Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi böyük ümidlər doğurur

 

Bakıda dünya dini liderlərinin sammiti keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılış mərasimində iştirak etmişdir

Aprelin 26-da "Gülüstan" sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak etmişlər.

Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edir. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar.

Sammitin iştirakçıları əvvəlcə rəsmi foto çəkdirdilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ sammiti açaraq dedi:

- Allahın adı ilə!

Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Zati-müqəddəsləri, patriarx həzrətləri!

Möhtərəm din xadimləri!

Əziz sammit iştirakçıları!

Çox hörmətli Mehriban xanım!

Uca Yaradanımızın adı ilə dünya dini liderlərinin Bakı sammitini açıq elan edib, zati-müqəddəsləri patriarxları, müfti həzrətlərini, dini-mənəvi rəhbərləri, dəyərli qonaqları bu tarixi tədbirdə səmimi-qəlbdən salamlayıram. Qoy Uca Yaradan bugünkü qardaşlıq məclisimizə uğur bəxş etsin.

Dinlərarası dialoqa dair mühüm əhəmiyyətli tədbirin Bakıda baş tutması şübhəsiz ki, Azərbaycanın müstəqillik tarixində olduqca dəyərli və unudulmaz bir hadisədir. Belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycan xalqına və dövlətimizin başçısına beynəlxalq aləmdə hörmət və etimadın ifadəsidir. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ideyasına vaxtilə ilk xeyir-dua verən məhz ulu öndərimiz Heydər Əliyev həzrətləri olmuşdur.

Məclisimizə təşrif gətirmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı da salamlayırıq.

Bu əhəmiyyətli gündə sammitin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev həzrətlərini dinləmək istərdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Zati-müqəddəsləri, möhtərəm patriarxlar!

Möhtərəm din xadimləri və konfessiya rəhbərləri!

Hörmətli sammit iştirakçıları!

Əziz qonaqlar!

Bu ali məqamda - tarixi zirvə görüşündə bizləri bir araya gətirən və xoş məramlar naminə bəşəri vəhdət yoluna yönəldən Uca Yaradanımıza həmd-sənalar edir, hər birinizə xalqımızın qədim adəti üzrə "Xoş gəlmisiniz!" deyir və dünya dini liderlərinin Bakı sammitinin işində birgə fəaliyyətimizə uğurlar arzulayıram.

Bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur. Biz sizlərə, müxtəlif dinlərin rəhbərlərinə və təmsilçilərinə əldə etdiyimiz böyük nailiyyətləri - tolerantlığımızı, dünyaya açıqlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və qlobal problemlərin həlli yollarında birgə əməkdaşlığımızı nümayiş etdirmək üçün Bakı sammitinə toplaşmışıq. Bu gün burada bir araya gəlməyimiz, şübhəsiz ki, dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq sahəsində yeni mərhələ, irəliyə atılmış böyük addımdır. Ümidvaram ki, bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin - terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına yeni təkan verən bu tədbir tarixi əhəmiyyətli bir hadisəyə çevriləcəkdir.

Bildiyiniz kimi, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının böyük bir tarixi mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmiş və bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsi miras qoymuşdur. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın iqtisadi qüdrətinin, mədəni intibahının və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün böyük işlər görür. Eyni zamanda, tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması - bütün bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəriciləridir.

Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Bu gün mötəbər iştirakı ilə bizi şərəfləndirən əziz qardaşım, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı möhtərəm Kirill həzrətlərini, bütün ermənilərin patriarxı katolikos II Qaregin həzrətlərini, məclisimizə təşrif gətirmiş pravoslav kilsəsinin görkəmli nümayəndələrini aramızda görməkdən böyük məmnunluq duyuruq. Roma Papası, zati-aliləri Benediktin və zati-müqəddəsləri Varfolomeyin şəxsi təmsilçilərinin Bakı sammitində iştirakı bizim son dövrlərdə möhkəmlənən əlaqələrimizin göstəricisidir.

