Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvləri XİN-də olmuşlar

 

Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) bildirmişlər ki, qurumun idarə heyətinin üzvləri Xarici İşlər Nazirliyində (XİN) nazir, müavini Mahmud Məmmədquliyevlə görüşmüşlər.

M.Məmmədquliyev bildirmişdir ki, XİN əsasən, xarici siyasət məsələləri ilə məşğul olsa da, onun fəaliyyətinin mühüm hissəsi iqtisadi məsələlərlə əlaqədardır. Bu baxımdan qurum öz fəaliyyətini əsasən üç istiqamətdə qurur. Bu istiqamətlərdən birincisi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərinin imkanlarından istifadə edərək ölkəmizin sahibkarları üçün yeni iş potensialının yaradılmasıdır. İkinci istiqamət Azərbaycanda istehsal olunan məhsulların və xidmətlərin xarici bazarlara çıxarılmasına dəstək verilməsidir. Üçüncü məsələ Azərbaycanın müvafiq əlverişli şərtlərlə çoxtərəfli ticarət sisteminə daxil olmasını, yəni, Dünya Ticarət Təşkilatına üzv olmasını təmin etməkdir.

Nazir müavini qeyd etmişdir ki, XİN bu və digər məsələlərə dair ATİB ilə yaxından əməkdaşlıq etməyə hazırdır.

ATİB-in sədri Fatimə Aslan rəhbərlik etdiyi birliyin fəaliyyəti haqqında qısa məlumat vermişdir. Bildirmişdir ki, iş adamları xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki səfirliklərimizin, nümayəndəliklərimizin yaxın və isti münasibətini həmişə hiss edirlər. Buna görə Xarici İşlər Nazirliyinə minnətdardırlar. ATİB sözügedən istiqamətlər üzrə fəaliyyətini, XİN ilə əlaqələri daha da genişləndirməyə çalışacaqdır.

Daha sonra görüşdə müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2010.-  27 aprel.- S.  8.