Xalqı dövlətçilik ideallarına qovuşdurmuş rəhbər

 

Böyük mütəfəkkirlərdən olmuş Mark Avreli yazırdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər. Bugünün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər. Azərbaycan xalqı tarixən arzularında yaşatdığı güclü, müdrik və ədalətli rəhbər idealını ötən əsrin ortalarında - ümummilli lider Heydər Əliyevin parlaq şəxsiyyətində tapmışdır.

1969-cu ilin iyulunda Azərbaycanda hakimiyyətə Heydər Əliyev kimi gənc və enerjili, xalqına, dövlətinə bağlı bir şəxsiyyətin gəlməsi xalqın həyatında mənəvi yüksəlişin başlanğıcına çevrildi. Ulu öndər çevik təşkilatçı, zamanın nəbzini tuta bilən uzaqgörən rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox uğura imza atmaq olar. Və elə bu daxili əminliklə də Heydər Əliyev problemlər məngənəsində çapalayan Azərbaycan xalqının özünəinamını bərpa edərək milli ruhu məhv olmaq təhlükəsindən qorudu, dövlət idarəçiliyinə yeni ruh, müasirlik gətirdi, xalqın bütün potensialını milli problemlərin həlli yönündə səfərbər etdi. Hətta imperiya asılılığında belə millətə vicdanlı, sədaqətli, ləyaqətli xidmətin mümkünlüyünü əməli fəaliyyəti ilə sübuta yetirdi.

Böyük strateqin qətiyyəti, təşəbbüskarlığı, yeniliklərə, islahatlara meyilli olması Azərbaycan vətəndaşlarında gələcəyə inam hissini gücləndirdi. Ulu öndər Heydər Əliyevin qarşısında duran vəzifələr miqyasca daha böyük, xeyli dərəcədə məsuliyyətli idi. Xalqına ruhən bağlı olan ulu öndər millətin öz milli kimliyindən uzaqlaşdırılması prosesinin qarşısını almalı, vətəndaşlarda tarixi keçmişi, dini, dili, mədəniyyəti ilə bağlı yetkin fikir formalaşdırmalı idi. Heydər Əliyevin qarşısında həm də iqtisadi cəhətdən geridə qalmış bir respublikanın sosial-iqtisadi yüksəlişinə yönəlmiş səmərəli islahatlar həyata keçirmək, qanunçuluğu, hüquq qaydalarını bərpa etmək kimi taleyüklü vəzifələr dururdu. Böyük strateq nəinki həllini gözləyən bu və digər problemlərin öhdəsindən uğurla gəldi, hətta ölkənin müstəqil, təminatlı gələcəyinə etibarlı zəmin formalaşdıra bildi.

Ötən əsrin nüfuzlu dövlət xadimlərindən olmuş Uinston Çörçill deyirdi ki, "siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür". Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla Azərbaycan həyatında intibah mərhələsinin əsasını qoydu. Respublikanın gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürdü, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin Azərbaycanda inşasına nail oldu. Həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - 70-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etdi.

Ulu öndər Heydər Əliyev bütün varlığı ilə haqqın və ədalətin carçısı, düzgünlüyün tərəfdarı idi. Dürustlük, insanların haqqını müdafiə etmək, humanizm kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər obrazının qabarıq görünən cizgiləri idi. 70-ci illərdə məhz Heydər Əliyevin sayəsində ali təhsil müəssisələrində bilik yeganə meyara çevrilmiş, bir sıra ixtisaslara, o cümlədən Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul zamanı yol verilən ayrı-seçkiliyin qarşısı alınmış, sıravi vətəndaşların övladlarının nüfuzlu ixtisaslara doğru yolunu bağlayan sədlər aradan qaldırılmışdı. Eyni zamanda, ulu öndərin uzaqgörənliyinin nəticəsi olaraq on minlərlə azərbaycanlı gənc Rusiyanın nüfuzlu ali məktəblərində təhsil almaq, ixtisaslı kadr kimi yetişmək imkanı qazanmışdı.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində də özünün idarəçilik prinsiplərinə sadiq qaldı. Fəaliyyətini bütünlüklə millətə, xalqa, dövlətə xidmət amalı üzərində quraraq milli xilaskar və qurucu rəhbər kimi ümummilli liderlik zirvəsinə yüksəldi. Müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq onun yüksək liderlik əzmini bir daha nümayiş etdirirdi. Ulu öndər 1993-cü ilin iyununda çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına verdi, məsuliyyətdən çəkinmədi.

Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.

Ümummilli liderin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edən mühüm məqamlardan biri də qanunun aliliyininin idarəetmə sisteminin əsas prinsiplərindən biri kimi təsbit edilməsi idi. Heydər Əliyev müdrik rəhbər olaraq hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail oldu. Paralel olaraq Azərbaycanda qanunçuluğun inkişafına baza yaradan addımların atılması isə yeni, müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərinin formalaşdırılması məqsədindən irəli gəlirdi. Azərbaycan müstəqil dövlətə çevrilmişdir və mükəmməl hüquqi bazaya söykənən idarəetmə sisteminin formalaşdırılması zəruri idi. Bu baxımdan 1993-cü ildən sonra Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsini, ölkədə qanunçuluğun doqma kimi qəbul olunmasını təmin etdi.

1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulundan sonrakı mərhələdə Heydər Əliyevin iradəsi ilə qəbul olunan saysız-hesabsız törəmə qanunların da kökündə məhz insan şəxsiyyətinə hörmət amili dayanırdı. Respublikada əfvetmə institutunun bərpası, ölüm cəzası üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu cəzanın birdəfəlik ləğvi, insan hüquqları üzrə müvəkkil institutunun (ombudsman) yaradılması, hüquq-mühafizə, ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması, məhkəmələrin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə test üsulu ilə seçkilərin keçirilməsi - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrildi.

Tarixi təcrübə göstərir ki, siyasi liderin məharəti eyni zamanda ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını müəyyənləşdirmək bacarığında müəyyən olunur. Bu mənada siyasi liderliyin ən əhəmiyyətli cəhətlərindən biri də idarəetmə aparatına səriştəli, xalqına vicdanla xidmət edən, savadı ilə fərqlənən kadrların cəlb olunmasıdır. Bu mənada, Heydər Əliyevin layiqli siyasi varis kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin milli dövlətçilik kursunu inamla davam etdirir. Dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin əsasında insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir.

Ölkə Prezidenti İlham Əliyev son 7 ildə yürütdüyü siyasətlə Azərbaycan xalqının demokratikləşməyə tam hazır olduğunu, insan hüquqlarına böyük önəm verdiyini Avropaya və bütün dünyaya sübuta yetirdi. Ötən illərdə ədliyyə və məhkəmə orqanlarında aparılan islahatlar tam mahiyyəti ilə ölkədə qanunçuluğun, demokratik norma və prinsiplərin yüksək səviyyəli təminatına xidmət edir. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə ədalət mühakiməsinin səmərəliliyini artırmağa, tam obyektivliyini təmin etməyə çalışır və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir.

Ədalət və humanizm, qanunçuluq həqiqətən də hər bir cəmiyyətin inkişafının başlıca şərti, əsas qayəsidir. Ulu öndər Heydər Əliyev hələ 1981-ci ildə "Literaturnaya qazeta"ya verdiyi məşhur müsahibədə "Qoy ədalət zəfər çalsın!" deyə cəmiyyəti yüksək demokratizm, humanizm ruhunda kökləməyə çalışırdı. Ədalət meyarı Heydər Əliyev ideyalarına tapınan cənab İlham Əliyev üçün də daim prioritet məsələdir. Dövlət başçısının son 7 ildə yeritdiyi siyasət də bütün çalarları ilə məhz insan və şəxsiyyət amilinin yüksəlişinə hesablanıb.

 

 

Hikmət MİRZƏYEV,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin İqtisadi

Mübahisələrə dair

İşlər üzrə Məhkəmə

Kollegiyasının sədri

 

Azərbaycan.- 2010.- 28 aprel.- S.  3.