3. Hərbə də
hazırıq
Danışıqlar prosesini qeyri-konstruktiv mövqe nümayişi ilə uzatmaq cəhdləri indiki şəraitdə Ermənistan üçün o qədər də məqbul görünməsə belə, işğalçı dövlətin rəhbərliyi bunu ən pis variantlar sırasında "ən optimal gediş" sayır. Belə görünür ki, köhnə təkliflərin zaman-zaman yenidən gündəmə gətirilməsi də nizamlama prosesinin uzadılmasına, Ermənistanın əlavə vaxt udmasına hesablanıb. Siyasi müşahidəçilər bu məqama da diqqət çəkirlər ki, Türkiyə ilə yaxınlaşma imitasiyası yaratmağa xidmət edən məlum protokolların imzalanmasından sonra erməni diasporunun rəsmi İrəvana təzyiqləri güclənib.
Xatırlatmaq yerinə düşər ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ-a səfəri zamanı Amerika erməni milli komitəsinin rəhbərliyi onunla görüşdən imtina etmişdi. Bu nümayişkəranə imtina qərarı erməni diasporunun müzakirə masasındakı həll planından narazı olduğunu göstərirdi. Bir tərəfdən həmsədrlərin təkidi ilə nizamlama prosesinə razılaşan Ermənistan hakimiyyəti digər tərəfdən erməni diasporunun və müxalifətin təzyiqləri ilə üz-üzə qalıb. Sərkisyan iqtidarı üçün hər iki tərəfdən edilən təzyiqləri balanslaşdırmaq üçün yeganə çıxış yolu nizamlanma prosesinin uzatmaq, vaxt udmaqdır. "Nə hərb, nə sülh" vəziyyəti onsuz da xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sərkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.
Tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanıb. Müvəqqəti hərbi üstünlüyü ilə manipulyasiya etməyə çalışan Ermənistan danışıqlar prosesini bu və digər vasitələrlə uzatmağa çalışmaqla "nə hərb, nə sülh vəziyyəti"nin davamlı olmasını istəyir. Etiraf etmək lazımdır ki, təcavüzkarı bu cür destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərindən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi prinsipsizliyi, qətiyyətsizliyi, münaqişənin həllinə ümumtanınmış beynəlxalq hüquq normaları prizmasından yanaşmamasıdır.
Son 16 ildə həmsədrlərin münaqişənin həlli ilə bağlı real təsir mexanizmlərinə malik olmadığı göz önündədir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə həmsədrlər 15 ildən bəri "Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsinlər" kimi absurd sentensiyanı təkrarlamaqdan usanmır, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqe nümayiş etdirirlər. Belə süni balans siyasəti son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhələr yaradır. İşğalçı dövlətin hansısa kənar təsir olmadan mövqeyindən necə geri çəkiləcəyi həmsədrlərin özlərinə də bəlli deyil. Bəlli olansa budur ki, bu cür vasitəçilik (oxu: vasitəsizlik -X.N) beynəlxalq hüquq normalarını iflic duruma gətirib. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına hiddət doğuran liberal yanaşması, dolayısı ilə təcavüzkarı himayə etməsi belə bir qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli konfliktlərin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir.
Bu reallığı rəsmi Bakı da kifayət qədər düzgün dəyərləndirir və beynəlxalq hüquq normalarının formal səciyyə daşıdığı bir şəraitdə problemin hərb yolu ilə həlli mümkünlüyünü qətiyyən istisna etmir. 2010-cu ilin mart ayında Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev münaqişənin həllində güc amilinin rolunu bir daha önə çəkdi: "Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik".
