Dağlıq Qarabağ - Cənubi Qafqazın münaqişəsi

 

Pakistanda çıxan "Pulse" qəzeti İslamabaddakı Qayd Əzəm Universitetinin professoru, politoloq İştiaq Əhmədin "Dağlıq Qarabağ - Cənubi Qafqazın münaqişəsi" sərlövhəli məqaləsini dərc etmişdir. Məqalənin tərcüməsini oxucuların diqqətinə çatdırırıq.

1991-ci ildə Sovet İttifaqının dağılmasını qansız-qadasız hadisə kimi qiymətləndirmək olardı. Lakin bu dağılma Azərbaycanın cənub-qərbində ermənilərin çoxluq təşkil etdiyi anklav üstündə Azərbaycanla Ermənistan arasında qanlı müharibənin başlamasına rəvac verdi. Müharibədə Rusiya Ermənistanı dəstəkləmiş, Ermənistan Dağlıq Qarabağdakı erməniləri himayə etmiş, azərbaycanlılar oradan məcburi şəkildə çıxarılmış, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, bir milyondan artıq azərbaycanlı yurd-yuvasından didərgin düşmüş və əksəriyyəti azərbaycanlı olmaqla 30 mindən çox adam həlak olmuşdur. Rusiyanın vasitəçiliyi ilə 1994-cü ildə iki dövlət arasında atəşkəs elan olunmuş və müharibə dayandırılmışdır.

Müharibə zamanı və ondan sonra BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən bir neçə qətnamə qəbul etmiş, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın erməni idarəçiliyini tanımaqdan imtina etmişdir. 1997-ci ildə Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk qrupu iki ölkə arasında münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətə başlamışdır. Lakin onların səyləri Rusiyanın təhriki ilə Ermənistan tərəfindən həmişə əngəllənmişdir.

2008-ci ilin noyabrında Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev və Ermənistan Resrublikasının Prezidenti Serj Sarkisyan danışıqlara başlamışlar. Yanvarın 27-də Soçi şəhərində Rusiya Prezidenti Dmitri Medvedevlə görüş zamanı münaqişənin həllinə dair sazişin preambulası razılaşdırılmışdır. Hər iki rəhbər Madrid sənədindəki razılaşdırılmamış məqamlarla əlaqədar öz təkliflərini göndərməyə razılıqlarını vermiş, 20 illik münaqişənin tənzimlənməsi üçün Minsk qrupunun təqdim etdiyi təkliflər ətrafında müzakirələr aparılmışdır. 2007-ci ilin sonunda qəbul edilmiş prinsiplər münaqişə bölgəsinə Ermənistan tərəfdən keçidi saxlamaqla Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərin geri qaytarılmasını ehtiva edir. Bundan əlavə, şərtlərdə Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsi, deportasiya olunmuş əhalinin qayıtması və beynəlxalq sülhməramlıların yerləşdirilməsi əks olunmuşdur.

Son illər münaqişənin həlli istiqamətində Rusiyanın vasitəçilik səylərinin fəallaşdığı görünür. S.Sarkisyan və Prezident İlham Əliyev 2008-ci ilin noyabr ayında D.Medvedevlə görüş zamanı imzaladıqları beş müddəadan ibarət bəyannamənin şərtlərinə uyğun olaraq problemin sülh yolu ilə həllinə çalışacaqlarını bildirmişlər. Ötən il hər iki prezident iki dəfə Medvedevlə birlikdə olmaqla altı dəfə görüşmüşdür. Ötən illər Rusiya, həmçinin, Cənubi Qafqazda hərbi gücünü nümayiş etdirmiş, 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanı zorla Gürcüstandan ayırmışdır. Eyni zamanda, Rusiyanın regiona baxışı praqmatikdir. Moskva həm Türkiyə, həm də Azərbaycanla enerji sahəsində saziş imzalamışdır. Yanvar ayının əvvəllərində Rusiyanın "Qazprom" şirkəti 2011-ci ildə Azərbaycandan alacağı qazın həcminin dörd dəfə artırılacağını bəyan etmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Rusiyanın Baş naziri Vladimir Putin Türkiyədə 2.5 milyard dollar dəyərində olan Samsun-Ceyhan neft kəmərinin tikintisinə diqqəti artıracaqlarını vurğulamışlar.

