Xalqa layiqli liderlik missiyası
Əhalinin sosial rifahının
yaxşılaşdırılması ümummilli lider Heydər
Əliyev siyasi kursunun prioritet istiqamətlərindəndir
Əsrlər boyu liderlik
institutu siyasətşünas və filosofların əsas
müzakirə mövzularından olmuş, bu fenomeni dərindən
öyrənməyə çalışmış
böyük mütəfəkkirlər bir-birindən
maraqlı, dəyərli nəzəriyyələr
yaratmışlar. Geniş fikir müxtəlifliyinə
baxmayaraq, ümumi qənaət bundan ibarətdir ki, iqtisadi
potensialından asılı olmayaraq, hər bir dövlətin
hərtərəfli inkişafı milli lider amili ilə
bilavasitə bağlıdır. Tarixən liderlik
missiyasını yalnız yüksək nüfuzu, ictimai-siyasi
fəallığı, təşəbbüskarlığı,
enerjisi ilə fərqlənən, fitri idarəçilik
keyfiyyətlərinə malik olan seçilmiş insanlar əzmlə
yerinə yetirə, təmsil etdikləri xalqın tarixinə
öz möhürlərini vura bilərlər.
Azərbaycan
xalqının ümummilli lideri, dünya şöhrətli
siyasətçi Heydər Əliyev də böyük siyasətdə
qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən
təkcə daxili inamına, iti fəhminə, yüksək
intellektinə, parlaq zəkasına deyil, həm də ictimai
etimada əsaslanmış, ən böyük dəstəyi
xalqdan almışdır. Şəxsiyyət və lider kimi
miqyasının böyüklüyü ona hələ
sağlığında ümummilli liderlik zirvəsini fəth
etmək imkanı yaratmışdı. Məhz bu qeyri-adi
xüsusiyyəti sayəsində ulu öndər həm də
idarəçilikdə böyük uğurlara imza
atmış, cəmiyyətin həlledici hissəsini
arxasınca apara bilmişdir. Heydər Əliyev dühası,
özünəməxsus liderlik keyfiyyətləri, siyasi
prosesləri yönəltmək məharəti, cəmiyyətin
maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək
bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin
bütün mərhələlərində xalqın sonsuz rəğbət
və etimadını, inamını qazanmışdır.
Böyük siyasi liderlər
üçün səciyyəvi cəhətlərdən biri
də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin
gedişinə təsir göstərmək və ya onu
qabaqlamaq bacarığıdır. Tarixən bir çox
nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu
məqsədlərə yetişərək uğur
qazanması, rəhbərlik etdiyi kütləni, xalqı
böyük fəlakət və faciələrdən
qoruması da məhz onların iti fəhminin, intuisiya və
uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan
xalqının ümummilli lideri də çağdaş
tariximizdə məhz uzaqgörən, siyasi proseslərin
inkişaf trayektoriyasını duyan, çoxgedişli
kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir
göstərən fenomenal şəxsiyyət kimi
xatırlanır.
Ulu öndər Heydər
Əliyevin hələ sağlığında xarizmatik liderə
çevrilməsində həyatı üçün
heç bir riskdən çəkinməməsi,
sözünü məqamında deməyi bacarması, milli
ideallar uğrunda mübarizədə yüksək qətiyyət
göstərməsi kimi xarakterik xüsusiyyətləri
mühüm rol oynamışdır. Ulu öndər harada
olursa-olsun, hadisələrin fövqünə qalxmış,
idarəçilik qabiliyyətini reallaşdırmış,
fenomen lider imicini qorumuşdur. Liderlik onun xarakterindən, fitrətindən,
dünyagörüşündən, yaradıcılıq
enerjisindən, qurub-yaratmaq həvəsindən
mayalanmışdır. Görkəmli ABŞ politoloqu Zbiqnev
Bjezinski ulu öndər Heydər Əliyev haqqında xatirələrində
bu barədə belə demişdir: "...Heydər Əliyev
siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı,
istədiyini tez çatdıran şəxsiyyət - bir
sözlə, şəksiz liderdir".
