Göylərin cazibəsi çəkirdi onu

 

...Kursk yaxınlığında ağır döyüşlər gedirdi. Düşmənə havadan zərbələr endirib yenicə qayıtmışdı ki, birdən "Şturman Seyidməmmədova, sizə Bakıdan məktub var" sözlərini eşitdi. Bir göz qırpımında üçkünc zərfi açdı: "Atamdandı, görəsən qardaşımdan nə xəbər var?" - deyə ürəyi quş kimi çırpındı. Salamatlıq idi. Atası yazırdı ki, Şimali Qafqaz cəbhəsində ağır döyüşlər getsə də, qardaşın yazır ki, hamı qələbə əzmi ilə yaşayır və döyüşür, özü də yaxşıdı. "Qardaşın sənin qəhrəmanlıqların haqqında Moskva radiosundan eşidib. Sağ ol, qızım, özündən muğayat ol".

Bir balaca nəfəs dərməyin yeriydi, lap gözün acısını da almaq olardı. Di gəl ki, xəyallar bir andaca Ukraynadan Bakıya qanadlandı. Valideynləri onun təyyarəçi olmaq arzusuna qarşı çıxırdılar: "Qız uşağısan, nə çoxdu gözəl peşələr, həkim ol, mühəndis ol, müəllim ol, təyyarə sürmək qadın işi deyil axı!" Romantik xəyallarla yaşayan 18 yaşlı Züleyxa necə desin ki, ata, ana, məni çəkən göylərin ucalığıdır, təmizliyidir, ucsuz-bucaqsız səmadır. Mən hər şeyin ən yüksəyində, fövqündə dayanmaq istəyirəm, ucalıqda olmaq istəyirəm. Bunu valideynlərinə demək azərbaycanlı qızından cəsarət istəyirdi. Xoşbəxtlikdən ziyalı və dünyagörüşlü valideynləri sonda onun istəyinə mane olmadılar. Qonşu Xədicə xalanı xatırlayanda özünü hələ də gülməkdən saxlaya bilmir.

Dərsdən qayıdanda küçənin tinində rastlaşmışdı onunla:

- Mir Həbibin qızı Züleyxasan?

- Bəli, noolub, Xədicə xala?

- A bala, iş-peşə tapmadın? Anan kimi həkim ol, müəllim ol, əyriplan nədir, qız xeylağısan, yıxılarsan, qolun-qıçın sınar.

Züleyxa bu sözlərə bərkdən gülmüşdü: - Kefin olsun ay Xədicə xala, ordan yıxılanın qolu-qıçı sınmır, birdəfəlik olur.

Həyat beləcə, nağıl kimi şipşirin öz axarında idi. Züleyxa Azərbaycan Sənaye İnstitutunu əla qiymətlərlə bitirsə də, təyyarəçi olmaq həvəsindən əl çəkməmiş, 1936-cı ildə Bakı aeroklubunu da bitirmiş, Zabratda sınaq uçuşları keçirmişdi. 1941-ci ildə N.Y.Jukovski adına Moskva Hərbi Hava Qüvvələri Akademiyasında oxuyarkən qardaşının onun yanına gəldiyini xatırladı. Bir səhər Moskva radiosundan Levitanın səsi gəldi: "Faşist Almaniyası bütün cəbhə boyu hücuma keçib..." Qardaş-bacı bir andaca dondular...

