Konstitusiya Məhkəməsində "Hüquq elminin müasir problemləri" mövzusunda II Beynəlxalq Bakı konfransının Türkiyədən olan nümayəndələri ilə görüş keçirilmişdir

 

Aprelin 28-də Konstitusiya Məhkəməsində aprelin 29-da Bakıda öz işinə başlayacaq, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Hüquq elminin müasir problemləri" mövzusunda II Beynəlxalq konfransın Türkiyədən olan nümayəndələri ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qardaş Türkiyədən gəlmiş qonaqları Azərbaycan torpağında salamlamaqdan məmnunluğunu bildirərək aprelin 29-da Bakıda öz işinə başlayacaq və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Hüquq elminin müasir problemləri" mövzusunda II Beynəlxalq konfransı ölkəmizin ictimai həyatında mühüm hadisə kimi qiymətləndirmişdir.

F.Abdullayev ulu öndərimiz Heydər Əliyevin müasir dövlətçiliyimizin təməl prinsiplərinin müəyyən olunmasına və inkişafına hesablanmış şah əsərlərindən biri olan Azərbaycan Konstitusiyasının qorunmasına xidmət edən Konstitusiya Məhkəməsinin yarandığı gündən hər an qardaş Türkiyənin müvafiq qurumundan dəstək almasını, onun zəngin təcrübəsindən bəhrələnməsini minnətdarlıq hissi ilə qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi bu gün öz fəaliyyətində beynəlxalq əməkdaşlığa, xüsusilə xalqımızın ümummilli lideri Heydər Əliyevin obrazlı şəkildə ifadə etdiyi "Biz bir millət - iki dövlətik" müdrik kəlamını əldə rəhbər tutaraq qardaş Türkiyənin Konstitusiya Məhkəməsi ilə münasibətlərin daha da genişləndirilməsinə mühüm əhəmiyyət verir. Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri arasında dostluq və qarşılıqlı işgüzar münasibətlərə dair Memorandumun imzalandığını xatırladan F.Abdullayev bu sənədin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Bu gün beynəlxalq səviyyədə hüquq elminin müasir problemlərinin həllində türkiyəli alim və mütəxəssislərin əhəmiyyətli rol oynadıqlarını vurğulayan Konstitusiya Məhkəməsinin sədri aprelin 29-da Bakıda işə başlayacaq beynəlxalq konfransda qardaş ölkə hüquqşünasları tərəfindən bununla bağlı dəyərli təkliflərin irəli sürüləcəyinə əmin olduğunu bildirmişdir.

Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç və tanınmış hüquqşünas, Türkiyə Konstitusiya Məhkəməsinin hazırda təqaüddə olan hakimi Sacid Adalı səmimi görüşə görə minnətdarlıqlarını bildirmiş, son vaxtlar mütəmadi xarakter alan bu cür təmasların ölkələrimizin hüquq və məhkəmə sistemləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirmişlər.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  29 aprel.- S.  5.