1918-ci ildə Quba qəzasında törədilmiş cinayətlər erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı yeritdiyi soyqırımı, etnik təmizləmə və təcavüz siyasətinin qanlı səhifələrini təşkil edir

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən son əsrlər ərzində məqsədyönlü şəkildə aparılan soyqırımı, təcavüz və deportasiya siyasəti tariximizin faciələrlə və qanlı hadisələrlə dolu ağrılı mərhələlərini təşkil edir. Bu dövr ərzində əzəli torpaqlarımız qəsb edilməklə, yüz minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Onlar doğma torpaqlarından didərgin salınmış, maddi-mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılaraq məhv edilmişdir. Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə Azərbaycan əhalisi 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən vəhşiliklərə və etnik təmizləmələrə məruz qalmışdır. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir.

 

Azərbaycanlılara qarşı törədilən soyqırımı və etnik təmizləmə siyasətinə, torpaqlarımızın məqsədyönlü şəkildə işğal edilməsi kimi qanunsuz hərəkətlərə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə edilmişdir. Lakin Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan verməmişdir.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətkar hərəkətlərə dövlət səviyyəsində siyasi qiymət yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə verilmişdir. Ulu öndər Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Real tarixi faktlara əsaslanan bu sənədlər ermənilər tərəfindən əsrlər boyu yeridilən terror siyasətinə qarşı Azərbaycan ictimai fikrində böyük dönüşün, tarix və politologiya elmlərində bu məsələyə münasibətdə yeni baxışın əsasını qoymuş, tariximizin bu qanlı səhifələrinin daha dərindən və ətraflı öyrənilməsi üçün intensiv elmi araşdırmaların və müxtəlif regionlarda arxeoloji qazıntıların başlanmasına, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin əsl köklərinin üzə çıxarılmasına şərait yaratmışdır. "Azərbaycanlıların soyqırımı haqqında" fərmanda 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulduğu, bununla da ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinə zəmin yaradıldığı, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi ilə faktiki olaraq yerli azərbaycanlı əhalinin öz torpaqlarından sıxışdırılması və onun soyqırımına başlanıldığı tarixi faktlarla sübuta yetirilmiş, bu istiqamətdə çar Rusiyası və totalitar sovet rejimi tərəfindən yeridilən siyasətin mahiyyəti üzə çıxarılmışdır.

Eyni zamanda, qeyd edilən fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməklə, Milli Məclisdə bu hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi tövsiyə olunmuş, "soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunun Azərbaycan Respublikasının qarşısında tarixin hökmü kimi dayandığı" qeyd edilmişdir.

Bu məsələnin Azərbaycan Respublikası Milli Məclisində müzakirəsinin nəticəsi olaraq 2001-ci il martın 30-da qəbul edilmiş bəyanatda beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə əsrlər boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin tanınması, bu cinayətlərin qarşısının alınması üçün təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması barədə müraciət olunmuşdur.

Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən yeridilən soyqırımı siyasətinin bariz nümunəsi kimi onların Quba qəzasında törətdikləri və öz amansızlığı ilə seçilən cinayətlər barədə yeni faktların aşkara çıxarılmasının tarixi əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, 2007-ci il aprelin 5-də Quba şəhər stadionunda aparılan tikinti və yenidənqurma işləri zamanı ərazidə içərisində çoxsaylı müxtəlif yaş və cins qruplarına məxsus skeletlərdən ibarət kütləvi insan məzarlığı aşkar edilmişdir.

Bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin əməkdaşları Quba rayonuna ezam olunmuş, görülmüş işlərin gedişi və əldə olunmuş ilkin nəticələrin müzakirəsi ilə bağlı 2007-ci il aprelin 19-da respublika Baş prokuroru yanında xüsusi müşavirə keçirilmişdir.

Araşdırmalarda iştirak edən əlaqədar mütəxəssislərin ilkin mülahizələri əsasında, kütləvi məzarlıqda aşkar olunmuş sümüklərin nizamsız şəkildə üst-üstə düzülməsi və üzərlərində çoxsaylı xəsarətlərin olması, meyitlərin dərinliyi 4 metr olan quyuda və kütləvi halda basdırılması, meyitlərin tam çürüməsi və sümüklərin kövrəkliyi kimi əlamətlərə görə həmin şəxslərin zorakılıqla öldürülməsi, hadisələrin zaman baxımından uzun müddət əvvəl törədildiyi nəticəsinə gəlinmişdir.

