Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxmışdır
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxış keçirmişdir.
Paytaxt yollarının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması, yeni körpülərin və yolötürücülərin tikilib istifadəyə verilməsi müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırmışdır. Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərinə müasir tələblərə cavab verən yeni sərnişin avtobuslarının gətirilməsinə başlanmışdır.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirmişdir ki, Koreyanın "DAEWOO" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Bakı şəhərinə BS 090 seriyalı 1000 avtobusun gətiriləcəyi nəzərdə tutulur ki, onlardan 500-ü artıq gətirilmişdir. Bildirilmişdir ki, 24+1 yerli avtobusların ümumi sərnişin tutumu 75 nəfərdir. Sərnişin avtobuslarının texniki göstəriciləri və eləcə də 325, 137, 309 saylı şəhərdaxili avtobus marşrutlarının sxemi barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verilmişdir.
Yeni gətirilən "MAZ" avtobusları barədə də Prezidentə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu avtobusların oturacaqlarının sayı 33, ümumi sərnişin tutumu isə 170 nəfərdir.
Azərbaycan Prezidenti sərnişin avtobuslarının salonundakı şəraitlə tanış olmuşdur.
Tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin yol-nəqliyyat sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 29
aprel.- S. 1.