Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

Aprelin 27-də Rusiya Federasiyası Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin Bakıya səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Stavropol vilayəti qubernatorluğunun təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.

Stavropol vilayəti tədbirdə dövlət qurumlarının nümayəndələri, eləcə də sənaye və energetika, kənd təsərrüfatı, turizm, inşaat, təhsil və digər sahələrdə fəaliyyət göstərən iş adamları da daxil olmaqla, 130-a yaxın nümayəndə ilə təmsil olunmuşdur. Azərbaycan tərəfdən isə biznes forumda dövlət rəsmiləri ilə yanaşı, 80-ə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov açılış nitqi ilə çıxış etmişdir. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini xüsusi vurğulayan Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan-Rusiya strateji əməkdaşlığı özünü ticarət-iqtisadi əlaqələrin inkişafında daha qabarıq göstərir. Ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 1 milyard 816 milyon dollar təşkil etdiyini xatırladan Ə.Həsənov bu göstəricinin ölkəmizin bütövlükdə MDB dövlətləri ilə ticarət dövriyyəsinin 60 faizinə bərabər olduğunu diqqətə çatdırmışdır.

Baş nazirin müavini əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sürətli iqtisadi islahatlar strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun sayəsində Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri sırasına çıxdığını, MDB məkanında isə birinci olduğunu konkret faktlar və rəqəmlərlə nəzərə çarpdırmışdır.

Biznes forumun işinə uğurlar diləyən Ə.Həsənov bu tədbirin Stavropol vilayətinin və Azərbaycanın iş adamları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə, yeni layihələrin reallaşdırılmasına təkan verəcəyinə inandığını bildirmişdir.

Stavropol vilayətinin qubernatoru Valeri Qayevski tədbirə birbaşa Prezident İlham Əliyevlə görüşdən gəldiklərini, Azərbaycanın dövlət başçısı tərəfindən səmimi və mehribanlıqla qəbul edilmələrinin onda və nümayəndə heyətinin digər üzvlərində son dərəcə xoş əhvali-ruhiyyə doğurduğunu minnətdarlıq hissi ilə qeyd etmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyev iqtisadi və təbii potensialına dərindən bələd olduğu Stavropol vilayəti ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini xüsusi vurğulamışdır. 2009-cu ildə Stavropol vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 123 milyon dollar təşkil etdiyini xatırladan qubernator bu göstəricini qat-qat yüksəltmək, xüsusilə kənd təsərrüfatı, qida və emal sənayesi, energetika, inşaat, sanatoriya-kurort və turizm xidmətləri, təhsil və digər sahələrdə qarşılıqlı investisiya yatırımı üçün əlverişli şəraitin olduğunu, biznes forumun bu işdə mühüm rol oynayacağını vurğulamışdır.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin dövlətlərimiz arasında mövcud iqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün geniş imkanlar açdığını diqqətə çatdırmışdır. O, bugünkü tədbirin iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə etmişdir.

Sonra Stavropol vilayətinin ticarət-iqtisadi potensialına həsr olunmuş film-təqdimat nümayiş etdirilmişdir.

Biznes forumda AZPROMO-nun prezidenti Adil Məmmədovun Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkəti icraçı direktorunun müavini Zaur Məmmədovun qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatları qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Stavropol vilayətinin sənaye, energetika, rabitə və nəqliyyat, qida və emal sənayesi, ticarət, kənd təsərrüfatı sahələri üzrə nazirlik və komitələrinin rəhbərləri çıxış edərək diyarda dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına böyük marağın olduğunu vurğulamış, uyğun sahələrdə əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını nəzərə çarpdırmışlar.

Tədbir Azərbaycanın və Stavropol vilayətinin iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  28 aprel.- S.  2.