Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi böyük ümidlər doğurur

 

Bakıda dünya dini liderlərinin sammiti keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılış mərasimində iştirak etmişdir

Aprelin 26-da "Gülüstan" sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak etmişlər.

Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edir. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar.

Sammitin iştirakçıları əvvəlcə rəsmi foto çəkdirdilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ sammiti açaraq dedi:

- Allahın adı ilə!

Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Zati-müqəddəsləri, patriarx həzrətləri!

Möhtərəm din xadimləri!

Əziz sammit iştirakçıları!

Çox hörmətli Mehriban xanım!

Uca Yaradanımızın adı ilə dünya dini liderlərinin Bakı sammitini açıq elan edib, zati-müqəddəsləri patriarxları, müfti həzrətlərini, dini-mənəvi rəhbərləri, dəyərli qonaqları bu tarixi tədbirdə səmimi-qəlbdən salamlayıram. Qoy Uca Yaradan bugünkü qardaşlıq məclisimizə uğur bəxş etsin.

Dinlərarası dialoqa dair mühüm əhəmiyyətli tədbirin Bakıda baş tutması şübhəsiz ki, Azərbaycanın müstəqillik tarixində olduqca dəyərli və unudulmaz bir hadisədir. Belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycan xalqına və dövlətimizin başçısına beynəlxalq aləmdə hörmət və etimadın ifadəsidir. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ideyasına vaxtilə ilk xeyir-dua verən məhz ulu öndərimiz Heydər Əliyev həzrətləri olmuşdur.

Məclisimizə təşrif gətirmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı da salamlayırıq.

Bu əhəmiyyətli gündə sammitin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev həzrətlərini dinləmək istərdi.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli şeyx həzrətləri!

Hörmətli zati-müqəddəsləri!

Hörmətli din xadimləri!

Xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Dünya dini liderlərinin Bakı sammiti çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir. Biz keçən ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün böyük tədbir keçirmişdik. Azərbaycanın böyük dostu, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı Kirill bu gün olduğu kimi, o tədbirdə də iştirak etmişdir. Bu, çox böyük və gözəl göstəricidir. Bu gün bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsi, dünən, bu gün və sabah birlikdə keçirilən və keçiriləcək müzakirələrdə iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir.

Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə davam edəcəkdir.

Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. İslam bizim müqəddəs dinimizdir. Biz öz dini və milli ənənələrimizə çox sadiqik. Çalışırıq ki, gənc nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni zamanda, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli ölkədir.

Keçən il Bakı islam mədəniyyətinin paytaxtı seçilmişdi və bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. Mən keçən dəfə də söyləmişdim, bu gün də söyləmək istəyirəm və ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir.

Qeyd etdiyim kimi, əsrlər boyu Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar, ölkəmizin inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu proses uğurla davam edir. Azərbaycanda bütün azadlıqlar mövcud olduğu kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycanda gündəlik fəaliyyət göstərən mindən çox məscid mövcuddur. On bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Bu, bizi gücləndirir.

Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür. Baxmayaraq ki, Azərbaycanda bu istiqamətdə də böyük uğurlar əldə edilmişdir. Bizim gücümüz birliyimizdədir, Azərbaycanda hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır. Bu amillər ölkəmizi gücləndirir. Bu amillər ölkəmizi gələcəkdə də hərtərəfli inkişaf etdirmək üçün bizə kömək göstərəcəkdir.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Biz milli dəyərlərimizə çox sadiqik. Ümumbəşəri dəyərləri bölüşürük. Eyni zamanda, əlbəttə ki, ölkədə gedən ümumi meyillər ölkənin müasirləşməsinə, modernləşməsinə xidmət göstərəcəkdir.

Bu gün Azərbaycanda işləmək və yaşamaq üçün bütün şərait mövcuddur: sabit ictimai-siyasi vəziyyət, artan iqtisadi imkanlar, bütün azadlıqların mövcudluğu, vətəndaş cəmiyyətinin formalaşması. Son 6 il ərzində ölkəmiz iqtisadi inkişaf baxımından dünyada birinciliyi saxlayır. İqtisadiyyatımız son altı ildə 2,8 dəfə, təxminən 300 faiz artmışdır. Ölkədə köklü sosial problemlər öz həllini tapmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı altı il ərzində 49 faizdən 11 faizə düşmüşdür. Bu onu göstərir ki, ölkəyə gələn maddi resurslar ədalətli şəkildə bölünür. Sosial ədalət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, ədalət, sosial ədalət hər bir dində yüksək yerə malik olan bir anlayışdır. Ədalət olmadan insanlar razı ola bilməzlər. Ən böyük faciələrdən biri də məhz ədalətsizlikdir. Ədalətsizliyin aradan qaldırılması, ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir. Biz Azərbaycanda istəyirik ki, bölgəmizdə sülh, əməkdaşlıq təmin olunsun, heç bir qarşıdurma, heç bir ədavət olmasın. Azərbaycan dövləti regional əməkdaşlıq baxımından öz töhfəsini verir.

