Bir dünya nur çeşməsi

 

Bu dünyada hərəmiz qismətimizə Tanrı tərəfindən yazılmış bir ömür payı yaşayırıq. Kiminə az görünür, kiminə çox. Əslində, ömrün zaman məsafəsinə bölünməklə hesablanması sırf şərti kateqoriyadır. Çünki ömür dedikləri bir hikmət, bir fəlsəfədir. Bizcə, insan ömrünün uzunluğunu yaşanmış illərin kəmiyyəti ilə deyil, ona məna və məzmun bəxş etmiş əməllərin keyfiyyəti ilə ölçmək lazımdır. Bu mənada, Azərbaycan xalqının nəcib və nəcabətli, əməlisaleh və əməlpərvər, həssas və insankeş, vəfalı və qədirşünas, deməli, ən uzunömürlü qızı idi Zərifə xanım Əliyeva. Cəfakeş ana, mələk təbiətli qadın, qayğıkeş insan, görkəmli alim, sadiq dost, vəfalı ömür-gün yoldaşı və böyük vətənpərvər idi Zərifə xanım. Elm fədaisi, nur çeşməsi, şəfqət qaynağı idi Zərifə xanım.

 

Zərifə xanım o nadir insanlardandır ki, onun haqqında felin keçmiş zamanında danışmaq ruhani əzabdır, dilin götürə bilməyəcəyi bir ağırlıqdır, müxtəlif insanların ən isti, şəfqət və məhəbbət dolu xatirələrinin tən ortasından ötüb keçən həzin bir nisgil karvanıdır. Amansız qədər onu 25 il 13 gün əvvəl aramızdan apardı. Ancaq nə qəm! O, qayıtmaq üçün gedən insanlardan idi. Bu gün də aramızdadır: işıqlı xatirəsi, nurlu əməlləri, ülvi arzuları ilə.

Zərifə xanım Əliyeva haqqında danışanda nədənsə hamı ən çox işıq kəlməsini işlədir. Bu onun fitrəti və sənəti ilə bağlı sözdür. Çünki işıq Günəş, Günəş əbədi enerji, o isə həyat və əbədiyyət deməkdir. Zərifə xanım öz şəfalı əlləri ilə insanlara həmin nemətləri bəxş edirdi.

Zərifə xanım elə bir ailədə dünyaya gəlib, elə bir mühitdə böyümüşdü ki, başqa cür, sadəcə, ola bilməzdi. Nahaq yerə deməyiblər ki, ot kökü üstündə bitər. Heç şübhəsiz, onun bir şəxsiyyət kimi yetişməsində böyük insan, həkim, ictimai-siyasi xadim Əziz Əliyevin zəhməti və qayğısı olmuşdur. Qısa ömür payında dünyanın səfasını da, cəfasını da, məhəbbətini də daddı Zərifə xanım. Və sanki o, bu dünyaya böyük bir missiyanı həyata keçirmək üçün Allah tərəfindən göndərilmişdi - insanlara Günəşi, təbiətin rənglərini, yaşıl otu, mavi səmanı, zümrüd Xəzəri görə bilmək nemətini bəxş etmək üçün; adamları dünyada yaxşılıq, alicənablıq, kübarlıq, səmimilik kimi məziyyətlərin tam məhv olmadığına inandırmaq üçün; Azərbaycanı müstəqil bir dövlət kimi həqiqi azadlıq və tərəqqisinə qovuşdurmaq yolunda ömrünü şam kimi əritmiş ulu öndər Heydər Əliyevə vəfalı sirdaş, arxa-dayaq olmaq üçün... O, başqaları kimi oturub evinin xanımlığını da edə bilərdi. Ancaq zəhməti, sənəti naz-nemətdən, "saray xanımlığından" üstün tutdu. Bir ailənin deyil, xalqının, millətinin xanımına, şəfqət sahibəsinə çevrildi. Yer üzündə bundan uca, bundan qiymətli xoşbəxtlik olurmu? Əsla! Zərifə xanımı tanıyanlar onu son dərəcə munis, səmimi, qayğıkeş, təvazökar bir insan kimi xatırlayırlar. Və bu gün həmin xatirələrdən bəzi parçaları dilləndirməyə ehtiyac duyuruq. F.Abdullazadə: "Sənsiz günəşsiz qaldı günlər..." Bu sözlər o böyük qadının - Zərifə xanım Əliyevanın həyat amalının mahiyyətini və onun əziz xatirəsindən bizlərə qalan nisgili kifayət qədər dəqiq ifadə edir. O özü qəlbən xeyir dünyasının Günəşi idi.

... Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibəti də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki ulu Tanrı tərəfindən bəxş olunan bir pay kimi qəbul edirdi. Onun öz analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar öz uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla, hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi".

M.Krasnov, Rusiya TEA həqiqi üzvü: "Zaman keçdikcə olduqca vacib və əhəmiyyətli bir şeyi xatırlayanda, bəzən sondan başlamalı olursan. Üstəlik, tanıdığın adamın ölümü həmişə vaxtsız, ağrılı və qeyri-təbii görünür. Zərifə Əziz qızı Əliyevanın məzarı önündə hər dəfə eyni sözü təkrar edirəm: "ola bilməz", "mümkün deyil"... Bir Şərq mütəfəkkirinin dediyi kimi, "hətta bildiyimiz şeyə də inanmağımız gəlmir". İndi də belə idi: Zərifə xanım haqqında xatirələr o qədər canlıdır ki, ölümü belə, yaxına buraxmır.

... Zərifə xanımın elmi cəsarəti onun elmi təvazökarlığı ilə üst-üstə düşürdü. Elmi nailiyyətlərinə görə o, Tibb Elmləri Akademiyasının mükafatına layiq görüləndə bütün səmimiyyəti ilə təəccübləndi: "Nə üçün məhz mənə?" O təkcə elm aləmində deyil, həyatda da bu cür səmimi idi".

A.Dobromıslov, professor: "Zərifə Əziz qızını xəyalımda oftalmoloqlar forumunun kürsüsündə canlandırıram. Bəstəboy bir qadın öz fikirlərini, baxışlarını ciddi şəkildə dinləyicilərə çatdırmaq istəyir və o bu istəyinə həmişə nail olur. Ona görə ki, təqdim etdiyi materialları məntiqi baxımdan dəqiq əsaslandırmağı bacarırdı.

... Mən bir dəfə Zərifə Əziz qızının xəstələri necə qəbul etdiyinin şahidi oldum. Xəstələr üzlərində təbəssüm, müayinə olunduqdan və müalicə təyin edildikdən sonra tezliklə sağalacağına ümidlə, professor Z.Ə.Əliyevaya inam hissi ilə otağı tərk edirdilər".

P.Əzizbəyova, akademik: "Zərifə haqqında yazmaq çətindir. Özü də ona görə yox ki, itkimizin ağrısı hələ soyumayıb - bu ağrılar hələ uzun müddət onu tanıyanları incidəcək. Ona görə çətindir ki, onun öz əli ilə yaddaşımıza yazılanları dilə gətirməmək, yazıya almamaq mümkünsüzdür. Eyni zamanda, adam qorxur ki, Zərifəyə, bir mələk kimi təmiz, ciddi və təvazökar olan əziz bacımıza yabançı olan sözçülüyə yol verə...

... Zərifənin bacısı qızı Svetlananın toyu bu gün də yadımdan çıxmır... Zərifə təzəcə ərə getmişdi və o vaxtdan onunla doyunca söhbət eləməyə vaxt olmamışdı. Birinci soruşduğum o oldu ki, Zərifə, xoşbəxtsənmi? - O sevinə-sevinə mənə öz xoşbəxtliyindən, hədsiz, dərin, sədaqətli və qarşılıqlı məhəbbətindən, həyat yoldaşının gözəl keyfiyyətlərindən xeyli danışdı..."

F.Maqsudov, akademik: "...Zərifə xanımın vətən qarşısında, el qarşısında, millətimizə göstərdiyi xidmətlərdən çox danışmaq olar. Ancaq onun ən böyük xidmətlərindən biri də, məncə, ailə qarşısındakı xidmətləridir. XX əsrin görkəmli siyasətçilərindən, ən istedadlı öndərlərindən birinin başçılıq etdiyi bir ailəyə ağbirçəklik etmək hər qadının işi deyil - ər qadının işidir. Zərifə xanım öz zərif görkəminə uyğun gəlməyən bir aslan gücü ilə bu nəhəng yükü çəkməkdə - böyük bir millətə başçılıq etməkdə, bu milləti zamanın kəşməkəşlərindən çıxarmaqda öz sevimli həyat yoldaşı ilə çiyin-çiyinə getmişdir, öz həyat yoldaşına və Azərbaycan xalqına hər iki valideynin mənəvi sərvətinin daşıyıcısı olan iki gözəl övlad bəxş etmişdir".