Danışıqlar limiti tükənmək
üzrədir
Rəsmi Bakı xalqın mövqeyini ifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin respublikamız üçün həyati məsələ olduğunu dəfələrlə vurğulayıb. Ölkə rəhbərliyi danışıqlar prosesində müəyyən mümkün həddən daha çox güzəştə gedilməsinin qeyri-mümkünlüyünü qətiyyətlə bildirməklə yanaşı münaqişənin ən optimal tənzimlənməsi yolunu da təklif edib: Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz təmin olunması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və sonrakı mərhələdə Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi yenilənmiş Madrid prinsipləri də münaqişənin məhz belə mərhələli həllini nəzərdə tutur. Son təkliflər Azərbaycanı heç də tam qane etməsə də, münaqişənin həllində pozitiv dönüş üçün müəyyən əsaslar yaradır. Madrid sənədinə görə, münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan qoşunlarının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun 13 kəndindən çıxarılması nəzərdə tutulur. Bundan sonra regionda bütün kommunikasiyaların açılması, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransın keçirilməsi, regionda sülhməramlı müşahidəçilər yerləşdirilməsi, doğma yurdlarına qayıdan köçkünlərin təhlükəsizliyinin təmin edilməsi gerçəkləşməlidir. Növbəti mərhələdə isə Laçın və Kəlbəcər rayonlarının tamamilə azad edilməsi, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi nəzərdə tutulur. Aşkar görünür ki, sənəd istənilən halda "Praqa prosesi"nin gerçəkləşməsini, yəni münaqişənin mərhələli həllini nəzərdə tutmaqla problemin məhz ərazi bütövlüyü çərçivəsində həlli zərurətini önə çəkir.
Rəsmi Bakı Dağlıq Qarabağa gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hazırda dünyada mövcud olan ən yüksək özünüidarə statusunun verilməsi mümkünlüyünü heç zaman inkar etmir.
İşğalçıya real təsir imkanlarını işə salmayan həmsədr dövlətlər son dövrlər münaqişənin həlli yönündə müəyyən fəallıq nümayiş etdirirlər. Aparıcı dövlətlərdən, xüsusən də Rusiyanın prosesi intensivləşdirmək səyləri danışıqlarda son imkanın tükənmədini göstərir. Rəsmi Bakı da məhz bütün bunları nəzərə alaraq prosesi imitasiya xatirinə davam etdirmək niyyətində olmadığını açıq bəyan edib. Cənab İlham Əliyev hələ 2009-cu ilin oktyabr ayında Azərbaycan Televiziyasına müsahibəsində bununla bağlı bildirib: "Danışıqlara gəldikdə deyə bilərəm ki, müsbət dinamika vardır. Əgər bu olmasaydı, indiyə qədər danışıqlar aparılmazdı. Danışıqlara bizim sadiq qalmağımızın əsas səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində çətin də olsa irəliləyiş vardır. Son 5-6 il ərzində çox vacib məsələlər razılaşdırılıb. İlk növbədə Ermənistan qüvvələri Dağlıq Qarabağın ətrafında yerləşən bütün işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Deyə bilərəm ki, danışıqlar prosesində böyük irəliləyişdir".
Münaqişənin dinc yolla tənzimlənməsi prosesində konstruktiv mövqe nümayiş etdirən Azərbaycan son illərdə Ermənistanı hüquqi, siyasi və hərbi müstəvilərdə, o cümlədən informasiya cəbhəsində əhəmiyyətli dərəcədə üstələyib. Azərbaycanın diplomatik mövqelərinin güclənməsi özünü təkcə beynəlxalq təşkilatların təcavüzkar tərəfə təsir göstərmək səylərinin intensivləşməsi ilə şərtlənmir. Artıq fövqəldövlətlər də münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını açıq ifadə edirlər. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərəçarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüyü kimi vurğulana bilər.
Zaman keçdikcə proseslərin gedişi Azərbaycana artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiyasına və siyasi-hərbi yolla həllini hər an gündəmə gətirməsinə imkan yaradır. Bu mərhələdə Azərbaycanın diplomatik səyləri təkcə Ermənistan rəhbərliyinin ifşasına deyil, həm də hərb yolunun nə vaxtsa qaçılmaz variant olacağını "sülhsevər və tərəqqipərvər" dövlətlərə sübut etmək istiqamətində qurulub. Bu bir reallıqdır ki, Azərbaycanın münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. İndiyə qədər regionda belə bir münaqişənin mövcudluğu ilə geosiyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanmağa çalışan fövqəlgüc dövlətləri hazırda Cənubi Qafqazda müharibənin yenidən alovlanmasından, qlobal layihələr üçün potensial təhdidlərin artacağından bərk narahatdırlar.
