Bakıdan dünyaya sülh çağırışı

 

Prezident İlham Əliyev: "Biz qloballaşma dedikdə dünyəvi dostluğu və əməkdaşlığı nəzərdə tuturuq"

 

Dünya vahid bir orqanizmdir, millətlər, xalqlar isə bu orqanizmin əzaları. Bu əzalardan ən kiçiyi belə yaralansa, ağrısını bütün orqanizm çəkəcəkdir. Yaşadığımız dünya bü gün belə bir vücud formasındadır. Görünür buna da səbəb qloballaşmadır ki, artıq nəinki millətlər, xalqlar, eyni zamanda dinlər və sivilizasiyalar da bir-birindən ayrı formalaşa və inkişaf edə bilmir, bir-birinə bağlıdır. Bunu deyərkən 1998-ci ildə Bakıda "İslam sivilizasiyası Qafqazda" mövzusunda keçirilmiş beynəlxalq simpozium və 2002-ci il oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan hökumətinin dəstəyi ilə paytaxtımızda "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda reallaşan beynəlxalq konfrans yada düşür. Dünyanın əksər ölkələrinin dini rəhbərlərinin qatıldığı həmin konfranslarda ulu öndər Heydər Əliyev iştirak edərək tarixi çıxışı ilə dünyanı terrorizm bəlasından birgə qurtarmağa və hər cəmiyyətin mənəvi saflığını qorumaq üçün dinin rolunu gücləndirməyə çağırmışdı.

Doğrudan da, cəmiyyətin mənəvi saflığının qorunub saxlanmasında dini dəyərlərin rolu əvəzsizdir. Azərbaycanın davamlı iqtisadi inkişafını gözü götürməyən, milli adət-ənənələrimizə, dünyagörüşümüzə, həyat tərzimizə zidd olan bir çox mənfi halları təlqin etməyə həm Qərbdən, həm də Şərqdən "təşrif buyurmuş" emissarlar ölkəmizdə təxribatlar törətməyə çalışsalar da, dövlətimiz və cəmiyyətimiz, elm və din xadimlərimiz bu cür halların qarşısını qətiyyətlə alır, ictimaiyyət də dövlətin bu istiqamətdə apardığı siyasəti dəstəkləyir.

Azərbaycan müxtəlif millətlərə, dinlərə etnik qruplara mənsub insanlar arasında nifaq yaradan səbəblərin aradan qaldırılmasına xidmət edən tolerantlığı dəstəkləyir. 2002-ci il mayın 22-23-də Bakıda rəsmi səfərdə olmuş Roma Katolik kilsəsinin başçısı II İohann Pavel də bunu etiraf etmişdi. Almaniyanın Azərbaycandakı sabiq səfiri Klaus Qrevlix həmin tədbirdəki çıxışında bu məsələni xüsusi vurğulamışdı: "Bu gün Azərbaycanda dinlər arasında müşahidə olunan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün ölkələr üçün nümunə ola bilər. Azərbaycan artıq təkcə neftini deyil, tolerantlıq da ixrac edə bilər". Bəli, Azərbaycan mövqeyinə, etnik və dini mənzərəsinə görə nəinki Qafqazın, eləcə də dünyanın nadir diyarlarındandır. Məhz burada - Avropa ilə Asiyanın qovşağında, böyük İpək yolunun üstündə qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma şəraitində dinc yanaşı yaşamış, indi də yaşamaqdadır.

Dünya birliyinin terrorizmə qarşı apardığı mübarizədə fəal iştirak edən Azərbaycan xalqı 20 ildən çoxdur ki, terrorizmə məruz qalıb. 1988-ci ildən başlayaraq Azərbaycanın Qarabağ bölgəsində minlərlə insan qətlə yetirildi, uşaq, qadın və qocalar məhv edildi, məcburi köçkün və qaçqına çevrildilər. Onların yeganə "günah"ı azərbaycanlı olması idi. Məlumdur ki, 11 sentyabr hadisələri dünyanın siyasi mühitində və geostrateji proseslərində əsaslı dəyişikliklər edərək hər bir ölkə üçün böyük təhlükə olan terrorizmin dəhşətli simasını bir daha nümayiş etdirdi. Təəssüf ki, ikili standart xəstəliyinə tutulan dünya, xüsusən böyük dövlətlər haqqa-ədalətə göz yümur, işğalçını, etnik təmizləmə aparan dövləti mükafatlandırır, öz torpağını və öz əhalisini müdafiə etmək üçün mübarizə aparan digər xalqı isə cəzalandırır. Dünyada terrorizmin yaranma tarixini hansı alim tədqiq etsə, onun ən qədim köklərini Ermənistanda tapar. Yaratdıqları bütün terror təşkilatları da Azərbaycanı və türk dünyasını məhv etməyə, qırğınlar törətməyə hesablanıb. Lakin beynəlxalq təşkilatlar bu gerçəkliyi qəbul etmək istəmir.

