Parlament növbəti neft
sazişini təsdiqlədi
Aprelin 27-də Milli Məclisin
növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri
Oqtay Əsədov iclası açıq elan etdi. Deputatlar
öncə gündəliyə və digər məsələlərə
dair təkliflərini verdilər.
Deputat Aqil Abbasov bildirdi ki,
İsrail parlamentində qondarma erməni soyqırımı məsələsi
müzakirə olunacaq. Buna görə o, Azərbaycan-İsrail
parlamentlərarası əlaqələr üzrə
işçi qrupu tərəfindən İsrail parlamentinə
bu məsələ ilə əlaqədar bəyanat göndərilməsini
təklif etdi. Deputat Yevda Abramov isə bildirdi ki, İsrail
parlamenti qondarma erməni soyqırımını müzakirə
etməyəcək. Sadəcə, bu məsələnin
Knessetin gündəliyinə salınıb-salınmaması
müzakirə olunacaq. Yevda Abramovun sözlərinə görə,
İsrail parlamenti əvvəllər olduğu kimi, bu dəfə
də qondarma erməni soyqırımı məsələsini
müzakirə etməyəcək.
Spiker Oqtay Əsədov da
ümidvar olduğunu bildirdi ki, İsrail parlamenti qondarma
soyqırımı məsələsi ilə bağlı
müzakirə aparmayacaq.
Deputat Aydın Mirzəzadənin
çıxışı Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin bir neçə gün əvvəl
Müdafiə Nazirliyində keçirdiyi müşavirə ilə
bağlı oldu. Dedi ki, ölkə
başçısının həmin müşavirədə
söylədiyi fikirlər olduqca əhəmiyyətlidir. Bu
fikirlərdən bəlli olduğu kimi, Azərbaycan Ordusu
düşmənə layiqli cavab verməyə, dövlətimizin
ərazi bütövlüyünü bərpa etməyə
hazırdır. Hamı bilməlidir ki, Azərbaycan ərazi
bütövlüyü məsələsində heç vaxt
güzəştə getməyəcək. Aydın Mirzəzadə
onu da əlavə etdi ki, cəmiyyət Dağlıq
Qarabağ problemi ilə bağlı Azərbaycan Prezidenti
İlham Əliyevin mövqeyini qətiyyətlə dəstəkləyir.
Deputat Mübariz Qurbanlı
bildirdi ki, erməni lobbisinə bağlı dairələr
Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan
əleyhinə qərarların çıxarılmasına cəhdlər
göstərirlər. Amma Avropa Məhkəməsinin
hansısa qərarının şişirdilməsinə
ehtiyac yoxdur. Biz Azərbaycan məhkəmələrinin
suverenliyi prinsipini əsas götürərək bu cür məsələlərdə
diqqətli olmalıyıq.
Milli Məclis Sədrinin
birinci müavini Ziyafət Əsgərovun da
çıxışı bu mövzuda oldu. Onun sözlərinə
görə, adətən beynəlxalq təşkilatlar Azərbaycana
irad tuturlar ki, guya məhkəmələrimiz siyasiləşib
və işlərə düzgün baxmırlar. Bu, əslində
belə deyil. Azərbaycana öz tövsiyələrini verən
Avropa Şurasının Avropa İnsan Haqları Məhkəməsinin
özü siyasiləşib. Hansı dövlətə təzyiq
etmək lazımdırsa, onunla bağlı qərar
çıxarırlar. Təsəvvür edin, azərbaycanlı
qaçqınlar və məcburi köçkünlər
üç il bundan qabaq Avropa Məhkəməsi
qarşısında məsələ qaldırıblar. Görəsən,
niyə indiyə qədər bu məsələyə
baxılmır? Ermənilər isə çox sonra Avropa Məhkəməsinə
müraciət ediblər. Amma onların məsələsinə
sentyabrda baxılacaq.
Ziyafət Əsgərov onu
da əlavə etdi ki, bu cür məsələlərdə mətbuatı
çaşdırmaq lazım deyil. Avropa Şurasının
heç bir qərarı Azərbaycan üçün məcburi
deyil, tövsiyə xarakteri daşıyır. Avropa İnsan
Haqları Məhkəməsi Azərbaycana deyə bilməz
ki, Eynulla Fətullayevi buraxın. Ona görə Avropa Məhkəməsinin
hansısa qərarından şou düzəltmək lazım
deyil.
