Oxumaqoxutmaq istəyiriksə...

 

 Kitab təkcə bilik mənbəyi deyil, həm də onu sevənlərin ürək dostu, qəlb sirdaşıdır. Kitabla ünsiyyətdə olanlar və ülfət bağlayanlar mənəviyyatı zəngin insanlardır. Planlı sosialist iqtisadiyyatından bazar münasibətlərinə keçid dövründə bir sıra mənəvi sərvətlərimiz kimi, kitaba, nəşriyyat işinə laqeydliközünü çox tez büruzə verdi: kitabxanalarda kitablar nəinki oxucu nəfəsinə, hətta, kitabxanaçı barmaqlarının sığalına da həsrət qaldı.

Yüz min tirajla nəşr olunan çeşid-çeşid ədəbi nümunələrin sayı 200-250 nüsxəyə endi. Bir çox digər səbəblərlə yanaşı, oxu mədəniyyəti də əski sovetlərin "yadigarlarından" biri kimi tarixin arxivinə atıldı. Çox şükürlər olsun ki, bu gün yenə də oxu mədəniyyəti, kitaba məhəbbət əvvəlki səviyyəyə yol almaqdadır. Ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi kitabxanalarda vəziyyət tamamilə başqadır. Bu gün oxucular nəinki Azərbaycan ədəbiyyatı ilə, dünyanın inkişaf etmiş dövlətlərinin kitab mədəniyyəti ilə də maraqlanır və onların ədəbi-bədii çap məhsullarının oxucusuna çevrilirlər. Bu işdə elektron kitabxanaların rolunu danmaq olmaz. Bu da ondan irəli gəlir ki, kitabın təbliğinə xüsusi önəm verilir. Azərbaycan yazıçı-şairlərinin əsərləri dünya ədəbiyyatı nümunələri ilə paralel təbliğ olunur, marağa səbəb xeyli yeni müəllif və onların ədəbi əsərləridir.

23 aprel tarixinin dünya ədəbiyyatı üçün simvolik olmasını kitabla dost olanlar daha yaxşı bilər. Məhz həmin gün dünyanın söz sənətinin nəhənglərindən olan Şekspir, İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Moris Droqon, X.Laksness, Vladimir Nabokov, Maniel Mexia Valeho kimi korifeylər aprelin 23-də dünyaya gəliblər. 1995-ci ildə Parisdə keçirilən YUNESKO-nun baş konfransında ədəbiyyat üçün simvolik olan 23 aprel Kitab və Müəllif Hüqüqları Günü kimi təsdiqlənib. "Don Kixot" romanının ilk dəfə nəşr olunmasının 400 illiyi ilə əlaqədar keçirilən tədbir də 23 aprel tarixinə təsadüf etmişdir. Beləliklə, 23 aprel əsl kitab bayramıdır!

Fəaliyyətə başladığı gündən klub, kitabxana mədəniyyət müəssisəsi kimi insanların asudə vaxtının səmərəli keçirilməsində xüsusi rol oynayıb. Lakin əski sovetlər dönəmində klubla kitabxananın prinsipləri fərqli idi: klub yığıncaq və konsert, kitabxana isə oxucu auditoriyası idi. Hər iki xidmət müəssisəsinin birgə fəaliyyəti mümkündürmü və nəticə nədən ibarət ola bilər? Sual maraqlı olduğu üçün biz də Bakı şəhərinin mərkəzində Murtuza Muxtarov, 7 ünvanında yerləşən "Kitab klubu"na üz tutduq.

"Kitab klubu" 2003-cü ildə yaradılıb və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. "Klubun internet səhifəsində verilən məlumata görə, 2002-ci ilin əvvəllərində Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros) təşkilatçılığı ilə Bakıda Polşa məşqçiləri tərəfindən "Book Marketinq Reserarsh" adlı treninqlər keçirilirdi. Treninqin sonunda "Kitab klubu" adlı cəmiyyətin yaradılması üçün niyyət protokolu imzalandı. Sonralar bu qrup "Azərbaycan nəşrləri" adlı rəngsiz kataloq buraxılışına başladı. İşin uğurlu alındığını görən fond (təbii ki, ilk də adıçəkilən fondun maliyyə dəstəyi ilə reallaşıb) cəmiyyətə daha bir layihəni həyata keçirmək üçün qrant vermək qərarına gəldi.

"Kitab klubu"un direktoru, fizika-riyaziyyat elmləri namizədi Elxan Rzayev də sorğularımıza maraqlı cavablar verdi:

- 2003-cü ilin sonundan başlayaraq klubun "Azərbaycan nəşrləri" jurnal-kataloqu tam rəngli və rüblük (üç aydan bir) çap olundu. 2004-cü il noyabrın 26-da "Azərbaycan nəşrləri" kataloqunun növbəti sayı və klubun www.kitabklubu.org ünvanlı internet səhifəsinin təqdimatı keçirildi.

