"Ana - müqəddəslik zirvəsi" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar

 

Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş paytaxt məktəbliləri arasında "Ana - müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin təşkilat komitəsinə 55 iş daxil olmuşdur. Onlardan 3-ü münsiflər heyəti tərəfindən ən yaxşı inşa seçilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə əklil qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.

Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova və başqaları görkəmli alimin mənalı ömür yolundan və yorulmaz fəaliyyətindən, Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışlar.

Bildirilmişdir ki, onun şəfalı əlləri ilə minlərlə xəstənin gözlərinə işıq, qəlbinə nur verilmişdir. Zərifə xanım Əliyeva istedadlı alim, pedaqoq, fəal ictimai xadim olmaqla yanaşı, həm də qayğıkeş və sevimli həyat yoldaşı, mehriban ana idi. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Tədbirdə I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr, fərqlənən 8 məktəbliyə isə həvəsləndirici mükafatlar təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 aprel.- S.  4.