Moskva və Bütün Rusiyanın patriarxı Kirill Bakıdakı Jen-mironosis kafedral kilsəsində liturgiya keçirmişdir

 

Azərbaycanda rəsmi səfərdə olan Moskva və Bütün Rusiyanın patriarxı Kirill aprelin 25-də Bakıdakı Jen-mironosis kafedral kilsəsində liturgiya keçirmişdir.

Liturgiyada Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr, Rus Pravoslav kilsəsinin başçısını müşayiət edən keşişlər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və ölkəmizdəki pravoslav icmasının üzvləri iştirak etmişlər.

Moskva və Bütün Rusiyanın patriarxı Kirill dini ayinləri icra etmişdir.

Liturgiya başa çatdıqdan sonra Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr Rus Pravoslav kilsəsinin başçısına Azərbaycana səfər etdiyinə, bütün pravoslav icmasına olduğu kimi, Bakı və Xəzəryanı Yeparxiyasına, ölkəmizdəki pravoslavlara göstərdiyi diqqətə görə minnətdarlığını bildirmişdir.

Yeparxiya adından qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycanda olmasından məmnunluğunu bildirmiş, Bakıya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə, dinlərarası dialoq və dünyada mövcud olan problemlərin aradan qaldırılmasında din xadimlərinin rolu barədə müzakirələrdə iştirak etmək üçün gəldiyini demişdir.

Patriarx Kirill Azərbaycanda pravoslav xristianlara göstərilən xoş münasibətə və tolerant mühitə görə minnətdarlıq edərək demişdir: "Mən Prezident İlham Əliyevə, müsəlman qardaş və bacılarımıza Azərbaycan dövlətinin, Azərbaycan xalqının pravoslav icmasına göstərdiyi xoş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Biz burada sayca azıq. Lakin bizi Azərbaycan dövlətinin qanunları, ölkə rəhbərliyinin xoş məramı, müsəlman qardaş və bacılarımızın dost münasibəti qoruyur".

Pravoslav icmasını bütün dinlərin nümayəndələri ilə sülh və dostluq şəraitində yaşamağa çağıran patriarx Kirill müasir dünyada yaranan problemlərin, münaqişələrin, çətinliklərin öhdəsindən gəlmək üçün ulu Tanrıya edilən duaların, İlahi həqiqətin əhəmiyyətini vurğulamışdır.

Patriarx Kirill Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandra əsa, Yeparxiyaya isə müqəddəs Məryəmin təsviri əks olunmuş ikonanı hədiyyə etmiş, hamıya xoş arzularını çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 aprel.- S.  7.