Mən ümid edirəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti nəticəsində, dünən, bu gün və sabah qəbul olunmuş və qəbul olunacaq qərarların icrası nəticəsində həm xalqlararası münasibətlər daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda, bölgəmiz və dünyamız daha da əmniyyətli olacaqdır. Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz. Cəmiyyətdə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən bəyanatlar əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır.

Baxmayaraq ki, bu görüşdə müxtəlif mövzular haqqında fikir mübadiləsi aparılacaq, bu gün bütün dini konfessiyaların nümayəndələrinin bir masa arxasında oturması özlüyündə böyük bir hadisədir. Dünən mənə verilən məlumata görə, Təzəpir məscidində çox gözəl görüş keçirilmişdir. Bütün dinlərin nümayəndələri bir-birinin sözlərinə qulaq asırdılar, fikir mübadiləsi aparırdılar. Əlbəttə ki, bu gün də açıq, səmimi fikir mübadiləsi üçün çox gözəl şərait yaradılacaqdır.

Bununla bərabər, müzakirələrin mövzusunun biri də qloballaşma ilə bağlı olan məsələlərdir. Bu, əlbəttə ki, dünya üçün nisbətən yeni bir mövzudur. Ancaq çox sürətlə yayılan bir prosesdir. Əlbəttə ki, hər bir ölkə, hər bir xalq öz milli, mənəvi dəyərlərinin qorunması üçün öz tədbirlərini görməlidir.

Azərbaycan müasir, müasirləşən, dünya birliyinə sürətlə qovuşan ölkədir. Baxmayaraq ki, bizim dini, milli ənənələrimiz çox güclüdür, Azərbaycan dünyəvi dövlətdir. Təbii ki, qloballaşma prosesləri bizdən də yan keçə bilməz. Sadəcə olaraq, mən hesab edirəm, biz elə etməliyik ki, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmayaq. Biz milli dəyərlərimizə sadiq olmalıyıq. Hər bir ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən üstün olmalıdır. Bu dəyərlər, müxtəlif xalqların dəyərləri bir-biri ilə ziddiyyət təşkil etməməlidir. Ona görə biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, dostluğu nəzərdə tuturuq. Qloballaşma adı altında xalqlara zidd olan, milli mentalitetə xas olmayan dəyərlər aşılanmamalıdır. Hər halda biz buna hazır olmalıyıq ki, milli mənliyimizi qoruyaq.

Azərbaycan xalqı böyük tarixə malik olan bir xalqdır. Ancaq müstəqillik dövrümüz o qədər də uzun deyildir. Baxmayaraq ki, əvvəlki dövrlərdə Azərbaycan müstəqil ölkə kimi yaşamırdı, biz öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik. Elə etməliyik ki, qloballaşmaya qarşı bəzi dairələrdə olan şübhələr ərisin, bu şübhələr aradan götürülsün. Bunu etmək üçün, əlbəttə, bütün dünya birliyi bu məsələ ilə bağlı yəqin ki, öz fikrini bildirməlidir. Bu anlayışa müəyyən düzəlişlər edilməlidir.

Biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və bunu edirik. Eyni zamanda, biz müasirliyə doğru uğurla addımlayırıq. Təhsil sahəsində böyük islahatlar aparılır. Əminəm, bu gözəl fürsət hər bir iştirakçıya imkan verəcək ki, öz fikirlərini səmimi, açıq şəkildə bildirsin. Bu fikir mübadiləsi bizi zənginləşdirəcəkdir. Eyni zamanda, əminəm ki, açıq və səmimi fikir mübadiləsi mövcud olan problemlərin də müəyyən dərəcədə aradan qaldırılması üçün gözəl bir fürsət olacaqdır.

Mən bir daha bütün görüş iştirakçılarını səmimiyyətlə salamlayıram. Bir daha Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm. Sammitin işinə uğurlar arzulamaq istəyirəm. Ümid etmək istəyirəm ki, gələcəkdə də Bakıda, Azərbaycanda belə mötəbər tədbirlər keçiriləcək və Bakı haqlı olaraq dünya dinlərinin dialoqu, inkişafı üçün dünya mərkəzlərindən birinə çevriləcəkdir. Diqqətinizə görə sağ olun.