Siyasi lideri səciyyələndirən
əxlaqi keyfiyyətlərin idarəetmə üçün
zəruriliyini - Platon, Aristotel, Konfutsi kimi filosoflar da nəzəriyyələrində
xüsusi önə çəkmişlər. Bütün
bunların fonunda ulu öndər Heydər Əliyevin mənəvi-əxlaqi
cəhətdən nə qədər zəngin və kamil insan
olduğu bir daha aydın görünür. Ümummilli lider
istər ailədə, istərsə də dövlət idarəçiliyində
və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə
sadiq qalmış, əsl azərbaycanlı-türk
dünyagörüşünə malik olmuşdur. Böyük
strateq siyasətdə mənəvi əxlaq - sadəlik,
düzgünlük, təmizlik, vicdanlılıq, ləyaqətlilik,
yurdsevərlik, məğrurluq, mərdlik, qorxmazlıq kimi
keyfiyyətləri daim uca tutmuş, irəli çəkdiyi,
etimad göstərdiyi kadrların da bu məziyyətlərə
malik olmasına ciddi fikir vermişdir. Ulu öndər prinsipial,
sərt, məsuliyyətli olduğu qədər də,
humanist, tolerant, haqqa, ədalətə böyük önəm
verən, mərhəmətli, nəcib və xeyirxah şəxsiyyət
kimi milyonlarla azərbaycanlının qəlbində
yaşayır, ehtiramla anılır.
Dövlət idarəçiliyində,
ümumilikdə, siyasi arenada uğuru təmin edən cəhətlər
sırasında novatorluq və praqmatizm xüsusi yer tutur.
Xaraktercə yenilikçi, təşəbbüskar liderlər
həm də praqmatik keyfiyyətləri özlərində
daşıyırlar. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin,
özünəməxsusluğunun saxlanılması və gələcək
nəsillərə çatdırılması məsələsində
nə qədər mühafizəkar idisə, elmi-texniki tərəqqiyə,
inkişafa, sosial-mədəni tərəqqiyə xidmət edən
proqram və konsepsiyaların həyata keçirilməsində,
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində
bir o qədər yenilikçi, islahatçı, novator
olmuşdur. Yenilikçilik, təşəbbüskarlıq
keyfiyyətləri ilk növbədə onun qurucu və
yaradıcı, eyni zamanda maarifçi insan olmasından irəli
gəlmişdir. Heydər Əliyev yüksək siyasi fəhmi
və uzaqgörənliyi onun reallığa adekvat qərar və
proqramlar qəbul etməklə davamlı inkişaf
üçün dayanıqlı əsaslar yaratmaq, qonşu
dövlətlərlə münasibətləri
qarşılıqlı faydalılıq prinsipi əsasında
qurmaq, gələcək naminə optimal qərarlar qəbul etmək
məharətində təsdiqini tapmışdır. Məşhur
Çin filosofu Konfutsinin fikridir - hər kəsin taleyini onun
xarakteri müəyyən edir. Nəhəng əməlləri
ilə xalqının tarixini yazmış böyük liderlərin
ömür yoluna nəzər salarkən məlum olur ki,
onların rəhbərlik üçün səciyyəvi olan
bir çox keyfiyyətləri sonradan qazanılmış
deyil, təbii başlanğıcla anadangəlmə olur. Ulu
öndər Heydər Əliyevin də hələ gənc
yaşlarından qarşıya qoyduğu amallar uğrunda
apardığı mübarizə, məqsədinə doğru
inamla irəliləməsi, prinsipiallığı və qətiyyəti,
özünəinamı onun sosial-psixoloji tipinə görə
liderlik xüsusiyyətlərini aşkara
çıxarmışdır. Gənc yaşlarından həyatının
təhlükəsizlik orqanları ilə bağlanması da
onun xarakter etibarilə nə qədər möhkəm, mətin
və cəsarətli bir şəxsiyyət olduğunu təsdiqləyir.
Şübhəsiz, şəxsiyyətə pərəstiş
dövründə dövlət təhlükəsizliyi
orqanlarında çalışanların özlərinin həyatı
da ciddi risk və təpki altında olmuşdur. Buna baxmayaraq,
Heydər Əliyev nəinki bu riskdən çəkinməmiş,
hətta reallığın imkan verdiyindən də yüksək
dərəcədə xalqının mənafeyi naminə
çalışmış, milli ruhlu, vətənpərvər
insanları keçmiş rejimin repressiyalarından
qorumuşdur.
