Heydər Əliyevin siyasi irsi milli ideologiyanın inkişafına xidmət edir

 

Tarixən hər bir müstəqil dövlətin yaranmasını, inkişafını, möhkəmlənməsini və davamlı olmasını digər tarixi-siyasi səbəblərlə yanaşı, xalqı bu dövlətin ətrafında birləşdirəcək güclü ideyanın olması da şərtləndirir. Əgər hər hansı siyasi-ictimai, yaxud təbiət hadisələri qısa müddətdə insanları bir yerə toplayırsa, fərdin enerjisini kütlənin, bəzən də millətin enerjisinə çevirə bilirsə, həmin faktor aradan qalxdıqdan sonra toplumu birləşdirən yeni ideya olmasa, yaranmış birlik öz-özünə dağılacaq, bəzi hallarda isə yeni dağıntılara səbəb olacaq.

 

Müstəqil dövlətçiliyimizin tarixinə nəzər salaq: 1988-1990-cı illərdə milyonlarla insanı günlərlə bəzən ac-susuz, şaxtada, qara-yağışa baxmadan Azadlıq meydanına toplayan nə idi? Bu sualın yalnız bir cavabı var: azadlıq və müstəqillik arzusu. Bu arzu ideyaya çevrilə bildimi? Milləti uzun illər öz ətrafında birləşdirəcək, onun ölçüyəgəlməz gücə malik enerjisini vahid məqsədə yönəltmək mümkün oldumu? Niyə 1990-cı ilin yanvarında tankın-topun, avtomatın-pulemyotun qarşısına əliyalın çıxan insanlar müstəqillik əldə ediləndən bir az sonra - 1993-cü ilin iyununda birləşib qiyamçı dəstəyə qarşı çıxmadılar? Cəmi bir il sonra isə təxminən eyni situasiyada, 1994-cü ilin 4 oktyabr gecəsində ulu öndər Heydər Əliyevin çağırışı ilə yüz minlərlə insan Prezident sarayının ətrafına toplaşdı. Bir il öncə saraya yaxın getməyən toplumun öz Prezidentini və müstəqil dövlətini müdafiə etməsinin səbəbi nə idi? Heç şübhəsiz ki, burada şəxsiyyətin rolu danılmazdır, amma fikrimcə, insanları təhlükə anında birləşdirən ən başlıca səbəb ideya idi, milli ideya, milli dövləti və həm də milli "mən"ini qoruyub saxlamağın vacibliyini fərdə anlatmış böyük toplayıcı gücə malik dəyər...

Böyük dövlətçilik təcrübəsi və istedadına malik ümummilli lider Heydər Əliyev aydın dərk edirdi ki, gənc və gücsüz, təcrübəsiz və müharibə aparan müstəqil Azərbaycanı bir dövlət kimi qurmaq, ayağa qaldırmaq, yaşatmaq, möhkəmləndirmək və qüdrətləndirmək üçün bütün vətəndaşların ümumi bir məqsəd ətrafında birləşməsi gərəkdir. Artıq özünü bir millət kimi dərk etmiş, azadlığın və müstəqilliyin şirin tamını dadmış xalqı öz dövləti ətrafında yalnız milli ideya birləşdirə bilərdi. Xüsusən Azərbaycan kimi müstəqilliyini yeni qazanmış, bir ictimai-siyasi quruluşdan yenisinə keçən, iqtisadi-hüquqi əsasları tamamilə başqa təməllər üzərində qurulacaq dövləti möhkəmləndirmək üçün vətəndaşların bir məqsəd, bir amal uğrunda birləşməsini təmin edən mütərəqqi milli ideyanın olması çox vacib idi. Bu milli ideyanın yaranması və inkişafı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında tarixi xidmətləridir.

Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, həm də təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları bir məqsəd - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bildi. Ümummilli lider Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Ümummilli lider Heydər Əliyev azərbaycançılığı milli ideyaya çevirməklə həm də ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli-etnik ayrı-seçkiliyin aradan qaldırılmasına, ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, milli enerjini milli məqsədə - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə yönəldə bildi.

Ulu öndərin azərbaycançılıq ideyası dövlətin müstəqilliyini qoruyub-saxlaması, inkişafı və dünyaya inteqrasiyanı təmin edəcək iki əsas istiqaməti özündə birləşdirirdi: dövlətçilik və milli mənəvi dəyərlərə sadiqlik.

Ümummilli lider Heydər Əliyev banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümü ilə əlaqədar keçirilən təntənəli yığıncaqda milli ideologiyanın təyinatı və tərkib hissələri barədə öz konseptual fikirlərini belə ifadə etmişdir: "Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmlətməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Heydər Əliyevin milli ideyasında dövlətçilik təkcə siyasətçilərin, məmurların və digər dövlət işində çalışanların vəzifəsi kimi deyil, ümumxalq işi kimi ortaya qoyulur, insanlarda milli-etnik duyğularla yanaşı, ictimai-siyasi özünüdərk duyğusunun, vətəndaşlıq duyğusunun formalaşdırılmasına yönəldilir, "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" fəlsəfəsi ön plana çəkilir, dövlət işi ümumxalq işinə çevrilir. Bununla bağlı ulu öndər Heydər Əliyev deyirdi: "Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz".