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başlandı. İlk olaraq Zakir Qaralovun Azərbaycan
Respublikasının Baş prokuroru vəzifəsinə təyin
edilməsinə razılıq verilməsi haqqında qərar
layihəsi müzakirə olundu. Milli Məclisin Sədri Oqtay Əsədov
bildirdi ki, Zakir Qaralov prokurorluq sistemində bütün mərhələləri
keçərək təcrübə toplamışdır.
Ötən on ildə isə respublikamızın Baş
prokuroru kimi səmərəli fəaliyyət göstərib.
İnanırıq ki, Zakir Qaralov növbəti illərdə də
öz təcrübəsini səmərəli fəaliyyətə,
Azərbaycan Prokurorluğunun inkişafına yönəldəcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, komitənin aprelin 20-də keçirilmiş iclasında bütün komitə üzvləri bu məsələyə müsbət münasibət bildiriblər. Əli Hüseynov onu da qeyd etdi ki, ötən on ildə respublikamızın prokurorluq orqanlarında ciddi islahatlar həyata keçirilmişdir. Ölkəmizdə ilk dəfə məhz prokurorluq orqanlarında şəffaf yolla işə qəbul tətbiq olunmuşdur. Bu gün prokurorluq orqanlarında çalışanların 40 faizi yeni kadrlardır. Prokurorluq orqanlarının korrupsiya ilə mübarizə sahəsində əzmkarlığı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Hazırda prokurorluqla digər hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq mövcuddur. Prokurorluq orqanları öz fəaliyyətlərində dövlətçilik və hüquq prinsiplərini əsas götürürlər.
Deputatlardan Aydın Həsənov, Xanhüseyn Kazımlı, Azay Quliyev və Mübariz Qurbanlı Zakir Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin olunması ilə bağlı təqdimatı yüksək qiymətləndirdilər.
Yekunda qərar layihəsi təsdiq
olundu.
Milli Məclisdə çıxış edən Zakir Qaralov respublikamızın Baş prokuroru kimi məsul vəzifəyə yenidən namizədliyinin irəli sürülməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə etdi və bu böyük etimadı prokurorluq orqanlarının fəaliyyətinə, onun kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Zakir Qaralov ölkənin ali qanunverici orqanı kimi Milli Məclisin rəhbərliyinə və deputatlara onun namizədliyini müdafiə etdiklərinə və ötən illər ərzində uğurlu birgə əməkdaşlığa görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, həqiqətən ötən illər ərzində Milli Məclis və Azərbaycan Prokurorluğu arasında əməkdaşlıq uğurlu olmuşdur. Milli Məclisdə prokurorluğun fəaliyyətini tənzimləyən bir sıra mühüm qanunlar qəbul edilmişdir. Bu gün Azərbaycan prokurorluğunun qazandığı uğurlarda onun mükəmməl hüquqi bazasının olması mühüm rol oynayır.
Prokurorluq sistemində həyata keçirilən islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən işlər və digər məsələlər barəsində məlumat verən Zakir Qaralov çıxışının sonunda qeyd etdi ki, Azərbaycan Prokurorluğu bundan sonra da dövlətçiliyimizin maraqlarının müdafiəsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə işində əzmkarlıqla fəaliyyət göstərəcək.
İclasda növbəti məsələ - "Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-Dəniz" yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Bahar Enerci Limited" və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Saziş 2009-cu il dekabrın 22-də bağlanmışdır. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov layihə barədə geniş məlumat verdi. Qeyd olundu ki, sazişə əsasən "Bahar Enerci Limited"in payı 80 faiz, Ortaq Neft Şirkətinin payı 20 faizdir. Blokda kəşfiyyat işləri üç il müddətinə həyata keçiriləcək. Sazişə əsasən ilk beş ildə mühəndis-texniki işçilərin 70 faizini, fəhlələrin 90 faizini azərbaycanlılar təşkil edəcək. Beş ildən sonra isə mühəndis-texniki işçilərin 90 faizini, fəhlələrin isə 95 faizini azərbaycanlılar təşkil etməlidir.
Qısa fasilədən sonra deputatlar qanun layihəsinin müzakirəsinə başladılar. Deputat İlyas İsmayılov bildirdi ki, "Bahar" və " Qum-Dəniz" yataqları 1960-cı illərdə istismara verilmişdir. Deputatın fikrincə, indi Azərbaycan tərəfindən heç bir sərmayə yatırılmadan bu yataqlarda yenidən xarici investisiyalar hesabına hasilatın yüksəldilməsi və sabit saxlanması böyük uğurdur.