* * *

Allahşükür Paşazadə bildirdi ki, sammitin ünvanına dünyanın bir çox ictimai təşkilatlarından və dini birliklərdən çoxlu təbrik məktubları daxil olmuşdur.

* * *

Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Prezident Dmitri Medvedevin sammit iştirakçılarına təbrik məktubunu oxudu.

* * *

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Zati-müqəddəsləri, möhtərəm patriarxlar!

Möhtərəm din xadimləri və konfessiya rəhbərləri!

Hörmətli sammit iştirakçıları!

Əziz qonaqlar!

Bu ali məqamda - tarixi zirvə görüşündə bizləri bir araya gətirən və xoş məramlar naminə bəşəri vəhdət yoluna yönəldən Uca Yaradanımıza həmd-sənalar edir, hər birinizə xalqımızın qədim adəti üzrə "Xoş gəlmisiniz!" deyir və dünya dini liderlərinin Bakı sammitinin işində birgə fəaliyyətimizə uğurlar arzulayıram.

Bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur. Biz sizlərə, müxtəlif dinlərin rəhbərlərinə və təmsilçilərinə əldə etdiyimiz böyük nailiyyətləri - tolerantlığımızı, dünyaya açıqlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və qlobal problemlərin həlli yollarında birgə əməkdaşlığımızı nümayiş etdirmək üçün Bakı sammitinə toplaşmışıq. Bu gün burada bir araya gəlməyimiz, şübhəsiz ki, dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq sahəsində yeni mərhələ, irəliyə atılmış böyük addımdır. Ümidvaram ki, bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin - terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına yeni təkan verən bu tədbir tarixi əhəmiyyətli bir hadisəyə çevriləcəkdir.

Bildiyiniz kimi, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının böyük bir tarixi mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmiş və bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsi miras qoymuşdur. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın iqtisadi qüdrətinin, mədəni intibahının və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün böyük işlər görür. Eyni zamanda, tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması - bütün bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəriciləridir.

Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Bu gün mötəbər iştirakı ilə bizi şərəfləndirən əziz qardaşım, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı möhtərəm Kirill həzrətlərini, bütün ermənilərin patriarxı katolikos II Qaregin həzrətlərini, məclisimizə təşrif gətirmiş pravoslav kilsəsinin görkəmli nümayəndələrini aramızda görməkdən böyük məmnunluq duyuruq. Roma Papası, zati-aliləri Benediktin və zati-müqəddəsləri Varfolomeyin şəxsi təmsilçilərinin Bakı sammitində iştirakı bizim son dövrlərdə möhkəmlənən əlaqələrimizin göstəricisidir.

Müsəlman dünyasının tanınmış dini liderlərinin, mənim əziz din qardaşlarımın, İslam Konfransı Təşkilatı nümayəndələrinin, İSESKO-nun baş direktoru hörmətli Əbdüləziz Tüveycri cənablarının, o cümlədən Yaxın və Uzaq Şərqin, Mərkəzi Asiyanın, Qafqazların nüfuzlu din xadimlərinin, başqa dini cərəyan nümayəndələrinin dəvətimizi qəbul edərək Bakı sammitinə təşrif gətirmələri Azərbaycanın dialoq aparmaq mədəniyyətindən, müxtəlif əqidəli insanları bir araya toplamaq istəyindən xəbər verir, ayrı-ayrı millətlər və dinlərin nümayəndələri arasındakı münasibətlərdən yaranan qürur və hörmət hissini artırır.

Möhtərəm sammit iştirakçıları!

Bu gün "qloballaşma" məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər əslində bizdən - dövlət, din və elm xadimlərindən vahid ideya ətrafında birləşməyi tələb edir. Biz, din xadimləri bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunauyğunluqlarının pozulması ilə əlaqələndiririk və hesab edirik ki, cəmiyyətlər Uca Yaradanın mənəvi dəyərlərindən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşır. İndi qarşımızda duran qlobal problemlərin hər biri ilahi mənbəyə müraciətin vacibliyini bir daha təsdiqləyir: bioetika pozuntuları - süni demoqrafik artıma, istehsal sahələrinin azalması - iqtisadi böhrana, enerji resurslarının istismarı - ekoloji fəlakətlərə, mənəvi dəyərlərin ucuzlaşması isə - ailə və cəmiyyətlərin dağılmasına gətirib çıxara bilər. İnsan hüquqlarının pozulması, narkotik maddələrin və digər uyuşdurucu vasitələrin yayılması, kosmosa nəzarət, nüvə terrorizmi, kütləvi qırğın silahlarının bəşəriyyət üzərində tətbiqi hamımızı çox ciddi narahat edir. Biz din xadimləri, fövqəldövlətlərin nüvə tərksilahı istiqamətində atdıqları addımları bəyənirik. Hesab edirik ki, əgər bu fəlakətlərə qarşı mübarizədə dini liderlər öz nüfuzlarından, elm adamları təcrübi biliklərindən, dövlət rəhbərləri ölkələrinin rifahı naminə mütərəqqi əməkdaşlıqdan istifadə etməsələr, sabah tarix və bəşəriyyət qarşısında cavab verəcəklər.