Ötən əsrin
sonlarına doğru Heydər Əliyev fenomeninin siyasi iradəsi,
düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri
anlamaq, təhlil edib modelləşdirmək və siyasi
davranışın ən əlverişli sxemlərini
reallaşdırmaq qabiliyyəti Azərbaycanı xaos və
anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən
xilas edərək sabit inkişaf yoluna
çıxarmışdır. İctimai-siyasi sabitliyi tam təmin
edərək sonrakı mərhələdə həyata
keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta
yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici
siyasətə, demokratik imicə, mənəvi yüksəlişə
malik olmayan xalq güclü dövlət qura bilməz.
Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini
təmin etməklə məhz o prinsipə əsaslanmışdır
ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin
təşkili və tənzimlənməsinin mühüm
amili, onların qarşılıqlı münasibətlərinin
qaydaya salınmasının, cəmiyyətdə
nizam-intizamın və sabitliyin təmini vasitəsidir.
"Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda
demokratik, hüquqi, dövlət qurulmalıdır. Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir, öz tarixi ənənələrindən,
milli ənənələrindən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək demokratik dövlət
quruculuğu yolu ilə getməlidir" - deyən ümummilli
lider demokratik inkişafa məhz insanların daxili
azadlığını, mənəvi ucalığını,
qanunçuluğa riayət etməsini şərtləndirən
mühüm vasitə kimi yanaşmışdır.
Ümummilli lider Heydər
Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan
cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin
olunmasını da özünün strateji vəzifəsi
saymışdır. Cəmiyyətin vahidliyini təmin edərək,
onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik,
regional faktor, dini və milli mənsubiyyət amili
baxımından parçalanmasına imkan verməmişdir. Həmin
seçimin Azərbaycan dövlətçiliyinin
yaşaması, inkişaf etməsi baxımından
düzgün olduğunu ötən illərin
reallıqları da bir daha təsdiqləmişdir. Heydər Əliyev
dühası bütün sistem və ölçülərin,
ictimailəşmiş qəliblərin fövqündə
dayansa da, bu ucalıq onun böyük dövlət xadimi,
görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl -
Böyük Azərbaycanlı olması faktını qətiyyən
kölgədə saxlamır. "Hər bir insan
üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.
Həmişə fəxr etmişəm və bu gün də fəxr
edirəm ki, mən Azərbaycanlıyam" - deyən
ümummilli lider azərbaycanlılara xas gözəl nə
varsa, onların hamısını öz parlaq simasında bir
araya gətirmişdir. Azərbaycanı qarış-qarış
gəzərək, rəhbər kimi onun hər bölgəsinə
silinməz izlər salmış, sağlığında xalq
üçün gördüyü nəhəng işlərlə
özü-özünü əbədiləşdirmişdir.
Ulu öndər
çıxışlarında hər zaman xüsusi
vurğulamışdır ki, müasir dünyada qloballaşma
proseslərinin nəticəsi kimi ortaya çıxan
sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər
bir xalqın milli-mənəvi dəyərlərinin
qorunması məsələsini çağdaş zamanın
aktual məsələlərindən birinə çevirir.
Problemi aktuallaşdıran başlıca amil budur ki,
qloballaşma prosesinin və çoxqütblü
inteqrasiyanın diktələri bir çox hallarda milli-mənəvi
dəyərlərə, adət-ənənələrə,
saf duyğulara qarşı yönəlir. Heydər Əliyevin
Vətəninə, xalqına, milli irs və ənənələrə
bağlılığı bu təhdidlərin önündə
əzəmətli sipərə çevrilmiş,
bütövlükdə xalqın milli özünəməxsusluğunu
qorumuşdur. Bu dahi şəxsiyyət Azərbaycanın min
illərin sınağından çıxmış mədəniyyətinə,
tarixinə, ənənəsinə həddən artıq
bağlı olmaqla yanaşı, onların olduğu kimi xalqa
qaytarılması üçün əlindən gələni
əsirgəməmişdir. Dahi öndərin
böyüklüyü həm də ondadır ki, milli ənənələrimizə
bu dərəcədə yüksək bağlılıq onun
timsalında bəşəri tərəqqi ilə təzad
yaradan konservativ yanaşma kimi sezilmir.
