Azərbaycan-İran parlamentlərarası əlaqələr yeni mərhələdə uğurla inkişaf edir

 

Aprelin 27-də Milli Məclisin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvləri ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Şurası Məclisinin İran-Azərbaycan parlamentlərarası dostluq qrupu arasında görüş keçirildi.

Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun sədr müavini, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qonaqları salamlayaraq bu səfərin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Komitə sədri dedi ki, Azərbaycan İran arasında mövcud çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı ölkələrimiz arasında əlaqələrin inkişafına təsir göstərən mühüm amillərdən biridir. E.İbrahimov qeyd etdi ki, ölkə başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə əməkdaşlığımızın güclənməsinə təkan vermişdir. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərini nəzərdə tutan ən müxtəlif sahələrə dair indiyədək 90-dək sənəd imzalanmışdır. Bu sənədlər gələcək əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün hüquqi əsaslar yaradıb.

Eldar İbrahimov parlamentlərarası əlaqələrin son illər intensivləşdiyini dostluq qrupları arasında gözəl münasibətlərin yaranmasını buna əyani misal kimi göstərdi. Qanunverici orqanlar arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün bu kimi qarşılıqlı səfərlərin təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Komitə sədri Eldar İbrahimov bildirdi ki, bu gün Azərbaycanın üzləşdiyi ən böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İran dövləti münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Komitə sədri əlavə etdi ki, Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək təşəbbüsünü yüksək dəyərləndirir. E.İbrahimov qonaqların diqqətinə çatdırdı ki, Ermənistanla aparılan sülh danışıqları nəticə verməsə, Azərbaycan tərəfi digər vasitələrdən istifadə edərək torpaqlarımızı işğaldan azad edəcəkdir.

İran İslam Respublikasının İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun sədri Seyid Kazım Musəvi bildirdi ki, İran Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. Qonaq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını problemin tezliklə sülh yolu ilə həllinə ümid etdiklərini bildirdi.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

 

 

Azərbaycan.- 2010.- 28 aprel.- S.  2.