"Yolumu nəvələrim davam etdirər"

 

29 aprel Beynəlxalq rəqs günüdür

 

 YUNESKO-nun qərarı ilə 1982-ci ildən 29 aprel Beynəlxalq rəqs günü kimi qeyd edilir. Bu tarix fransız baletmeysteri Jan Jorj Noverin doğum günü ilə bağlıdır. Jan Jorj Nover müasir dünya baletinin nəzəriyyəçisi və islahatçısı hesab olunur. Elə buna görədir ki, onu hələ də rəqs aləmində "Müasir baletin atası" adlandırırlar. O, qəhrəmanlıq və faciə istiqamətləri üzrə yeni balet janrlarının prinsiplərini hazırlayıb. 1759-cu ildə pantonimlə rəqsin vəhdətindən hazırladığı ilk pyes-balet səhnəyə qoyulub. Fransız sənətkarının xoreoqrafiyaya gətirdiyi yeni nəfəs bu rəqqasın doğum gününü dünya üzrə bütün sələflərinin peşə bayramına çevirdi. Bu gün Opera və Balet Teatrı işçilərindən tutmuş müasir rəqs truppaları və xalq rəqqaslarının, hətta həvəskarların, eləcə də bütün rəqs edənlərin bayramıdır.

 

Milli rəqslərimizin mahir ifaçısı ilk azərbaycanlı balerina Qəmər Almaszadə sayılır. O, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmət göstərib. Eləcə də pedaqoji fəaliyyətlə məşğul olaraq uzun illər Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. Qəmər Almaszadə milli xoreoqrafiya kadrlarının yetişməsində böyük əmək sərf edib. Milli rəqs deyəndə gözlərimizin qarşısında korifey sənətkarların zərif bir cərgəsi canlanır: Leyla Vəkilova, Afaq Məlikova, Roza Cəlilova, Əminə Dilbazi...

Qəmər Almaszadədən başlanan milli xoreoqrafiya sənətinin illərdən bəri uğurla davam edən yolunun növbəti dayanacağında xalq artisti Təranə Muradova dayanır. Maraqlı fəaliyyətə və yaradıcılığa malik olan Təranə Muradova milli rəqslərimizin mahir ifaçısı, vurğunu, təbliğatçısı və onu gənc nəslə geniş ürəklə öyrədən istedadlı ustaddır. Tale elə gətirib ki, bir neçə dəfə xarici ölkələrdə keçirilən mədəniyyət günlərində Təranə Muradovanın quruluş verdiyi rəqslərin və öz iştirakı ilə yaratdığı ecazkar səhnələrin şahidi olmuşuq. Təranə Muradova təqdim etdiyi hər bir rəqsin mənasını açmaqda çox istedadlıdır. Bu rəqslər adamı düşündürür, bəzən keçmişə aparır, çox hallarda da seyrçidə nikbin ruh, gələcəyə inam yaradır. Diqqət çəkən məqamlardan biri də budur ki, Təranə xanım hər bir rəqsə uyğun milli libaslar da nümayiş etdirir. Özü bu barədə belə söyləyir: "Mən dərzimə həmişə rəqsin mənasından danışıram. Geyimlə rəqs bir-birini tamamlamalıdır. Əslində hər bir rəqqas təqdim etdiyi oyununda öz hərəkətləri, dinamikası, hətta sifət cizgiləri ilə hər hansı bir hadisədən, olaydan xəbər verir. Hər bir xalqın musiqi dünyasının abidəsi sayılan balet öz mayasını məhz rəqslərdən yoğurub. Demək rəqslər də nəyisə ifadə etməlidir. Bu mənada böyük Üzeyir Hacıbəylinin məharətlə həyat verdiyi "Cəngi"ni qırmızı, al-əlvan libaslarla təqdim etmək olmaz. Burada geyimlər mütləq tünd olmalı, rəqqas isə öz oyunu ilə bir qəhrəman obrazı yaratmalıdır. Rəqsin ruhu belədir. Bu melodiyanın bütün ahəngindən əzəmət duyulur. Sanki sən adicə rəqs eləmirsən, döyüş meydanında hünər göstərirsən. Mən ümumiyyətlə, bütün rəqslərə bu mövqedən yanaşıram. Məsələn, bizim bir rəqsimiz var: "Vağzalı-Mirzeyi". Bu rəqsin ahənginə uyğun olaraq bir həzinlik, gözəllik, sevinc dolu bir görüntü göz oxşamalıdır. Bu rəqs elə qurulmalıdır ki, insanlara xoş təsir bağışlasın, müsbət enerji versin. Həqiqi mənada toy-düyün fərəhinin şirinliyini bəxş etsin".

