mənbəyinə çevirənləri rüsvay edəndə yenə həmin tələbi əsas götürürdü. Əsərdə obrazlı satirik, yumoristik ifadə və təsvirlər ara-sıra işlədilmir, ideyanın inkişaf və aydınlaşmasına kömək edən mühüm vasitəyə çevrilir. Hər konkret vəziyyət, əhvali-ruhiyyə, xarakter detal mənalandırıldığından, müəyyən məqsəd izlədiyindən oxucu yalnız gülmür, həmçinin ciddi və dərindən düşünməli olur. Bu da hekayənin ictimai-tərbiyəvi əhəmiyyətini, ideya-bədii dəyərini artırır.

Mir Cəlalın bədii istedadı və fərdi üslubu özünəməxsus bir zənginliyə malikdir. Buna görə, təbiidir ki, müəllifin yumoristik və satirik əsərlərində lirika özünü göstərdiyi kimi, lirik əsərlərində də çox vaxt mənalı gülüş təzahür edir və əhəmiyyətli mövqe tutur. Sadə süjetə, dolğun məzmuna malik olan "Həkim hekayələri" (1938-1939) və bəzi başqa nümunələr bu cəhətdən daha səciyyəvidir. "Qonaqpərəst", "Vicdan əzabı", "Dost görüşü", "Müalicə" adlı bu dörd müstəqil hekayədə Mir Cəlal məsələlərə həssas yazıçı qəlbi və humanizmlə yanaşır, yalnız mənəvi cəhətdən deyil, fiziki cəhətdən də sağlam, gümrah adamlar yetişdirməyi mühüm vəzifə kimi qarşıya qoyur. Professor M.Cəfər doğru müəyyənləşdirir ki, "burada azad, xoşbəxt ömür sürən insanların, onların qayğısına qalan əsl yazıçının qəlb çırpıntısı çox aydın hiss edilməkdədir".

Mir Cəlalı bir ədib kimi düşündürən məsələlərdən biri də ictimai həyatda baş verən dəyişikliklərlə əlaqədar vətəndaşlarda yaranan fəallıq və yenilik duyğusunu əks etdirmək idi. Müəllif hekayələrində əsas mətləbin məna və əhəmiyyətini nəzərə çatdırarkən süjet üzrə təsvir etdiyi hadisələrin mərkəzində çox vaxt canlı, koloritli, fərdi keyfiyyətli bədii surətlər, xarakterlər qoymağa çalışır. Bu da yazıçının mövzu üzrə surətlər aləminin zənginliyini, onun həyata yaxşı bələd olduğunu, həyatla qırılmaz əlaqə saxladığını göstərən amillərdəndir. "Badamın ləzzəti" (1937) hekayəsində insan psixologiyası, hərəkət, duyğu və düşüncələri real müşahidələr əsasında öyrənilib qələmə alındığı üçün maraqlı surət yaradılmışdır. Burada sadə evdar qadın, ömründə iclas üzü görməyən Badam xala ictimai mühitin, yeni əlaqə və münasibətlərin təsiri ilə dəyişir. Əvvəllər adının "dəftər-kitaba" düşməsindən çəkinən qadın indi seçki qaydalarına xüsusi maraq göstərir, iclaslarda fəal iştirak edir, lazımi məqamda ürək sözünü deməkdən çəkinmir, oğluna sual verib bilmədiklərini həvəslə soruşur. Onun sözləri oxucuda xoş təbəssüm, ilıq və mülayim yumor yaradır.

Ali Sovetə keçirilən seçkilərin mütəşəkkil olması, bu böyük tədbirdə vətəndaşların yaxından və şüurlu iştirakı yazıçının da üzərinə mühüm vəzifələr qoyurdu. Bu ədəbi-tarixi vəzifənin əhəmiyyətini, ictimai mənasını düzgün başa düşdüyü üçündür ki, Mir Cəlal məhz bir neçə hekayəsini seçki məsələsinə həsr etmişdir. "Badamın ləzzəti"ndə olduğu kimi, "Nanənin hünəri" (1973), "Hikmətdən xəbər" (1937) hekayələrində mündəricə, təbliğ ruhu güclüdür. Lakin bu, quru təbliğat deyil, bədii təcəssüm idi.