Vaxt Azərbaycanın xeyrinə
işləyir
Prezident İlham Əliyevin 2010-cı ildə münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin əsas mahiyyəti Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam iflasa uğradığını sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etmək, ən nəhayət Azərbaycanın iqtisadi-hərbi qüdrətinin artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarətdir.
Dövlət başçısının dəfələrlə bildirdiyi kimi, təcavüzkar ölkə Azərbaycanın çox güclü, mobil və peşəkar orduya malik olduğunu aşkar duymalı və bu, psixoloji təsir amili aparılan danışıqların pozitiv məcrada getməsini təmin etməlidir. Bununla yanaşı Azərbaycan haqlı mövqeyini bundan sonra da müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmək, Ermənistanın təcavüzkar siyasətinin daha qlobal miqyasda ifşasına nail olmaq, ideoloji-təbliğati sahədə psixoloji üstünlüyü ələ almaq üçün diplomatik fəaliyyətini davam etdirməlidir. Eyni zamanda ölkə rəhbərliyi bəzi dövlətlərə açıq mesaj verir ki, Azərbaycanı hərb yoluna sövq edən həm də beynəlxalq münasibətləri tənzimləyən hüquqi normaların "ikili standartlar" nəticəsində işləməməsidir. Dövlət başçısı İlham Əliyev Qəbələ rayonunda məcburi köçkünlərlə görüşü zamanı bu məqamı da açıq şəkildə diqqətə çatdırdı: "Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər beynəlxalq qanun normaları pozulursa onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır,- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar".
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev məhz bütün bunları nəzərə alaraq münaqişənin hərb yolu ilə həlli variantının aktuallaşa biləcəyini istisna etmir. Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətlənməsi, respublikamızın hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində ciddi dönüşün yaranması qətiyyən istisna olunmur. Çünki artıq danışıqlar prosesi kulminasiya nöqtəsinə - bir qədər də dəqiq ifadə etsək, qərar vermək mərhələsinə yetişib. Bu mərhələdən sonra ya danışıqlar tamamilə dayandırılmalı, ya da Ermənistan ənənəvi işğalçı mövqeyindən geri çəkilməlidir. Proseslərin gedişi onu deməyə əsas verir ki, danışıqların pozulmasını və hərbi əməliyyatların yenidən alovlanmasını istəməyən Qərb və Rusiya daha çox Ermənistana təzyiq göstərməyə çalışacaq.
Qondarma
"soyqırımı" iddiaları ilə manipulyasiya cəhdi
2009-cu ildə Qərbin təzyiqi ilə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların guya Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyi bəyan edilsə də, hadisələrin sonrakı inkişafı bunun reallıqdan uzaq olduğunu bir daha təsdiqlədi. Bu prosesin nəinki Azərbaycanın, eləcə də Türkiyənin özünün milli maraqlarına zidd olması ilə bağlı rəsmi Bakının verdiyi açıqlamalar isə özünü tam doğrultdu.
Ermənilər əvvəlcədən bu iki prosesin əlaqələndirilməsinin yolverilməz olduğunu bəyan edir, Türkiyəni sanki seçim qarşısında qoymağa çalışırdılar. Bu da açıq deyilməlidir ki, Ermənistanın Paris görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin sərtləşməsi də məhz Sürix protokollarının imzalanmasından sonrakı mərhələyə təsadüf edirdi. Lakin rəsmi Ankara bütün geosiyasi təsir və təhdidlərə rəğmən Azərbaycanla strateji müttəfiqlik və qardaşlıq münasibətlərinə sonadək sadiqlik nümayiş etdirməyi bacardı: dost ölkənin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca Ermənistanla sərhədlərin açılmayacağını, Sürix protokollarının Böyük Millət Məclisində təsdiqlənməyəcəyini bəyan etdi.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə gerçəkləşmiş rəsmi səfəri zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğan Ankaranın Qarabağ məsələsində bundan sonra da ölkəmizə lazımi dəstək verəcəyini vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Ramiz Mehdiyev isə heç bir qüvvənin iki ölkə arasındakı münasibətləri poza bilməyəcəyini deyib: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayana qədər protokollar təsdiq olunmayacaq. Bu mövqe Azərbaycanı qane edir".
