Rusiya Federasiya Şurasında MDB ölkələri
parlament aparatlarının
rəhbərləri ilə
görüş keçirilmişdir
Federasiya Şurasında MDB parlamentləri aparatlarının rəhbərlərinin işçi görüşü keçirilmişdir. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi görüşdə MDB ölkələri parlamentlərinin nümayəndələri, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin MDB Parlamentlərarası Assambleyasında rəsmi nümayəndəsi Aydın Cəfərov və başqaları iştirak etmişlər.
Federasiya Şurası Aparatının rəhbəri Vladimir Svinaryov qonaqları aparatın işi, struktur bölmələri ilə tanış etmişdir. O, palatanın fəaliyyətindən danışmış, plenar iclasların keçirildiyi zalın təchizatını nümayiş etdirmişdir. V.Svinaryov demişdir: "Biz Federasiya Şurasının üzvləri üçün iş şəraitinin tam rahat və müasir olması üçün əlimizdən gələni etmişik". O, qonaqlara maraqlı tarixi faktlar barədə məlumat verərək demişdir ki, 1810-cu ildə I Aleksandr Dövlət Şurasını təsdiq etmişdir. Məşvərət və qanun hazırlığı funksiyalarına malik bu qurum gələcək Rusiya parlamentinin yuxarı palatası kimi müəyyən edilmişdi. Federasiya Şurası Aparatının başçısı demişdir: "Dövlət Şurasının fəaliyyətini təmin etmək üçün Dövlət Dəftərxanası yaradılmışdı. Müasir qanunvericilik orqanının aparatı onun əsasında yaradılmışdır. Dövlət Dəftərxanası kargüzarlıqla yanaşı, bütün qanunvericilik təkliflərinin müzakirəyə təqdim olunması ilə məşğul idi. Beləliklə, demək olar ki, Rusiya parlamenti yuxarı palatası aparatının iki əsr yaşı vardır".
Birlik ölkələrindən gəlmiş qonaqlar Federasiya Şurasında işin təşkili, palatanın fəaliyyətinin əsas istiqamətləri ilə tanış olmuşlar.
Azərbaycan nümayəndə heyəti həmkarları ilə birlikdə Moskvaya ikigünlük səfər çərçivəsində RF Dövlət Dumasında və Hesablama Palatasında görüşlər keçirəcəkdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 23
aprel.- S. 2.