Bakıda TÜRKSOY-un qeyri-maddi mədəni
irsin qorunmasına dair III Beynəlxalq seminarı keçirilir
Aprelin 27-də Bakıda TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı işə başlamışdır.
Azərbaycanın Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Muzey Mərkəzində keçirilən "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması" mövzusunda seminarda TÜRKSOY-un məsul işçiləri, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər iştirak edirlər.
Tədbir iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev seminarın işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, seminarın ilk günü "Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri" mövzusunda məruzə dinləniləcəkdir. Nazir vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin səyi və təşəbbüsü ilə son illər ölkəmizdə qeyri-maddi mədəni irsin qorunması istiqamətində ciddi işlər görülmüşdür.
Bildirilmişdir ki, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında ölkəmizin qeyri-maddi mədəni irsinin parlaq nümunələrindən ikisi - Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Əbülfəs Qarayev bildirmişdir ki, ötən il Naxçıvan şəhərində keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü TÜRKSOY-un fəaliyyətinə böyük dəstək göstərmiş və türk dünyasının mədəniyyət sahəsində əməkdaşlığına yeni yollar açmışdır.
Bildirilmişdir ki, günün ikinci yarısında iştirakçıların 2010-cu il üçün Azərbaycanın sənətkarlıq paytaxtı elan olunan Şəkiyə yola düşməsi və aprelin 28-də seminarın işini burada davam etdirməsi planlaşdırılır.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş seminarın əhəmiyyətindən danışmış və vurğulamışdır ki, burada müzakirə ediləcək məsələlərdən sonra qurum tərəfindən yekun qərarların qəbul edilməsi planlaşdırılır. Son illər TÜRKSOY-un xətti ilə reallaşan təbdirlərə, layihələrə toxunan natiq demişdir ki, türkdilli xalqların böyük dastanlarının çap edilməsi və yayılması, səhnə əsərlərinin nümayişi istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.
Bildirmişdir ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası artıq 6 ölkədə böyük uğurla nümayiş etdirilmişdir. Altı ölkədən 250 incəsənət ustasının iştirakı və TÜRKSOY-un sponsorluğu ilə həyata keçirilən bu mədəniyyət layihəsi müştərək türk mədəni irsinin təbliği, gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Opera yaxın vaxtlarda İstanbulda yenidən nümayiş olunacaqdır.
Tədbirdə çıxış edən digər natiqlər seminarın əhəmiyyətindən danışmış və TÜRKSOY-un son illər həyata keçirdiyi layihələri yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, aprelin 29-dək davam edəcək seminarda TÜRKSOY-un qeyri-maddi mədəni irsinin Beynəlxalq Reyestrinin formalaşdırılmasının imkanları, "Türk dünyasının xalq yaradıcılığı paytaxtları" Beynəlxalq Proqramı layihələrinin müzakirələri nəzərdə tutulmuşdur.
Aprelin 30-da
şəhərimizin qonaqları üçün
"İçərişəhər" Dövlət
Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət İncəsənət
Muzeyinə və Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinə ekskursiyalar təşkil
olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 28
aprel.- S. 7.