Hələ 1940-cı ilin iyulunda Hitlerin bir cümləlik bəyanatı dünyanı alov dilimi kimi qarsmışdı: "SSRİ gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!" Ardınca da "Barbarossa" adlanan yeni planda dəyişikliklər apardı və 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmri verdi. Alman qoşunları bircə günün içində Finlandiya ərazisinə yeridilmişdi, dəniz və okean sularında gəmilər döyüşə hazır vəziyyətdə idi. O gecə bəşəriyyətin rahat yuxuya getdiyi sonuncu dinc gecə oldu. Obaşdan müharibə hər kəsin qapısının kandarında idi, pasportuna "SSRİ vətəndaşı" yazılmış Azərbaycan xalqının da. Bu kabus qan istəyirdi, göz yaşları, fəlakət istəyirdi, ondan mərhəmət gözləmək əbəs idi. "Edelveys" və "Ost" planları isə Qafqaz üçün, xüsusən də Bakı üçün tərtib edilmişdi. Rozenberqin başçılığı ilə təşkil edilən "A" qrupu ordusu Bakını 1941-ci ilin sentyabrına qədər işğal edərək alman şirkətlərinin sərəncamına verməli idi. Hətta Azərbaycanın iri sənaye müəssisələrinə alman rəhbərlər də təyin olunmuşdu.

Bu savaş tezliklə "Böyük Vətən müharibəsi" adlandırıldı və SSRİ-nin hər bir vətəndaşı vətəninin müdafiəsinə qalxdı. Bu o vaxtlar idi ki, 1937-ci ildən başlayaraq "böyük rəhbər"in əmri ilə Azərbaycan xalqının işıqlı insanları, ziyalıları hər gecə NKVD-nin zindanlarında və Qum adasında başından güllələnərək Xəzərə atılır, ailəsi və uşaqları vətənindən sürgün edilirdi. "SSRİ-yə xəyanət"də günahlandırılan təmiz ürəkli bu xalq qısa vaxt ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edərək ön cəbhəyə yolladı, 600 mindən çox azərbaycanlı oğlan və qız Bakıdan Berlinədək ağır döyüş yolu keçdi, partizan dəstələrinin tərkibində vuruşdu. Ürəyində faşizmə nifrət tonqalı püskürən azərbaycanlılar inandıqları "kommunist" adını uca tutur, onun yolunda ölümə getməyi özlərinə şərəf bilirdilər. Cəbhəyə gedənlərin arasında tankçı, topçu, pulemyotçu, təyyarəçi, sıravi əsgər, həkim, tibb bacıları var idi. Faşizm üzərinə yeriyən tankları, təyyarələri, zirehli texnikanı Bakı nefti hərəkətə gətirirdi. Qadınlar səhərdən-axşamadək arxa cəbhədə ərlərinin, qardaşlarının, oğullarının yerinə də fasiləsiz çalışır, cəbhəyə yanacaq göndərirdilər. Müharibənin birinci ilində Bakı əsasən qadınların və qocaların hesabına cəbhəyə 24 milyon ton neft verdi, dörd il ərzində isə bu rəqəm 74 milyona çatdı. Marşal Jukovun bir deyimi burada yerinə düşür: "Müharibə illərində Bakının nefti olmasaydı, qələbədən söhbət gedə bilməzdi. O vaxt 80 yaşlı bakılı neftçinin oğlu cəbhədə döyüşürdü. Qış vaxtı buruğun başında qocanı don vurub öldürəndə 13 yaşlı nəvəsi səhərədək buruğu çalışdırmışdı". Tarlalarda ağır zəhmətlə əkilib-becərilən arpa-buğda son dənəsinədək cəbhəyə göndərilir, analar uşaqlarını çovdarla, kəpəklə yola verirdilər. Gənc təyyarəçi Züleyxa Seyidməmmədova hər dəfə Vətənindən, sevimli Bakısından ürəkaçan xəbərlər eşidəndə qürurlanır, xalqı ilə fəxr edirdi, səmalara qalxmaq və düşməni məhv etmək üçün özündə yenidən güc tapırdı.

