Bakıda "Bədbəxt hadisələrdən
sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər"
mövzusunda beynəlxalq seminar keçirilir
Aprelin 28-də Bakıda "Bədbəxt hadisələrdən sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər" mövzusunda beynəlxalq texniki seminar işə başlamışdır.
Seminar iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə güllər düzülmüşdür.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə keçirilən 2 günlük beynəlxalq seminarın açılışında DSMF-nın sədri Səlim Müslümov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BSTA-nın komissiya sədri, Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Coakim Bröyer, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, BSTA-nın nümayəndəsi Bernd Treichel və digərləri çıxış etmişlər.
Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan və bir sıra digər Avropa ölkələrinin də təmsil olunduqları beynəlxalq seminarın əsas məqsədi bədbəxt hadisələrdən sığortalanma sahəsində beynəlxalq təcrübə və bu istiqamətdə cari problemlərin müzakirəsidir.
Bildirilmişdir ki, sosial
müdafiə sistemi daim transformasiyaya uğrayır. Sovetlər
dönəmindəki sosial siyasətlə liberal
iqtisadiyyatı olan dövlətin sosial müdafiəsində
ciddi fərqlər vardır. Azərbaycan müstəqillik
qazandıqdan sonra sosial sistemdə dəyişikliklər
aparılmışdır. Ümummilli lider Heydər Əliyevin
böyük səyləri nəticəsində sosial sahənin
inkişafı başlamış, bir sıra qanunlar qəbul
olunmuş, sürətli islahatlar həyata
keçirilmişdir. Hazırda bu siyasət Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Vurğulanmışdır
ki, əməyin mühafizəsi məsələsi
mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə
işçilərin sosial rifahının daha da yüksəldilməsi
üçün ciddi işlər görülür. Azərbaycanda
istehsalat xəsarəti və peşə xəstəliklərindən
sığortalanma sisteminin yaradılması istiqamətində
tədbirlər həyata keçirilməkdədir. Artıq
bununla bağlı qanun layihəsi hazırlanmışdır.
Bu baxımdan sözügedən sahədə müxtəlif
ölkələrin təcrübəsinin öyrənilməsi
müsbət nəticələrin əldə olunmasına
öz töhfəsini verəcəkdir.
Diqqətə
çatdırılmışdır ki, hər bir ölkənin
sosial müdafiə sistemində müəyyən problemlər
vardır. Problemlərin aradan qaldırılması
üçün belə seminarların keçirilməsi vacibdir.
İstehsalatın olduğu yerdə təhlükə də
vardır. Ona görə də qabaqlayıcı tədbirlər
görülməlidir. Almaniyada istehsalatda qabaqlayıcı tədbirlərin
görülməsi üçün dövlət tərəfindən
müəyyən vəsait ayrılır.
Tədbirdə həmçinin
Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq
Pensiya və Sosial Fondlar Assosiasiyasının, Dünya
Bankının və digər qurumların rəhbər şəxsləri
iştirak edirlər.
Seminarda demoqrafiyanın bədbəxt
hadisələrdən sığortalanmaya təsiri,
maşınqayırma, elektrik, tekstil və digər sahələrdə
bədbəxt hadisələrdən sığortalanma
mövzularında məruzələr dinləniləcəkdir.
Beynəlxalq seminar aprelin
29-da başa çatacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 29
aprel.- S. 6.