Planetimizin müxtəlif guşələrində - Fələstində, Əfqanıstanda, İraqda və bizim Qafqaz regionunda terror aktlarının baş verməsi, bu halın qlobal xarakter alması da bizi narahat etməyə bilməz. Heç bir din terror, zor və təcavüzə haqq qazandırmır. Dini şüarlardan günahsız dinc əhalinin qətlə yetirilməsi, terror və vandalizm aktları üçün istifadə edənlər Vahid Yaradanımız qarşısında ağır günah işlətmiş olurlar. Unutmaq olmaz ki, Uca Yaradanın göndərdiyi dinlər insan həyatına qəsdi bütün insanlığa qarşı qəsd kimi dəyərləndirir.

Konfessiyalararası dialoqun gücləndirilməsi, xalqlarımızın və cəmiyyətlərimizin tolerantlıq və qarşılıqlı hörmət ruhunda tərbiyə edilməsi din xadimlərinin ümdə vəzifəsi olmalıdır. Bir ali həqiqət heç zaman unudulmamalıdır ki, bizləri bəşər ailəsinin üzvləri kimi birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən, ayıran amillərdən qat-qat möhkəm, dərin və mühümdür.

Dövlətlərin ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd olan ekstremist, radikal və separatçı qüvvələrə qarşı din xadimləri hər zaman vahid mövqedə olmalıdırlar. Biz əminik ki, fiziki və mənəvi təcavüz planlarının qarşısını yalnız dövlətlərin, ictimai və dini birliklərin birgə fəaliyyəti sayəsində almaq olar. Çox təqdirəlayiq haldır ki, bu gün bu istiqamətdə ardıcıl fəaliyyətin önündə zəmanəmizin görkəmli din xadimi, Rus Pravoslav kilsəsinin başçısı, Moskva və Bütün Rusiyanın patriarxı zati-müqəddəsləri Kirill həzrətləri dayanır.

Möhtərəm Kirill həzrətlərinin dini tolerantlıq və qarşılıqlı əməkdaşlıq sahəsindəki xidmətləri danılmaz tarixi həqiqətdir. 2006-cı ildə dünya din xadimlərinin Moskva sammitində qəbul olunmuş yekun qərara əsasən BMT ilə əməkdaşlıq çərçivəsində birgə işlərin görülməsi, fəaliyyətimizin əlaqələndirilməsi gündəmdədir. Hazırda BMT yanında Dini Məşvərət Şurasının yaradılması və ilkin mərhələdə YUNESKO yanında dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyəti məsələləri artıq reallaşmışdır.

Bu gün bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, hökumətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər. Burada əyləşənlərin əksəriyyəti Qafqaz regionunun həllini tapmayan problemlərindən, o cümlədən Azərbaycanın Qarabağ mücadiləsindən xəbərdardır. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və biz Ermənistan dövləti ilə hərbi münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün səy göstəririk. Bu illər ərzində Eçmiədzinlə bizim görüşlərimizin vasitəçisi və təşkilatçısı əsasən Rus Pravoslav Kilsəsi, daha sonra Gürcü Pravoslav Patriarxiyası və Dünya Kilsələr Şurası olmuşdur. Bu görüşlərimiz müəyyən konstruktiv nəticələr versə də, bu gün yenə bu istiqamətdə yeni fəaliyyətlərə, yeni danışıqlara ehtiyac vardır. Biz öz tərəfimizdən buna razıyıq, çünki sülh Allah-taalanın bizə əmanət etdiyi elə bir nemətdir ki, onun yolunda atılan addımın özü də bir savabdır.

Mən bu gün bəzi çətinliklərə baxmayaraq, dəvətimizi qəbul edən zati-müqəddəsləri, erməni patriarxı katolikos II Qareginin sammitimizdə iştirakını sülh yolunda atılan önəmli əməl kimi dəyərləndirirəm və katolikos həzrətlərini bu istiqamətdə daha fəal münasibətə, həm birbaşa, həm də vasitəçilik yolu ilə qarşılıqlı ünsiyyətin bərpasına dəvət edirəm. Hesab edirəm ki, bu gün Qarabağın, eləcə də Qafqazın bütün münaqişə bölgələrinin problemləri ədalətli sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü və qarşılıqlı anlaşma çərçivəsində həll oluna bilər.