Belə bir vaxtda, 1942-ci ilin sentyabrında Donda, Stalinqradda, Ukraynada, Belarus cəbhəsində müharibə o qədər şiddətlənmişdi ki, müqaviməti qırmaq üçün alman komandanlığı bütün ehtiyat qüvvələrini döyüş xəttinə çıxarmışdı. Həmin vaxt qadınlardan ibarət 586-cı qırıcı-təyyarəçi aviasiya polku Moskva ətrafından Saratova çağırılır. 23 yaşlı Züleyxa Seyidməmmədova burada köməkçisi Mariya Kuznetsova ilə havanı müşahidə uçuşu keçirir və ilk dəfə qanadlarına qorxunc, qara rəngli xaç həkk olunmuş alman təyyarələrini görür. Gənc təyyarəçi hər dəfə onları məhv etmək və Hitlerin Bakıda ziyafət vermək arzusunu gözündə qoymaq üçün səmaya qalxır, qara-qorxunc xaçların üzərinə od yağdırırdı. Havadan hücum alayının digər qadın təyyarəçiləri də qəhrəmanlıqla mübarizə aparır, düşməni məhv edir, azərbaycanlı komandirlərinin əmrini şərəflə yerinə yetirirdilər.

İliyindən sümüyünədək bütün keyfiyyətləri ilə əsl azərbaycanlı qızı Züleyxanın ürəyi-canı Şimali Qafqaz cəbhəsində döyüşən qardaşının və ata-anasının yanında idi. Hər dəfə Bakıdan aldığı məktubu açanda yüz dəfə ölüb-dirilir: "Birdən qardaşıma nəsə olar, atam-anam xəstələnər", - deyə həyəcanlanırdı. Atası yazırdı ki, Mozdokdan xeyli sayda insan müvəqqəti sığınacaq üçün Azərbaycana köçürülüb, Bakı arxa cəbhədə əsl qəhrəmanlıq göstərir.

1943-cü ildə şturman Züleyxa Seyidməmmədovanın komandanlığı altında 586-cı qırıcı alay Voronejə köçürülür. Təyyarəçi qadınlar burada qəhrəmanlıqla döyüşür, gün ərzində bir neçə dəfə havaya qalxaraq düşmən üzərinə zərbələr endirirdilər. Göstərdikləri şücaətlərə görə Züleyxa Mir Həbib qızı və komandanı olduğu havadan hücum polku dəfələrlə SSRİ rəhbərliyinin orden və medalları ilə təltif olunur. Kursk ətrafında döyüşlər və Korsun-Şevçenko əməliyyatı isə düşmən üzərinə şir kimi hücum edən Qafqaz gözəlini əfsanə və nağıl qəhrəmanına çevirir. Vurub yerə saldığı alman təyyarəsi yanıb külə dönür və alman pilot əsir alınır. Əsir biləndə ki, onu qadın pilot vurub, heyrətini gizlədə bilmir. Bu xəbər bir anlığa bütün cəbhə boyu yayılır. Radioqramlardan alınan xəbərlərdə qırıcı alayın komandiri Züleyxa Seyidməmmədovanın rəşadətindən danışılır, SSRİ mətbuatı bu hünərdən yazırdı. Cəbhələrdəki azərbaycanlı döyüşçülər bu xəbəri böyük sevinclə qarşılayıb bayram edirdilər. Şad xəbər Bakıya da gecikmədi, neft buruqlarında, sənaye müəssisələrində bayram edildi. Züleyxa isə həmyerlisi Həzi Aslanovun qəhrəmanlığı ilə qürur duyurdu.

1943-cü ilin sonlarında qadınlardan ibarət 586-cı havadan hücum polku Kursk yaxınlığında çay sahilində yerləşdirilir. Züleyxa çay keçidinin həndəvərində gördüklərindən dəhşətə gəlir. Yer-göy od tutub yanırdı. Ölənlər və yaralılar ətrafa sərilmiş, inilti, ağlaşma, qadın və uşaqların çığırtısı bir-birinə qarışmışdı. Həlak olanların çoxu qadınlar və qocalar idi. Almanların bəzi yerlərdə qaladıqları ocaqlar közərirdi, çoxlu araq şüşələri ətrafa səpələnmişdi. Züleyxa düşünürdü: "İnsan bunlara dözmək üçün gücü haradan alsın? Bunun üçün anaları gözüyaşlı qoyan, onlara övlad dağı çəkdirən faşizmi yer üzündən silməliyik".

