Bakıda inşa edilən gəmiqayırma
zavodu ölkəmizin iqtisadi və müdafiə
potensialının daha da güclənməsinə
mühüm töhfələr verəcək
Dünya üzrə dinamik inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda iqtisadi sahədə sürətli tərəqqiyə yol açan əsas amillərdən biri diversifikasiya siyasəti, iqtisadiyyatın şaxələndirilməsidir. Bu gün ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malik olsa da, iqtisadi inkişaf təkcə enerji üzərində köklənməyib, ən müxtəlif sahələri əhatə edir.
Böyük uzaqgörənliklə həyata keçirilən bu siyasətin məntiqi nəticəsidir ki, indi enerji sahəsi ilə yanaşı, Azərbaycanda kənd təsərrüfatı, tikinti və digər qeyri-neft sektlorları da böyük sürətlə inkişaf etməkdədir.
MDB məkanında isə ölkəmiz sənaye artımının həcminə görə liderdir. Bu sahənin ölkə iqtisadiyyatında xüsusi çəkisi də əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Bu istiqamətdə görülən işlər qısa zamanda nəinki Azərbaycanın sənaye qüdrətini daha da artıracaq, eyni zamanda ölkəmizin yerləşdiyi məkanda bir sıra mühüm innovasiyalara imza atması ilə xarakterizə ediləcək. Buna misal olaraq Xəzər dənizində nəhəng və kifayət qədər strateji xarakter daşıyan gəmiqayırma zavodunun inşasını göstərmək olar. Həmin zavodun inşası Azərbaycanın dənizdə mövqeyinin daha da güclənməsinə, burada əsas iqtisadi güc mərkəzi kimi çıxış etməsinə təkan verəcək amillərdən biri olacaq. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Bu yaxınlarda Bakıda yeni, müasir gəmiqayırma zavodunun təməl daşı qoyulmuşdur. Bu zavoda çox böyük ehtiyac vardır. Çünki biz donanmamızı müasirləşdirməliyik. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də Dövlət Neft Şirkətinin donanmalarını müasirləşdirməliyik. Eyni zamanda tikiləcək yeni müasir gəmiqayırma zavodu bizə imkan verəcək ki, istənilən növ gəmiləri - katerləri, hərbi döyüş gəmilərini istehsal edək. Bu, eyni zamanda Azərbaycanın döyüş potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir".
Zavod istifadəyə veriləndən sonra Azərbaycan gəmiçilik sahəsində idxaldan olan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını öz gücü hesabına müasirləşdirmək imkanı qazanacaq. Məlumat üçün bildirək ki, Azərbaycanda kifayət qədər böyük donanma mövcuddur. Dövlət Neft Şirkətinin və Xəzər Dəniz Gəmiçiliyinin tabeliydə olan gəmilərin ümumi sayı 350-ni keçir. Hələlik onlar bir çox hallarda müxtəlif xarici ölkələrdə təmir edilir və buna heç də az vəsait ayrılmır. Digər tərəfdən müxtəlif illərdə Azərbaycan Xəzər donanmasının gücləndirilməsi məqsədilə xaricdən, o cümlədən Rusiyadan xeyli sayda tanker, yük gəmisi və bərələr alıb. Lakin sözügedən zavod istifadəyə veriləndən sonra Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaq, onların təmiri burada həyata keçiriləcək. Eyni zamanda ixrac potensialımızın gücləndirilməsi üçün də zavod böyük əhəmiyyət daşıyacaq. Bütün bunlar bir daha gəmiqayırma zavodunun inşasının Azərbaycanın iqtisadi inkişafının daha da sürətlənməsində nə dərəcədə mühüm rol oynayacağını əyani nümayiş etdirir.
Xatırladaq ki, ötən ilin noyabrında İqtisadi İnkişaf Nazirliyində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti arasında gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65 faiz, AİŞ 25 faiz, "Keppel Offshore & Marine" şirkəti isə 10 faiz iştirak payına sahibdirlər. Cari il martın 19-da isə Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşası nəzərdə tutulan və müasir standartlara cavab verən zavodun təməlqoyma mərasimi keçirilib.