Zərifə xanım Əliyevaya həsr olunmuş kitabdan təqdim etdiyim bu xatirələr həmişə sübh tezdən qönçəyə qonmuş şeh damlaları tək təzə, təravətli və saf görünür.

Bu isə, 80-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi işləmiş Aleksandr İvanovun xatirələridir. Uzun illər keçsə də, dadını-tamını itirməyən, unudulması mümkünsüz, qəlbi ehtizaza gətirən xatirələr: "Zərifə xanım... Əziz, mehriban Zərifə xanım. Səmimi, qayğıkeş, diqqətcil Zərifə xanım. Nəcib, şəfqətli, əliaçıq Zərifə xanım. Hansı epitetləri, minnətdar ifadələri işlətsəm, yenə də azdır, o işıqlı, əməli, niyyəti nur insanın məziyyətlərini açıb qoymaqda acizdir. O, olduğu kimi görünən və göründüyü kimi olan nadir bir xanım idi. Hamımızın anası idi. Xatirələrimin içində bu insanın məxsusi yeri var. Onun haqqında çoxları danışıb, yazıb.

Portretini də çəkiblər, heykəlini də düzəldiblər. Hər birinin səmimiyyəti, sənətkarlığı qarşısında baş əyirəm, ancaq inciməsinlər. Zərifə xanım xeyirxahlığı, nəcibliyi, mehribanlığı, qayğıkeşliyi ilə, qəlbləri ovsunlayan, riqqətə gətirən diqqətcilliyi ilə sanki Tanrının öz tişəsi ilə insan cildində yonduğu bir abidə idi. Tanıyanlar nəinki mübaliğəyə yol vermədiyimi, hətta düşündüklərimi ifadə etməkdə xeyli "piyada" olduğumu təsdiq edərlər. Onun ürəyi hərənin ətrafına sığınıb isindiyi, qığılcım payı aldığı gur şöləli tonqal idi. Qəribə xilqət idi, yaxşılıq etməkdən həzz alırdı və buna adi şey kimi baxırdı. Çox illər sonralar mən Zərifə xanımın bir çox məziyyətlərinin Mehriban xanımın timsalında təzahür etdiyini gördüm. Düz deyiblər ki, gəlin ocağa gələr".

Heydər Əliyevlə Zərifə xanımın bir-birinə münasibəti bir başqa aləm idi. Onları tanıyıb bilənlərin dediyinə görə, Zərifə xanımın Heydər Əliyevə bəslədiyi ülvi hisslərin Yer üzündə tayı-bərabəri yox idi. Məsələn, elə həmin o A.İvanov söyləyir ki, Zərifə xanım həmişə Heydər Əliyevi qapıdan yola salar, arxasınca su atardı. Heydər Əliyev də öz növbəsində bir səfərə çıxdımı, çatan kimi dərhal Zərifə xanımı arayırdı ki, nigaran qalmasın. O, Heydər Əliyevi, sözün əsl mənasında, ana nəvazişi və məhəbbəti ilə əhatə etmişdi, onun tək ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. Bu insan özü üçün yaşamırdı, ailəsi, uşaqları ilə nəfəs alırdı. Hələ başqa siyasi büro üzvlərinin xanımlarından fərqli olaraq işləyirdi də, insanlara xidmət edirdi.