Eyni zamanda, Quba rayonunun bir çox sakinləri valideynlərindən və yaşlı qohumlarından eşitdikləri məlumatlar əsasında 1918-ci ilin may ayında Qubaya hücum etmiş ermənilərdən ibarət cəza dəstəsinin törətdiyi kütləvi qırğın nəticəsində öldürülənlərin həmin ərazidə basdırıldığı barədə izahatlar vermişlər.

Göstərilən faktların araşdırılmasının xüsusi tarixi əhəmiyyəti və görüləcək işlərin həcmi nəzərə alınmaqla, Baş Prokurorluq tərəfindən insan skeletlərinin aşkar edildiyi sahələrdə arxeoloqların tədqiqat aparmaları üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edilmiş, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən kompleks qaydada məhkəmə-tibbi ekspertizaların keçirilməsi üçün zəruri olan müasir texniki avadanlıqla təchiz olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır.

Kütləvi insan məzarlığının aşkar edilməsi ilə əlaqədar Quba Rayon Prokurorluğu tərəfindən mütəxəssislərin iştirakı təmin olunmaqla hadisə yerinə baxış keçirilərkən 4 metr dərinlikdə və 7 metr enində torpağın içərisində bir-birinin üstündə səliqəsiz qalaq şəklində yığılmaqla bir yerdə basdırılmış çoxlu sayda insan skeletləri, kəllə, omba, çanaq, qabırğa, ətraf və digər hissələr aşkar olunmuş, həmin yerdən götürülmüş sümük və torpaq nümunələri üzrə məhkəmə tibbi-kriminalistik ekspertizası təyin edilməklə, ekspertlərin qarşısında təqdim edilmiş skeletlərin məxsus olduğu şəxslərin yaşının, cinsinin, boyunun uzunluğunun, irqi mənsubiyyətinin, basdırılma müddətinin, sümüklərin üzərində zədələrin və kütləvi zəhərlənmə halının olub-olmaması, habelə digər zəruri xüsusatların müəyyənləşdirilib rəy verilməsi barədə məsələ qoyulmuşdur.

Bundan başqa, həmin hadisələr zamanı zərər çəkmiş şəxslərin qohumlarının izahatları alınmış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə sorğular göndərilmiş, Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna məzarlıq olan torpağın xüsusiyyətləri, kimyəvi tərkibi, hansı qrupa məxsus olmasının müəyyənləşdirilməsi və nəticəsinin tibbi-kriminalistik ekspertizaya təqdim edilməsi barədə tapşırıqlar verilmişdir.

Quba şəhərində kütləvi insan məzarlığının aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilməklə, Azərbaycan Demokratik Respublikası hökumətinin 1918-ci ildə yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən ermənilərin həmin ilin aprel-may aylarında Quba qəzasında dinc müsəlman əhalini kütləvi şəkildə qətlə yetirməsi, bütöv kəndləri, yaşayış evlərini, məscidləri və ictimai binaları yandırması, çoxsaylı qız və qadınların kütləvi şəkildə zorlanması və digər zorakı cinayətlər törədilməsi faktları üzrə istintaq aparılmış və hazırda Milli Arxiv İdarəsində saxlanılan cinayət işinin materialları, həmin dövrə aid "Uqolovnoe Ulojenie" adlanan cinayət qanunu və bununla bağlı bir sıra başqa zəruri arxiv materialları ətraflı öyrənilmiş, hadisənin şahidlərinin izahatları alınmış, bir sıra tarixi əhəmiyyətli sənədlər götürülmüşdür.

Cinayət işi materiallarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri M.Hacınski 1918-ci il iyulun 15-də Azərbaycan hökumətinə müraciət edərək, Azərbaycan ərazisinin 4 ay ərzində özlərini bolşevik adlandıran erməni silahlı hissələri tərəfindən parçalandığını, müsəlman əhalinin həyat və əmlakları üzərində ağlasığmaz vəhşiliklər törədildiyini, eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yalan məlumatlara əsasən Avropada tamamilə əks ictimai rəyin formalaşdırıldığını göstərmiş və ümumdövlət və zərərçəkən əhalinin maraqlarının müdafiəsi, bütün zorakı hadisələrin qeydə alınması, onların baş vermə şəraitinin, təqsirli şəxslərin və dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün xüsusi qurum yaradılmasını, komissiyanın işi barədə məlumatların əsas Avropa dilləri olan rus, fransız, alman və türk dillərində geniş yayılmasını təklif etmişdir.