Təranə Muradova Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. Burada görkəmli baletmeyster Leyla Vəkilova və Xumar Zülfüqarovadan bu sənətin sirlərini öyrənib. Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında rəqqasə, daha sonra solist və nəhayət ansamblın baletmeysteri vəzifəsinə təyin edilib. Xalq rəqslərinin mahir ifaçısı on ildən artıqdır ki, təcrübə sinfi apararaq həm də ustad dərsləri keçir. Təranə Muradova ictimai işlərdə də fəallığı ilə seçilir. O, Avstriya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidentidir. Bu cəmiyyət xeyriyyəçiliklə məşğuldur. Özü söyləyir ki, mən ildə bir neçə dəfə Avstriyaya gedərək oradakı Şərq Məktəbində milli rəqsdən dərslər keçirirəm. Adətən bu səfərlər zamanı Təranə Muradovanın xeyriyyə konsertləri də təşkil olunur. Əldə edilən maddi vəsait uşaq evlərinə və kimsəsizlərə verilir.

Bioqrafiyası ilə maraqlananda məlum oldu ki, Təranə Muradova Moskva Dövlət Universitetinin hüquq fakültəsini də bitirib. Heç bir vaxt bu sahədə işləməyən Təranə xanımın ali hüquq təhsili alması bizə təəccüblü gəldi. O, gülümsəyərək belə dedi: "Valideynlərim heç vaxt mənim rəqqasə olmağımı istəməyiblər. Doğrudur, məni uşaq vaxtı "Cücələrim" ansamblına özləri aparmışdılar. İlk uğurlarım da elə "Cücələrim"in uçuşu ilə başlanıb. Amma qətiyyətlə bildirdilər ki, bura məni elə-belə, maraq üçün gətirirlər. Mən mütləq gələcəkdə başqa sənətin sahibi olmalıyam. Onların arzularına qarşı çıxa bilmədim, ali hüquq təhsili aldım, amma ürəyim məni musiqiyə, rəqsə çəkirdi. Ona görə də qabiliyyətim çatan işin qulpundan yapışdım. Bir də rəqs sənətində ömür çox azdır. Yaşlanan kimi səhnəni tərk etməlisən. Doğrudur, mən indi bunu düşünəndə dəhşətə gəlirəm, amma həyat başqa şeydir. Görünür nə vaxtsa hüquq məsləhətxanasında işləməli olacağam. Valideynlərimdən fərqli olaraq çox istəyərdim ki, övladlarım mənim sənətimi seçsinlər. Maraqlıdır, qızım Zeynəb universitetin hüquq fakültəsində oxuyur, oğlum Teymur da əsgərlikdən təzəcə qayıdıb ali məktəbə hazırlaşır. Fikirləşirəm ki, gələcəkdə mənim yolumu bəlkə nəvələrim davam etdirər".

Təranə Muradova xalq artisti fəxri adına birbaşa layiq görülən iki sənətkardan biridir. Özü bu barədə belə deyir: "Ümummilli lider mənim rəqslərimi çox bəyənirdi. Həmişə konsertdən sonra pərdə arxasına keçərək incəsənət ustaları ilə görüşəndə mənim haqqımda xoş sözlər deyərdi. Yadımdadır, 1997-ci ildə məhz Heydər Əliyevin tövsiyəsi ilə biz kamera orkestri ilə milli rəqsimiz olan "Uzundərə"ni sintez edərək yeni ovqatda hazırladıq. Bu rəqsimi mədəniyyətimizin əvəzsiz himayədarı Heydər Əliyev çox yüksək dəyərləndirərək 1998-ci ildə mənə xalq artisti fəxri adını verdi. Az sonra Prezident təqaüdünə layiq görüldüm. Bunlar mənim həyatımın çox unudulmaz anlarıdır. O görüşdən on ildən artıq vaxt keçib. Hər dəfə "Uzundərə"ni ifa edəndə müdrik rəhbərimizi xatırlayıram".

Dünyanın əksər ölkələrində olan xalq artisti Təranə Muradova həm məhəbbətlə rəqslərimizi təqdim edir, həm də Azərbaycan mədəniyyətinin ən qabiliyyətli, bacarıqlı təbliğatçısı kimi fəallıq göstərir. Bir faktı deyək ki, bütün dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə keçirilən mədəniyyət günlərində, qastrol səfərlərində Təranə Muradova Azərbaycan milli rəqslərini özünəməxsus coşqunluqla, məharət və məlahətlə təqdim etməkdə bənzərsizdir. İlk baxışda rəqqasəlik adi görünə bilər. Amma əslində bu ağır və məsuliyyətli sənətdir. Təsəvvür edin, müğənnilər çox hallarda ancaq disklərini səsləndirməklə konsertlərini başa vururlar. Hətta bu xoşagəlməz hal toylara da ayaq açıb. Rəqqaslar yeganə incəsənət təmsilçiləridir ki, onlar həmişə canlı çıxış edirlər. Təranə xanımdan bu barədə soruşanda gileyqarışıq bir təbəssümlə dedi: "Biz tamaşaçı qarşısında nə qədər gülərüz, şən, oynaq görünsək də, hər bir konsertdən, çıxışdan sonra müəyyən ağrı-acılarımız da olur. Amma neyləməli, bu bizim sevdiyimiz sənətdir. Biz də fonoqrama ilə çıxış edə bilmərik ki".

