Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2010-cu ildə ölkəmizin
zəngin ənənələrə malik ali təhsil müəssisələrindən
olan Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illiyi
tamam olur.
Ötən illər ərzində
respublikamızda təbabətin ən müxtəlif sahələrində
yüksək hazırlığa malik kadrların yetişdirilməsində
və mötəbər elmi mərkəz kimi tədqiqatların
aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan
Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli
töhfələr vermişdir.
Respublikamızda təbabət
sahəsində xidmətlərini nəzərə alaraq, Azərbaycan
Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 80 illik
yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 29
aprel.- S. 1.