Klub tərəfindən çoxsaylı kitab təqdimatları, müəlliflərlə görüşlər, ənənəvi respublika kitab satış-sərgiləri, nəşriyyatların konfranslarını təşkil edirik. İşlərimiz bu kimi tədbirlərlə məhdudlaşmır. Bakı şəhərində kitab bazarının öyrənilməsi ilə əlaqədar 2004-2006-cı illərdə naşirlər, kitab satıcıları və oxucular arasında sorğular keçirilmişdir. 400 nəfər respondentin iştirak etdiyi sorğunun nəticələri klubun internet səhifəsində yerləşdirilmişdir...

Əvvəldən qeyd etdiyimiz kimi, klubla kitabxananın funksiyaları müxtəlif olsa da, onlar mədəni-kütləvi tədbirlər baxımından eyni məzmun daşıyır. Hər ikisi də mədəniyyət ocağıdır, demək, fəaliyyət növü də insanların mənəviyyatının kamilləşməsinə xidmətdir. Lakin bu gün burada klubla kitabxananın fəaliyyəti birləşdirildiyindən, maraqlı məqamlar çoxdur. Bir vaxtlar zirzəmi olan bu yer indi müqəddəs ocağa çevrilib. O ocağa ki, orada dünya klassiklərinin nadir inciləri də qorunur, təbliğ edilir. "Kitab klubu"nun əsas məram və məqsədini konkretləşdirək:

Azərbaycan nəşriyyat işinin səmərəli qurulması və kitab bazarının normal qaydalar üzrə fəaliyyətinə yardım göstərmək;

kitab bazarının vəziyyətini öyrənmək və naşirlərə çatdırmaq;

yeni nəşr olunmuşolunacaq kitabların anonsunu potensial oxuculara bildirmək (həm kataloq-jurnal, həm də elektron versiya ilə).

Bu və digər xidmətləri həyata keçirmək üçün seçilmiş yollar, üsul və vasitələr də maraqlıdır:

kitab bazarının öyrənilməsi üçün sorğuların keçirilməsi;

yeni kitab kataloqlarının buraxılması və yayılması;

kitab sərgilərinin keçirilməsi;

kitabların elektron variantlarının klubun internet səhifəsində yerləşdirilməsi;

yeni kitabların təqdimatının, müzakirəsinin, müəlliflərlə görüşlərin keçirilməsi;

müəlliflərə kitabın tərtibatı və nəşrində yardım göstərilməsi;

müəlliflər haqqında məlumatların yayılması;

yeni kitabların satışı üçün sifarişlərin toplanması;

kitab işi üzrə mütəxəssislərin və müəlliflərin iştirakı ilə görüşlərin, seminar və konfransların keçirilməsi;

digər ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadiləsi;

kitabxanaoxu zalı xidmətinin göstərilməsi və s.

Bütün bunları həyata keçirmək üçün imkanlar aşağıdakılardır:

1000 nüsxə ilə dərc edilən, ölkəmizin bütün rayonlarına və xarici ölkələrə yayılan rüblük, rəngli "Azərbaycan nəşrləri" kitab-kataloqu;

www.kitabklubu.org ünvanlı internet səhifəsi;

500 kitablıq daimi işləyən sərgi;

təqdimatların görüşlərin keçirilməsi üçün 40-60 kv.metrlik zallar.

Onu da qeyd edək ki, klubun fəaliyyəti müntəzəm olaraq dövri mətbuat vasitəsilə işıqlandırılır. Belə tipli materiallar da klubun elektron ünvanında yerləşdirilir dünya oxucularına müxtəlif dillərdə çatdırılır. Ona görə jurnalistlərlə "Kitab klubu" arasında birlik mövcuddur. Saytdakı materiallardan görünür ki, respublikamızdan kənarda yaşayan yaradıcı soydaşlarımızın da mənəvi sığınacaq yeri, özünü sözünü tapdığı bir ünvandır "Kitab klubu". Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" seriyasından indiyədək çap olunmuş 400 adda kitabın 700-dən artıq abunəçiyə çatdırılması imkanlarının yaranması da klubun fəaliyyətinin şəbəkəsinin genişliyini təsdiq edir. Dünyanın tanınmış ədəbi simalarının istər klassik, istərsə müasir ədəbi nümunələrini əldə etmək istəyənlər kluba müraciət edir klub layihə koordinatoru Elçin Hüseynovun, reklam üzrə xidmətçi Rafiq Məmmədlinin, eləcə Fazil Kərimovla Ceyhun Babazadənin öz işinin peşəsinin vurğunu olmalarının şahidinə çevrilirlər.

Kitab hər kəsin dostudur. Gəlin kitabların yaratdığı ünsiyyəti, onların bağladığı ülfəti olduğu kimi dərk edək. Axı, "dil açan" kitablar bizim dilimiz, elmimiz, bir sözlə, diriliyimizdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  23 aprel.- S.  7.