Bir daha Azərbaycan elminin islahat yolları haqqında

 

Azərbaycan elminin bugünkü vəziyyətinin kütləvi informasiya vasitələrində müzakirəsi, şübhəsiz, ölkə Prezidentinin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların keçirilməsi ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı ilə bağlıdır. Sənəddə qeyd edilir ki, ölkənin inkişafının ən prioritet istiqamətlərindən biri elmdir, lakin Azərbaycan öz müstəqilliyini qazandığı andan bu sahədə toplanmış çoxsaylı problemlər onun reallaşmasına tam imkan vermir.

Bu sahədə problemlərin həlli üçün "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafının milli strategiyası və onun reallaşması üçün dövlət proqramı" hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmişdir. AMEA Geologiya İnstitutunda aparılmış elmi təhlil göstərir ki, Azərbaycan bu gün dünyanın elm körpüsündə həm kəmiyyət aspektində, həm də mövzu spektrində hələ ki aşağı reytinqə malikdir. Elmimizin inkişaf etmiş ölkələrin qabaqcıl mövqelərindən geriliyinin başlıca səbəbi, yəqin ki, real islahatların hələ də tam həyata keçırilməməsidir. Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində (8 dekabr 2009-cu il) dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində" adlı məqaləsi Azərbaycan elmində islahat prosesinə xüsusi təkan verdi. Akademikin bu məqaləsi elmimizin humanitar tədqiqatlar sahəsində zəif məqamlarını ortaya çıxardı. Deyilənlər, müəyyən mənada, respublikadakı təbiət və texniki elmlər sahəsindəki araşdırmaların durumuna da şamil edilə bilər. Onun ardınca "Azərbaycan" qəzetinin səhifələrində dərc edilmiş Milli Məclisin Elm və təhsil üzrə komitəsinin sədri professor Şəmsəddin Hacıyevin məqaləsində Azərbaycan elminin hazırkı durumu, nöqsanlar, problemlər, habelə səmərəli fəaliyyət üçün aparılan islahatlar haqqında fikirlər açıqlandı. Həqiqətən, AMEA-nın Elmi-Tədqiqat İnstitutlarında çalışan alimlər akademiyanın həqiqi və müxbir üzvləri daxil olmaqla, nəinki yaranmış vəziyyətdən itkisiz çıxmaq və öz institutlarını qorumaq, həm də elmi islahatların aktiv reallaşması üçün təcili olaraq hansı tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparırlar. Xüsusən, Azərbaycanda sovet dövründən sonrakı elmin bugünkü spesifik xüsusiyyətləri - akademik elmlə təhsil sistemi arasındakı formal əlaqəsizlik (əlaqəsizlik o mənada ki, inzibati cəhətdən ali məktəblər və AMEA-nın ETİ-ləri əlaqədar deyildir) məsələsi haqqında geniş müzakirə və mübahisələr gedir. Belə fikir söylənilir ki, Qərb dövlətlərində fundamental elmlər, başlıca olaraq, universitetlərdə cəmlənir.

Elmi-tədqiqat institutlarının və ali məktəblərin qovuşdurulmasının labüdlüyü haqqında belə söhbətlər dəfələrlə mübahisəyə səbəb olur. Fundamental elmin böyük bir hissəsinin akademiyanın ETİ-lərində cəmlənməsi faktiki olaraq elmimizin inkişaf yolu ilə bağlıdır. Bu baxımdan guman edirəm ki, müxtəlif funksiya və problemləri həll edən fundamental profilli elmi-tədqiqat institutlarını və ali məktəbləri mexaniki surətdə birləşdirmək bir qədər düşünülməmiş addım ola bilər. Onların sıx əlaqəsi və inteqrasiyası vacibdir, lakin bu, onilliklər ərzində təbii axarı ilə baş verməlidir. İslahatlar tədrici olmaqla, ilk növbədə, ali məktəblərdəki tədris prosesinə AMEA-nın aparıcı alimlərinin cəlb edilməsi ilə başlanmalıdır ki, artıq bu təşəbbüs Milli Aviasiya Akademiyasında uğurla tətbiq edilir. Gələcəkdə çox guman ki, Elmlər Akademiysının ayrı-ayrı təşkilatlarının ali məktəblər və yaxud onların ixtisasa uyğun fakültələri ilə təbii birləşməsi baş verəcəkdir. Bu yol, zaman etibarı ilə uzun olsa da, elmi-tədqiqat fəaliyyəti və tədris vahid yaradıcılıq prosesinin iki tərəfi olduğundan, onu mütləq keçmək lazımdır.