Heydər Əliyevin azərbaycançılıq ideyasının ikinci qanadı milli mənəvi dəyərlərə sadiqlikdir. Ulu öndər milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. Heydər Əliyev öyrədirdi ki, əgər xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli mənəvi dəyərlərinə söykənməlidir. Milli mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzunömürlü ola bilməz. Milli dövlət ölkənin ərazi bütövlüyünü, konstitusiya quruluşunu, vətəndaşlarının təhlükəsizliyini, təbii sərvətlərini qoruduğu kimi, milli mənəvi dəyərləri də qorumalı və inkişaf etdirməlidir. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi üç komponenti xüsusi qeyd edir ki, bunların şüurda proyeksiyası milli mentaliteti təşkil edir: dilimiz, dinimiz, adət-ənənəmiz.

Milli mənəvi dəyərlərimiz ümummilli lider Heydər Əliyev tərəfindən həm onun rəhbərliyinin sovet dönəmində, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmiş, həmişə uca tutulmuşdur. Heydər Əliyev xalqın mənəvi yaddaşının qorunması və zənginləşməsi üçün fərman və sərəncamlar vermiş, əməli işlər görmüşdür.

Dilimizin son 40 ildəki inkişafı, onun dövlət dili, hüquq, siyasət, elm, diplomatiya dili səviyyəsinə qalxması ümummilli lider Heydər Əliyevin ana dilimizə qayğısı və xidmətləri ilə bağlıdır. Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinə qədər Azərbaycan dili ölkəmizdə ikinci dil, məişət dili (Bakıda hətta ümumünsiyyət vasitəsi də deyildi!) səviyyəsində idi. Sovet hakimiyyətinin o dönəmində ölkədə bütün yazışmalar, rəsmi çıxış və məruzələr, ictimai-siyasi və elmi toplantılar rus dilində aparılırdı. Bu dönüş Heydər Əliyevlə başladı, özü nümunə oldu, digər partiya-dövlət işçilərini və elm-istehsalat rəhbərlərini məcbur etdi ki, ana dilində danışıb yazsınlar.

Məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması müddəası salındı. İndi bu sözləri yazmaq və söyləmək çox asandır, o zaman isə Ümumittifaq dövlətinin rus şovinizmi basqısı altında bu işləri görmək böyük cəsarət və siyasi müdriklik tələb edirdi. Dilin xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətini vurğulayan Heydər Əliyev deyirdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".

1995-ci ildə müstəqil respublikamızın Konstitusiyası qəbul edilən zaman dövlət dilinin adı barədə geniş diskussiyalar başladı. Etiraf etməliyik ki, o zaman nə dilçi alimlərimiz, nə yazıçı-şairlərimiz, nə filosoflarımız ana dilimizin adı ilə əlaqədar vahid mövqe sərgiləyə bildilər. Dilimizin "türk dili", "oğuz türkcəsi", "azəri türkcəsi", "türk dilinin azəri şivəsi" və sairə adlandırılmasını təklif edənlər oldu. Yenə də ümummilli lider Heydər Əliyev öz siyasi iradəsini ortaya qoydu - respublikamızda yaşayan bütün xalqların marağını ifadə edən, xalqı dövlətin ətrafında daha da sıx birləşdirən qərar verdi: dövlət dilimizin adı Azərbaycan dili olmalıdır! Zaman göstərdi ki, ulu öndər həmişə olduğu kimi, bu qərarında da haqlıdır.

Heydər Əliyev dilimizin inkişafı ilə bağlı çoxlu əməli işlər görmüşdür. Onun 18 iyun 2001-ci il tarixdə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman ölkəmizdə Azərbaycan dilinin inkişafı üçün yeni perspektivlər açdı. "Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir" cümləsi ilə başlayan bu fərman dilimizin qədimliyini, zənginliyini, dərin məna tutumuna və ifadə çalarlarına malik olduğunu vurğulamaqla yanaşı, onun daha da inkişaf etdirilməsi istiqamətlərini müəyyənləşdirdi, əməli işlərin həyata keçirilməsini şərtləndirdi.

Milli mənəvi dəyərlərimizin çox mühüm tərkib hissəsi, imanımızın və inancımızın daşıyıcısı olan islam dininə ümummilli lider Heydər Əliyev həmişə böyük hörmət və qayğı ilə yanaşmışdır.