İlkin hesablamalara görə layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edir. Zavodun tikintisini təqribən 2 ilə başa çatdırmaq nəzərdə tutulub. Zavod işə düşəndən sonra ilkin mərhələdə burada 1000, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq. Zavodun ümumi torpaq sahəsi 520 min, dəniz sahəsi 360 min, ümumi qapalı istehsal sahəsi 75 min kvadratmetr, körpülərin ümumi uzunluğu 1630 metr olacaq. Gələcəkdə uzunluğu 300, eni 100 metr olan quru dokun tikintisi də planlaşdırılır. Bu məqsədlə müvafiq sahə də ayrılıb. Zavodda yükgötürmə qabiliyyəti 300 ton olan əsas kran quraşdırılacaq.
Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (yaxud 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 "Caspian Max" tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Gələcəkdə peşəkar işçi qüvvəsinin sayını çoxaltmaqla zavodun istehsal gücünü artırmaq da mümkündür.
Azərbaycanın müasir standartlara cavab verən yük gəmiləri, tankerlər istehsal etməsi bir çox məqamlar baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Əvvəla bu, ölkəmizdə yeni istehsal sahəsinin və iş yerlərinin açılmasına xidmət edir. İkincisi, zavod işə düşəndən sonra xaricdən yük gəmiləri, tankerlər almağa ehtiyac duymayacaq və onlara olan tələbat yerli istehsal hesabına ödənəcək. Bu isə milyonlarla dollar vəsaitin ölkədə qalması deməkdir. Digər tərəfdən Xəzərdə yükdaşımaların artan xətt üzrə inkişaf etməsi gəmiqayırma zavoduna olan tələbatı daha da artırır. Azərbaycan həmin tələbatı ödəmək üçün indidən qabaqlayıcı addımlar atır. Hazırda dünyada ən böyük neft donanmasına malik şirkətlərdən sayılan və 250-dən çox gəmiyə malik ARDNŞ-ə yaxın 20 ildə əlavə 110 gəmi lazım olacaq. Yeni zavodun inşası sayəsində həmin gəmilər Azərbaycanın özündə istehsal ediləcək. Zavodun rentabellyini təmin edəcək digər bir amil burada xarici sifarişlərin də qəbul olunacağıdır. Zavodda xarici sifariş əsasında hansı gəmilərin tikilməsi isə müştərilərin istəyindən asılı olacaq.
Zavodun inşasından sonra Xəzərdə yükdaşımaların böyük hissəsinə Azərbaycanın nəzarət edəcəyi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, yaxın perspektivdə Xəzərin şərq sahilindən böyük həcmdə neft və neft məhsullarının daşınması gözlənilir. Həmin məhsulların daşınmasında aparıcı rol Azərbaycan tankerlərinə məxsus olacaq. Bu, "Transxəzər" layihəsinin icrasında Azərbaycanın əhəmiyyətinin qat-qat artması deməkdir. Bütün bunlar gəmiqayırma zavodunun nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu bir daha sübut edir.
Lakin gəmiqayırma zavodunun ölkəmiz üçün əhəmiyyəti bununla da məhdudlaşmır. Azərbaycan bu zavod hesabına Xəzərdə olan hərbi donanmasını da gəmilərlə təchiz etmək imkanı qazanacaq. Artıq məlumdur ki, gəmiqayırma zavodunda mülki təyinatlı gəmilərin istehsalı ilə yanaşı, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin sifarişləri əsasında müxtəlif tonnajlı hərbi gəmilərin təmiri həyata keçiriləcək. Bu məqsədlə gəmi tikintisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən avadanlıqlardan istifadə də planlaşdırılır. Beləliklə, sözügedən zavodda hərbi təyinatlı gəmilərin inşa edilməsi faktiki olaraq Azərbaycanın müdafiə sənayesinin daha da güclənməsi deməkdir.
Bütün bunlar təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş gəmiqayırma zavodunun ölkəmiz üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etdiyini bir daha bariz şəkildə göstərir. Ən əsası isə həmin zavodun istifadəyə verilməsi ilə Azərbaycan Xəzərdə iqtisadi və hərbi mövqelərini məhz öz potensialı hesabına daha da gücləndirəcək ki, bu da ölkənin ümumi təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 25
aprel.- S. 2.