Azərbaycanda elmin mürəkkəb vəziyyətinə baxmayaraq, bu gün AMEA öz fəaliyyətini davam etdirir və akademiyanın beynəlxalq elm aləmində nüfuzunu qorumağa imkan verən müəyyən elmi nəticələrə nail olur. Elmlər Akademiyası həmçinin elmi mədəniyyətin daşıyıcısı olub, respublikada təhsilin ona uyğun səviyyəsini təmin edir. Məlumdur ki, elm üçün münbit şərait elmi məktəblərdir. Elm elə sənətdir ki, yeganə yolla müəllimdən tələbəyə ötürülür. Bu gün Azərbaycan elminin fəxri sayılan alimlər Azərbaycanda, Rusiyada, yaxud da nəhəng Avropa elmi mərkəzlərində məktəb keçmişdirlər. Məhz buna rəğmən Azərbaycan elmi XX əsrin ikinci yarısında dünya elminin ayrılmaz hissəsinə çevrilmişdir. Hazırda çətinliklərə baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasında dünyada elmin vəziyyəti və informasiya-texnologiya yeniliklərinin səviyyəsini təhlil edən, nüfuzlu elmi jurnallarda öz elmi nəticələrini nəşr etdirən alimlər fəaliyyət göstərməkdə davam edirlər. Deməli, AMEA-nın bugünkü status-kvosunun qorunmasına alternativ yoxdur. Bununla yanaşı, elmin vəziyyəti və islahat perspektivlərinin təhlili üzrə, ölkə Prezidenti tərəfindən verilən göstərişlər çərçivəsində, bizim nöqteyi-nəzərimizcə, bir çox konstruktiv islahat istiqamətləri təklif olunur:

 

I. Respublikada aparılan fundamental və tətbiqi elmi tədqiqatların müvafiq istiqamətləri üzrə Azərbaycan elminin ümumdünya elmi sistemində yerinin müəyyən edilməsi. Dünya elmi səviyyəsinə uyğun gələn Azərbaycan alimlərinin müxtəlif elm sahələrində nailiyyətlərinin araşdırılması.

II. Ölkənin taleyüklü iqtisadi sektorlarının inkişafına Azərbaycanın elmi töhfələrinin müəyyən edilməsi. Elmtutumlu texnologiyalar və digər innovasion layihələrə ehtiyac duyulan, dinamik inkişaf edən iqtisadi bölmələrin təyin edilməsi.

III. Qəbul olunmuş direktiv sənədlərdə (uzunmüddətli dövlət proqramları, milli strategiyalar və s.) respublika iqtisadiyyatının inkişafı ilə bağlı Azərbaycan elminin prioritet istiqamətlərinin müəyyən edilməsi. Mülahizələrimizə görə, həmin istiqamətlər aşağıdakılar ola bilər:

1. Yanacaq-enerji kompleksi sahəsində elmi tədqiqatlar ;

2. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində elmi tədqiqatlar;

3. Həyat haqqında elmlər;

4. Ətraf mühitin qorunması sahəsində elmi tədqiqatlar;

5. İqtisadiyyatın qeyri-neft sektorunda sənayenin inkişafına yardım etmək məqsədinə yönəldilmiş fundamental tədqiqatlar;

6. Milli Təhlükəsizlik və ölkənin müdafiə qabiliyyətinin təmin olunmasına yönəldilmiş elmi tədqiqatlar;

7. İctimai və humanitar elmlər sahəsində tədqiqatlar.

 

Azərbaycan Respublikasında fundamental və tətbiqi elmi tədqiqatlar sisteminin restrukturizasiyası

Elmin bütün sahələrində (akademik, ali məktəb, sahəvi) ümumi qəbul olunmuş elmi indikatorlar kompleksi əsasında (Amerika "Ştıeşeqeu for Scientific İnformation" siyahısında qeyd edilmiş xarici jurnallarda Azərbaycan alimlərinin məqalələrinin sayı (istinad indeksi), alınan qrant və patentlərin miqdarı, beynəlxalq proqramların işlənilməsində və ya həyata keçirilməsində iştirakı və s.) elmi müəssisələrin reytinqinin müəyyən edilməsi;

aşağı reytinqi olan, bir-birini təkrar edən və respublikada elmin (iqtisadiyyatın) inkişaf prioritetlərinə cavab verməyən və öz potensialına görə yaxın perspektivdə yüksək səviyyəyə çatmağa qadir olmayan elmi müəssisələrin ixtisar edilməsi;

yüksək reytinqli, dünya elmi mərkəzləri səviyyəsində prioritet elmi tədqiqatlar aparmağa potensialı olan elmi müəssisələrin rolunun artırılması, onlara maliyyə və maddi-texniki təminatın gücləndirilməsi, müvafiq statusun verilməsi (məsələn, " Dövlət elmi mərkəzi" statusu);

elmi müəssisələrin restrukturizasiyasının nəticələrinə görə yenidən dövlət akkreditasiyasının aparılması;