Ümummilli lider Heydər
Əliyev bu gün həm də müstəqil Azərbaycanın
milli sosial-iqtisadi inkişaf modelinin banisi kimi ehtiramla
xatırlanır. 1993-1995-ci illərdə Azərbaycanın
hansı iqtisadi modelə üstünlük verəcəyi ilə
bağlı çoxlu fikirlər, təkliflər irəli
sürülsə də, böyük strateq hansısa dövlətin
təcrübəsinin olduğu kimi milli iqtisadiyyata
köçürülməsini düzgün
saymamışdır. Ümummilli lider demokratik həyat tərzinin
diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə
sadiq qalaraq Azərbaycanın özünəməxsus
sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və
onu əsaslandırmışdır. Azərbaycanda bazar iqtisadiyyatı
prinsiplərinin geniş tətbiq olunması ilə
yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi
üçün sosial yardım sisteminin
formalaşdırılmasına, sosial ədalət prinsipinin
bütün səviyyələrdə bərqərar
olmasına çalışmışdır.
İqtisadi
islahatların ardıcıl və sistemli şəkildə
aparılmasının tərəfdarı kimi
çıxış edən Heydər Əliyev yeni mərhələdə,
ilk növbədə, dövlət mülkiyyətinin özəlləşdirilməsi
vacibliyini önə çəkmiş, bu proses keçid
dövrünün bəzi xırda
çatışmazlıqlarına rəğmən, uğurla
başa çatdırılmışdır. Ümummilli lider
yaxşı bilirdi ki, dövlət mülkiyyətinin
xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi
sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi
mülkiyyətçiliyin bərqərar olması, habelə
milli iqtisadiyyatın dünya iqtisadi sisteminə
inteqrasiyası, insanların şüurunda, həyat tərzində
əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata
keçirilmiş özəlləşdirmə prosesinin məqsədi
də məhz hər bir vətəndaşın iqtisadi
islahatlarda şəxsi marağını təmin etmək, əhalinin
həyat səviyyəsini yaxşılaşdırmaq,
sağlam rəqabətə əsaslanan istehsal
üçün şərait yaratmaq olmuşdur.
İqtisadiyyatın bütün sahələrini əhatə
edən özəlləşdirmə prosesi müstəqil
respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə
formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin
yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Özəlləşdirmə
prosesi ilə paralel respublikamızda həyata keçirilən
struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün
sahələrinin sürətli inkişafına, o cümlədən
yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə
təcrübəsi cəlb etməklə, rəqabət
qabiliyyətli məhsul istehsal edən müəssisələrin
yaradılmasına, infrastrukturun yeniləşməsinə,
yeni iş yerlərinin açılmasına imkan vermişdir.
Respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində
məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca
təminatçısı kimi dəyərləndirmiş,
güclü sahibkarlar təbəqəsinin
formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin
güclənməsinə çalışmışdır.
1997-2002-ci illərdə respublikada sahibkarlığın
inkişafı üçün zəruri maliyyə təminatı
yaradılmış, süni maneələrin aradan
qaldırılması üçün mükəmməl
qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin
bu növü ilə məşğul olanların hərtərəfli
stimullaşdırılması məsələsi diqqət mərkəzində
saxlanılmışdır. İnvestisiyaların təşviqi
üçün respublikada daha münbit şərait yaratmaq,
daxili və xarici sərmayəni stimullaşdıran səmərəli
metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun
başlıca istiqamətini regionların, qeyri-neft sektorunun
inkişafına yönəltmək, habelə maddiləşən
işgüzar fəallığı gücləndirmək
üçün kompleks tədbirlər həyata
keçirilmişdir.