Müsəlman dünyasının tanınmış dini liderlərinin, mənim əziz din qardaşlarımın, İslam Konfransı Təşkilatı nümayəndələrinin, İSESKO-nun baş direktoru hörmətli Əbdüləziz Tüveycri cənablarının, o cümlədən Yaxın və Uzaq Şərqin, Mərkəzi Asiyanın, Qafqazların nüfuzlu din xadimlərinin, başqa dini cərəyan nümayəndələrinin dəvətimizi qəbul edərək Bakı sammitinə təşrif gətirmələri Azərbaycanın dialoq aparmaq mədəniyyətindən, müxtəlif əqidəli insanları bir araya toplamaq istəyindən xəbər verir, ayrı-ayrı millətlər və dinlərin nümayəndələri arasındakı münasibətlərdən yaranan qürur və hörmət hissini artırır.

Möhtərəm sammit iştirakçıları!

Bu gün "qloballaşma" məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər əslində bizdən - dövlət, din və elm xadimlərindən vahid ideya ətrafında birləşməyi tələb edir. Biz, din xadimləri bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunauyğunluqlarının pozulması ilə əlaqələndiririk və hesab edirik ki, cəmiyyətlər Uca Yaradanın mənəvi dəyərlərindən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşır. İndi qarşımızda duran qlobal problemlərin hər biri ilahi mənbəyə müraciətin vacibliyini bir daha təsdiqləyir: bioetika pozuntuları - süni demoqrafik artıma, istehsal sahələrinin azalması - iqtisadi böhrana, enerji resurslarının istismarı - ekoloji fəlakətlərə, mənəvi dəyərlərin ucuzlaşması isə - ailə və cəmiyyətlərin dağılmasına gətirib çıxara bilər. İnsan hüquqlarının pozulması, narkotik maddələrin və digər uyuşdurucu vasitələrin yayılması, kosmosa nəzarət, nüvə terrorizmi, kütləvi qırğın silahlarının bəşəriyyət üzərində tətbiqi hamımızı çox ciddi narahat edir. Biz din xadimləri, fövqəldövlətlərin nüvə tərksilahı istiqamətində atdıqları addımları bəyənirik. Hesab edirik ki, əgər bu fəlakətlərə qarşı mübarizədə dini liderlər öz nüfuzlarından, elm adamları təcrübi biliklərindən, dövlət rəhbərləri ölkələrinin rifahı naminə mütərəqqi əməkdaşlıqdan istifadə etməsələr, sabah tarix və bəşəriyyət qarşısında cavab verəcəklər.

Planetimizin müxtəlif guşələrində - Fələstində, Əfqanıstanda, İraqda və bizim Qafqaz regionunda terror aktlarının baş verməsi, bu halın qlobal xarakter alması da bizi narahat etməyə bilməz. Heç bir din terror, zor və təcavüzə haqq qazandırmır. Dini şüarlardan günahsız dinc əhalinin qətlə yetirilməsi, terror və vandalizm aktları üçün istifadə edənlər Vahid Yaradanımız qarşısında ağır günah işlətmiş olurlar. Unutmaq olmaz ki, Uca Yaradanın göndərdiyi dinlər insan həyatına qəsdi bütün insanlığa qarşı qəsd kimi dəyərləndirir.

Konfessiyalararası dialoqun gücləndirilməsi, xalqlarımızın və cəmiyyətlərimizin tolerantlıq və qarşılıqlı hörmət ruhunda tərbiyə edilməsi din xadimlərinin ümdə vəzifəsi olmalıdır. Bir ali həqiqət heç zaman unudulmamalıdır ki, bizləri bəşər ailəsinin üzvləri kimi birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən, ayıran amillərdən qat-qat möhkəm, dərin və mühümdür.