Rusiyanın Gürcüstana kəskin yanaşmasından sonra Qarabağ münaqişəsi ilə əlaqədar siyasətində praqmatik dəyişiklik məqbul siqnaldır. Sovet İttifaqının varisi və regionda əsas güc sahibi olan, "yaxın xaric" adlanan Rusiya təhlükənin başlıca mənbəyi və ya sülhün əsas səbəbi kimi çıxış edə bilər. Dağlıq Qarabağda yaşayan erməni əhalisinə geniş dəstək verməyə məcbur olan könülsüz dövlət Ermənistandır. 1997-ci ilə qayıdaq. Madrid planı bəyan edilən zaman Ermənistan prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa dair danışıqlara getməyə cəhd göstərmiş, amma erməni xalqı tərəfindən xain adlandırılmış və zorla istefaya göndərilmişdir.

Bu bir faktdır ki, Ermənistan hökuməti və xaricdə yaşayan diaspor üçün Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münasib olardı və bu prosesin beynəlxalq vasitəçilik və ikitərəfli danışıqlar müstəvisində aparılmasına səy göstərilərdi. Keçən il Türkiyə və Ermənistan arasında yaxınlaşma və bu istiqamətdə dövlət katibi H.Klintonun simasında ABŞ hökumətinin vasitəçiliyi ermənilərin şovinist görüşlərini praqmatik müstəviyə keçirməyə, Yerevanın özünü saldığı iqtisadi blokadadan çıxmasına kömək göstərməyə çalışmışdır.

Ermənistandan fərqli olaraq, Azərbaycan Xəzər dənizindəki karbohidrogen sərvətlərindən və strateji mövqelərindən, əsasən də, Bakı-Ceyhan neft kəməri vasitəsilə Gürcüstan və Türkiyə ərazisindən Avropaya qaz və neft nəqlindən gəlir götürməkdədir. Ölkə regiona və uzaq məsafələrə, hətta Çinə də kəmər çəkilməsi mümkün olmaqla neft və qaz ixracatçısı kimi mərkəzi yer tutmuşdur. Ruslar karbohidrogen yataqlarının istismarında xarici tərəfdaşlara mane olmaq yox, bu layihələrdə iştirak etməli olduqlarını başa düşmüşlər.

Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın hələ də ən böyük problemi olaraq qalan Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Ümid edilir ki, Azərbaycanın ərazi bütövlüyü və siyasi suverenliyi ən qısa zamanda bərpa olunacaq, sovet kommunist rejiminin süqutundan sonra müstəqil dünyəvi müsəlman ölkəsi kimi formalaşan Azərbaycan militarist erməni millətçiliyinin təcavüzündən xilas olacaqdır.

Dağlıq Qarabağ anklavı Azərbaycanın tərkib hissəsidir. Bura Azərbaycanın tarixinin, incəsənət və mədəniyyətinin başladığı yerdir. Üç əsrdir ki, regionda demoqrafik vəziyyət rus çarizmi və onun varisi olan kommunist rejimi tərəfindən "parçala və hökm sür" şüarı ilə dəyişdirilmişdir. 1920-ci ildə bu bölgəyə Azərbaycan Respublikasının tərkibində muxtariyyət verilmişdir. 1988-ci ildə Moskvanın təhriki ilə Dağlıq Qarabağda münaqişə başlanmışdır. Sovet İttifaqının keçirdiyi son aksiyalardan biri 20 il bundan öncə Azərbaycanın paytaxtına, Bakı şəhərinə hərbi təcavüz olmuşdur. Gözlənildiyi kimi, az sonra Sovet İttifaqı parçalandı, 1991-ci ildə Ermənistanla Azərbaycan arasında müharibə başladı.

Ümidverici haldır ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərində müdriklik və səbir nümayiş etdirir. Halbuki 1990-cı illərin əvvəllərində müharibənin gedişində ermənilər minlərlə azərini öldürmüş, bir milyon Azərbaycan vətəndaşı doğma ev-eşiyindən didərgin salmış, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etmiş, Dağlıq Qarabağı qeyri-qanuni olaraq müstəqil elan etmişlər. Prezident İlham Əliyev yalnız bir şərtlə - Azərbaycanın ərazi bütövlüyünə və siyasi suverenliyinə xələl gətirməmək şərti ilə bölgədəki erməni çoxluğu ilə barışığın tərəfdarıdır və onlara Ermənistanla əlaqə dəhlizini də nəzərdə tutan maksimum muxtariyyət verməyə hazırdır. Bu isə ən azı, hüquqa və mənəviyyata söykənən mövqedir.

 

 

İştiaq ƏHMƏD,

Qayd Əzəm Universitetinin

professoru

 

Azərbaycan.- 2010.- 27 aprel.- S.  10