Zahid Oruc isə qeyd etdi ki, "Bahar" və "Qum-Dəniz" neft yataqlarının kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı ARDNŞ və digər iştirakçılar arasında imzalanan saziş Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa, əməkdaşlığa sadiqliyin əyani göstəricisi hesab oluna bilər. Sənəd üzərində peşəkar mütəxəssislərin işlədiyini vurğulayan deputat bildirdi ki, layihədə yer alan hər bir maddə mükəmməl şəkildə hazırlanıb.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qeyd etdi ki, 1994-cü ildən indiyə kimi Azərbaycanla xarici şirkətlər arasında imzalanan neft müqavilələrinə hər hansı kölgə salmaq mümkün deyil: "Çünki fakt və statistika göstərir ki, Azərbaycanın imzaladığı müqavilələrlə müqayisədə daha əlverişli müqavilələr imzalanmayıb. Ərazisinə, əhalisinə, neft-qaz ehtiyatlarına, hasilatına görə Azərbaycandan böyük olan ölkələrin imzaladığı müqavilələri götürün və Azərbaycanın imzaladığı birinci müqavilə ilə müqayisə edin. 1993-cü ildən həmin ölkələrdə işlək olan bir neçə müqavilədən dövlət hələ də mənfəət götürmür. Həmin ölkələrdə elə yataq var ki, neft hasilatını olduğu şəkildə xarici şirkətlərə veriblər. Buna rəğmən yalnız keçən ildən həmin yataq üzrə 20 faiz mənfəət nefti dövlətə çatır. Azərbaycanda isə çoxdan birinci müqavilə üzrə mənfəət nefti 80 faizi keçib". Sədr müavininin sözlərinə görə, Azərbaycanın imzaladığı müqavilələr dövlət mənafeyinin, maraqlarının təmini üçün kifayət qədər düzgün hazırlanıb və imzalanıb. Qanun layihəsi səsə qoyulduqdan sonra qəbul edildi.
Daha sonra "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci oxunuş üçün müzakirəyə təqdim edildi. Məlumat üçün bildirək ki, bu qanun normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul edilməsi, dərc olunması, qüvvəsi, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
Qanun layihəsi barədə deputatlara məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, ölkə Konstitusiyasına edilən son əlavə və dəyişikliklərdən sonra belə bir layihənin hazırlanmasına zərurət yarandı: "Daha dəqiq desək, referendum zamanı normativ hüquqi aktların dərc olunması müddəası gündəmə gəldi. Amma qanunvericilik təşəbbüsü subyekti olan cənab Prezident tərəfindən məsələyə daha geniş yanaşıldı və qərara alındı ki, bütövlükdə normativ hüquqi aktlar haqqında bir qanun təqdim olunsun. Təbii ki, bu özündə normativ hüquqi aktların dərcini də ehtiva edir və bunun zəruriliyi məlumdur".
Komitə sədri bildirdi ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən bildirilmiş iradlar ciddi nəzərdən keçirilib və onların əksər hissəsi düzəldilib.
Qanun layihəsinin müzakirəsi zamanı deputat Jalə Əliyeva bildirdi ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya qanunu hüquqi təminatı və məzmunu ilə xüsusi əhəmiyyət kəsb edir: "Normativ hüquqi aktların hazırlanmasını, rəsmiləşdirilməsini, dərc olunmasını və digər münasibətləri özündə ehtiva edən bu qanunun qəbul edilməsinin zəruriliyi göz qabağındadır. Mən həmkarlarımı bu qanuna səs verməyə dəvət edirəm".
Deputat Əli Məsimli də layihəni müsbət qiymətləndirdi. İlyas İsmayılov bu sənədin qanunyaratma prosesinin hüquqa uyğunluğunun təminatı baxımıdan mühüm olduğunu vurğulayaraq bir sıra irad və təkliflərini diqqətə çatdırdı. Layihənin mükəmməl şəkildə hazırlandığını qeyd edən deputat Baba Tağıyev isə layihədə olan terminlərin Azərbaycan dilində alternativi olan sözlərlə əvəzlənməsini daha məqsədəuyğun hesab etdi.
Qanun layihəsi
ikinci oxunuşda qəbul edildi və bununla Milli Məclis
dünənki işini yekunlaşdırdı.
Azərbaycan.- 2010.- 28
aprel.- S. 2.