Dövlətlərin ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd olan ekstremist, radikal və separatçı qüvvələrə qarşı din xadimləri hər zaman vahid mövqedə olmalıdırlar. Biz əminik ki, fiziki və mənəvi təcavüz planlarının qarşısını yalnız dövlətlərin, ictimai və dini birliklərin birgə fəaliyyəti sayəsində almaq olar. Çox təqdirəlayiq haldır ki, bu gün bu istiqamətdə ardıcıl fəaliyyətin önündə zəmanəmizin görkəmli din xadimi, Rus Pravoslav kilsəsinin başçısı, Moskva və Bütün Rusiyanın patriarxı zati-müqəddəsləri Kirill həzrətləri dayanır.

Möhtərəm Kirill həzrətlərinin dini tolerantlıq və qarşılıqlı əməkdaşlıq sahəsindəki xidmətləri danılmaz tarixi həqiqətdir. 2006-cı ildə dünya din xadimlərinin Moskva sammitində qəbul olunmuş yekun qərara əsasən BMT ilə əməkdaşlıq çərçivəsində birgə işlərin görülməsi, fəaliyyətimizin əlaqələndirilməsi gündəmdədir. Hazırda BMT yanında Dini Məşvərət Şurasının yaradılması və ilkin mərhələdə YUNESKO yanında dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyəti məsələləri artıq reallaşmışdır.

Bu gün bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, hökumətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər. Burada əyləşənlərin əksəriyyəti Qafqaz regionunun həllini tapmayan problemlərindən, o cümlədən Azərbaycanın Qarabağ mücadiləsindən xəbərdardır. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və biz Ermənistan dövləti ilə hərbi münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün səy göstəririk. Bu illər ərzində Eçmiədzinlə bizim görüşlərimizin vasitəçisi və təşkilatçısı əsasən Rus Pravoslav Kilsəsi, daha sonra Gürcü Pravoslav Patriarxiyası və Dünya Kilsələr Şurası olmuşdur. Bu görüşlərimiz müəyyən konstruktiv nəticələr versə də, bu gün yenə bu istiqamətdə yeni fəaliyyətlərə, yeni danışıqlara ehtiyac vardır. Biz öz tərəfimizdən buna razıyıq, çünki sülh Allah-taalanın bizə əmanət etdiyi elə bir nemətdir ki, onun yolunda atılan addımın özü də bir savabdır.

Mən bu gün bəzi çətinliklərə baxmayaraq, dəvətimizi qəbul edən zati-müqəddəsləri, erməni patriarxı katolikos II Qareginin sammitimizdə iştirakını sülh yolunda atılan önəmli əməl kimi dəyərləndirirəm və katolikos həzrətlərini bu istiqamətdə daha fəal münasibətə, həm birbaşa, həm də vasitəçilik yolu ilə qarşılıqlı ünsiyyətin bərpasına dəvət edirəm. Hesab edirəm ki, bu gün Qarabağın, eləcə də Qafqazın bütün münaqişə bölgələrinin problemləri ədalətli sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü və qarşılıqlı anlaşma çərçivəsində həll oluna bilər.

Hörmətli qonaqlar, möhtərəm din xadimləri!

Tolerantlıq Azərbaycan xalqının və dövlətinin həqiqi milli mənəvi dəyəridir. Bu sammitin keçirilməsi üçün müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəz seçilməsi də dini və milli demokratiyanın ölkəmizdə bərqərar olmasının göstəricisidir. Biz əminik ki, Bakı sammiti ölkələrimizin və regionumuzun tarixində yeni bir mərhələnin başlanğıcı olacaqdır. O, millətlərarası və dinlərarası münasibətlərin davamlı inkişafına xidmət edəcəkdir.

Bir daha hamınıza təşəkkür edir, məclisimizin işinə uğurlar arzulayıram. Bu ali məclisin ərsəyə gəlməsində xüsusi diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin bizimlə birgə böyük əmək sərf etmiş, mənəvi dəstək olmuş əziz qardaşım, zati-müqəddəsləri patriarx Kirill həzrətlərinə, Bakı sammiti üçün köməyini əsirgəməyən şəxslərə təşəkkürlərimi çatdırır və bütün qonaqlarımıza xeyir-dualar diləyirəm.

AzərTAc

 

Azərbaycan. - 2010.-  27 aprel. - S.  2.