Azərbaycan Demokratik Respublikası xarici işlər nazirinin müavini F.Xoyskinin 1918-ci il 31 avqust tarixli qərarına əsasən, Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şamxəliyev və Andrey Fomiç Novatski, həmin məhkəmənin prokuroru Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Mixaylov, V.Qudvillo və Mirzə Cavad Axundzadədən ibarət Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.

Fövqəladə İstintaq Komissiyasının üzvü Andrey Fomiç Novatski tərəfindən 1918-ci ilin aprel və may aylarında Quba şəhərində və Quba qəzasının kəndlərində kütləvi şəkildə müsəlman əhalinin qətlə yetirilməsi, əmlakının talan edilməsi, evlərinin yandırılması və digər vəhşi zorakılıqlarla müşayiət olunan cinayətlər üzrə araşdırma aparılmışdır. A.Novatskinin cinayət işinin materiallarına əlavə edilmiş komissiyanın sədrinə ünvanladığı məruzəsindən göründüyü kimi, 1918-ci ilin aprel ayında bolşeviklər partiyasının nümayəndəsi David Gelovani 187 nəfərlik silahlı dəstə ilə Quba qəzasına gələrək orada sovet hakimiyyətinin qurulduğunu elan etmiş, sonradan silahlı müqavimət nəticəsində şəhərdən çıxarılan həmin dəstə Bakı şəhərinə qayıdarkən xristian əhalini də özü ilə aparmışdır. Həmin hadisələrdən təxminən iki həftə sonra böyük bir silahlı dəstənin Quba şəhərinə gəlməsi barədə xəbər çatdığı zaman bəzi şəhər sakinləri evlərini və əmlaklarını qoyaraq dağlara və meşələrə qaçmış, əhalinin böyük hissəsi isə onlara qarşı təhlükənin olacağına inanmayaraq şəhərdə qalmışdır.

Cinayət işi ilə sübuta yetirilmişdir ki, 1918-ci ilin aprel ayının sonlarında, 1873-cü ildə Van şəhərində anadan olmuş, Rusiya ordusunun keçmiş zabiti, "Daşnaksutyun" partiyasının, Bakıda Erməni Milli Şurasının üzvü, tanınmış daşnaksakan, 1918-ci ilin əvvəllərindən Azərbaycanda erməni hərbi dəstəsinə komandanlıq etmiş, öz qəddarlığı ilə seçilən qatı millətçi Amazapsın və onun köməkçisi Nikolayın başçılıq etdiyi ermənilərdən təşkil olunmuş silahlı cəza dəstəsi qatarla Bakı şəhərindən Quba qəzasına yola düşmüşdür.

Cəza dəstəsi yolda olarkən Quba qəzasının ərazisinə daxil olmaqla, dəmir yolu xəttinin hər iki tərəfində yerləşən azərbaycanlıların yaşadığı kəndlərə hücum edib evləri talayaraq yandırmış, vaxtında qaça bilməyənləri rəhm etmədən öldürmüşdür. Yerli əhali öz nümayəndələrini ağ bayraqla ermənilərin yanına göndərdikləri hallarda belə onlar danışıqlara getməyərək həmin nümayəndələri öldürmüş, kəndləri isə viran qoymuşlar. Belə ki, Əlixanlı cəmiyyətində ermənilərlə danışıqlara gələn ağsaqqallar - Mirzə Məhəmməd Dadaş oğlu və Gül Hüseyn Məhərrəm oğlu öldürülmüş, Dəvəçi cəmiyyətinin Dəvəçi-Bazar və Qızıl-Burun kənd sakinləri 15 nəfər ağsaqqaldan ibarət nümayəndə heyətini ermənilərin qarşısına göndərdikdə, ermənilər onların hamısını qətlə yetirmiş, kəndlərə hücum edərək məscidləri dağıtmış, Quran kitablarını yandırmışlar.