Ümummilli lider Heydər
Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən
biri də neft gəlirlərindən düzgün istifadə
etmək, "Holland sindromu"na imkan verməməkdən
ibarət olmuşdur. "Neft təkcə indiki deyil, həm də
gələcək nəsillərə məxsusdur" - deyən
dahi öndər iqtisadiyyatın birqütblü
inkişafının yolverilməzliyini daim vurğulamaqla
yanaşı, istehsal sahibkarlığının geniş
vüsət almasına, fəaliyyətini
dayandırmış bir sıra iri müəssisələrin
işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun
inkişafına xüsusi diqqət yetirmişdir. Ulu öndərin
gərgin səyləri ilə Azərbaycanda torpaq
islahatları bir sıra MDB dövlətlərindən fərqli
olaraq tamamilə rəvan şəkildə həyata
keçirilmiş, kəndlinin mənafeyinə cavab
vermişdir. Bu mərhələdən həmçinin aqrar islahatları
daha da dərinləşdirmək, onun ikinci mərhələsinə
keçidi təmin etmək, kəndli-fermer təsərrüfatlarının
bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə
yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli
kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə
ciddi addımlar atılmışdır.
1995-1996-cı illərdə
"Aqrar islahatların əsasları", "Sovxoz və
kolxozların islahatı", "Torpaq islahatı
haqqında" qanunların və digər vacib hüquqi
aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər
aparmaq üçün imkanlar açmış, "Torpaq
islahatı haqqında" qanunda Müstəqil Dövlətlər
Birliyi məkanında ilk dəfə olaraq torpağın
xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı
obyekti olması kimi amillər əksini tapmışdır. Kənd
təsərrüfatında aparılan ciddi struktur
islahatları sayəsində dövlət mülkiyyətində
saxlanılan az sayda damazlıq, toxumçuluq və digər təsərrüfatlar
istisna olmaqla, bütün kənd təsərrüfatı
müəssisələri, o cümlədən sovxoz və
kolxozlar ləğv edilərək onların əmlakı təsərrüfat
üzvləri arasında
bölüşdürülmüşdür. Kənddə yeni
mülkiyyətin - kəndli-fermerlərin
formalaşmasının sürətləndirilməsi kənd
təsərrüfatında işlərin daha yaxşı təşkili
və aqrar bölmənin inkişafı üçün
möhkəm zəmin yaratmışdır.
Ulu öndər Azərbaycanda
daim sosialyönümlü bazar iqtisadiyyatının tərəfdarı
olmuş, özəl sektorun dinamik inkişafı şəraitində
sosial problemlərin həllinə, o cümlədən işəgötürənlərlə
işçilər arasında əmək münasibətlərinin
qanunamüvafiq qaydada tənzimlənməsini təmin etmək
üçün dəfələrlə qanunvericilik təşəbbüsündən
istifadə etmişdir. Bu gün qürur hissi ilə deyə
bilərik ki, Azərbaycanda Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) müstəqil qurum kimi
formalaşması da məhz ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz ümummilli liderin
şəxsi təşəbbüsü və nəzarəti
altında keçmiş postsovet məkanında ilk dəfə
olaraq Azərbaycanda həmkarlar ittifaqları haqqında qanun qəbul
edilmiş, bununla da təşkilatımızın normal fəaliyyətinə
şərait yaradılmışdır. Ulu öndərin
uzaqgörən siyasəti sayəsində həmkarlar
ittifaqlarının uzun illər ərzində yaranmış
maddi-texniki bazasının dağıdılmasının
qarşısı alınmış, həmkarlar
ittifaqlarının demokratik idarəetmə prinsiplərinə
əsaslanan fəaliyyətinə dəstək verilmişdir.