Böyük Vətən müharibəsi dövründə "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı Azərbaycan ədəbiyyatında istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu. Müxtəlif ədəbi janrlarda ümumi cəhət, hər şeydən əvvəl, vətənpərvərlik hisslərinin coşqunluğu, zənginliyi idi. Azərbaycan nəsrində Ə.Əbülhəsən, M.Hüseyn, Mir Cəlal, S.Rəhimov, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, S.Rəhman, Y.Əzimzadə kimi nümayəndələrin yaradıcılığında bu cəhət özünü qabarıq göstərirdi. Qələmini kəskin ideya-bədii silaha çevirən Mir Cəlal müharibə illərində məhsuldar işləmiş, ədəbiyyatı yenilik duyğusu, qələbə pafosu, nikbinlik və vətənpərvərlik hissi ilə zənginləşdirməyə, ideya-estetik cəhətdən inkişaf etdirib dolğunlaşdırmağa çalışmışdır. Bu illərdə qələmə alınan "Yollar", "Anaların üsyanı", "Boz adam", "Axşam səfəri", "Atlı", "Snayper" və digər hekayələri yüksək ictimai pafos və qüvvətli bədii ümumiləşdirməsinə görə dərin təsir gücünə malikdir. 1941-ci ildə Mir Cəlal vətənin təhlükə siqnalına səs verən, ölkəni müdafiəyə qalxan hər bir vətənpərvər adamın əhvali-ruhiyyəsini, nəcib duyğu və təşəbbüslərini məharətlə ümumiləşdirən "Analar yollara çıxdılar" hekayəsini yazdı. Yazıçı "Yollar" (1941) hekayəsində ana torpağı düşmən tapdağından qorumağa gedən vətən övladlarından, bu övladların qabaqcıl bir nümayəndəsi kimi Ədhəmdən söz açıb onun öz borcunu ödəmək əzmini, yaşadığı hisslərin böyüklüyünü qələmə aldı, konkret bir fərdin vətənpərvərlik duyğularını hərəkət və sözləri ilə birləşdirib vəhdət halına saldı. "Ədhəm dayanmadan cəbhəyə, azğın düşmənin cinayətlərinə son qoymağa gedirdi. Bu yolun yolçusu hamı üçün - böyük üçün, kiçik üçün, qadın, kişi, qonum-qonşu, şəhərli, kəndli üçün, kolxozçu, fəhlə, əkinçi, ziyalı üçün əziz və yaxşıdır". Belə bir ruh yüksəkliyi, düşmənə nifrət və qəzəb hissi kiçik həcmli "Anaların üsyanı" (1941) hekayəsində daha da dərinləşir. Sinəsinə övlad dağı çəkilmiş Mariyanın daxili həyəcanları, ürək çırpıntıları, qisas duyğuları mənalı boyalarla ifadə olunmuşdur. Hadisənin konkret təsvirindən geniş bədii ümumiləşdirməyə keçirilmişdir. Sanki Mariyanın ürəkdən qopub gələn intiqam sözünün qüdrəti yeri və göyü hərəkətə gətirmiş, onun həzin, haqlı ana fəryadı və müqəddəs çağırışı ildırım sürəti ilə bütün ərzə yayılmış, "köksü saf, təmiz hisslər yatağı olan bütün qadınları ayağa qaldırmışdı". Dünyada birinci və axırıncı dəfə olaraq anaların müqəddəs üsyanı başlanırdı. Kəndli qadın əlində kürək, toxa gəlirdi. Fəhlə qadın yumruğunu düyünləyərək bayraq kimi qaldırırdı. Müəllim kitabını silaha dəyişir, yazanlar qələmlərini süngüyə çevirirdi. Əliyalınlar yerdən daş götürür, ağac alır, düşmənə, insanlığın düşməninə, faşist cəlladlarına qarşı yürüyürdü.

Ə.Əbülhəsən, S.Rəhimov, M.Hüseyn, Mir Cəlal kimi sənətkarlar qəhrəmanlıqlar göstərən hər bir döyüşçünün necə mürəkkəb və çətin şəraitdə fəaliyyət göstərdiyini, onun hünərini və igidliyini dərindən mənalandırmaq üçün müharibə dövrünün sərt cəbhə həyatının real mənzərələrini canlandırmağa çalışmışdır. Konkret müşahidə məhsulu olmasa da, Mir Cəlalın "Qan qardaşı" (1941) hekayəsi ona görə diqqətəlayiqdir ki, qəhrəmanın mübarizə şəraitini, cəbhə həyatının mürəkkəbliyini bir neçə səciyyəli cizgi ilə düzgün, obrazlı əks etdirir. "Toplar nərildəyir, pulemyotlar tələsir, təkər səsləri dəmirçi bazarını xatırladır. Göy, yer bir-birinə qarışmışdır. Üfüqləri kəsif və bulanıq bir hava örtmüşdür. Güman edirsən ki, sənin sağında, solunda, arxanda, qarşında, başın üstündə və ayağının altında, hətta qəlbində, beynində alovlanan çarpışmaları, bütün bu gurultunu və dəhşətləri müəyyən bir pərdə örtmüşdür". Burada təsiri artıran bir mühüm cəhət də düşmənə qarşı igidliklə vuruşarkən ağır yaralanan əsgərin silahına diqqətinin ustalıqla yönəldilməsi, qundağı qan ləkəli bu silahın sədaqətin timsalı, mübarizəyə və intiqama çağırış rəmzi kimi mənalandırmasıdır.