1918-ci il mayın 1-də, səhər vaxtı Amazapsın rəhbərlik etdiyi cəza dəstəsi Quba şəhərini mühasirəyə alaraq, şəhəri top, pulemyot və digər atıcı silahlardan atəşə tutduqdan sonra müqavimətsiz şəhərə daxil olmuş, müsəlmanlara qarşı hər cür zorakı hərəkətlərə yol verilmişdir. Ermənilər küçədə qarşılarına çıxan dinc əhalini, o cümlədən, uşaqları və qadınları xəncərlə, tüfənglə qətlə yetirmiş, evlərə soxularaq bütöv ailələri qırmış, uşaqların başlarını kəsmiş, qadın və qızları kütləvi şəkildə zorladıqdan sonra öldürmüş, insanların əmlakını və evlərini, məscidləri yandırıb talan etmişlər.

Belə ki, Kərbəlayi Məmməd Tağı oğlu 14 nəfərdən ibarət ailəsi ilə birlikdə öldürülmüş, Məhəmməd Rəsul oğlu qətlə yetirilmiş, onun arvadının qarın nahiyəsi kəsilib açılmış, 3 uşağının başı kəsilmiş, Hacı Dadaş Bala-Qasım oğlu, arvadı Məşədi Bibi-Xanım və oğlu Abdul Qasım öz evlərində yandırılmış, Kərbəlayi Abuzərin iki qızı - Hökümə və Büstə analarının qucağında xəncərlə doğranılmış, Məşədi Qəmbər Molla-Məhəmməd Salah oğlu, arvadı və bir neçə azyaşlı uşaqları ilə, Molla Şahbaz, Məhəmməd Rəsul Bayram oğlu, Rəsul Kazım oğlu, Əbdül Tuluqçu oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayi Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Sahib Səfər-Əli Məşədi Talıb oğlu, Məşədi Musa Zeynal oğlu və digərləri öldürülmüşlər.

Əsgərlərin müsəlman qadınları gətirmək barədə əmrini icra etmədiklərinə görə el ağsaqqalı Əli-Paşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu, atasının gözü qarşısında gözləri çıxarılmaqla, sifətinə və qarnına süngü batırılmaqla öldürülmüşdür.

Həmin hadisələr zamanı Quba şəhərində kütləvi qırğın törədilərək, 2000 nəfərdən artıq müsəlman kişi, qadın və uşaq qətlə yetirilmiş, 100-ə yaxın qız və qadın zorlanmış, 105 yaşayış evi yandırılmış, 4 milyon publ məbləğində nağd pul, 4,5 milyon rubl dəyərində isə qızıl və zinət əşyaları qarət edilmiş, 25 milyon rubl dəyərində ərzaq və digər mallar talan edilmiş, 100 milyon rubl dəyərində ziyan vurulması ilə nəticələnən Quba şəhər sakinləri İbrahim Bəy Şıxlarskiyə, Məşədi Əli Hüseynova, Oruc Əli Əhmədova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Əli Bəy Zizikskiyə, Rəcəb Orucova, Yusif Bəy Abusalambəyova və digər azərbaycanlılara məxsus 105 ev və tikililər, həmçinin ictimai binalar yandırılmışdır.

Amazapsın rəhbərlik etdiyi cəza dəstəsi tərəfindən Quba qəzasında 122 müsəlman kəndinin, o cümlədən, Dəvəçi (hazırda Şabran - red.), Saadan, Çarxanə, Zaqlıcan, Əlixanlı, Eyni Bulaq, Ərəb əl-Məmməd, Ağasıbəyli, Kolanı, Ərəb-Hamə, Taqay, Nardaran, Siyəzən, Rəhimli, Surra və digər yaşayış məntəqələri talan edilərək yandırılmış, həmin kəndlər talan edilərkən 60 kişi, qadın və uşaq öldürülmüş, 53 nəfər yaralanmış, evlərin, tikililərin, ictimai binaların dağıdılması, əhalinin əmlakının və mal-qarasının talan edilməsi nəticəsində sakinlərə 58.121.059 rubl ziyan vurulmuşdur.