Onun kimi, Böyük Vətən müharibəsində təyyarəçi olmuş fransız yazıçısı Antuan de-Sent Ekzüperi sonralar "Hərbi təyyarəçi" əsərində yazırdı: "Müharibə rəşadət deyil, insanın insan tərəfindən qətlidir, zülmüdür. Müharibə baxışları gözlərdə, gülüşləri dodaqlarda donduran nəsnədir..."

...44-cü ilin axırları idi, Həzi Aslanov, Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova kimi on minlərlə qəhrəman döyüşçünün zəhməti hesabına düşmən SSRİ ərazilərindən çıxarılmaq ərəfəsində idi. Bu illər ərzində qırıcı təyyarəçi Züleyxa Mir Həbib qızı dəfələrlə zərbə almış, təyyarəçi qızların bir neçəsi döyüşlərdə həlak olmuşdu. Onun son uçuşu Buxarestdə idi. Azərbaycanlı təyyarəçi Buxarest səmalarında 5001-ci və sonuncu uçuşunu etdi. Aydın səma, göyün ənginlikləri bu gənc qızı hər zaman özünə çəksə də, Züleyxa vətəninə dönməli idi, onu Azərbaycanda xalqı və doğmaları səbirsizliklə gözləyirdi.

Bundan sonra qələbə gəlirdi. Müharibədə misilsiz igidlik və qələbələrə imza atmış Züleyxanı vətənində böyük sevgi və hörmətlə qarşıladılar. O, Azərbaycana başucalığı gətirmiş, ən çətin məqamlarda belə təmkinini, milli hiss və duyğularını, heysiyyətini itirməmişdi. Böyük Vətən müharibəsində göstərdiyi rəşadətlərə görə "Lenin ordeni", ikinci dərəcəli "Vətən müharibəsi" ordenlərinə layiq görüldü, 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni və 2 dəfə Şərəf Nişanı ordeni aldı. Züleyxa Seyidməmmədova 1946-52-ci illərdə məsul komsomol və partiya işlərində çalışmış, 1952-ci ildən 1975-ci ilə qədər isə Azərbaycanın ictimai təminat naziri olmuşdu. 1975-ci ildən ömrünün son günlərinə qədər Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini işləyib. Üç dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bunların hamısından öncə isə Züleyxa xanım gözəl ailə başçısı, ana olub. O, doğrudan da arzuladığı kimi, bütün yüksəkliklərin, ucalıqların fövqündə dayandı.

İkinci dünya müharibəsindən xeyli zaman ötsə də, onun ağrı-acıları hələ yaddaşlardan silinməyib. Bir tərəfdən də Azərbaycan xalqı daha qəddar, daha amansız düşmənlə - erməni təcavüzkarları ilə üz-üzə qalıb. Deyilənə görə, başqalarının torpağına, ərazisinə göz dikənlər bütün hallarda bəşəriyyətin düşmənidirlər. Alman faşizminin niyyəti bir neçə ilə puç edilsə də, təəssüf ki, 20 ildən çoxdur erməni təcavüzkarlarının işğalçılıq niyyəti nəinki susdurulmur, əksinə, havadarları tərəfindən daha da şirnikləndirilir. Müasirləri danışır ki, Züleyxa xanım ömrünün son illərində xalqımızın başına gətirilən faciələrdən hiddətlənir, "Düşmənin gözünü gücünlə qırmasan, daha da azğınlaşıb üstünə gələcək" deyərmiş. Vətənimizin düşmən tapdağından xilas olduğu günü peşəkar hərbçi kimi arzulasa da, belə bir gün onun taleyinə yazılmadı. Züleyxa Seyidməmmədova 1994-cü il noyabrın 10-da 75 yaşında dünyasını dəyişdi. Onun ruhunu şad etmək hər bir Azərbaycan oğul və qızının borcudur.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 23  aprel.- S. 7.