1993-cü ildə respublikaya rəhbərliyə qayıtdıqdan sonra ilk səfərlərindən birini dinimizin mərkəzi Məkkə şəhərinə edərək mübarək Kəbəni ziyarət etməsi, məscidlərin, ocaqların və digər müqəddəs yerlərin, abidələrin bərpası, tikintisi ilə bağlı fərman və sərəncamlar verməsi, imkan düşdükcə məscidlərimizi və ziyarətgahlarımızı ziyarət etməsi, Ramazan, Qurban və digər dini bayramları yüksək qiymətləndirməsi və bu münasibətlə ölkənin müsəlman əhalisini həmişə təbrik etməsi ulu öndərin dinimizə yüksək hörmət və inamının, eləcə də xalqımızın tarixi mənəvi dəyərinin milli ideyanın tərkib hissəsi kimi ümummilli maraqlara xidmət məqamına yönəltmək istəyinin ifadəsi idi. İslam dininə, islam mədəniyyətinə, müqəddəs kitabımız Qurani-Kərimə ümummilli lider Heydər Əliyevin hörməti və məhəbbəti təkcə bir müsəlmanın və siyasi xadimin münasibəti deyildir. Bu münasibət və yanaşma, əslində, çox böyük mənəvi və ideoloji gücə malik islam dinini ölkəmizdə milli birliyin, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət müstəvisinə qaldırmağa yönəlmiş milli ideologiyanın tərkib hissəsi idi. "Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir... Demokratiya - yüksək mədəniyyət deməkdir. Demokratiya - yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yüksək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaratmaq üçün, gənc nəsli bu əsaslarla tərbiyələndirmək üçün islam dininin mənəvi dəyərləri çox gərəklidir".

Heydər Əliyev milli ideyasının əsasını təşkil edən milli mənəvi dəyərlərimizin üçüncü komponenti milli adət-ənənələrimizdir. Milli adət-ənənə dedikdə təkcə xalqımızın uzun əsrlər boyu formalaşmış yaşam və davranış tərzi, milli bayramlar və mərasimlər, əxlaqi və mənəvi dəyərlər deyil, həm də milli dövlətçilik, idarəetmə ənənələri başa düşülməlidir. Ulu öndər Heydər Əliyev milli adət-ənənəni həmişə tarixi kontekstdə öyrənməyi, bugünlə müqayisə etməyi, yaxşı örnəyi, xeyirli ənənəni yaşatmağı və inkişaf etdirməyi tövsiyə edirdi: "Biz öz tarixi köklərimizlə, mənəvi dəyərlərimizlə, milli mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik".

Millətin tarixi onun mədəniyyətinin tarixi, mənəviyyatının, əxlaqının, dövlətçilik ənənəsinin tarixidir. Bu mənada tarix öyrənilməli, yaxşı nümunələr götürülməli, təbliğ olunmalıdır.

Heydər Əliyev milli mənəvi dəyərlərin ən mühüm daşıyıcısı kimi milli bayramlarımıza, xüsusilə Novruz bayramının keçirilməsinə çox önəm verir, özü də bu el şənliyində həmişə böyük məmnuniyyətlə iştirak edirdi. Ümummilli lider şəxsiyyətin vətəndaş kimi formalaşmasında dil və dinlə yanaşı, tarixi və ənənələri bilməyi və yaşatmağı vacib sayırdı. O, həmçinin milli adət-ənənələrimizin mühüm tərkib hissəsi olan ailə institutuna, mərasimlərin keçirilməsinə, Azərbaycan mətbəxinə, xalq sənətkarlığına xüsusi önəm verir və bu ənənələrin yaşadılmasını və inkişaf etdirilməsini tövsiyə edirdi.

Ümummilli lider Heydər Əliyevin siyasi irsi 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müasirləşir, xalqımıza yeni-yeni uğurlar qazandırır.

Azərbaycançılıq ideyasının inkişafı, milli mənəvi dəyərlərimizin qorunması, təbliği, dünyaya tanıtdırılması istiqamətində ölkəmizdə həm dövlət, həm də ictimai təşkilatların xətti ilə, xüsusilə Heydər Əliyev Fondu tərəfindən tarixi əhəmiyyətli işlər görülür. 2004-cü ildə təsis edilən Heydər Əliyev Fondu ümummilli liderin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görür. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi və çoxşaxəli fəaliyyəti nəticəsində milli mənəvi dəyərlərimizin mühüm daşıyıcıları olan muğamın, rəngkarlığın, xalçaçılığın, aşıq sənətinin dünya səviyyəsində təbliği və dəyərləndirilməsi işi uğurla həyata keçirilir.

Milli mənəvi dəyərlərimizi dünyada tanıtmaq, müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, xalqlararası və mədəniyyətlərarası dialoqa dəstək vermək Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev xüsusi olaraq vurğulayır ki, milli ideologiya demokratik dəyərlərə sadiq olan hər bir dövlətdə cəmiyyətdaxili tolerantlığın bərqərar olunmasına xidmət etməlidir.

Dövlət başçısı 2008-ci il iyunun 19-da Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkəmizin inkişaf modelini, qloballaşan dünyaya inteqrasiya yolunu ifadə edən dəyərli fikirlər söyləmişdir: "Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bu gün əsas prioritetlərdən biri Azərbaycanın milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulması, dünya birliyinə inteqrasiya etməsidir. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanıbdır. Budur hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".

 

 

Musa QULİYEV,

Milli Məclisin deputatı,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2010.-  28 aprel.- S.  3.