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri həmçinin bildirib ki, Azərbaycan erməni lobbisi və onların havadarlarının Türkiyə əleyhinə fəaliyyətinə qarşı mübarizədə Ankaranı dəstəkləyir: "Prezident İlham Əliyev ABŞ Konqresi xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" qərarından sonra bəyanat verərək qardaş Türkiyənin yanında olduğunu bildirib. Son zamanlar Rusiya və Türkiyənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərinin güclənməsi də Azərbaycanda məmnunluqla qarşılanır".
Ermənistanın Türkiyəyə qarşı qondarma "soyqırımı" iddialarının son vaxtlar daha da genişlənməsi də Dağlıq Qarabağ ətrafındakı proseslərlə bilavasitə bağlıdır. Rəsmi Ankaranın Azərbaycanın maraqları əleyhinə hansısa qərar qəbul etməməsindən daha da qıcıqlanan erməni lobbisi "soyqırımı" iddialarını genişləndirməklə Türkiyəyə təsir göstərməyə çalışır. Qondarma "erməni soyqırımı" iddiaları Türkiyə ilə yanaşı həm də Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa xidmət edir. Bu həqiqəti zaman keçdikcə, ayrı-ayrı dünya dövlətləri də yaxşı başa düşür, erməni məkrinə inanmırlar. Sadəcə Türkiyənin regionda artan nüfuzu və rolu ilə barışa bilməyən bəzi dövlətlər "erməni soyqırımı" məsələsindən siyasi alət kimi istifadə edərək Ankaraya təzyiq göstərməyə çalışırlar. Bunun nəticəsidir ki, son 60 il ərzində qondarma "erməni soyqırımı"nı tanıyan dövlətlərin sayı 19-a çatıb.
Xatırlatmaq
yerinə düşərdi ki, "erməni
soyqırımı" iddiaları 1950-ci illərdən - yəni
"soyqırımı" ifadəsi rəsmən beynəlxalq
hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib.
Kilsənin irəli sürdüyü iddialar Amerika və
Avropada erməni lobbisinin dəstəyilə böyük
kampaniyaya çevrilib. Ermənilər ilk
"soyqırım" qərarının qəbuluna Uruqvayda
nail olublar. 1965-cü il aprelin 20-də, 41 il əvvəl Uruqvay
parlamenti 24 apreli "erməni soyqırımını anma
günü" kimi tanıyıb. Bundan 17 il sonra - 1982-ci il aprelin 29-da
Kiprin yunan icması analoji qərar qəbul edib. Daha sonra ədalətsiz
qərarın müəllifi Yunanıstan olub - Afina 1996-cı
ilin 25 aprelində "erməni soyqırımı"nı tanıyıb. Sonrakı mərhələdə
Belçika, Vatikan, Livan, İtaliya, Fransa, İsveçrə,
Kanada, Slovakiya, Hollandiya, Polşa, Argentina, Rusiya, Almaniya,
Venesuela, Latviya qondarma "erməni
soyqırımı"nı qəbul edib.
Nəhayət ABŞ Konqresi
və İsveç parlamenti 2010-cu ilin mart ayında qondarma
"soyqırımı"nın
tanınması ilə bağlı qətnamə qəbul edib.
