Azərbaycanda boşanmalar artmayıb, heç doğum
da azalmayıb
Bu günlərdə Rusiya
telekanallarının birində çıxış edən
sosioloq ölkəsindəki demoqrafik vəziyyətdən
danışırdı. Sözarası dedi ki, Rusiyada
dünyasını dəyişənlərin sayı
doğulan körpələrin sayını xeyli üstələyir.
Bunu məhz sözarası söylədi, özü də
çox soyuqqanlıqla. Çünki həmin ölkədə
çoxdandır belə vəziyyət hökm sürür və
orada bu xəbər heç kəsi təəccübləndirmir.
Bir çox yerlərdə vəziyyət
bu cürdür. Uzaq xaricdə də, keçmiş SSRİ məkanında
da belə ölkələr var. Həmin ölkələrdə
əhalinin sayı artsa belə, bu, oraya kənardan
köçüb gələnlərin hesabına baş verir,
Azərbaycanda da əhalinin sayı ildən-ilə
çoxalır. Amma bu, təbii artım nəticəsində
olur. Yəni doğulanların sayı ölənlərin
sayını xeyli üstələyir.
Doğrudur, son dövrlərdə
Azərbaycana kənardan köçüb gələnlərin
sayı da artıb. Bunun özü də çox müsbət
haldır və Azərbaycanda yaşamağın, işləməyin
xoş olduğunu təsdiqləyir. Lakin sözümüz təbii
artım haqqındadır.
Dövlət Statistika Komitəsi
xəbər verir ki, cari ilin birinci rübündə Azərbaycanda
38,1 min körpə dünyaya göz açıb. Bu, məmləkətimizdə
hər gün 423 uşağın doğulması deməkdir.
Həmin üç ay ərzində ölənlərin
sayı 13,9 min nəfər olub. Dünyaya gələnlərin
sayının dünyadan köçənlərin sayından
24,2 min nəfər, yaxud az qala üç dəfəyə qədər
çox olduğunu hesablamaq yəqin az savadlı insan
üçün də bir o qədər çətin olmaz.
Bu tendensiya həmişə
beləcə davam edir. Ola bilsin ki, bütün illərdə
doğumun səviyyəsindəki artım eyni olmasın. Lakin
artım həmişə var, əhalimiz çoxalır,
özü də təbii yolla. Amma nədənsə əhali
arasında tez-tez doğumun aşağı düşməsi
barədə söhbətlər eşidirik. Bəzi
qeyri-hökumət təşkilatları, bir sıra telekanallar
və mövzu kasadlığı çəkərək
sensasiya yaratmağa çalışan "müstəqil"
qəzetlər də ara-sıra "doğum azalıb" deyə
həyəcan qaldırırlar.
Dünyaya gələn hər
bir körpə göz qabağındadır. Uşaq nə
balaca bir üzükdür ki, onu mücrüdə gizlədəsən,
nə də bir almadır ki, soyuducuda saxlayasan. Deməli,
doğulanların sayını süni surətdə azaltmaq
mümkün deyil. Eləcə də bu sahədə
"pripiska" etmək, yəni doğulanların
sayını artırmaq qeyri-mümkündür. Hər bir
uşağın doğum haqqında şəhadətnaməsi,
ərazi poliklinikasında qeydiyyat vərəqəsi, nəhayət,
bağçada, məktəbdə öz yeri var axı.
Fakt faktdır və biz onu
statistik dildə səsləndiyi kimi də çatdırmaq
istəyirik: "Ölkədə orta hesabla hər bir
qadına bütün ömrü boyu 2,3 doğulmuş
uşaq düşür və əhalinin təkrar istehsalı
təmin olunur".