Hörmətli qonaqlar, möhtərəm din xadimləri!

Tolerantlıq Azərbaycan xalqının və dövlətinin həqiqi milli mənəvi dəyəridir. Bu sammitin keçirilməsi üçün müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəz seçilməsi də dini və milli demokratiyanın ölkəmizdə bərqərar olmasının göstəricisidir. Biz əminik ki, Bakı sammiti ölkələrimizin və regionumuzun tarixində yeni bir mərhələnin başlanğıcı olacaqdır. O, millətlərarası və dinlərarası münasibətlərin davamlı inkişafına xidmət edəcəkdir.

Bir daha hamınıza təşəkkür edir, məclisimizin işinə uğurlar arzulayıram. Bu ali məclisin ərsəyə gəlməsində xüsusi diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin bizimlə birgə böyük əmək sərf etmiş, mənəvi dəstək olmuş əziz qardaşım, zati-müqəddəsləri patriarx Kirill həzrətlərinə, Bakı sammiti üçün köməyini əsirgəməyən şəxslərə təşəkkürlərimi çatdırır və bütün qonaqlarımıza xeyir-dualar diləyirəm.

* * *

Moskva və Bütün Rusiyanın patriarxı KİRİLL çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Çox hörmətli şeyxülislam Allahşükür Paşazadə!

Hörmətli dini liderlər və sammitin qonaqları!

Bu ali yığıncağın iştirakçılarını salamlamağa şadam. Çıxışımın əvvəlində sammiti hər cəhətdən dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təşəkkürümü bildirmək istəyirəm. MDB Dinlərarası Şuranın, ilk növbədə, qonaqpərvər ev sahibi, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin sammitin təşkilində rolunu diqqətə çatdırmaq istərdim.

Bəşər sivilizasiyasının üzləşdiyi problemlərlə bağlı diskussiyalarımız artıq ənənəvi hal olur. Bu, onun hesabına mümkün olur ki, dindarlar arasında düşmənçilik toxumu səpmək cəhdlərinə baxmayaraq, dini liderlər dialoq aparılması üçün xoş məramlarını qoruyub saxlayırlar.

Budəfəki sammitimizin mövzusu "Qloballaşma, din, ənənəvi dəyərlər"dir. İndiki dövrdə dini icmalar bir sıra çox ciddi təhdidlərlə üzləşirlər. Onların arasında dindarlığı ictimai sahədən uzaqlaşdırmaq, eyni zamanda, dindarların hisslərindən qərəzli, hətta bəzən cinayətkar məqsədlərlə istifadə etmək cəhdləri də vardır.

Müasir dünyada, xüsusilə Avropada insanın Allaha üz tutmasına tərəqqiyə və inkişafa mane olan təzahür kimi baxılır, ümumi rifah naminə onu tezliklə geridə qoymağı üstün tuturlar. Dindarlıqla bərabər, ənənəvi əxlaq normaları, kişi ilə qadın arasında ittifaq sayılan nikah, insan həyatının toxunulmazlığı haqqında təsəvvürlər də inkar edilir.

Din və əxlaq bu halda şəxsi həyatda xoşa gəlməyən, lakin ictimai sahədən uzaqlaşdırılmalı fenomenlər hesab edilir. Bəzən bəhanə kimi müasir cəmiyyətin polietnik və polidini xarakterindən istifadə olunur. Bir sıra Avropa ölkələrində tez-tez belə bir komik vəziyyət yaranır ki, bəzi dairələr, məsələn, işlək dildən Milad sözünü silməyi, küçələrdən isə Milad bayramı bəzəklərini yığışdırmağı tələb edirlər. Onlar bunu "müsəlmanların xatirinə dəyməmək üçün" etdiklərini deyirlər, müsəlmanlar isə bu zaman həmin tədbirlərə qarşı çıxırlar.

Dinsiz gələcək, Allahın adı unudulduğu gələcək layihəsini həyata keçirmək mümkündürmü?