- Zərifə xanımda anadangəlmə bir ziyalılıq, qeyri-adi təvazö vardı. Bu ailə ilə daha yaxından tanış olduqca, bildim ki, bu, genlərin işidir. Bu hadisə Heydər Əliyev hələ Bakıda işləyəndə baş vermişdi,- deyə müsahibim Aleksandr Alekseyeviç sözünə davam edir: "Bir dəfə səhər hovuzdan kottecə qayıdarkən dedi ki, Saşa bu gün Moskvaya, Zərifə Əzizovnanı gətirməyə uçursan. Yola düşdüm. Yuri Kamayev məni qarşıladı. Geriyə biletlərimizi də o almışdı. Ancaq axşam Zərifə xanım məni tapıb dedi ki, bəs, papa zəng eləmişdi (biz öz aramızda Heydər Əlirza oğlunu bu cür çağırırdıq- A.İ.), tapşırdı ki, general-polkovnik Tsiviqun DTK xətti ilə xüsusi reyslə Bakıya müşavirəyə uçur, biz də ona qoşulaq. Təyyarə beş nəfərlə Vnukovo - 1-dən havaya qalxdı. Bir də gördüm ki, şassi nəsə xoşagəlməz səslər çıxarır. Təyyarə hündürlüyü götürə bilmirdi, artıq üçüncü dairəni yerinə yetirirdi. Tsiviqun məsələ ilə maraqlandı. Mühafizəçiləri dedilər ki, bəs, pılotlar qapını bağlayıblar, bələdçi isə oturub ağlayır. Zərifə xanım yerindən qalxıb mənim yanımda oturdu. - Nə baş verir?- soruşdu. - Heç nə, hər şey normaldır, bu saat qalxacağıq- dedim. Təyyarə beş dəfə enib qalxdı. Demə, yanacağını atırmış. Belə bir fövqəladə məqamda Zərifə xanım əlimdən tutaraq nə desə yaxşıdır- Görəsən, Heydər, İlham xəbər tutsalar, neynəyəcəklər?! Həyəcanlanacaqlar! - Ölümün qaşla göz arasında olduğu həmin təhlükəli anda da bu insan özünü deyil, əzizlərini düşünürdü.

- Yaxud başqa bir misal. Zərifə xanım xəstələnəndə ağrılarına mətanətlə sinə gərir, Heydər Əliyevin, uşaqların yanında özünü şux tutmağa çalışırdı. Bir Allah bilirdi ki, bu ona nəyin bahasına başa gəlirdi. Bir dəfə xəstəxanada yanında idik. Heydər Əliyev həkimlərlə danışırdı. Birdən Zərifə xanım məndən soruşdu: "Sən bu gün nahar etmisən?" Quruyub qaldım; vücudu qəddar bir xəstəliyin pəncəsində əsir qalan, özünə kömək edə bilməyən bu mərhəmət mücəssəməsi başqası üçün narahat olurdu. Özümü güclə saxlayıb - Axı, Siz indi o halda deyilsiniz,- deyə bildim. Ancaq nə olsun, bağa qayıdanda gördüm ki, baş aşpaz məndən incik gəzir. Demə, Zərifə xanım ona da zəng edib məni yedizdirmədiyi üçün məzəmmət edibmiş. Bax, belə bir İnsan idi Zərifə xanım. Mən bu gün də onun ruhu üçün dua edirəm.

İlıq bir yaz günündən başlayıb əbədiyyətə uzanan və nur gölündə üzən bir yol görünür. Şirmayi dilli piano... və bəstəsi Sevil Əliyevaya aid olan şahanə "Ana" mahnısının kövrək, nisgilli sədaları...

 

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara gözlü anam,

Hara getsəm, gözün mənə baxar,

Ana qəlbin layla olar, gəzər,

Doğma səsin ömrü-günü bəzər.

 

Zərifə xanım Əliyeva bu dünyada böyük bir eşq yaşadı. Həyat yoldaşına, övladlarına, sənətinə, millətinə, vətəninə... və bu sevgi qarşılıqlı oldu. Bir də deyirlər ki, məhəbbət heç vaxt ölmür.

Çox-çox sonralar moskvalı telejurnalist Oksana Puşkinanın "Röyaya oxşayan məhəbbət" verilişinə müsahibəsində Heydər Əliyev deyirdi ki, həyata vida etdiyi günün axşamı Zərifə xanım ömür-gün yoldaşına "...Məndən ötrü narahat olma, uşaqlardan muğayat ol və unutma ki, mən səni çox sevirəm" kəlmələri ilə bitən bir məktub veribmiş.

 

Dünyanın nur çeşməsi haqqında xatirələri dilləndirdi:

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.-  29 aprel.- S.  4.