Terrorizmə "yox" deyən beynəlxalq təsisatlar bütün səylərini səfərbər edərək onun mənəvi, iqtisadi, siyasi köklərini məhv etməyə can atmalıykən terrorizmin "beşiyi" olan bir dövləti müdafiə edir.

1992-ci ildə ABŞ Konqresi Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi qəbul edərək Azərbaycanı hökumət səviyyəsində yardımdan məhrum etdi. Bu nəyə bənzəyir? 1941-ci il dekabrın 7-də Yaponiya ABŞ-a hücum edir. Özünü müdafiəyə qalxan Amerika xalqına qarşı başqa bir dövlət isə eynilə bu tipli sanksiya tətbiq edir. Göründüyü kimi, necə absurddur. Biz ABŞ-ın Yuqoslaviyada etnik təmizləmə aparan Slobadan Miloşeviçi necə cəzalandırdığının şahidi olduğumuz kimi, işğalçılıq və etnik təmizləmə siyasəti aparan Ermənistanı necə mükafatlandırdığının da şahidiyik.

...Aprelin 26-da Bakıda dünya dini liderlərinin "Qloballaşma, din, ənənəvi dəyərlər" mövzusunda ikigünlük sammiti öz işinə başladı. Sammitdə 33 ölkədən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli din xadimi iştirak edirdi. Həmçinin tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın və Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdı.

Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsinin ənənəvi xarakter aldığını söyləyən Azərbaycanın dövlət başçısı İlham Əliyev sammitdəki çıxışında bu tədbiri böyük əhəmiyyətə malik hadisə adlandırdı: "Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu qardaşlıq şəraitində yaşayıblar. Biz Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk... Mən ümid edirəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti nəticəsində bu gün və sabah qəbul olunmuş və qəbul olunacaq qərarların icrası nəticəsində həm xalqlararası münasibətlər daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda bölgəmiz və dünyamız daha da əmniyyətli olacaqdır". Azərbaycan Prezidenti qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunmasının da vacibliyinə toxundu: "Azərbaycan müasirləşən, dünya birliyinə sürətlə qovuşan ölkədir. Baxmayaraq ki, bizim milli və dini ənənələrimiz çox güclüdür. Biz dünyəvi dövlətik, təbii ki, qloballaşma prosesi bizdən də yan keçə bilməz. Sadəcə olaraq, biz elə etməliyik ki, qloballaşma adı altında öz milli dəyərlərimizə sadiq qalaq. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, dostluğu nəzərdə tuturuq".

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə uzun illərdir Azərbaycanın üzləşdiyi Qarabağ problemindən danışaraq əmin olduğunu bildirdi ki, sammit iştirakçılarının bundan xəbəri var: "İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Biz Ermənistan dövləti ilə münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün səylər göstəririk. Dəfələrlə ermənilərin katalikosu ilə görüşlərimiz olub. Mən ermənilərin katalikosunun dəvətimizi qəbul edib sammitdə iştirak etməsini mühüm amil kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu gün Qarabağın, eləcə də Qafqazın bütün münaqişə bölgələrinin problemləri ədalətli, sülh yolu ilə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində və qarşılıqlı anlaşma çərçivəsində həll oluna bilər".

Moskva və bütün Rusiyanın patriarxı Kirill bəşəriyyətin üzləşdiyi problemlərin həllində dinin rolunun böyük olduğunu söylədi. Dini icmaların cəmiyyətdə sərbəst və azad fəaliyyətinin vacibliyini vurğulayan Kirill terrorçuluğun aradan qaldırılmasının yalnız maarifləndirmə və dinlərarası dialoqla mümkün olduğunu qeyd etdi.

Sammit çərçivəsində QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirildi. Yekun kimi dini liderlər birgə bəyannamə imzaladılar. Bəyannamədə bildirilir ki, sülhə və səbrə səsləyən dinin potensialı barışıq qüvvəsi olmalıdır: "İnanırıq ki, bizim birgə səylərimiz millətlərarası ədavəti dərk etməyə imkan verəcək. Mübahisəli məsələnin hərbi yolla həllinə qayıtmağa yol verməmək həyati əhəmiyyət kəsb edir. Sülhə yönəlmiş səylərimizlə insanların düşmənçiliyin aradan qaldırılmasına olan ümidlərini dəstəkləyəcəyik, çünki müharibə davam edərsə sonu olmayacaq".

Azərbaycan xalqı bu niyyəti alqışlayır və müdafiə edir. Bir şərtlə ki, torpaqlarımız düşmən tapdağından azad edilsin, yerindən-yurdundan didərgin salınmış insanlar vətəninə dönsün, qurub-yaratsın, terrorizm və torpaq işğalı kabusuna son qoyulsun. Dünyamızın gələcəyi naminə ümumi dil taparaq ekstremizmə, terrorizmə, təcavüzkar separatçılığa dəstək verən şər qüvvələrin əməllərinə son qoymağın yeganə yolu var: problemə yalnız haqqın və ilahi ədalətin gözü ilə baxılsın, insanlar dininə, irqinə və milliyyətinə görə dəyərləndirilməsin.

 

 

Azərbaycan.- 2010.-  28 aprel.- S.  1.