İşinin çoxluğuna baxmayaraq həmişə bu
qurumun fəaliyyətini izləməyə, ona yardım
göstərməyə vaxt tapmış, qurultaylarına təbrik
məktubları göndərmiş, əldə olunmuş
nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri
tövsiyələrini vermişdir. Ulu öndərin 2003-cü
il 5 fevral tarixdə AHİK-in II qurultayına
ünvanladığı təbrik məktubunda deyilirdi: "Bu
gün respublikamızın iqtisadi potensialından daha səmərəli
istifadə edilməsi və vətəndaşlarımızın
maddi rifah halının yaxşılaşdırılması məqsədi
ilə həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini
verməkdədir. Ölkəmizdə yeni iqtisadi sistem, yeni
mülkiyyət formaları və təsərrüfat mexanizmləri
formalaşmış, iqtisadiyyatımız ardıcıl
inkişaf yoluna qədəm qoymuşdur. Xüsusi mülkiyyətə
əsaslanan təsərrüfat subyektlərinin fəaliyyəti
üçün yaradılan şərait insanların fərdi
təşəbbüskarlığının reallaşmasına
geniş meydan açmışdır. Sahibkarlığın
inkişafı ölkə iqtisadiyyatında özəl
bölmənin aparıcı mövqe qazanmasına təkan
vermişdir. Yeni şəraitdə həmkarlar
ittifaqlarının cəmiyyətdəki rolu daha da
artmışdır. 1994-cü ildə qəbul olunmuş
"Həmkarlar İttifaqları haqqında" Azərbaycan
Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin
yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın
sosial-iqtisadi mənafelərinin qorunmasında fəal
iştirakı üçün hüquqi baza yaradır. Həmkarlar
ittifaqları hazırkı dövrdə əmək prosesinə
cəlb olunmuş Azərbaycan vətəndaşlarının
hüquqlarının müdafiəçisi kimi ölkəmizdə
fəaliyyət göstərən bütün müəssisələrdə,
o cümlədən xarici sərmayə ilə işləyən
təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin
müasir standartlara uyğunlaşdırılması, sosial
problemlərin həlli və əmək hüquqlarının
təmin olunması sahəsində yeni metod və vasitələrdən
istifadə edərək daha ardıcıl və məqsədyönlü
fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın
ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları
yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli,
sosial siyasətin həyata keçirilməsində önəmli
rol oynamalıdırlar".
Hər bir liderin dövlət
idarəçiliyində qazandığı uğur və
nailiyyətləri şərtləndirən başlıca
amillərdən biri də ciddi təmələ söykənən
siyasi varislik ənənələrinin qorunmasıdır.
Söhbət ölkənin və dövlətin sabit, dinamik
inkişafının təkamül yolu ilə davam etdirilməsi
xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu
baxımdan ulu öndərin nəhəngliyi həm də
ondadır ki, güclü dövlət yaratmaqla yanaşı,
onu özündən sonra inamla idarə edəcək,
çoxşaxəli mütərəqqi islahatların
varisliyini uğurla təmin edəcək peşəkar lider,
layiqli davamçı yetişdirmişdir. Xalqın sosial
sifarişi əsasında Heydər Əliyev siyasi kursunu davam
etdirmək kimi çətin və məsuliyyətli bir
missiyanı 2003-cü ilin oktyabrından üzərinə
götürmüş cənab İlham Əliyev də öz
siyasətini həmin ənənələr çərçivəsində
qurur. Ümummilli liderin müəyyən etdiyi strategiyanı
uğurla həyata keçirən Azərbaycan Prezidenti
İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini
diqqətlə nəzərdən keçirdikdə, onun
xalqına, dövlətinə necə bağlı lider
olduğu bir daha təsdiqini tapır. Dövlət
başçısının idarəçilik keyfiyyətlərindən
ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə
formalaşaraq sabitləşmiş milli dövlətçilik
ənənələrinə sadiqlikdir.
Siyasi liderlik,
şübhəsiz, kütlələri ətrafında birləşdirmək
bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən
Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və
lider kimi böyüklüyü onun ideyalarının
inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə
hər bir vətəndaşın maraqlarına
hesablanmasından irəli gəlir. Dövlət
başçısının milli birlik və həmrəylik
konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin
mənəvi bütövlüyündə və monolitliyində
aparıcı amilə çevrilməkdən savayı, həm
də ona xalqı öz ətrafında birləşdirmək,
milli ideallar ətrafında səfərbər etmək
imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin
icrasına başladığı ilk gündən cəmiyyətin
bütün siyasi qüvvələrinin, sosial
qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin
etmək istiqamətində ardıcıl siyasət
yürütmüşdür.
