Baş nazir Artur Rasizadə Pakistanın müdafiə katibi Səyid Əthar Əli ilə görüşmüşdür

 

Aprelin 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir A.Rasizadə Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu, belə qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulamışdır. Ölkələrimizin təmsil olunduqları beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim dəstəklədiklərini deyən Baş nazir, dost qardaş Pakistanın Azərbaycanın əzəli torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar Ermənistanla indiyədək heç bir sahədə əlaqə qurmamasını məmnunluqla diqqətə çatdırmışdır. Pakistanın bu istiqamətdə tutduğu mövqe ölkəmizin haqq işini dəstəkləməsi yüksək qiymətləndirilmişdir. Azərbaycanın Pakistanla müdafiə sahəsində əməkdaşlıqda maraqlı olduğu nəzərə çarpdırılmışdır.

Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkəsinin Azərbaycan ilə müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sənaye sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləmiş, əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir. Qonaq təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qəbuledilməz fakt adlandırmış, Pakistanın daim Azərbaycanın yanında olduğunu bundan sonra da olacağını vurğulamışdır. Bildirmişdir ki, iqtisadi müdafiə sahələrində əməkdaşlığımız hər iki ölkənin daha da güclənməsinə, qüdrətinin artmasına xidmət edəcəkdir.

Səyid Əthar Əli Kəşmir məsələsi ilə bağlı Azərbaycanın Pakistanın mövqeyini dəstəklədiyinə, eləcə bu ölkədə baş verən fəlakət daşqınlar zamanı Azərbaycanın göstərdiyi yardıma görə dərin təşəkkürünü bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  23 aprel.- S.  1.