Bu ilin mart ayında Kuba və Meksikada keçirilən Azərbaycan mədəniyyət günlərində Təranə Muradovanın bu büsatın daha da təntənəli olmasında xüsusi rolu diqqət çəkdi. Kubada incəsənət məktəblərinin birində keçirilən görüşdə tədris ocağının direktoru təkidlə xahiş etdi ki, Təranə Muradova burada qalaraq müəllimlərə rəqs sənətindən dərs desin. O günün qeyri-adi təntənəsi gözlərimizdən çəkilmir. Təranə Muradova irqindən, dinindən, dilindən asılı olmayaraq həm kubalıları, həm də Azərbaycandan gedən incəsənət ustalarını "Yallı"nın şux sədaları altında bir araya gətirərək əsl sənət möcüzəsi yaratdı. Dövrə vuran insanların ortasında dayanan Təranə Muradova coşqunluqla, həvəslə, ehtirasla, yorulmaq bilmədən milli rəqslərimizi əcnəbilərə öyrədirdi. O gün Təranə Muradovanın əvvəlcədən planlaşdırılmamış, qəfildən yaranan ustad dərsləri haqqında Kuba mətbuatı yazdı, televiziyaları göstərdi. Hər iki ölkədə keçirilən konsertlərdə tamaşaçılar Təranə Muradovanın bir-birindən fərqli və rəngarəng rəqslərini ayaq üstə alqışlayırdılar. Müşahidələr təsdiqləyir ki, belə səfərlərdə Təranə Muradova varsa, mütləq o incəsənət bayramının zirvəsini bu xanım fəth edəcək. Tamaşaçılar onun sənətinə elə vurğun kəsilirlər ki, bu səbəbdən də xalq artistini dəfələrlə səhnəyə çağırırlar. Kəsilməyən alqışlar rəğbətin, məhəbbətin sədasına çevrilir.

Təranə Muradovanın repertuarında həm milli, həm də dünya xalqlarının rəqsləri var. Bu baxımdan onun rəqs buketi çox al-əlvandır: Azərbaycan, türk, özbək, tacik, ispan, alban, rus, Argentina... Arada soruşduq ki, oriyental rəqs edirsinizmi? Qətiyyətlə dedi: "Bu mənlik deyil. Rəqsin özü də bir sənətdir. Ona yüngül mövqedən yanaşmağı, vaxtilə saray, indi də eyş-işrət məclislərinin "bəzəyinə" çevirənləri qəbul etmirəm".

...Ustad sənətkarımız hər bir rəqsə yaradıcı yanaşır. Bu səbəbdən də onun ifa etdiyi rəqslər sevilir və uzun müddət yaddan çıxmır. Təranə Muradova həm də yeni rəqslərin müəllifi kimi diqqət çəkir. Onun böyük məhəbbətlə sevdiyi və sevdirdiyi "Odlar yurdu" rəqsi demək olar ki, dünyanın əksər ölkələrinin möhtəşəm konsert salonlarında tamaşaçıları riqqətə gətirib. Bu rəqsdə diqqət çəkən məqamdan biri Vətənimizə olan məhəbbətin tərənnümüdürsə, digər məqam Azərbaycan bayrağının səhnəyə gətirilməsi və onu alqışlayan tamaşaçıların ayağa qalxmasıdır. Görün bu minvalla ölkələr dolaşan "Odlar yurdu" rəqsinin sorağı hansı şöhrətdən xəbər verir.

Sənətinə böyük məhəbbət və rəğbətimiz olan Təranə Muradova vətənpərvər bir azərbaycanlı qızıdır. Səhnədə nə qədər gülümsər, munis təsir bağışlasa da, həyatda bir o qədər də ciddi, kamil insandır. Gözəl ailə başçısıdır, sevimli anadır. Ən böyük arzusu övlad toyu görmək və nə vaxtsa nənə olmaqdır. Çünki o sənətinin davam etməsini çox arzulayır. Doğrudur, tələbələri var, istedadlı gənclərlə məşğul olur. Sevinir ki, onun davam etdirdiyi yolla yeni ardıcıllar gəlir. Təranə Muradova həm də "Səyyah" rəqs ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərir. Bütün bunlarla yanaşı ürəyindən keçir ki, onun yolunu nə vaxtsa nəvə Təranə Muradova davam etdirsin.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2010.-29 aprel.-S.7.