Seulda OANA-nın sammiti işə başlamışdır

 

Aprelin 22-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının - OANA-nın "Xəbər agentlikləri üçün çağırışlar yeni imkanlar" mövzusunda sammiti işə başlamışdır.

Əvvəlcə tədbir iştirakçıları Koreya gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmişlər.

Sammiti OANA-nın prezidenti Əhməd Müxlis açaraq bu tədbirin əhəmiyyətindən danışmışdır.

Koreya Respublikasının Yonhap milli xəbər agentliyinin prezidenti Pak Junq Çanq qonaqları salamlamış tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirmişdir.

Koreya Respublikasının Baş naziri Çanq Un Çan Koreya hökuməti adından iştirakçıları salamlamış ümidvar olduğunu bildirmişdir ki, onlar Koreyadan xoş təəssüratlarla ayrılacaqlar.

Daha sonra Koreyanın xarici işlər naziri Yu Myunq-Hvanın adından iştirakçılara nahar verilmişdir.

Günün ikinci yarısında sammit işini davam etdirmişdir. ABŞ-ın Bovlinq Qrin Dövlət Universitetinin professoru Oliver Boyd-Barrett, Seul Milli Universitetinin professoru Nam Jun Kanq kütləvi informasiya vasitələrinin inkişafının elmi əsasları barədə məruzələrlə çıxış etmişlər.

Sammitin işində Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın Baş direktoru Aslan Aslanov "Trend" agentliyinin baş direktoru İlqar Hüseynov iştirak edirlər. Sammit işini davam etdirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  23 aprel.- S.  2.