Dəyərli alim,
qayğıkeş ana, sədaqətli həyat yoldaşı
Xeyirxahlıq, nəciblik və saflıq yaranışdan insanlığın ən ali zinəti sayılaraq onun bu fani dünyada əbədiyaşarlığını, daim mənəvi ucalıqda dayanmasını təmin edir. Konkret həyat amalına malik yüksək mənəviyyat sahibləri şərəfli və mənalı ömür səhifələri ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının işıqlı gələcəyinə xidmət edən xoşməramlı əməllərin müəllifinə çevrilirlər. Bu mənada görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva da yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır.
Geniş dünyagörüşü, tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış fədakar alimin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, çeşmə kimi saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi nurlu şəxsiyyətində cəmləyən bu nəcib qadının, qayğıkeş ananın, dəyərli alimin, təmənnasız ictimai xadimin canlı və parlaq çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşımızda durur.
Hər bir şəxsiyyətin formalaşmasında, şübhəsiz, onun doğulub boya-başa çatdığı mühit və ailə dəyərləri öz sözünü deyir. Zərifə xanım Əliyevanın 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açması da onun gələcək həyat yoluna müsbət təsirini göstərmişdir. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olan atası Əziz Əliyev ictimai borcunu dərindən dərk edərək daim öz xalqına ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə çatdırmışdır. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül kimi dühalar məhz bu ailənin yaxınları olmuşlar. Mərhum akademik M.Topçubaşov isə Əziz Əliyevi sadəcə tibb xadimi deyil, "cəmiyyəti müalicə edən həkim" adlandırmışdır. O, görkəmli dövlət xadimi kimi xalqının və Azərbaycan dövlətinin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Geniş ensiklopedik biliyə malik Əziz Əliyev övladı Zərifə xanımı da belə yüksək mənəvi-etik dəyərlər ruhunda tərbiyə etmişdir.
Zərifə xanım Əliyevanın uşaqlığının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, dərin zəkası, iti məntiqi təfəkkürü, təvazökarlığı və sadəliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Tələbəlik illərində Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək kimi müqəddəs arzu baş qaldırmış, o öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Bilik diapazonu geniş və çoxşaxəli olan Zərifə xanım Əliyeva qısa zamanda həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ən yüksək zirvəsinə yüksələ bilmişdir. Peşəsi yolunda qarşısına çıxan bütün çətinlikləri cəsarətlə adlayaraq Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıtmış, bu sahənin dünyaca məşhur simalarından birinə çevrilmişdir.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Zərifə xanım Əliyeva qarşısına qoyduğu məqsədə yetişmək üçün Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik təkmilləşmə kursu keçmiş, bu Azərbaycan Tibb Universitetində alınan ümumi tibb təhsilinin diplomdan sonrakı davamı olmuşdur. 1949-cu ildə göz xəstəlikləri üzrə təkmilləşmə kursunu müvəffəqiyyətlə başa çatdıran Zərifə xanım Əliyeva vətənə dönmüş, 1950-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturaya daxil olmuş, burada elmi işçi vəzifəsinə qəbul edilmişdir.
Zərifə xanım Əliyevanın ilk elmi araşdırmalarının mövzusunu da həyat özü müəyyənləşdirmiş, görkəmli oftalmoloq həmin illərdə Azərbaycanı bürümüş traxoma xəstəliyi ilə bağlı dərin tədqiqatlara başlamışdır. Elmi fəaliyyətinin ilk dövründə traxomanın erkən diaqnostikasını, müalicəsini öyrənmiş, xəstəliyin profilaktikasına dair aktual elmi tədqiqatlar aparmışdır. Azərbaycanın bütün rayonlarını kəndbəkənd gəzərək traxoma ocaqlarını aşkar edən Zərifə xanım Əliyeva özünün tərtib etdiyi mütərəqqi müalicə üsullarını da uğurla həyata keçirmişdir. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr görkəmli oftalmoloqun həm də namizədlik dissertasiyasının ana xəttinə çevrilmişdir. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanda dolğun və sistemli şəkildə əksini tapmışdır.
Dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş, 1963-cü ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə böyük elmi işçi adını təsdiq etmişdir.
Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmış, qlaukoma xəstəliyinin öyrənilməsinə gərgin əmək sərf etmişdir. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərci klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə də kömək etmişdir. Həmin dövrdə akademik Zərifə xanım Əliyeva həmçinin görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. Görkəmli akademikin elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də gözün yod və şin sənayesinin zərərli təsirlərindən zədələnməsinin öyrənilməsi olmuşdur. O zaman bəzi sənaye müəssisələrində zəhərli maddələrin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının gözlərə təsiri az işıqlandırılmışdı. Zərifə xanım bu problem üzərində işləyərkən sənaye müəssisələrini gəzmiş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinələrdən keçirmiş, hətta şin zavodunun sexlərində laboratoriya şəraitində təcrübələr aparmışdır.
Yaradıcılıq uzaqgörənliyi və həyatın nəbzini tutmaq bacarığı Zərifə Əliyevaya dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində - Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmağa imkan vermişdir. Bu laboratoriya elmi axtarışlar aparmaqla yanaşı, görmə orqanı xəstəliklərinin erkən aşkar olunması və müalicəsində böyük rol oynamışdır. Həmin laboratoriyanın topladığı elmi materiallar sonralar görkəmli alimin üç tələbəsinin namizədlik dissertasiyasının mövzusunu təşkil etmişdir. Zərifə xanımın elmi fəaliyyətinin çoxistiqamətliyini onun rəhbərlik etdiyi kafedra və elmi-tədqiqat laboratoriyasında müasir oftalmologiyanın aktual problemləri ilə bağlı aparılan araşdırmalar da sübut edir. Görkəmli alim əldə edilmiş nəticələrlə kifayətlənməyərək tədqiqatlarının mövzusunu daha da dərinləşdirmiş, mütəmadi olaraq tələbələri ilə elmi axtarışların nəticələrinin təhlilini aparmış, onları elmi məqalə, məruzə və metodik tövsiyə formasında nəşr etdirmişdir.
Zərifə xanım Əliyevanın və onun tələbələrinin elmi fəaliyyətlərinin xüsusiyyətlərini səciyyələndirən əsas cəhət onların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil etmişdir. Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapmışdır. Bu tədqiqatlar yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, həm də problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Həmin xüsusiyyət Zərifə xanımın fəal surətdə inkişaf etdirdiyi yaradıcılıq biliyini əks etdirən faktlarda təsdiqini tapmışdır.
Aparılmış fundamental elmi işlərin nəticələri isə dəyərli alimin 1976-cı ildə Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. İnstitutun nüfuzlu alimləri və ixtisaslaşmış şuranın üzvləri işi yüksək dəyərləndirmiş, oftalmologiyanın bu sahəsində ilk tədqiqatlardan biri olduğunu vurğulamış, Zərifə xanım Əliyevaya çoxillik tədqiqatların nəticələrini monoqrafiya, dərs vəsaiti və metodik tövsiyə şəklində çap etdirməyi məsləhət görmüşlər.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, belə yüksək mükafata layiq görülən ilk qadın olmuşdur.
1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcılıq axtarışlarının əsası da məhz Zərifə xanım Əliyeva tərəfindən qoyulmuşdur. ll Moskva Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, professor A.P.Nesterov, Rusiya Diplomdansonrakı Təhsil Akademiyasının Oftalmologiya kafedrasının müdiri professor L.K.Moşetova, Rusiya İridoloqlar Assosiasiyasının vitse-prezidenti, Rusiyanın əməkdar elm xadimi, professor N.B.Şulpina və digər tanınmış alim-oftalmoloqlarla yaradılan elmi əlaqələr də buna canlı sübutdur.
Böyük alimin təşəbbüsü ilə 1977-ci ildə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmiş, bu tədbir alimin həm də təşkilatçılıq qabiliyyətinin üzə çıxmasına imkan yaratmışdır. Bakıda ilk dəfə olaraq Ümumittifaq miqyaslı plenumun təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir. Plenumda professor Zərifə xanım Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış laboratoriya yaradılması haqqında təklif irəli sürmüş, iştirakçılar yekdilliklə həmin təklifi müdafiə etmişlər.
Akademik Zərifə xanım Əliyevanın elmi təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də geniş tətbiq edilmişdir. Elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi monoqrafiyalarında və digər elmi əsərlərində dolğun əksini tapmışdır.