Türkiyəli mütəxəssislərin fikrincə
dünya ölkələrinin "soyqırım" qərarlarını
qəbul etməsində aşağıda sadalanan amillər
aparıcı rol oynayır: həmin ölkələrdəki
erməni azlığının təsiri; Türkiyəyə
qərəzli münasibət; Türkiyəni Avropa
İttifaqında görməmək istəyi;
özünün törətdiyi soyqırıma suç
ortağı axtarmaq cəhdi; din amili; Türkiyəni
Dağlıq Qarabağ məsələsində Azərbaycana
fəal dəstək verməkdən çəkindirmək.
Bədnam erməni
lobbisinin bu qondarma iddianı bir neçə gün əvvəl
Böyük Britaniyanın Lordlar Palatasında müzakirəyə
çıxarmaq cəhdləri isə iflasa uğradı. Qondarma "erməni
soyqırımı"nın
tanınması haqqında qətnamənin müzakirəsində
iştirak edən lord Ken Maginnis yuzillik tarixi olan hadisələri
müzakirə etməkdənsə Dağlıq Qarabağda
baş verən hadisələri araşdırmağa
çağırdı: "O dövrdə ruslar və ermənilər
arasında gizli razılaşmalar mövcud olub və xoşagəlməz
hadisələr fitnəkarlığın nəticəsi olub. Hadisələr zamanı ermənilərlə
yanaşı digər xalqlar da zərər çəkib, lakin
bunu soyqırımı hesab etmək olmaz".
İclasın digər
iştirakçısı lord Con Devid Teylor Kilkluni isə deyib
ki, Böyük Britaniya qondarma "erməni
soyqırımı"nın
tanınmasını müzakirəyə çıxarmaqla
Türkiyəni özündən uzaqlaşdıra bilər. Britaniyalı lord həmçinin Dağlıq
Qarabağda minlərlə dinc azərbaycanlının ermənilər
tərəfindən qətlə yetirilməsi faktını
xatırladıb. Lordlar Palatasının nümayəndələri
ilə yanaşı dövlət naziri baronessa Qlenis Elizabet
Kinnok Böyük Britaniyanın qondarma "erməni
soyqırımı"nı tanımaması və rəsmi
nümayəndəsinin Kardifdə keçiriləcək
"erməni soyqırımı"nın anma mərasiminə
göndərməkdən imtina etməsi barədə bəyanat
verib. "İstənilən rəsmi nümayəndənin
həmin tədbirdə iştirak etməsi Böyük
Britaniyanın qondarma "erməni
soyqırımı"nı tanıması kimi qiymətləndirilə
bilər", - deyə dövlət naziri bildirib.
Ümumiyyətlə,
səbəbindən asılı olmayaraq erməni
soyqırımı ilə bağlı belə cəfəng
iddialar həm də Türkiyəni Ermənistana münasibətdə
yumşalmağa - sərhədləri açmağa məcbur
etmək, habelə qardaş ölkənin beynəlxalq
nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə
gedən yolunu bağlamaq məqsədi güdür. Ermənilərin və erməni
lobbisinin hədəfi "4 T" adlandırdıqları tələblərin
yerinə yetirilməsidir: "soyqırım"ın
dünyada tanınması; Türkiyənin
"soyqırım"ı tanıması; Türkiyənin
"soyqırım"a uğramış
adamların varislərinə təzminat ödəməsi;
Türkiyənin Şərqində ermənilərə torpaq
verilməsi. Məhz buna görə də Türkiyə
"erməni soyqırımı"nı
tanınması cəhdlərinə qarşı kifayət qədər
sərt reaksiya verir.
Qondarma
"soyqırımı" iddialarının kökündə
həm də Ermənistanın Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı üzləşdiyi təzyiqləri
neytrallaşdırmaq niyyəti dayanır. Türkləri
və azərbaycanlıları "vandal xalq" kimi qələmə
verməyə çalışan Ermənistan bununla
"Dağlıq Qarabağın öz müqəddəratını
təyin etməsi" iddialarına bəraət
qazandırmağa çalışırlar. Belə cəhdlər həm də təsdiqləyir
ki, Ermənistanın Türkiyə ilə münasibətləri
normallaşdırma səyləri səmimiyyətdən tamamilə
uzaqdır.
