Saziş əməkdaşlığın
daha da genişlənməsinə
xidmət edəcəkdir
İmzalanmış saziş Azərbaycan və Stavropol vilayəti hökumətləri arasında mövcud əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəkdir.
Bu fikir aprelin 28-də Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası Stavropol vilayəti hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində səslənmişdir. Sənədi Azərbaycan Baş nazirinin müavini Əli Həsənov və Stavropol vilayətinin qubernatoru Valeri Qayevski imzalamışlar.
Tədbirdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şimal qonşumuz olan Rusiya ilə hərtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini xatırlatmış, ölkələrimiz arasında tarixi əlaqələri diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu saziş Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin tapşırıqları əsasında imzalanır. Rusiya Azərbaycana dost bir dövlətdir və ölkələrimizi qədim tarixi olan mədəni, iqtisadi, siyasi əlaqələr birləşdirir. Bugünkü imzalanacaq saziş də ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edən daha bir sənəddir.
Əli Həsənov Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu, 2009-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard 816 milyon ABŞ dolları təşkil etdiyini, bu göstəricinin respublikamızın bütövlükdə MDB dövlətləri ilə ticarət dövriyyəsinin 60 faizindən çox olduğunu nəzərə çarpdırmışdır. İndiyədək ikitərəfli əlaqələrimizin hüquqi bazasını tənzimləyən 90-a yaxın saziş imzalanmışdır. Hazırda Azərbaycanda Rusiya tərəfinin də iştirak etdiyi 500-dən artıq müəssisə və təşkilat qeydiyyatdan keçmişdir. Bütün bu faktlar bizim əlaqələrimizin möhkəmliyindən xəbər verir.
Baş nazirin müavini qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən layihələr, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, son illər qazanılmış nailiyyətlər barədə qısa məlumat vermişdir.
Stavropol vilayətinin qubernatoru Valeri Qayevski Azərbaycanın vilayətin xarici iqtisadi əlaqələrində mühüm rolunu diqqətə çatdırmış, əməkdaşlığın artırılması istiqamətində müntəzəm görüşlərin keçirilməsinin, bütün sahələrdə sıx əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan ilə vilayət arasında kənd təsərrüfatı, turizm, neft sənayesi, inşaat və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar vardır və bu imkanlardan mütləq istifadə etmək lazımdır.
Mərasimin sonunda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 29
aprel.- S. 5.