Türkün soyqırımı

 

Ermənilərin azərbaycanlılara və Anadolu türklərinə qarşı törətdikləri soyqırımı faktların dili ilə

 

Soyqırımı - bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma soyqırımını tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Əslində isə tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsr boyu ən dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.

 

Sovet dövründə azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti

 

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kommunist və bolşevik qiyafəsinə girmiş daşnakların əl-qolu daha da açıldı. Bolşevik rejimi və mərkəzi sovet hökuməti tərəfindən himayə olunan və hər cür kömək alan ermənilər, əvvəlki yazıda qeyd etdiyimiz kimi, Zəngəzuru ələ keçirdilər. Naxçıvan və Qarabağı Azərbaycandan qoparmağa çalışdılar. 70 illik sovet hakimiyyəti dövründə mərkəzin köməyi ilə ermənilər, bir tərəfdən öz ərazilərini Azərbaycan torpaqları hesabına daim genişləndirir, digər tərəfdən isə bütün vasitələrdən istifadə edərək azərbaycanlıları tutduqları ərazilərdən sıxışdırıb yalnız ermənilərdən ibarət "türksüz Ermənistan" yaratmaq siyasəti yeridirdilər.

Cənubi Qafqazın sovetləşməsindən məkrli niyyətləri üçün istifadə edən ermənilər tez bir zamanda "bolşevikləşərək" Azərbaycan xalqına qarşı soyqırımı siyasətini Azərbaycan SSR-in özündə də qəddarlıqla həyata keçirə bilmişdilər. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycan SSR-də rəhbər vəzifələrə soxulmuş ermənilərin əli ilə, rəsmi məlumatlara görə, daha 48 min nəfər azərbaycanlı məhv edilmişdi. Bu proses 30-cu illər repressiyası dövründə xüsusi xidmət orqanlarında yuva salmış xain xislətli ermənilər tərəfindən daha məkrli şəkildə davam etdirilmiş, nəticədə xalqımızın yüzlərlə say-seçmə ziyalısı - şairlər, alimlər məhv edilmiş, elm və mədəniyyətimizə ağır zərbə vurulmuşdur.

XX əsrin 20-30-cu illərində Azərbaycanın Zəngəzur qəzası və bəzi əraziləri SSRİ hökumətinin qərarı ilə Ermənistana birləşdirilmişdir. İkinci dünya müharibəsi ərəfəsində kütləvi kolxoz hərəkatı həyata keçiriləndə Ermənistan SSR-dən repressiyaya məruz qalanların əksəriyyəti azərbaycanlılar idi.

XX əsrin 30-cu illərində indiki Ermənistanın Vedibasar, Zəngibasar, Qəmərli, Dərələyəz, Ağbaba və digər bölgələrinin 50 min nəfərdən artıq azərbaycanlı əhalisi Qazaxıstan çöllərinə sürgün olunmuşdu. Sərt iqlim şəraitinə uyğunlaşa bilməyən azərbaycanlıların xeyli hissəsi tələf olmuşdu. Sürgün müddətini başa vurmuş bir çox azərbaycanlılar isə sonralar müxtəlif bəhanələrlə Ermənistana buraxılmamışdılar.

Ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları 1941-45-ci illər müharibəsindən sonra yenidən baş qaldırdı. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir əsaslı səbəb göstərmədən İttifaq hökuməti qarşısında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini irəli sürdü. İstədiyinə nail ola bilməyən Ermənistan rəhbərliyi bu dəfə başqa bir hiyləyə əl atdı: guya "xaricdən gələn erməniləri yerləşdirmək üçün onların torpaqları çatmır"; Azərbaycan SSR-in Kür-Araz ovalığında isə pambıqçılığı inkişaf etdirmək üçün qüvvəsi çatışmır; Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Kür-Araz ovalığına köçürülməsi bu məsələlərin hər ikisinin "həllinə" imkan verərdi. Azərbaycan rəhbərliyi ilə gizli surətdə razılaşdırılmış bu təklif SSRİ rəhbərliyinin - şəxsən Stalinin qarşısında qaldırıldı və ermənilər istədiklərinə nail oldular. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin "Ermənistan SSR-də yaşayan kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar imzaladı. Qərarın birinci bəndində deyilirdi: "1948-50-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər, 1950-ci ildə isə 50 min nəfər köçürülsün". Qərarın axırıncı - 11-ci bəndində isə Ermənistan SSR Nazirlər Sovetinə tapşırılırdı ki, Kür-Araz ovalığına köçürülən azərbaycanlıların evlərində xaricdən gələn ermənilər yerləşdirilsin.

Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi 1950-ci ilə qədər deyil, 1953-cü ilə, Stalinin ölümünə qədər davam etmişdir. Ermənistanın dağlıq-yaylaq rayonlarından köçürülən əhalinin əksəriyyəti Kür-Araz ovalığının isti iqlim şəraitinə alışa bilmir, kütləvi surətdə qırılır, digər hissəsi isə Azərbaycanın dağ rayonlarına qaçır və ya geri qayıdırdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci ilin mayında ölkəmizin müstəqilliyi - Respublika Günü münasibətilə xalqımızın başına gətirilən bu müsibətlə bağlı demişdir: "Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusilə dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru-düzgün qiymət verə bilməmişik. Biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar".

Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" xüsusi fərman imzalamışdır. Bu fərmanla həmin məsələlərin hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması üçün Prezidentin özünün sədrliyi ilə geniş tərkibdə dövlət komissiyası yaradılmışdı. Azərbaycan xalqına qarşı törədilən tarixi ədalətsizliklər - zorakı köçürmələr yalnız bu fərmandan sonra geniş surətdə öyrənilməyə və beynəlxalq ictimaiyyətə çatdırılmağa başlanmışdır.

Erməni millətçiləri XX əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı iyrənc mənəvi təcavüz kampaniyasına başlayaraq, mədəniyyətimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu "sübut etməyə" cəhdlər göstərir, bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq üçün ən çirkin böhtan və iftiralara əl atırdılar. Bunun ardınca isə ermənilərin 1987-ci ildən törətdikləri yeni münaqişənin - qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı Ermənistandakı tarixi-etnik torpaqlarından qovuldu. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılması haqqında qeyri-konstitusion qərar qəbul edildi. Azərbaycan xalqı o zaman SSRİ-nin partiya və dövlət rəhbərliyini ələ keçirmiş ermənipərəst M.S.Qorbaçovun göstərişi ilə SSRİ hökumətinin bu açıq-aşkar işğalçılıq aktına heç bir mənfi reaksiya verməməsini qəzəblə qarşıladı və siyasi etiraz aksiyalarına əl atmaq məcburiyyətində qaldı. Etiraz mitinqlərində torpaqlarımızın işğalı siyasəti hamılıqla lənətləndi. Buna cavab olaraq SSRİ hökuməti Azərbaycanda getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya əsasən ehtiyatda olan erməni əsgər və zabitlərindən təşkil edilən qoşun hissələri yeritdi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə dinc azərbaycanlı məhv və şikəst edildi, yaralandı, müxtəlif fiziki təzyiqlərə məruz qaldı (132 adam öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, bir çoxları itkin düşdü).

1988-ci ildən ermənilərin təcavüzü ilə başlayan və hələ də həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün uzunmüddətli ağır problemə çevrilmişdir. Nəticədə Azərbaycan ərazisinin 20 faizini təşkil edən 12 rayonu işğal olunmuş, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün düşmüş, 30 min nəfər azərbaycanlı öldürülmüş, 20 min nəfəri yaralanmış, 50 mindən artıq insan ömürlük əlil olmuş, 783 soydaşımız əsir alınmış, 5 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Müharibə nəticəsində 877 şəhər, qəsəbə, kənd dağıdılmış və yandırılmış, 4 mindən çox təhsil, 2 mindən çox mədəniyyət ocağı, 700 səhiyyə müəssisəsi, məscidlər, məbədlər, tarixi abidələr, muzeylər və digər sosial obyektlər məhv edilmişdir. Bütövlükdə XX əsr ərzində 1,5 milyon azərbaycanlı erməni qəsbkarlarının əli ilə soyqırımına məruz qalaraq qətlə yetirilmiş, 2 milyon vətəndaşımız qaçqına, didərginə çevrilmişdir.

 

Xocalı soyqırımı

 

1992-ci ilin fevralında ermənilər Azərbaycanın Xocalı şəhərinin əhalisinə vəhşicəsinə divan tutdular. Azərbaycan tarixində daha bir dəhşətli soyqırımı - Xocalı soyqırımını törətdilər; dinc azərbaycanlılar ağır işgəncələrə məruz qaldı, əsir götürüldü, məhv edildi, şəhər isə yerlə yeksan olundu. Təkcə fevralın 25-dən 26-na keçən gecə tərkibində xeyli erməni əsgər və zabiti olan Rusiyanın Qarabağdakı 366-cı motoatıcı alayı ilə birgə Xocalıya hücum edən ermənilər 613 azərbaycanlını (o cümlədən, 106 qadını, 63 uşağı, 70 qocanı) qətlə yetirdilər. Xocalı faciəsi zamanı 487 nəfər soydaşımız ömürlük şikəst oldu, 1275 dinc sakin əsir alındı, 150 nəfər itkin düşdü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 70 uşaq isə bir valideynini itirdi. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər.

Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımlarının siyasi baxımdan qiymətləndirilməsinə Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində başlansa da, ona əsl və tam siyasi qiymət həmin illərin sonunda verilmişdir. Bu qiymət Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bütün dolğunluğu ilə əksini tapmışdır. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisənin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".

Həmin fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

 

 

Hazırladı: Rəşad CƏFƏRLİ,

 

(Əvvəli qəzetin 10, 11, 12, 13, 16, 19 mart və¸13 aprel tarixli nömrələrində)

 

Azərbaycan.- 2010.-  27 aprel.- S.  10.