 

Azərbaycan Respublikasında elmi tədqiqatların idarəetmə və koordinasiya sisteminin təkmilləşdirilməsi

Bu məqsədlə elm və innovasiya fəaliyyətinə dövlət yardımı üzrə Azərbaycan Respublikası Prezidenti yanında konsultativ ictimai orqan statusunda şuranın təşkili.

Elm və təhsilin inteqrasiyası

Elmi-tədqiqat institutlarında magistratura, lisey və digər təhsil pillələrinin yaradılması və sonradan onların AMEA və həmçinin ölkənin aparıcı universitetlərində elmi təhsil mərkəzlərinə çevrilməsi.

 

Elmi tədqiqatların hüquqi təminatı

Bu sahədə baza normativ - hüquqi aktın - "Azərbaycan Respublikası elm və dövlət elmi-texniki siyasəti haqqında" qanunun, habelə müvafiq sahələrdə digər qanunvericilik aktlarının ("İnnovasiyalar haqqında", "İntellektual mülkiyyətin qorunması haqqında", "Beynəlxalq informasiya mübadiləsi haqqında" və b.) qəbul edilməsi;

Göstərilən hüquqi aktlar (sənədlər) çərçivəsindən kənarda hər hansı bir elmi və elmi-təşkilati fəaliyyət hüquqi baxımdan qeyri-qanuni hesab olunur.

 

Elmi tədqiqatların maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi

Elmi tədqiqatların və işlənilmələrin maliyyələşdirilməsi elmi-texniki tərəqqinin inkişafında əsas iqtisadi vasitələrdən biridir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu məqsəd üçün ayrılan maliyyə vəsaiti ÜDM-də 2 faizdən 5 faiz arasında dəyişir. Belə qəbul olunmuşdur ki, ayrıca götürülən hər bir ölkədə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə sərf olunan xərclərin səviyyəsi milli məhsul istehsalı tempini qabaqlamalıdır.

Ölkəmizdə təəssüf ki, bu qayda nəzərə alınmır. İqtisadi inkişafın yüksək tempinə baxmayaraq, elm hələ də "qalıq" prinsipi üzrə maliyyələşdirilir. 1980-1990-cı illəri əhatə edən dövrdə, respublikanın Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, dövlət büdcəsindən elmə ayrılan vəsait 0,3%-0,5% hüdudlarında idisə, 1995-2005-ci illər ərzində bu rəqəm 0,2 faiz təşkil etmişdir. Göründüyü kimi, bu rəqəm nəinki dünya miqyasında texnoloji sıçrayış etməyə, hətta mövcud elmi potensialı, sadəcə, qoruyub saxlamağa imkan vermir. Ona görə də Azərbaycanda, zənnimizcə, dövlət büdcəsindən elmin inkişafına ayrılan (elmin strukturunu yeniləşdirdikdən sonra) vəsaiti yaxın üç il ərzində 1,5 faiz ÜDM səviyyəsində planlaşdırmaq məqsədəuyğun olardı (müqayisə üçün Ukraynada bu rəqəm 1,2 faiz, Rusiyada 1,5 faiz).

Lakin elmin maliyyələşdirilmə həcminin sadəcə artırılması da bazar iqtisadiyyatı şəraitində onun rəqabət aparma qabiliyyətinin yüksəldilməsi üçün kifayət edəcək tədbir hesab edilə bilməz. Ona görə də elmə ayrılan vəsaitlərin paylanmasında effektiv mexanizm olmalıdır ki, bu vəsaitlərin az əhəmiyyətli mövzulara səpələnməsindən qaçmaq və respublika üçün strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən nəticələri gözlənilən prioritet elmi-texniki istiqamətlərə yönəltmək mümkün olsun.

