Hərbçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənməsi qaydaları təkmilləşdirilir

 

Aprelin 22-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdə iki məsələnin olduğunu bildirdi.

Əvvəlcə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə və dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə olundu. Komitə sədri Ziyafət Əsgərov bildirdi ki, layihədə "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci bəndinə "Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir" məzmununda iyirminci abzasın əlavə edilməsi təklif olunur.

Layihədə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 121-ci maddəsinə də eyni məzmunda ikinci hissənin əlavə olunması, həmçinin bu maddənin ikinci cümləsinin çıxarılması öz əksini tapıb.

Qısa müzakirədən sonra komitə üzvləri layihənin parlamentin plenar iclasının müzakirəsinə çıxarılmasını tövsiyə etdilər.

Sonra "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi (üçüncü oxunuş) müzakirə olundu. Qüvvəyə mindikdən sonra bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydalarını müəyyən edəcək. Layihədə Milli Məclisə də səlahiyyətlər verilir. Belə ki, layihəyə əsasən hərbi və kontingentin və ayrı-ayrı hərbi qulluqçuların sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilməsi, hərbi və mülki heyətin geri çağırılması məsələləri parlamentin səlahiyyətlərinə aiddir. Həmçinin müvafiq icra hakimiyyəti orqanının Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı barədə Milli Məclisə illik məruzə təqdim etməsi də layihədə əksini tapıb.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov parlamentdə birinci və ikinci oxunuşlarda müzakirələrdən sonra layihəyə bir sıra düzəlişlər edildiyi barədə məlumat verdi.

Komitə üzvləri qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər.

Sonda layihənin üçüncü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına çıxarılması məqsədəuyğun sayıldı.

 

 

Azərbaycan.- 2010.-  23 aprel.- S.  1.