Bakıda Rusiya və Qafqaz dini liderlərinin görüşü keçirilmişdir

 

Aprelin 26-da Bakıda, "Gülüstan" sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olmuşdur.

Sammit çərçivəsində bu görüşün xüsusi əhəmiyyətini vurğulayan patriarx Kirill bildirmişdir ki, son illər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda xeyli irəliləyiş vardır. Patriarx bu məsələdə Azərbaycanın və Ermənistanın dövlət başçılarının səylərini, Rusiya Prezidentinin vasitəçiliyini xüsusi qeyd etmişdir.

Bildirilmişdir ki, bu cür görüşlər siyasi liderlərin səylərinə dəstək verir.

Şeyxülislam Allahşükür Paşazadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində üzərinə vasitəçilik missiyası götürən Rus Pravoslav kilsəsinə təşəkkür edərək, problemin ədalətli və beynəlxalq hüquq prinsipləri çərçivəsində nizamlanacağına ümidvar olduğunu vurğulamışdır.

Bütün ermənilərin katolikosu II Qaregin isə demişdir: "Biz dini liderlər Allahın qullarıyıq. Ona görə də sülhün tərəfdarıyıq. Biz dini liderlər regionda sülhün bərqərar olması üçün səylər göstərməliyik."

Vasitəçilik missiyasına görə Rus Pravoslav kilsəsinə təşəkkür edən II Qaregin demişdir ki, müharibə qəddarlıqdır, sülh lazımdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin görüşün yekunlarına dair bəyannamə imzalamışlar.

Sənəddə bildirilir: "Sülhə və səbrə səsləyən dinin potensialı barışıq qüvvəsi olmalıdır. Dini liderlərin birgə səyləri millətlərarası ədavətə son qoyacaqdır. Mübahisəli məsələlərin hərbi yolla həllinə qayıtmağa yol verməmək mühüm əhəmiyyət kəsb edir. Sülhə yönəlmiş səylərimizlə insanların düşmənçiliyin aradan qaldırılmasına olan ümidlərini dəstəkləyəcəyik."

Dini liderlər münaqişənin nizamlanmasına dair beynəlxalq səyləri dəstəklədiklərini, sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyəti genişləndirməyin vacib olduğunu qeyd etmişlər.

 

* * *

 

Görüşdən sonra mətbuat üçün açıqlama verən patriarx Kirill görüşün çox uğurlu keçdiyini, müxtəlif məsələlərin, əsasən də, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu vurğulamışdır. Onun sözlərinə görə, bugünkü sammit çox düzgün və vaxtında atılmış addımdır. Patriarx Kirill sammit çərçivəsində keçirilmiş görüşün uğurla nəticələndiyini və imzalanmış bəyannamənin buna sübut olduğunu vurğulamışdır.

Rus Pravoslav kilsəsinin başçısı demişdir ki, dini rəhbərlər siyasi hakimiyyətə malik deyillər. Onlar ordunu hər hansı bir istiqamətə yönəldə, dövlətin gücündən istifadə edə bilməzlər. Lakin onların başqa xüsusi imkanları vardır. Bu imkanlar inanclı insanlara çox yaxın olan dəyərlərə, ideyalara müraciət etməkdən ibarətdir. Üç dinin nümayəndələri görüşüb bir çox məsələlər haqqında razılaşırsa, bu, bütün inanclı insanlara vacib siqnaldır. Bu siqnal barışığa, gərginliyin azaldılmasına və ən əsası, siyasi liderlərin münaqişənin həllinin bütün məsuliyyətini öz üzərlərinə götürərək razılığa gəlməsinə zəmin yarada bilər.

Moskva və Bütün Rusiyanın patriarxı Kirill vurğulamışdır ki, bəyannamənin müddəaları çox vacibdir. Biz ümid edirik ki, bu sənədin ruhu siyasi danışıqların atmosferinə də təsir göstərəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 27 aprel.- S.  8.