İqtisadi cəhətdən
inkişaf etmiş dövlətlərin sınaqdan
çıxmış təcrübəsi göstərir ki,
siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə
etdiyi uğur və nailiyyətləri şərtləndirən
başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət
qarşısında götürdüyü öhdəliklərə
sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa
layiqli xidmət məramını əsas tutmaqla, ölkənin
bütün mövcud resurslarını qarşıya
qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi
naminə səfərbər edir, siyasətində hər bir fərdin
maraq və mənafeyini nəzərə almağa
çalışır. Fəaliyyətini hər zaman ictimai
inam və etimadı doğrultmaq məramı üzərində
quran, hakimiyyətin mütəmadi olaraq gördüyü
işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə
mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan
Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri
sayəsində respublikamızı qısa müddətdə
bütün sahələrdə sürətli inkişaf yoluna
çıxarmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev dəfələrlə vurğulamışdır
ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində
dövlətin əsas vəzifəsi mütərəqqi
iqtisadi və sosial islahatları həyata keçirmək,
iqtisadi inkişaf prosesində hər bir vətəndaşın
iştirakını təmin etmək, mövcud potensialdan hər
bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli
şəkildə yararlanmasına şərait yaratmaqdır.
Dövlətin öz vətəndaşlarının həyati
tələbatlarının ödənilməsinə göstərdiyi
qayğı özünü bilavasitə sosial təminat
sistemində büruzə verir. Respublikada son 7 ildə həyata
keçirilən iqtisadi siyasətin əsasən
sosialyönümlü mahiyyət daşıması da bir
sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin
sosial sifarişini əks etdirmişdir.
Dövlət
başçısı Nazirlər Kabinetinin 2010-cu ilin birinci
rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş
iclasında sosial məsələlərin diqqət mərkəzində
olduğunu bir daha vurğulamışdır: "Sosial məsələlərin
həllinə gəldikdə, iqtisadi inkişaf bu məsələlərin
həlli üçün başlıca şərtdir. Əgər
güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni,
sosial proqramı icra etmək mümkün olmayacaqdır. Biz
bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar,
maaşlar vaxtaşırı artırılır. Bu il də
maaşların və pensiyaların artımı nəzərdə
tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir.
Bütün sosial proqramlar, sosial ödəmələr
vaxtında təmin edilir".
Azərbaycan Prezidenti
İlham Əliyevin insana qayğı və hörmət
prinsipinə əsaslanan liberal siyasəti sayəsində bu
gün hər bir vətəndaşın əmək hüququ
da yüksək səviyyədə qorunur. Bazar münasibətlərinin,
demokratik inkişafın tərəfdarı olan möhtərəm
Prezident bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövründə həmkarlar təşkilatlarının
roluna yüksək önəm verir və milli iqtisadiyyatın
sürətli yüksəliş mərhələsində əmək
münasibətlərinin hüquqi çərçivədə
tənzimlənməsini cəmiyyətin mənəvi təkamül
yolu ilə inkişafının mühüm şərti
sayır. Son illərdə dövlət
başçısının həmkarlar təşkilatlarının
cəmiyyətdəki rolunun artırılması məqsədilə
verdiyi bir sıra mühüm fərman və sərəncamlar
da bunu bir daha təsdiqləyir. 2008-ci ildə həmkarlar təşkilatlarının
qurultayının yüksək səviyyədə
keçirilməsi, habelə bu sahədə
çalışan işçilərin bir qisminin Azərbaycan
Prezidenti tərəfindən təltif olunması da yüksək
diqqət və qayğının əyani təzahürüdür.
Bundan əlavə, Milli Məclisdə yeni dövrün tələbləri
nəzərə alınmaqla, Əmək Məcəlləsinə
edilmiş mütərəqqi dəyişikliklər dövlətin
işçilərin hüquqlarının qorunması,
onların sağlam və təhlükəsiz iş şəraiti
ilə təmin olunması istiqamətində atdığı
mühüm addımlardandır.