Görkəmli alim 1983-cü ildə elmi və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan EA-nın akademiki seçilmişdir. O, həm də Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk qadın oftalmoloqdur.
Zərifə xanım vaxt azlığına və səhhətinə mənfi təsirinə rəğmən dəvət edildiyi bütün tədbirlərdə iştirakı özünə sadəcə mənəvi borc bilmişdir. İnsani keyfiyyətləri, hər şeyi incəliyi ilə qiymətləndirmək bacarığı, adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə Zərifə xanıma böyük kömək göstərmişdir. Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan "Bilik" Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Hippokratın nəsillərə miras qoyub getdiyi əsərlərindən biri "Gözəl davranış haqqında" adlanır. Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat demişdir: "İnsana sevgi olan yerdə sənətə də məhəbbət var". Zərifə xanım bütün peşəkar həkimlik fəaliyyəti boyu əsrlərin əxlaqi sınağından çıxmış bu ülvi həqiqətə xidmət göstərmiş, nümunəvi həkim-xəstə münasibətlərini gənclərə yadigar qoyub getmişdir. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun bu mövzuya dair baxışları "Yüksək etimad", "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında dolğun əksini tapmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair elmi mülahizələri onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində diqqəti daha qabarıq cəlb edir.
Görkəmli alim həmişə bu fikirdə olmuşdur ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım Əliyeva həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərərək "həkim xəstənin ən doğma adamıdır" demişdir.
Zərifə xanım Əliyeva görkəmli alim olmaqdan savayı, hər zaman geniş dünyagörüşünə malik şəxsiyyət kimi tanınmış, ədəbiyyatı, incəsənəti, musiqini dərindən mənimsəmişdir. Həmkarları fortepiano sinfi üzrə musiqi təhsili almış görkəmli alimin ifasında həm klassik, həm də populyar musiqiləri eşitdiklərini bu gün də böyük rəğbətlə xatırlayırlar. Zərifə xanım eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq kimi tanınmışdır və Azərbaycanın Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında oxuduğu mühazirələr bunu bir daha sübut edir. İstər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında, Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də publisistik çıxışlarında Zərifə Əziz qızı özünün yüksək natiqlik istedadını göstərirdi.
Vaxtilə böyük mütəfəkkir Deni Didro yazırdı ki, yaxşı həyat tərzi qəlbin içindən gəlir. Bu mənada Zərifə xanım Əliyevanın parlaq şəxsiyyətinin mühüm etik mənası onun öz yaradıcılığına yüksək intellektual səviyyədə yanaşmasından, fəal mövqe seçə bilməsindən ibarət olmuşdur. Düşüncəsinin kamilliyi isə alimin əxlaqla peşə dünyagörüşünün tənasübündən yaranmışdır. Zərifə xanımın yüksək intellektual mövqeyini şərtləndirən mühüm amil həm də bu nəcib insanın tibbi praktikada daim əxlaqi meyarlara böyük üstünlük verməsi olmuşdur. Akademik sağlamlığı insanın həyat fəaliyyətinin dinamik atributu hesab etmiş, bəşəriyyəti dərindən düşünməyə vadar edən keyfiyyət amili kimi nəzərdən keçirmişdir.
Zərifə xanım, işinin gərginliyinə baxmayaraq, özünün cazibədarlığı, mülayimliyi, heyranlığı ilə həmişə bir qadın olaraq qalırdı. O, həm görkəmli alim, həm də həyat eşqi, xeyirxahlığı, nəvazişi ilə qayğıkeş ana və həyat yoldaşı, ailəsinə dayaq olan əsl insan idi. İşinin çoxluğuna, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, birinci növbədə ailəsinin qayğıları ilə yaşayırdı. Dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev qazandığı cahanşümul nailiyyətlərdə vəfalı ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulayırdı. Bu iki dahi insanın səmimi hissləri onilliklər boyu davam edən böyük məhəbbət dastanını, sədaqət timsalını tam ehtiva edir. Hər bir kəsə örnək olası bir ailə quran bu şəxsiyyətlər yüksək mənəviyyat, ali mərhəmət, misilsiz insanpərvərlik, dəyərli vətəndaşlıq xüsusiyyətləri ilə bir-birlərini tamamlamışlar.
