Dünyanı ölkəmizlə
qovuşduracaq sərgi
Heydər Əliyev adına İdman və Konsert Kompleksində aprelin 28-dən 30-dək keçiriləcək 9-cu Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" və 4-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və ləvazimatlar sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Şöbəsinin müdiri Aydın İsmiyev və başqaları bildirdilər ki, ənənəvi olaraq "Sərgiyə gəl - dünyanı kəşf et" şüarı altında keçirilən beynəlxalq tədbirə Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası tərəfindən rəsmi dəstək verilir.
33 adda xidmətin təklif olunduğu, dünyanın 24 ölkəsindən 120 beynəlxalq şirkətin qatıldığı sərgidə Azərbaycanın regional turizm sektoru da geniş şəkildə təqdim olunur. Bütöv bir pavilyon ölkənin istirahət zonalarının, sanatoriyalarının və mehmanxanalarının ekspozisiyasına həsr edilib. Ziyarətçilər bu sərgidə hər bir regionun milli koloritini duya biləcəklər, vətənimizin müxtəlif zəngin folkloru, mətbəxi və milli adət-ənənələri ilə yaxından tanışlıq imkanı əldə edəcəklər.
Turizm operatorları üçün də işgüzar potensial və çeviklik nümayiş etdirmək, məhsuldar əlaqələr yaratmaq və şirkətin qazandığı nüfuzu yerli və beynəlxalq bazarlarda möhkəmləndirmək, eləcə də çoxsaylı rəqabətçilər arasında seçilmək şansı yaradan sərgiyə gəlməklə bir dünya kəşf etmək mümkündür. Çünki sərgidə, əvvəlkilərdən fərqli olaraq, dünyanın möcüzə məkanları, istirahət guşələri, sanatoriyaları daha geniş və ətraflı şəkildə təqdim olunur.
Azərbaycan.- 2010.- 28
aprel.- S. 6.