Bu ilin yanvar ayının 15-də Azərbaycanın 9 milyonuncu vətəndaşı - Əliyev İlham İlkin oğlu dünyaya gəldi. Həmin vaxtdan bəri əhalinin sayı bir qədər də artıb və hazırda 9 milyon 22 min nəfər təşkil edir. Son dövrün ayrı-ayrı illərinin, hətta aylarının da göstəricilərini təhlil etmək mümkündür. Məsələn, 2005-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisi 61 min nəfər artıb. Növbəti, 2006-cı ilin həmin aylarında isə əhalinin artımı 70 min nəfər təşkil edib. Yaxud 2008-ci və 2009-cu illəri müqayisə edək. 2008-ci ildə Azərbaycanda 152,1 min körpə dünyaya göz açıb. 2009-cu ildə 152,2 min uşaq doğulub.
Körpəni sevməyən, övlad arzulamayan Azərbaycan ailəsini təsəvvür etmək çətindir. Doğrudur, indi çoxuşaqlı ailələr azdır. Lakin bu, başqa bir mövzudur və bunun özünün də obyektiv və subyektiv səbəbləri var. Amma bu da göz önündə olan və bəlkə də heç statistikanın təsdiqinə ehtiyac duymayan həqiqətdir ki, indi ailələrin əksəriyyətində bir qayda olaraq iki uşaq var! Üç və daha çox övladı olan ailələr də az deyil. Məhz təkuşaqlı ailələr azdır.
Belə olan halda haray-həşir salıb ölkədə doğumun aşağı düşdüyü barədə car çəkmək nəyə lazımdır? Doğum və boşanmalar haqqında tez-tez söhbət açan bəziləri deyəsən "azalıb" və "çoxalıb" sözlərinin yerlərini səhv salırlar. Əslində isə doğum azalmadığı kimi, heç boşanmalar da artmayıb. Məsələn, 2008-ci ildə 7,9 min boşanma halı qeydə alınıbsa, keçən il bu rəqəm 7,8 min olub. Bu ilin birinci rübündə 1,9 min nikah pozulub və beləliklə, əhalinin hər min nəfərinə hesabı ilə boşanmaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.
Statistik müqayisələr aparanda mövcud demoqrafik vəziyyət (doğum, ölüm, nikah, boşanma) ümumi rəqəmlə deyil, əmsalla, yəni əhalinin hər min nəfərinə hesabı ilə göstərilir. Əsl statistik qayda belədir. Sadə dillə desək, müqayisə edilən iki dövrdə əhalinin sayının müxtəlif olduğu kimi, ölüm, nikah, boşanmaların sayı da bərabər olmur. Məsələn, hər hansı bir ölkədə üç, yaxud beş il bundan əvvəl ölənlərin sayı indikindən az olubsa, o nüansı da qətiyyən unutmaq olmaz ki, axı həmin dövrdə əhalinin sayı da bugünkündən az olub. Hərçənd, şükürlər olsun, Azərbaycanda son illərdə ölüm hallarının ya azalması, ya da sabit qalması müşahidə edilir.
Eləcə də boşanmaların artdığı halda paralel olaraq nikahların da çoxaldığını yadda saxlamaq lazımdır...
Şadlıq
məclislərində görüşəndə bir-birimizə:
"Həmişə toyda!" - deyirik. Yas yerlərində
bir-birimizi salamlayanda isə növbəti dəfə
şadlıqda görüşməyi arzulayırıq.
Çünki toy-bayram həvəsində, oğul-uşaq istəyində
olan xalqın övladlarıyıq. Amma dünya gəlimli-gedimlidir, insan
olan yerdə ölüm də var. Toy edənlərin də
heç də hamısının ulduzları
barışmır. Odur ki, boşanmalar da var. Lakin onların səviyyəsi,
statistik dillə desək, əmsalı heç də
çoxalmır. Sadəcə olaraq bizi bu halların
olması, özü də az olmaması narahat edir.
Qaldı ki, körpələrin sayına... Onların az olduğunu deyənlər də görünür, ailələrimizi daha çox oğul-uşaqlı görmək istəyirlər. Gözəl arzudur. Bunu elə beləcə də demək lazımdır!
Flora SADIQLI
Azərbaycan.- 2010.- 29
aprel.- S. 7.