Zərifə xanımın vəfatı Heydər Əliyev üçün böyük itki olmuşdur. Həyatın keşməkeşli onilliklərini böyük sədaqət və sonsuz məhəbbətlə, ləyaqətlə yaşadıqlarından bu fiziki yoxluğu ümummilli liderimiz həyatın ölçüyəgəlməz sarsıntısı kimi qarşıladı. 15 il öncə - 1995-ci ilin 28 aprelində ulu öndərimiz Heydər Əliyev vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanı səmimi sevgi, böyük nisgil və sonsuz ehtiramla anaraq qeyd edirdi: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm".
Zərifə xanımın həyatını mənalandıran nə varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnmişdir. Yaxından tanıyan həmkarları həmişə böyük rəğbətlə qeyd edirlər ki, görkəmli alim övladlarına çox bağlı, onların tərbiyəsi üçün bütün enerjisini sərf edən valideyn olmuşdur. Təsadüfi deyildir ki, Əliyevlər ocağının yetirmələri də öz sələflərinin hər mənada şərəfli davamçılarıdırlar. Cənab İlham Əliyev kimi dünya miqyasında tanınan və qəbul olunan bir şəxsiyyətin qazandığı nailiyyətlərdə, şübhəsiz ki, valideynlərinin düzgün tərbiyəsi, övladı müdrikliklə formalaşdırmaq ənənəsi mühüm rol oynamışdır. Ölkəmizin ictimai və mədəni həyatında mühüm yer tutan Sevil xaınımın Əliyevlər şəcərəsinin adını şərəflə, ləyaqətlə ucaltması onun nüfuzunu daha da artırmışdır.
Zərifə xanım İlham Əliyevi əziz oğlu kimi sevməklə yanaşı, onun məsuliyyətli, insanpərvər, Azərbaycana qanıyla-ruhuyla bağlı bir insan kimi formalaşmasına xüsusi önəm verirdi. Xatirələrdən də aydın görünür ki, Heydər və Zərifə Əliyevlərin ailəsində övlada böyük sevgi və məhəbbət bəslənilməklə bahəm, eyni zamanda müstəqil düşünmək və sərbəst qərar qəbul etmək, yeniyetmə yaşlarından məsuliyyətə yiyələnmək, ata və ananın cəmiyyətdəki yüksək nüfuzuna deyil, məhz öz qabiliyyətinə güvənmək kimi hisslər aşılanmışdır. Bu tərbiyənin nəticəsi idi ki, bu ocağın yetirməsi Prezident İlham Əliyev indi prinsipiallığı, qətiyyəti sayəsində məmləkətini ən çətin geosiyasi labirintlərdən üzüağ çıxarır, fövqəldövlətlərin təzyiqləri qarşısında ölkəsinin maraqlarından bir addım belə geri çəkilmir və Azərbaycanı dünyanın ən dinamik inkişafda olan dövlətinə çevirir.
Zərifə xanım daim mərhəmət və nəciblik kimi ali keyfiyyətlərə sadiq insan olaraq tanınmışdır. Bu gün qürur doğuran məqam odur ki, bu ocağın dəyərli üzvü - Zərifə xanımın çox sevdiyi gəlini Mehriban xanım Əliyeva da cəmiyyətdə xeyirxahlığın ali ünvanı kimi qəbul olunur. Zərifə xanım necə Heydər Əliyevin qazandığı nailiyyətlərə töhfə vermiş, həyat yoldaşına mənəvi dayaq olmuşdursa, bu gün Mehriban xanım Əliyeva da eyni əzm və fədakarlıqla Prezident İlham Əliyevin çətin və şərəfli fəaliyyətinə nəcib və xeyirxah əməlləri ilə dəstək olur, daha qüdrətli Azərbaycan quruculuğunda ömür-gün yoldaşının ən yaxın məsləkdaşına çevrilir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın ictimai həyatımızda daşıdığı şərəfli missiya, əslində, elə Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və görkəmli alim Aida İmanquliyevanın irsinin məsuliyyətli və məhsuldar davamıdır.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, fəaliyyətinə nəzər salarkən bu gözəl insanın nəcib və xeyirxah şəxsiyyət olması faktı bir daha təsdiqini tapır. Bəli, göz həkimi olan Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdir. Bu ömrün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət olmuş, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaqdır.
Afət SADIQOVA,
filologiya elmləri namizədi
Azərbaycan.- 2010.- 28
aprel.- S. 4.