Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilmişdir

 

Aprelin 25-də Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilmişdir.

İlk dəfə Azərbaycan paytaxtında, Təzəpir məscidinin böyük konfrans zalında keçirilən iclas mühüm beynəlxalq forum - dünya dini liderlərinin Bakı sammiti ərəfəsində təşkil olunmuşdur.

İclas həm də MDB Dinlərarası Şurasının həmsədrlərindən biri patriarx II Aleksinin vəfatından sonra ilk dəfə keçirilir.

Tədbirdə MDB ölkələrindən 17 dini lider, habelə xarici qonaqlar iştirak etmişlər.

MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iclasda əsas məruzə ilə çıxış etmişdir.

A.Paşazadə MDB Dinlərarası Şurasının çoxillik fəaliyyətinə yekun vuraraq bildirmişdir ki, şura Birlik ölkələri arasında ənənəvi mədəni-dini əlaqələrin nəinki inkişaf etdirilməsinə, həm də keyfiyyətcə yeni səviyyəyə qalxmasına nail ola bilmişdir. Şeyxülislam dini zəmində qarşıdurmaların, dini radikalizmin, ksenofobiyanın, dindən siyasi məqsədlərlə istifadə olunmasının, ekstremistlərin və terrorçuların milli və dini dözümsüzlüyün qızışdırılması üçün dini şüarlardan istifadə etməsinin, habelə postsovet məkanında dini ekspansiyanın qarşısının alınması istiqamətində şuranın uğurlu fəaliyyətini vurğulamışdır. O qeyd etmişdir ki, xalqlarımızı tolerantlığa istiqamətləndirməklə biz birgə səylərimiz sayəsində çoxkonfessiyalı MDB məkanında millətlərarası həmrəyliyi, mədəniyyətlərarası dialoqu dərinləşdirə, bununla da cəmiyyətin birliyini qoruyub saxlaya bilmişik.

Dinlərarası Şuranın əldə etdiyi nailiyyətlərdən danışan həmsədr 2004-cü ildə Dinlərarası Sülhyaratma Forumunun, 2006-cı ildə dünya dini liderlərinin Moskva sammitinin keçirilməsini diqqətə çatdırmışdır. A.Paşazadə bu yüksək beynəlxalq forumları Birlik ölkələri dini liderlərinin müasir dünyanın problemlərinə konstruktiv yanaşma nümunəsi kimi qiymətləndirmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri əmin olduğunu bildirmişdir ki, MDB Dinlərarası Şurasının himayəsi ilə keçirilən dünya dini liderlərinin Bakı sammiti şuranın dünya səviyyəsində nüfuzunun artmasına kömək edəcəkdir.

İclas iştirakçıları MDB Dinlərarası Şurasının sabiq həmsədri, MDB məkanında hörmətli din xadimlərindən biri olmuş, dinlərarası dialoqun və konfessiyalararası əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfələr vermiş mərhum patriarx II Aleksinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

İclasda təşkilati məsələlərə də baxılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının Nizamnaməsini rəhbər tutaraq, şuranın yeni həmsədrini - Moskva və Bütün Rusiyanın patriarxı Kirilli təqdim etmişdir.

Şeyxülislam xüsusi vurğulamışdır ki, zati-müqəddəsləri patriarx Kirill sülhün bərqərar olması, həm MDB çərçivəsində, həm də dünya səviyyəsində milliyyətindən və dinindən asılı olmayaraq, bütün insanların qardaşlığı üçün böyük səy göstərir.

A.Paşazadə Azərbaycan Prezidenti tərəfindən dövlətimizin ali mükafatı - "Şərəf" ordeninə layiq görülməsi münasibətilə patriarx Kirilli təbrik etmiş, əmin olduğunu bildirmişdir ki, dövlətimizin başçısı tərəfindən patriarxın fəaliyyətinə verilən bu yüksək qiymət dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Sonra şuranın yeni həmsədri, Rus Pravoslav kilsəsinin başçısı Kirill çıxış etmişdir.

İclasda Birlik ölkələri dini liderləri çıxış etmişlər. Onlar MDB məkanında konfessiyalararası qarşılıqlı fəaliyyətin və əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını konstruktiv dialoq ruhunda müzakirə etmişlər. İclas iştirakçıları xüsusi vurğulamışlar ki, din qarşılıqlı anlaşma və etimad üçün möhkəm zəmin olmalıdır. MDB ölkələrinin dindarları əsrlər boyu yanaşı yaşamış, Birlik məkanında konfessiyalararası və millətlərarası sülhün və anlaşmanın möhkəm təməlinə çevrilmiş qardaşlıq və əməkdaşlıq ruhunu qoruyub saxlayırlar.

İclas iştirakçıları MDB din xadimlərinin əsas məsələlərdə həmrəy olduqlarından razılıqlarını ifadə etmişlər. Birlik ölkələrinin din xadimləri öz həmvətənlərinin ağlına və qəlbinə təsir göstərməklə, bundan sonra da onları xalqlarının rifahı naminə dinc yanaşı yaşamağa çağırmağı öz borcları hesab etmişlər.

Moskva Patriarxlığının kilsə və cəmiyyətin qarşılıqlı fəaliyyəti şöbəsinin sədri Vsevolod Çaplin MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin sədri, keşiş Georgi Roşşin MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin əlaqələndirici katibi seçilmişlər.

MDB Dinlərarası Şurasının yeni üzvləri təqdim olunmuşdur.

Sonda iclas iştirakçıları MDB Dinlərarası Şurasının iclasının yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə və hökumətinə minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 aprel.- S.  7.