Bu layihəni irəli sürənlərin tarixi unutqanlığına heyrətlənməmək mümkün deyildir. Tanınmış publisistlərdən biri "Dünyanı dinsiz təsəvvür edin" deyir və dünyanın dinsiz daha yaxşı ola biləcəyini düşünür. Burada əyləşənlərin əksəriyyətinə belə dünyanı təsəvvür etmək lazım deyildir, çünki biz belə dünyada doğulub böyümüşük. Böyük dinsizlik eksperimenti bir dəfə qoyulmuşdur, dinin ictimai sahədən qovulduğu bir cəmiyyət qurulmuşdu. Bunun nəyin bahasına başa gəldiyini və nə ilə nəticələndiyini bilirik: XX əsrin totalitar diktaturalarının təcrübəsi bəşəriyyətə çox baha başa gəlmişdir və onu unutmaq çətindir. İspaniyanın yandırılmış kilsələrindən Moskva ətrafındakı Butovsk poliqonunadək, əsir düşərgələrinə çevrilmiş monastırlardan Kampuçiyanın "ölüm çölləri"nədək hər yerdə dinə nifrət və mənəvi reallıqları tamamilə istisna edən yeni dünya qurmaq istəyi həmişə eyni nəticələr vermişdir.

XX əsrin təcrübəsi göstərir ki, dini ictimai sahədən uğurla sıxışdırıb çıxarmaq olar, lakin bütün hüquq və azadlıqlar, rifah və elementar təhlükəsizliklə birlikdə. Qeyri-totalitar dünyada, insanların azca da olsa azadlığı olan dünyada din həmişə olacaq və öz nüfuzunu saxlayacaqdır. Artıq 200 ildir ki, dinin yox olacağını əvvəlcədən xəbər verirlər. Lakin bu, baş vermir, çünki insanlar öz mahiyyəti etibarilə ali həqiqəti, son ümidi və həyatın daimi mənasını axtaran dindar varlıqlardır. Dünyaya və onun problemlərinə istənilən realist münasibət bunu nəzərə almalıdır.

Şahidi olduğumuz qloballaşma prosesini yalnız mənfi, yaxud da yalnız müsbət çalarlarda nəzərdən keçirmək düzgün olmaz. O, həm yeni imkanlar, həm də yeni problemlər, həm şəksiz fayda, həm də təhlükə daşıyır.

Bəşəriyyət yalnız bu yaxınlarda milli və ümumbəşəri mənafelər arasında qarşılıqlı əlaqə olduğunu dərk etməyə başlamışdır. Buna bütün ölkələrə aid olan beynəlxalq terrorizm, dünya iqtisadiyyatının böhranı, yaxud ekoloji böhran kimi ümumi təhdidlər şərait yaratmış və yaratmaqdadır. Beynəlxalq hüququn nüfuzunun artması daha çox konstitusiyaların onun prioritetlərini bərqərar etməsinə gətirib çıxarmışdır. Bu, öz növbəsində, çox vaxt kiçik və ya yoxsul dövlətlərin hüquqi və siyasi sahələrini lider ölkələrdən asılı edir.

İqtisadiyyatın qloballaşmasını nəzərdən keçirərkən dəstəyin və köləliyin ikili effekti üzə çıxır. Bir tərəfdən o, dövlətlər arasında təsərrüfat sahəsində qarşılıqlı fəaliyyəti asanlaşdırır, xalqların bəşəriyyətin qabaqcıl nailiyyətlərindən istifadə etməsi üçün formal şərait yaradır, ehtiyatlardan qənaətlə istifadə olunmasını təmin edir, ticarəti stimullaşdırır. Digər tərəfdən, qloballaşma mənfi nəticələr verir: bu, "qızıl milyard"a daxil olmayan ölkələrin ehtiyatlarının itirilməsi, kiçik biznesin müflisləşməsi, rəqabətin ifrat formalarının qloballaşması, sosial bərabərsizliyin qlobal miqyasda artmasıdır.

Siyasi səviyyədə qarşılıqlı ünsiyyət, iqtisadi sahədə tərəfdaşlıq fəaliyyəti qloballaşmanın bəzi mənfi cəhətlərini əvəz edə bilər. Lakin bu prosesin bütün mənfi nəticələrinin qarşısını yalnız milli özgürlüyün formalaşmasına cavabdeh olan mədəni və dini sahələrdə xalqların azadlığını qoruyub saxlamaq şərti ilə mümkündür. Milli özgürlüyün itirilməsi qloballaşmanın mənfi nəticələrinin planet miqyasında qaçılmaz olması üçün imkan yaratmaq deməkdir.

Bütün dünya mədəniyyətlərinə yalnız bir şəklə salınması, bir ictimai quruluşun standartlarına uyğunlaşmaq tələbləri ilə yanaşmaq düzgün olmazdı. Gördüyümüz kimi, xarici təzyiq və hətta silahlı qüvvə vasitəsilə xalqlara yad sivilizasiya formalarını qəbul etdirmək cəhdləri xaos və insan əzablarının artmasından başqa heç nəyə gətirib çıxarmır. Əsl tərəqqi yalnız sivilizasiya ənənələrinin təbii davamı olduqda mümkündür.

