Milli mətbuatımızın şanlı səhifəsi

 

Şərqin ilk satirik jurnalı "Molla Nəsrəddin"in nəşrinin 104-cü ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində ənənəvi "Mirzə Cəlil günləri" keçirilmişdir.

Universitetin Tələbə Teatr Studiyasında əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rejissorluğu ilə səhnələşdirilmiş "Ölülər" tragikomediyası yeni quruluşda göstərilmişdir. Tələbələrin IX karikatura sərgisi isə Azərbaycanda karikatura sənətinin də təməlini qoymuş "Molla Nəsrəddin" jurnalının mübariz ruhunun yaşadılması, Naxçıvanda karikatura məktəbinin formalaşması, tələbə rəssamların siyasi-ideoloji düşüncə və sənətkarlıq cəhətdən inkişafı istiqamətində böyük nailiyyət kimi qarşılanmışdır. Silsilə tədbirlər "Molla Nəsrəddin və müasir dövr" elmi konfransı ilə yekunlaşmışdır.

Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan demokrat ədib, naşir-publisist Cəlil Məmmədquluzadənin yaradıcılığını böyük azərbaycannamə kimi dəyərləndirərək qeyd etmişdir ki, ötən il mirzəcəlilşünaslıq tarixinə əlamətdar hadisə kimi daxil olmuşdur: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi haqqındakı 6 fevral 2009-cu il tarixli qərarı ilə bir sıra yaddaqalan tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin dəstəyi ilə işıq üzü görən yubiley nəşrləri isə poliqrafik, elmi-ideoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Sonra universitetin "Pedaqogika və psixologiya" kafedrasının müdiri, pedaqoji elmlər namizədi, dosent Vahid Rzayev "Pedaqoji fikrimizin "Molla Nəsrəddin" mərhələsi", Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent Yusif Hüseynov "Molla Nəsrəddin"in maarifçi dünyagörüşü", Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Əbülfəz Əzimli "Molla Nəsrəddin"də İstanbul", AMEA Naxçıvan bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Aygün Orucova "Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı" mövzularında məruzələrlə çıxış etmişlər. Konfransda fotoslaydlar və kitab sərgisi də nümayiş etdirilmişdir.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2010.-  27 aprel.- S.  12.