Eyni zamanda, Quba qəzasının Dəvəçi, Müşkür, Qusar, Rustov, 5-ci Fəthibəy sahələrində 700 nəfərdən artıq insan qətlə yetirilmiş, 50 nəfərdən artıq yaralanmış, 700 nəfərdən artıq insan evlərindən didərgin düşərək xəstəlik və aclıqdan ölmüş, saysız-hesabsız evlərin, digər bina və tikililərin dağıdılması, əmlakın talanması nəticəsində Dəvəçi və Müşkür sahələrinə 200 milyon rubldan artıq, Qusar, Rustov, 5-ci Fəthibəy sahələrinə də külli miqdarda ziyan vurulmuşdur.

Həmin vaxt bolşeviklər partiyasının nümayəndəsi David Gelovaninin Fövqəladə İstintaq Komissiyasına verdiyi ifadəsindən göründüyü kimi, digər komissarların xəbəri və razılığı olmadan birbaşa Stepan Şaumyan tərəfindən Amazapsın rəhbərliyi altında yaradılmış dəstə cəza məqsədi ilə Quba şəhərinə göndərilmiş, "Daşnaksutyun" partiyasının üzvləri olan ermənilərdən ibarət 2000 nəfərlik həmin dəstənin tərkibi birbaşa müdafiə naziri Karqanov tərəfindən seçilmiş, Amazaps Qubanın müsəlman əhalisinə müraciət edərək özünün erməni xalqının qəhrəmanı və müdafiəçisi olduğunu, Quba qəzasına sovet hakimiyyəti qurmaq məqsədilə deyil, qisas almaq üçün gəldiyini, ona Xəzər dənizinin sahillərindən Şahdağa qədər bütün müsəlmanların evlərini, Şamaxıda olduğu kimi, yerlə yeksan etmək barədə əmr verildiyini demişdir.

Toplanmış sübutlar əsasında Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatski tərəfindən Amazaps və rəhbərlik etdiyi silahlı dəstənin üzvləri və digər şəxslər barəsində həmin vaxt qüvvədə olan Cinayət Qanununun (Uqolovnoe Ulojenie) 13-cü, 129-cu, 927-ci, 1633-cü, 1634-cü, 1453-cü və 1607-ci maddələri ilə cinayət işinin başlanması, Şaumyan və Karqanov barəsində isə onların ölməsi ilə əlaqədar cinayət təqibinin başlanılmaması nəticəsinə gəlinmiş, cinayət işinin istintaqı zamanı komissiya tərəfindən hadisə yerlərinə baxışlar keçirilmiş, şahidlər dindirilmiş, dəymiş ziyanın məbləğləri göstərilməklə zərər çəkən şəxslərin siyahıları tərtib edilmiş, zəruri cinayət-prosessual qərarlar qəbul edilmişdir.

İstintaq zamanı toplanmış sübutlara əsasən Fövqəladə İstintaq Komissiyası tərəfindən 1919-cu ilin noyabr ayında Amazapsın, Nikolayın, komissar Venunsun, Quba şəhər sakinləri Arutyun Ayrapetovun, bərbər Cavad Arutyunovun, Avakovun, balıqçı oğlu Avakovun, tələbələr Əmircanovların, tacir Mirzə Əmircanovun qardaşı oğlanlarının, Mirzə Əmircanovun özünün, dükançı Məlikovun, Qriqorinin oğlu Vartanın və erməni millətindən olan digər şəxslərin o dövrün "Uqolovnoe Ulojenie" adlandırılan Cinayət Qanununun 13-cü, 129-cu, 922-ci, 927-ci, 1633-cü, 1634-cü, 1453-cü və 1607-ci maddələri ilə ittiham olunmaları barədə qərar qəbul edilmişdir.

1920-ci il fevralın 9-da Azərbaycan Respublikasının müstəqilliyinin tanınması münasibətilə Azərbaycan Parlamenti tərəfindən milli ədavət zəminində törədilmiş cinayətlərə görə cinayət təqibi və cəzadan azad edən qanun qəbul edilmişdir. 1920-ci il oktyabrın 16-da Fövqəladə İstintaq Komissiyası cinayət işinə baxaraq həmin hadisələrin milli ədavət zəminində törədilməsini nəzərə almaqla, 1920-ci il 9 fevral tarixli Qanuna əsasən cinayət işinin icraatına xətm verilməsi nəticəsinə gəlmiş və 3 cilddən ibarət cinayət işinin xitam olunması üçün, o zaman mövcud olmuş Mühüm işlər üzrə Quba şəhər və qəza xalq məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. İşə həmin məhkəmədə baxılmaqla Azərbaycan Parlamentinin 1920-ci il 9 fevral tarixli Qanununa əsasən, 1921-ci il 16 yanvar tarixli Qərarla işin icraatına xitam verilib arxivə göndərilməsi barədə qərar qəbul olunmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılan araşdırma gedişində Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayonlarının bir çox sakinlərinin, o cümlədən göstərilən hadisələrin bilavasitə şahidlərinin izahatlarında 1918-ci ilin mart və aprel aylarında erməni millətçiləri tərəfindən Azərbaycan kəndlərinin talan edilərək yandırılması, azərbaycanlıların işgəncə verilməklə öldürülməsi və digər ağır cinayətlər törədilməsi bir daha öz təsdiqini tapmışdır.

Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi İsakov Pisax Davidoviç 1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində qırğınlar və talanlar törədərkən qətlə yetirdikləri dağ yəhudilərindən 104 nəfərinin, o cümlədən Qırmızı qəsəbə sakinləri olan 18 nəfər yəhudinin siyahısını təqdim etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş rəydə Quba şəhərində məzarlığın aşkar olunması ilə əlaqədar 494 kvadratmetr sahədə arxeoloji qazıntı-təhqiqat işləri aparılarkən içərisində dağınıq şəkildə insan skelet sümükləri olan daha bir quyu və iki arx izlərinin aşkar olunması, insan sümüklərinin çalalara, quyulara və arxlara dağınıq halda tökülməsi, sümüklər üzərində zədələrin olması, geyim əşyaları qalıqlarının müəyyən edilməməsinin insanların zorakılıqla və xüsusi qəddarlıqla öldürülüb basdırılmasına dəlalət etməsi, kütləvi məzarlığın 1918-ci ildə erməni millətçiləri tərəfindən yerli əhaliyə qarşı törədilmiş soyqırımına aid olması və məzarlıqda basdırılmış günahsız insanların sayının 600-ə yaxın olması bildirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyi tərəfindən kompleks qaydada məhkəmə-tibbi, məhkəmə-tibbi kriminalistik (trassoloji), məhkəmə antropoloji, məhkəmə-tibbi bioloji, məhkəmə kimyəvi, məhkəmə histoloji tədqiqatları nəticəsində verilmiş rəydə təqdim edilmiş skelet sümüklərində çoxsaylı həyati təhlükə kəsb edən xəsarətlərin mövcudluğu, habelə ölümə səbəb ola biləcək xəstəlik əlamətlərinin aşkar edilməməsi, sümük qalıqlarının aid olduğu şəxslərin dəfn qaydalarına zidd kütləvi qaydada, mənəviyyata və əxlaq normalarına zidd quyulanması, həmin skelet sümüklərinin aid olduğu şəxslərin (uşaq, qadın, kişi, yaşlı) sağlığında həyatlarına qəsdlə yetirilmiş zorakılıq əlamətlərinin bilavasitə işgəncə xarakterli olması göstərilmişdir.