Bibliyaya müraciət etsək görərik ki, insanı Allah xəlq etmiş və ona Özünə xas olan xüsusiyyətlər bəxş etmişdir . Məhz buna görə də iddia etmək olar ki, insan xisləti bir sıra daimi məziyyətlərə malikdir. Dinsiz etika nöqteyi-nəzərindən insan azadlığını yalnız digər insanların azadlığı məhdudlaşdıra bilər. Lakin bu, mənəvi sahədə çaşqınlığa gətirib çıxarır. "Nə qədər insan var, o qədər də rəy vardır" tezisi mütləq mənəvi norma anlayışını aradan qaldırır. Bu mövqe həm siyasətdə, həm də iqtisadiyyatda ağır nəticələrə gətirib çıxara bilər.

Bəşər sivilizasiyasının indiki inkişafı elə şərait yaratmışdır ki, planetdə həyatın özünün mövcudluğu təhlükə altına düşmüşdür. Qlobal böhran insan həyatının bütün sahələrinə sirayət etmişdir: milyonlarla insan acından və xəstəlikdən ölür, cinayətkarlıq artır, antropogen amillər ətraf mühiti insanların gələcək yaşayışı üçün yararsız vəziyyətə sala bilər.

Bəşəriyyət xroniki olaraq bu problemlərdən əziyyət çəkir, çünki onlar, ilk növbədə, etik və mənəvi xarakter daşıyırlar. Xarici aləmdə baş verən fəlakətlər müasir insanın düşüncəsində və dəyərlər sistemindəki böhranı əks etdirir.

Moskva və Bütün Rusiyanın patriarxı Kirill zamanın çağırışlarına və qlobal problemlərə layiqincə cavab vermək üçün din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü vurğuladı, onları daha fəal və konkret mövqe tutmağa çağırdı. O, bu baxımdan dinlərarası dialoqu gücləndirməyin vacibliyini bildirdi.

Kirill YUNESKO ilə də dini qurumların əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini dedi. O, BMT yanında Dini Məşvərət Şurasının yaradılması və YUNESKO yanında dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyətə başlamasının da bu yöndə əsaslı tədbirlərdən olduğunu bildirdi. Moskva və Bütün Rusiyanın patriarxı Kirill ümumi amallar naminə tədbir iştirakçılarına uğurlar arzuladı və Bakı sammitinin dinlərarası dialoqa əsaslı töhfələr verəcəyinə inamını ifadə etdi.

* * *

Türkiyənin Diyanət İşləri başqanı Əli BARDAKOĞLU dünya dini liderlərinin Bakı sammitinin əhəmiyyətindən danışdı. O, bu sammitin təşkilinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi və müasir Azərbaycanın gözəl mənzərəsi ilə bağlı minnətdarlığını çatdırdı.

Əli Bardakoğlu dedi ki, indi dünyanın sülhə ehtiyacı vardır. İndi həm də dinlə bağlı dolğun məlumatların insanlara çatdırılması da vacibdir. Bu baxımdan din adamları insanların qəlbində sevgi və sayğı yaratmalıdırlar. Əli Bardakoğlu dinlərarası dialoqun genişləndirilməsinin zəruriliyindən danışaraq bildirdi ki, dinə münasibət hər bir ölkənin gələcəyidir. Onun sözlərinə görə, din azadlığı, onun doğru təlimi gələcəyin təməl prinsipi olmalıdır. Yalnız bu, birgə yaşayışın vasitəsi ola bilər.

* * *

Ermənilərin baş patriarxı katolikos II QAREGİN sammitin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını dedi.

Dinlərarası dialoqun bəşər mədəniyyətinin xilasına xidmət etdiyini deyən erməni katolikosu azad və dinc həyata doğru getməyin vacib olduğunu diqqətə çatdırdı. II Qaregin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ulu Tanrıya dua etdiklərini dedi və bildirdi ki, bu yolda səylər davam etdiriləcəkdir.

* * *

YUNESKO-nun nümayəndəsi Bendev BADARÇ bildirdi ki, Bakıda keçirilən sammit dünyada bu baxımdan yeni platformaların əsasını qoyacaqdır. Yeni istiqamətlərin yaranmasında isə dünyanın dini liderlərinin böyük rolu vardır.