Azərbaycan Prezidenti
İlham Əliyev AHİK-in 2008-ci il fevralın 5-6-da
keçirilmiş III qurultayına təbrik məktubunda
respublikanı dərin sosial-iqtisadi və siyasi böhrandan
çıxaran ümummilli lider Heydər Əliyevin həmkarlar
təşkilatlarını müxtəlif siyasi qüvvələrin
təsirindən qoruduğunu, öz missiyasını yerinə
yetirməsinə lazımi şərait
yaratdığını xatırlatmışdır: "Bu
gün respublikamızın iqtisadiyyatında özəl
bölmə aparıcı mövqeyə malikdir. Yeni
yaradılmış yüz minlərlə iş yerinin əksəriyyəti
bu bölmənin payına düşür. Ölkədə
yüzlərlə yerli və xarici şirkət fəaliyyət
göstərir. Həmkarlar ittifaqları belə müəssisələrdə
əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın
iş şəraitinin yaxşılaşdırılması,
sosial problemlərinin həlli və əmək
hüquqlarının təmin olunması üçün
ardıcıl və məqsədyönlü tədbirləri
davam etdirməlidir. Müstəqil dövlətimizin dünya
birliyinə inteqrasiya olunması həmkarlar
ittifaqlarının beynəlxalq əlaqələrinin
qurulması üçün geniş şərait yaradır.
Hesab edirəm ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası üzvü olduğu Beynəlxalq Əmək
Təşkilatı və Beynəlxalq Azad Həmkarlar
İttifaqları Konfederasiyası kimi nüfuzlu qurumların
imkanlarından bəhrələnərək əməyin təşkili
və sosial problemlərin həlli sahəsində qabaqcıl
dünya təcrübəsini dərindən öyrənməli
və ölkəmizdə tətbiq etməlidir. Bu prosesdə həmkarlar
ittifaqı təşkilatlarının yeniləşməsi və
inkişaf etməsi zamanın tələbidir. Məhz
müasir təcrübəyə yiyələnərək
peşəkarlığını artıran, güclü və
nüfuzlu həmkarlar ittifaqı təşkilatları öz fəaliyyətində
uğur qazana bilər".
AHİK-in III
qurultayının nümayəndələri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə ünvanladıqları
müraciətdə dövlət
başçısının ölkə vətəndaşları
qarşısında qoyduğu vəzifələrin
reallaşdırılması istiqamətində səylərini
əsirgəməyəcəklərini bildirmiş, bu sahədə
mühüm tədbirlərin həyata keçiriləcəyinə
çalışacaqlarını vəd etmişlər.
Qurultay nümayəndələri belə bir yekdil fikri
vurğulamışlar ki, bu gün Azərbaycanın hərtərəfli
inkişafının təməlində duran əsas amillər
ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla
davam etdirilməsi, idarəetmə sahəsində təşəbbüskarlıq
və prinsipiallığın geniş bərqərar
olması, nəhayət, xalqın cənab İlham Əliyevə
göstərdiyi böyük inam və etimaddır.
Bütün bunların nəticəsində ölkəmizdə
ictimai-siyasi sabitlik dönməz xarakter almış,
demokratiyanın inkişafı, o cümlədən insan
hüquq və azadlıqlarının təmin olunması
istiqamətində işlər inamla davam etdirilmişdir.
Qurultayda 1 milyon 600 min üzvü olan Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının ölkə əhalisini
2008-ci ildə keçirilən prezident seçkilərində
ulu öndərin layiqli davamçısı, siyasi varisi cənab
İlham Əliyevə səs verməyə
çağırması da məhz bu reallığa əsaslanmışdı.
Ümumiyyətlə,
son illərdə ölkədə uğurla həyata
keçirilən sosial-iqtisadi və hüquqi islahatlar bir daha təsdiqləyir
ki, Prezident İlham Əliyev dövlətçilik təcrübəsində
siyasi varislik ənənələrinin davamı, üstəlik,
mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi
prioritet istiqamət təşkil edir. Üstünlüyü,
obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin
hakimiyyətdə olduğu illər ərzində dəfələrlə
öz təsdiqini tapmış bu siyasi kursun
davamlılığının təmin olunması isə Azərbaycanın
dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə,
müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli
yüksəlişinə ən etibarlı təminatdır.
Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 29
aprel.- S. 3.