Ekspertiza araşdırmaları nəticəsində, təqdim olunmuş 6128 skelet sümükləri və sümük fraqmentlərindən 6082-sinin insan skeletinin sümükləri olduğu, həmin sümüklərin və sümük fraqmentlərinin kəllə, körpücük, bazu, dirsək, mil, döş, qabırğa, çanaq, bud, qamış, incik, kürək, omba, əl və barmaq, habelə digər hissələrin sümükləri və onların fraqmentlərinə aid olduğu, insana məxsus skelet sümükləri və onların fraqmentlərinin 6-sının uşaq, 14-nün qadın və 127-sinin kişi olmaqla ən azı 147 şəxsə (fərdə) məxsus olması, insana məxsus skelet sümükləri və onların fraqmentlərinin 2-sinin 1-3 yaş, 4-nün 13-16 yaş, 58-nin 17-21 yaş, 42-sinin 22-35 yaş, 30-nun 36-60 yaş, 9-nun 61-74 yaş, 2-sinin 75-90 yaş həddində şəxslərə məxsus olması, həmin skelet sümüklərinin əksəriyyətinin irqi diaqnostik göstəricilərinin azərbaycanlıların məxsus olduğu Cənubi Avropa irqinin yerli antropoloji variantına uyğun gəldiyi, skelet sümüklərində tək-tək hallarda osteoporoz, spondilit və digər dayaq-hərəkət aparatı xəstəliklərinin əlamətlərinin aşkar edildiyi, skelet sümüklərinin torpaqda qalma və ya onların aid olduğu şəxslərdə ölümün baş vermə müddətlərinin təxminən 90 ilə yaxın olduğu və bu müddətin istintaq materialında göstərilən 1918-ci il tarixinə uyğun gəldiyi, insana məxsus skelet sümüklərində və onların fraqmentlərində deşici, deşici-kəsici, çapıcı, geniş və məhdud səthlərə malik küt alətlərin (əşyaların) təsirindən əmələ gəlmiş çoxsaylı travmatik xəsarətlərin aşkar edildiyi, bu travmatik zədələrin əsasən kəllə sümüklərində küt, deşici, çapıcı, digər skelet sümüklərində isə deşici, küt və çapıcı təsirlə yanaşı, deşici-kəsici xarakterli alətlərin (əşyaların) təsirindən əmələ gəldiyi, skelet sümüklərində aşkar edilmiş xəsarətlərin əksəriyyətində həyat ilə bir araya sığmayan ağır dərəcəli xəsarətlər olduğu, həmin xəsarətlərin sözügedən skelet sümüklərinin mənsub olduğu şəxslərin bilavasitə ölümünə səbəb olması, xəsarətlərin işgəncə vermək məqsədilə yetirildiyi, skelet sümüklərinin və torpaq nümunələrinin məhkəmə kimyəvi tədqiqatlarına əsasən onlarda zəhərli və güclü təsiredici maddələrin və ölümə səbəb ola biləcək xəstəlik əlamətlərinin aşkarlanmadığı müəyyən edilmişdir.

Tarixi reallıqların bərpası, xalqımıza qarşı uzun illər ərzində aparılan işğalçılıq və etnik təmizləmə siyasətinin vəhşi təbiətinin və onun məruz qaldığı məşəqqətlərin dünya ictimaiyyətinə çatdırılması, işgəncələrə məruz qalmış həmvətənlərimizin ruhu qarşısında mənəvi borcumuzun yerinə yetirilməsi naminə əsrlər boyu erməni millətçiləri tərəfindən azərbaycanlıların bir millət kimi məhvinə yönəldilmiş çoxsaylı ağır cinayətlərə layiqli siyasi və hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması bu istiqamətdə dövlət səviyyəsində görülən dəyərli tədbirlərdəndir.

Fövqəladə İstintaq Komissiyasının apardığı araşdırmalar nəticəsində toplanmış və Azərbaycan Respublikası Milli Arxiv İdarəsində saxlanılan 3 cilddən ibarət cinayət işinin materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan, ingilis və rus dillərinə tərcüməsi təmin olunmuş, onlardan bir nüsxə "Soyqırımı memorial kompleksi"nin işində istifadə olunması məqsədilə bu məsələlərin araşdırılması, geniş ictimaiyyətə və beynəlxalq aləmə çatdırılmasında çox mühüm rol oynayan Heydər Əliyev Fonduna təqdim edilmişdir.

Azərbaycan xalqına qarşı yeridilən etnik təmizləmə siyasətinin, o cümlədən erməni millətçilərindən təşkil olunmuş xüsusi cəza dəstəsi tərəfindən 1918-ci ildə Quba qəzasında azərbaycanlılara qarşı törədilmiş cinayətlərin təcavüzkar mahiyyətinin, onlara siyasi qiymət verilməsi və soyqırımı kimi tanınması məqsədilə dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması üçün Azərbaycan Respublikasının Milli Məclisinə müraciət olunmuşdur.

Hesab edirik ki, xalqımıza qarşı soyqırımı və təcavüz siyasətinin əsl mahiyyətinin ictimaiyyətə daha ətraflı çatdırılmasında 1918-ci ildə Quba qəzasında həmvətənlərimizə qarşı törədilmiş cinayətlərin, onların qəddar və amansız üsullarla kütləvi şəkildə qətlə yetirilməsi və digər ağır zorakılıqlara məruz qalması faktları üzrə Azərbaycan Demokratik Respublikasının Fövqəladə İstintaq Komissiyasının istintaq etdiyi cinayət işinin materialları və toplanmış digər tarixi sənədlər əhəmiyyətli rol oynaya bilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23  aprel.- S.  4.