"Siz sülh yaradan şəxslərsiniz" deyən YUNESKO-nun nümayəndəsi təmsil etdiyi qurumun baş direktoru İrina Bokovanın təbrik məktubunu sammit iştirakçılarının diqqətinə çatdırdı.

* * *

Papa Şurasının dinlərarası dialoq üzrə nümayəndəsi, kardinal Jan Lui TARAN isə sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin başçısına təşəkkür etdi. O, Roma papası XVI Benediktin salamlarını din xadimlərinə çatdırdı və bildirdi ki, papa da dini liderlərin bu təşəbbüsünü dəstəkləyir və sammitin işinə uğurlar arzulayır.

Jan Lui Taran dünyada dini icmalar arasında əlaqələrin sıxlaşdırılmasının vacibliyini diqqətə çatdırdı. O qeyd etdi ki, indi dünyanın sülhə daha çox ehtiyacı vardır. Sülhün əhəmiyyəti gənc nəslə də öyrədilməlidir.

* * *

Ayətullah Məhəmməd Əli TƏSXİRİ həzrətləri islamın dinlərarası dialoqu və bu çərçivədə din xadimləri arasında dialoqu dəstəklədiyini dedi və dini liderlərin münaqişə regionlarında sülhün bərqərar olunmasına çalışmalarının vacib olduğunu diqqətə çatdırdı.

***

Mitropolit NİKİTAS Avropa ilə Asiya, Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində yaşadığını dedi. Bildirdi ki, indi dinlərarası münasibətlərdə dialoqun əhəmiyyətinin daha çox artdığı bir vaxtda bu sahədə çalışan insanların sayının daha çox olmasına ehtiyac vardır.

* * *

İslam Konfransı Təşkilatının nümayəndəsi səfir Sadəddin TASİB dedi ki, dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi tarixi hadisədir və bu, məsul şəxslərin bir araya gəlməsinə və qarşılıqlı dəstəyin əldə olunmasına xidmət edir.

* * *

Çexiya və Slovakiya patriarxı XRİSTOFOR dinə və ənənəvi dəyərlərə qloballaşmanın təsirlərinin müzakirə olunması baxımından Bakı sammitinin əhəmiyyətini vurğulayaraq dedi ki, bu sahədə inkişafa müxtəlif millətlərin və xalqların bir-birilərinə xoş münasibətilə nail olmaq mümkündür.

***

Avropa Ravvinləri Konfransının nümayəndəsi Pinxas QOLDŞMİDT Prezident İlham Əliyevin dəstəyi ilə keçirilən bu sammitin mühüm nəticələrlə yadda qalacağına əmin olduğunu dedi.

* * *

Mitropolit GERASİM Bakı sammitinin önəmli mövzuların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını dedi və bildirdi ki, bu görüş qloballaşan dünyada mövcud olan mənfi təsirlərin aradan qaldırılması baxımından əhəmiyyətli olacaqdır.

* * *

Rusiya bütpərəstləri adından çıxış edən Sanjeylama RİMPOÇET də tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, dini liderlərin dünyada sülhün əldə edilməsi baxımından mühüm səylər göstərməsinin vacib olduğunu diqqətə çatdırdı.

* * *

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman ƏL-TÜVEYCRİ dini dözümlülüyü ilə diqqət çəkən Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsinə görə təşəkkür etdi. O dedi ki, qloballaşma dövründə din və ənənəvi dəyərlər arasında münasibətlər pozulub. Həmin əlaqələrin yenidən bərpa olunmasına dini liderlər böyük töhfə verə bilərlər.

* * *

Fasilədən sonra dünya dini liderlərinin Bakı sammiti işini davam etdirdi.

Günün ikinci yarısında iştirakçılar dünya üçün vacib məsələlərin müzakirə olunduğu dini liderlərin Bakı sammitinin əhəmiyyətindən danışdılar. Bildirildi ki, Azərbaycan bu sammiti keçirməklə dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasına öz töhfəsini verir. Din xadimləri indi dünyada baş verən mühüm çağırışlara etinasız qalmamağın və qloballaşan dünyada baş verən problemlərin həllində yaxından iştirak etməyin vacibliyini də diqqətə çatdırdılar. Onlar ənənəvi dinlər arasında mehriban münasibətlərin bərqərar olmasının dünya birliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdilər. Sammit iştirakçıları Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasına bir daha diqqət çəkdilər. Uzun illərdir bu ölkədə müxtəlif dinlərə məxsus insanların mehriban şəraitdə yaşadıqlarını, öz dini dəyərlərini yüksək səviyyədə qoruduqlarını bildirdilər.

AzərTAc

 

Azərbaycan. - 2010.-  27 aprel. - S. 1, 2.