Mir Cəlal "Boz adam" (1941), "Axşamsəhəri" (1942), "Atlı" (1942), "Snayper" (1942) hekayələrinin mövzusunu bilavasitə cəbhə həyatından, müharibə səhnələrindən götürmüş, döyüşçü surəti yaratmağa çalışmışdır.

Görkəmli yazıçı bu illərdə bir sıra satirik hekayələr də yazmışdır. Onun "Qupçik" (1942) əsərində gəzməyə çıxmış alman səyyahın başına gələn "qəribə" əhvalat vasitəsilə "yüksək" cəmiyyətin mənəvi eybəcərliyi, yaltaqlıq, qorxaqlıq kimi çirkin sifətləri aşkara çıxarılıb kəskin ifşa edilmişdi. "Ər və arvad"da (1943) orijinal bədii formada hitlerçi əsgərlərin qarətçi təbiəti göstərilmişdi. İctimai məzmun və bədii ümumiləşdirmə "Çəkmə" (1942) hekayəsində daha qüvvətlidir. Göründüyü kimi, Mir Cəlal canlı ifşa obyektlərini nəinki düzgün seçmiş, həm də sərrast atəşlə düz hədəfə vurmuşdur.

Mir Cəlalın müharibədən sonra yazdığı bir sıra hekayələri, "Od içindən çıxanlar" (1945) başlığı altında toplanmışdır. Həmin hekayələrdə, demək olar ki, gözləri ilə dəhşətlər görüb alovlar içindən qalib çıxmış insanlar haqqında söhbət gedir, onların fədakarlığı, yaratmaq eşqi, yenilik hissi, nəcib arzu və məqsədləri ümumiləşdirilir.

Mir Cəlal mahir bir hekayə ustasıdır. Onun hekayələrinin əksəriyyəti yığcam və ibrətlidir. Yazıçı hər bir hekayəsində müəyyən ibrətli bir hadisədən bəhs edir və tərbiyəvi nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır.

Müəllifin zəngin bədii yaradıcılığında mühüm yer tutan hekayələrində biz ədibin bir hekayəçi kimi orijinal simasını, mövqeyini, xidmətini, istedad və sənətkarlığının mahiyyətini, ümumiyyətlə, yaradıcılığının bir çox ideya-bədii xüsusiyyətlərini aydın şəkildə görürük.

Yazıçı bir sıra hekayələrinin mövzusunu bilavasitə beynəlxalq hadisələrdən və siyasi məsələlərdən almışdır. "Çin qızı", "Sülh istəyənlər", "Ərəb qızı", "Badam ağacları", "Ərəb qardaş" və başqa hekayələrində imperialist təcavüzkarlığını göstərmək, xalqları zülmə, əsarətə, haqsızlığa qarşı, azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə çağırmaq ideyası əsasdır.

Gənc nəsli sağlam ruhda, qabaqcıl ənənələr əsasında tərbiyə etmək görkəmli söz ustadını daima düşündürmüşdür. Yeni insan yetişdirməkdə zəruri olan bir çox tədbirlər, mənəvi-əxlaqi amillər, valideyn-övlad, müəllim-şagird-tələbə münasibətləri Mir Cəlal hekayələrində öz ifadəsini tapmışdır. "Ulduz", "Plovdan sonra", "Elçilər qayıtdı", "Vicdan mühakiməsi", "Ehtiram", "Naxış", "Nazik mətləb" və başqa hekayələr bu cəhətdən maraqlıdır.

Müəllifin zəngin bədii yaradıcılığında mühüm yer tutan hekayəçilik fəaliyyəti çox genişdir. Ədibin sənətkarlıqla ərsəyə gətirdiyi əsərləri oxuculara sevdirən ən başlıca xüsusiyyət mövzu çevrəsinin dərin poetik siqləti, xalq ruhuna yaxınlığı və xəlqiliyidir. Onun irəli sürdüyü ideallar xalqın amallarını əks etdirmişdir. Elə bu cəhət bir yazıçı kimi Mir Cəlala əbədilik qazandırmışdır.

 

 

İfrat ƏLİYEVA,

filologiya elmləri

doktoru, professor

 

Azərbaycan.- 2010.- 25 aprel.- S.  6.