YUNESKO üzrə Azərbaycan
Milli Komissiyasının birinci katibi "Avropanın qeyri-maddi
mədəni irsi" övzusunda beynəlxalq simpoziumda
iştirak etmişdir
2010-cu il aprelin 23-24-də Budapeştdə Macarıstan Elmlər Akademiyasının Etnologiya İnstitutu və Avropa Folklor İnstitutunun birgə təşkilatçılığı ilə "Avropanın qeyri-maddi mədəni irsi" mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumda Fransa, Slovakiya, İngiltərə, Serbiya, Estoniya, Rumıniya, Finlandiya, Litva, Rusiyadan olan nümayəndələr iştirak etmişlər. Tədbirdə Azərbaycanı YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil etmişdir.
G.Əfəndiyeva "Azərbaycanın qeyri-maddi mədəni irsi və YUNESKO ilə əməkdaşlıq çərçivəsində mədəni dəyərlərin qorunması" mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışda müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın YUNESKO ilə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən bəhs olunmuşdur. Azərbaycan dövlətinin maddi irsin qorunmasına xüsusi önəm verdiyini bildirən G.Əfəndiyeva Prezident İlham Əliyevin bu sahədə müvafiq tədbirlərin yerinə yetirilməsinə xüsusi diqqət ayırdığını qeyd etmişdir. Görülmüş işlərin nəticəsində Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu, Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksi YUNESKO-nun Dünya irs siyahısına daxil edilmiş, Azərbaycan muğamı YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına, eləcə də Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irs üzrə reprezentativ siyahısına salınmışdır.
G.Əfəndiyeva hazırda Azərbaycan xalçaçılıq sənətinin bəşəriyyətin qeyri-maddi irs üzrə siyahısına salınması istiqamətində işlərin sürətlə getdiyini söyləmiş və Azərbaycan xalçaçılıq sənəti ilə bağlı ətraflı məlumat vermişdir. Birinci katib mədəni dəyərlərin qorunması sahəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır. Çıxışda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana məxsus mədəni dəyərlərin, muzey eksponatlarının, qədim əlyazmaların məhv edilməsi haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. G.Əfəndiyevanın çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirdə Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları da iştirak etmişlər.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi
müxbiri
Budapeşt
Azərbaycan.- 2010.- 28
aprel.- S. 7.