Münaqişənin həllində irəliləyiş
qaçılmazdır
Ermənistan rəsmilərinin
ictimai rəyə hesablanmış ənənəvi və
populist bəyanatlarına rəğmən təcavüzkar
dövlətin mövqeyində son illər ciddi diplomatik geriləmələr
müşahidə edilir. Rəsmi Yerevan 2007-2009-cu illərdə
münaqişənin mərhələli həlli ilə
bağlı müzakirələrə qatılmağa məcbur
olub. Təcavüzkar dövlətin
"Praqa prosesi", yəni "mərhələli həll"
modeli ətrafında danışıqları davam etdirməsi
rəsmi Bakının mühüm diplomatik nailiyyətlərindən
biri kimi vurğulanmalıdır. Dünyada
gedən proseslərin təsir əmsalları düzgün
hesablanmaqla yürüdülən bu siyasət münaqişənin
tezliklə, həm də Azərbaycanın maraqları çərçivəsində
həllinə imkan yaradır.
Siyasi analitiklərin
fikrincə, Azərbaycanın iqtisadi cəhətdən
qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli
dərəcədə artması fonunda danışıqlar
prosesində dönüşün baş verməsi
qaçılmazdır. Hazırkı situasiyada problemin sülh
danışıqları ilə həlli variantı Azərbaycanın
maraqlarına daha uyğundur. Ən azı
ona görə ki, problemin həllinin uzanması Ermənistanın
sosial-iqtisadi, hərbi və siyasi konteksdə daha da zəifləməsi
ilə müşayiət olunur.
Dövlət
başçısı, Ali Baş Komandan İlham Əliyev
münaqişənin yalnız Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi çərçivəsində
həllini mümkün sayır və sülh danışıqlarını
da məhz bu formatda aparır. Ölkə
başçısı Azərbaycanın ərazi itkisi ilə
barışmayacağını hər zaman qətiyyətlə
bildirir və münaqişənin həllində məhz beynəlxalq
hüquq normalarına istinad edir. "Nə 5 ildən
sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də
100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan
ayrılmayacaqdır. Mən nə qədər
Prezidentəm, buna yol verməyəcəyəm" - deyə
ölkə başçısı Azərbaycandan hələ
də güzəşt umanlara sərt mesaj ünvanlayıb.
Bütün bunlar isə əminliklə deməyə
əsas verir ki, Azərbaycan iqtidarı indiyə qədər
olduğu kimi, münaqişənin həllində bundan sonra da
prinsipial mövqe tutacaq və milli mənafelərin
qorunması üçün ardıcıl diplomatik səylər
göstərəcəkdir.
Prezident
İlham Əliyev daim bildirir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində beynəlxalq
hüquq və normaları, ədalət meyarı Azərbaycanın
tərəfindədir və bunu dünya ictimaiyyəti də
birmənalı təsdiq edir. Beynəlxalq birliyin
tamhüqüqlü üzvü olan Azərbaycan hələlik
münaqişənin sülh yolu ilə həlli
üçün səylərin davam etdirilməsini zəruri
saysa da, ərazi bütövlüyünün pozulması ilə
uzun müddət barışmaq niyyətində deyildir. Ermənistan
münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə
razılıq verməyəcəyi, təcavüzkarlıq
siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycan
öz torpaqlarının azad etmək üçün hərbi
əməliyyatlara başlayacaqdır. Bu, Azərbaycan
xalqının müstəsna hüququdur və onu heç bir
dövlət bu yoldan çəkindirə bilməyəcəkdir.
Münaqişənin başlanmasının əleyhinə
olan dövlətlər isə "ikili standartlar"dan əl
çəkərək ilk növbədə təcavüzkar
dövlətə təsir göstərməlidirlər.
Xalid NİYAZOV
Azərbaycan.- 2010.- 28
aprel.- S. 5.