Azərbaycanın ərazi
bütövlüyü İran üçün əhəmiyyətlidir
Aprelin 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Şurası Məclisinin İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov Azərbaycanla İran arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Qeyd etdi ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsidir. İndiyədək Azərbaycanla İran arasında 90-dək sənəd imzalanıb. Bu sənədlər əməkdaşlığımızın möhkəmlənməsi və daha da inkişafı üçün hüquqi baza yaradıb.
Oqtay Əsədov Azərbaycanla İran arasında əlaqələrin inkişafında parlamentlərin də böyük rol oynadığını dedi. Bu ilin fevralında İrana səfərini xatırladan Milli Məclisin Sədri keçirdiyi görüşlərin, apardığı danışıqların əhəmiyyətini qeyd etdi. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları arasında gözəl münasibətlərin olmasından razılığını ifadə edən Oqtay Əsədov qanunverici orqanların komitələri arasında da əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini bildirdi.
Spiker Oqtay Əsədov daha sonra qeyd etdi ki, bu gün ölkəmizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Çox şadam ki, Azərbaycanın ərazi bütövlüyü İran tərəfindən dəstəklənir. Azərbaycan heç vaxt öz torpaqlarında başqa bir dövlətin yaradılmasına imkan verməyəcək. Ümid edirik ki, İran bu məsələdə Azərbaycana dəstək verəcək. Oqtay Əsədov onu da bildirdi ki, Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək təşəbbüsünü yüksək qiymətləndirir.
Görüş üçün təşəkkürünü bildirən İran İslam Respublikasının İslam Şurası Məclisinin İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Seyid Kazım Musəvi bildirdi ki, İranla Azərbaycan arasında bir çox ortaq dəyərlər var və bu, ikitərəfli münasibətlərin daha inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Qonaq Azərbaycanın ərazi bütövlüyünün İran üçün əhəmiyyətli olduğunu, Dağlıq Qaradağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etdiklərini bildirdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Azərbaycan.- 2010.- 27
aprel.- S. 3.