Bununla yanaşı, elmi tədqiqatların yalnız dövlət büdcəsi hesabına maliyyələşdirilməsi məsələsinə arxayın olmaq düzgün hesab edilə bilməz. Fundamental elm, dünya təcrübəsinin göstərdiyi kimi, özü sərbəst pul qazana bilər və qazanmalıdır. Bunun üçün təcrübədə kifayət qədər sınaqdan keçirilmiş tədbirlər mövcuddur (texnologiyaların transferi, lisenziyaların satılması və b.). Məsələn, müxtəlif profilli kiçik və orta şirkətlərdən ibarət (konsaltinq, marketinq, lizinq, reklam, servis xidməti, sertifikasiya və s.) şəbəkənin yaradılması mümkündür. Bütün bunlar xüsusi iqtisadi zonada bütövlükdə, vahid "xırda tədqiqat biznesi" adlanan infrastruktur əmələ gətirir. Belə həssas infrastrukturun məqsədi bu və ya digər perspektivli elmi işlənilmə ideyasının sənədləşdirilməsindən başlamış hazır məhsulun dizaynına, onun sertifikat və satışınadək tam innovasion mənimsənilmə tsiklini təmin etməkdən ibarətdir.

 

Elmi müəssisələrin maddi-texniki bazasının modernləşdirilməsi

Respublikanın elmi müəssisələrində əksər "sovet" dövründən qalmış avadanlıq və digər cihazlar mövcuddur. Təbii ki, bunlar köhnəldiyindən müasir tələblərə cavab vermir. Vəziyyəti yaxşılaşdırmaq üçün, fikrimizcə, "Azərbaycan Respublikasının elmi müəssisələrin maddi-texniki bazasının modernləşdirilməsi dövlət proqramı" işlənib hazırlanmalı və qəbul edilməlidir və akkreditasiya olunmuş elmi müəssisələr, onların ehtiyacı, statusu və reytinqi nəzərə alınmaqla ardıcıl təchiz edilməlidir.

 

Azərbaycan elmi üçün kadrların hazırlanması, onların ixtisaslaşdırılmasının artırılması və sosial müdafiəsi

Azərbaycan Prezidentinin 10 aprel 2008-ci il sərəncamında qeyd edilmişdir ki, "...ölkədə aparıcı alimlər nəslinin ahıllaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının məhdudlaşması təhlükəsini yaratmışdır". Bu sənəddə habelə "...ölkənin elmi kadr potensialının yüksəldilməsi və onun sosial müdafiəsinin gücləndirilməsi" məsələsi qarşıya qoyulur. Bundan irəli gələrək, 2010-cu ilin fevral ayında cənab Prezidentin imzaladığı sərəncamla respublikada yuksək ixtisaslı gənc istedadların dövlət himayəsi yolu ilə hazırlanması nəzərdə tutulmuşdur.

 

Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi Azərbaycan dövlətinin siyasətinə xidmət etməlidir

Azərbaycan Respublikasının Prezidentinin 10.04.2008-ci il tarixli sərəncamında tamamilə ədalətli olaraq qeyd edilmişdir ki, "Bizim ayrı-ayrı alimlərimiz tərəfindən dünyanın aparıcı elmi mərkəzləri ilə işgüzar əlaqələrin yaradılması, onların nüfuzlu konfranslarda iştirakı, elmin inkişafına gözlənilən effekti vermir". Çünki əcnəbi alimlərlə nadir təmaslar yaradıcı kollektivlərin uzunmüddətli elmi əməkdaşlıqını əvəz edə bilməz. Bu yalnız alimlərimizin ayrı-ayrı nüfuzlu forumlarda iştiraklarına rəğmən, müştərək nəşrlərlə məhdudlaşır və sıx elmi əməkdaşlığa çevrilmir. Zənnimizcə, beynəlxalq elmi əməkdaşlıq sistemli hal daşımalı və dövlət himayəsinə malik olmalıdır (hazırda o, əsas etibarilə, bu himayəni xarici fondların qrantları hesabına reallaşdırır). Bu istiqamətdə bir çox məsələlərin həlli zəruridir:

Azərbaycan elminin prioritet sahələrində müştərək elmi strukturların (laboratoriyalar, mərkəzlər və s.) yaradılması;

Dövlət tərəfindən akkreditasiya olunmuş elmi müəssisələrin nüfuzlu beynəlxalq təşkilatlarda (UNESCO, İCSU və s.) koordinasiya edilən çoxtərəfli proqram və layihələrdə iştirakı.

Bu və ya digər tədbirlərin həyata keçirilməsi nəinki beynəlxalq elmi əlaqələrin möhkəmlənməsinə imkan verəcək, habelə dünya arenasında - elm aləmində - Azərbaycanın əməkdaşlığa hazır olan, sivil, mədəni inkişaf etmiş ölkə imicinin yüksəlməsinə xidmət edəcəkdir.

 

 

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər

Akademiyasının vitse-prezidenti,

Geologiya İnstitutunun

direktoru, akademik

 

Azərbaycan.- 2010.- 27 aprel.- S.  8.